Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə
bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə hazırda cəmiyyətdə ən
çox müzakirə obyektinə çevrilən repetitorluq
barədə mülahizələrimi diqqətinizə təqdim
edirəm.
Tədqiqatlar göstərir ki, tarixilik baxımından dünyada repetitorluq XVII əsrə, ilk dəfə olaraq yazılı imtahanların tətbiq edildiyi dövrə təsadüf edir. Bu imtahanlara hazırlaşmaq üçün valideynlər öz övladlarını müəllim yanına aparmışlar ki, daha dərin biliklər əldə etsinlər.
Tarixi mənbələrə əsasən, hələ XVII əsrdən əvvəl də repetitorluq ənənələri mövcud olmuşdur. Bu ənənələr müasir dövrdəki repetitorluqdan mahiyyətinə görə fərqlənsə də, onun ilk əlamətləri hesab edilə bilər. Belə ki, imkanlı şəxslər öz övladlarına xarici dilləri, musiqini, etiket qaydalarını öyrətmək üçün evə mürəbbiyələr, musiqi müəllimləri dəvət etmişlər.
Hazırda repetitorluq demək olar ki, dünyanın bütün ölkələrində bu və ya başqa dərəcədə müşahidə olunur. Bir sıra ölkələrdə isə daha geniş yayılmışdır. Belə ki, Asiya (Yaponiya, Cənubi Koreya, Tayvan, Hindistan, Sinqapur), Afrika (Qvineya, Mavriki, Morokko, Tanzaniya, Zimbabve), Şimali Amerika (Kanada, ABŞ), Cənubi Amerika (Braziliya), Avropa (Almaniya, Rumıniya, Çexiya, Slovakiya, Latviya, Türkiyə, Böyük Britaniya, Fransa) ölkələrində şagirdlərin 50-70 faizi repetitorların xidmətlərindən istifadə edirlər.
Yaponiyada orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün şagirdlər "məharət məktəbi", daha doğrusu, "repetitor məktəbi"nə gedirlər. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər. Belə repetitor məktəbi Tokioda hələ XVII əsrdə yaranmışdı. 1999-cu ildə bu ölkədə aparılan sorğu aşkar edib ki, şəhər uşaqlarının 90 faizindən çoxu bu və ya digər şəkildə fərdi dərslər almışlar.
Cənubi Koreyada 1997-ci ildə aparılmış araşdırmadan məlum olmuşdur ki, ibtidai məktəb şagirdlərinin 72,9 faizi, Tayvanda 1998-ci ildə keçirilmiş sorğunun nəticələrinə görə şagirdlərin 81,2 faizi repetitor xidmətindən istifadə etmişdir.
Türkiyədə müvafiq lisenziya əsasında fəaliyyət göstərən çoxlu sayda kurslar və təşkilatlar mövcuddur. Onların xidmətlərindən istifadə edənlərin sayı da yüksəkdir.
Braziliyada da repetitorluq təcrübəsi geniş yayılmışdır. Maraqlı hal odur ki, əgər müəllimin bu xidmətlə məşğul olması barədə məktəbə məlumat daxil olursa, onun əməkhaqqından müəyyən məbləğ tutulur. Əlavə olaraq müəllim öz fəaliyyətinə görə vergi ödəyir.
Rusiyanın tədris xidməti bazarında repetitorluğun meydana gəlməsi XVIII əsrə təsadüf edir. O vaxt çar I Pyotr ölkəyə çoxlu fransız, ingilis, alman müəllimlər dəvət etdi, XIX əsrdə yaşlı gimnazistlər və tələbələr aktiv olaraq fərdi dərslər keçməyə başladılar. Hazırda Rusiyada repetitorluq heç vaxt olmadığı aktivliyə malikdir.
2009-cu ilin yanvarında Belarus Respublikası prezidentinin fərmanına uyğun olaraq repetitorluq fiziki şəxslərin iş adamı kimi fəaliyyət göstərərək icra etdikləri və vergi ödədikləri işlərin siyahısına daxil edilmişdir.
2007-ci ildə Qazaxıstanda keçirilən monitorinq göstərmişdir ki, universitetlərin birinci kurs tələbələri arasında aparılan sorğuda respondentlərin 89,6%-i xüsusi dərslər aldıqlarını və ya hazırlıq kurslarına getdiklərini bildirmişlər. Onların 49,8%-i repetitorlardan istifadə etmiş, 39,8%-i hazırlıq kursuna getmişdir. Bununla belə, hazırlıq kurslarına gedənlərin 62%-i həm də repetitorların xidmətindən istifadə etmişdir.
Bu ölkələrdə repetitorluğun inkişafı bir sıra amillərlə izah olunur. Bu amillər arasında mədəni, iqtisadi və təhsil amilləri daha çox vurğulanır.
Mədəni amil çərçivəsində repetitorluq ümummilli nailiyyətlərə təsir edən, bu nailiyyətləri yüksəldən, eyni zamanda cəmiyyətin rəqabət qabiliyyətlilik səviyyəsinə təsir edən bir vasitə kimi nəzərdən keçirilir.
İqtisadi amil dedikdə savadsızlarla savadlılar arasında fərq, yüksək səviyyəli təhsilin daha çox gəlir gətirmək imkanı olan sərmayə olması, nüfuzlu və maddi təminatı olan iş yerinin qorunub saxlanması vasitəsi kimi nəzərdə tutulur.
Təhsil amili isə orta məktəbdən daha yüksək təhsil pillələrinə keçiddə ciddi seçim prosesində təzahür edir. Belə ki, bu amil üstünlük təşkil edən ölkələrdə universitetlərə qəbul zamanı yüksək rəqabət olur. Eyni zamanda təhsil amili universitet və əmək bazarı arasında əlaqənin yaradılması vasitəsi kimi də nəzərdən keçirilir. Hansı ölkələrdə universitet təhsilindən sonra əmək bazarına daxil olmaq üçün ciddi rəqabət və seçim nəzərdə tutulursa, burada da təhsil amili daha çox müşahidə olunur.
Tədqiqatlar göstərir ki, ayrı-ayrı ölkələrdə repetitorluğun obyekti də fərqlidir. Bir sıra ölkələrdə repetitorluq ibtidai təhsilə girişdə daha çox yayılmışdır. Bu, onunla bağlıdır ki, şagirdlər ibtidai təhsilə hazır qəbul olunsunlar. Hazırda əksər ölkələrdə isə repetitorluq magistraturaya qəbul zamanı müşahidə olunur. Bu halın səbəbi odur ki, magistraturaya qəbulda ciddi seçim aparılır və yerlərin sayı məhdud olur. Bir qrup ölkələrdə isə repetitorluq universitet təhsilindən sonra lisenziyanın əldə edilməsi və işə qəbul prosesi ilə bağlı daha çox yayılmışdır.
Dünyada
repetitorluğun formaları da müxtəlifdir. Belə ki, əvvəllər
ayrı-ayrı müəllimlər, mütəxəssislər
repetitorluqla daha çox məşğul olurdularsa, hazırda əksər
ölkələrdə xüsusi yaradılmış
hazırlıq kursları, yaxud özəl qurumlar bu işlə
məşğuldur.
Repetitorluqdan
danışarkən onun qanunvericiliklə necə tənzimlənməsi
də daim müzakirə mövzusuna çevrilir. Təcrübə
göstərir ki, bu məsələyə yanaşma
ayrı-ayrı ölkələrdə müxtəlifdir.
Elə ölkələr vardır ki, repetitorluq
fəaliyyətinin tənzimlənməsi üçün hətta
parlament səviyyəsində qanun qəbul edilmişdir. Digər ölkələrdə isə repetitorluq
sahibkarlıq fəaliyyəti hesab olunur və həmin statusa
uyğun olaraq tənzimlənir. Burada iki
yanaşma özünü büruzə verir. Əgər repetitorluqla lisenziya almış
hazırlıq kursları məşğul olursa, təbii ki,
müvafiq vergilər ödənilməklə bu fəaliyyət
qanuni çərçivədə həyata keçirilir.
Repetitorluqla ayrı-ayrı müəllimlər,
mütəxəssislər fərdi şəkildə məşğul
olurlarsa, bir sıra ölkələrdə onlar da dövlətə
vergilər ödəməklə öz fəaliyyətlərini
qanuniləşdirirlər. Əlbəttə, digər
qrup ölkələr də vardır ki, vergilərdən
yayınaraq bu fəaliyyətlə məşğul olanlar da az deyildir.
İndi isə
Azərbaycanda repetitorluq barədə. Ölkəmizdə
repetitorluq ənənəsi XIX əsrə təsadüf edir.
Bu dövrdə yüksək mənsəb sahibləri
öz uşaqlarına əsasən xaricdə təhsil
almış, bir neçə əcnəbi dil bilən, pedaqoji
təcrübəsi olan mürəbbiyələr tuturdu. Onlar uşaqlara yazıb-oxumaqla yanaşı, musiqi, rəqs,
xarici dil, davranış qaydaları, süfrə mədəniyyəti
və sair etik normaları öyrədirdilər.
Sovetlər
dövründə də repetitorların xidmətindən
istifadə olunurdu. Əsasən ali məktəblərə
daxil olmaq istəyən uşaqlara zəif bildiyi bir və ya
bir neçə fənn üzrə repetitor tutulurdu. Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə
bir sıra hallarda müəllimlər şagirdlərlə dərslərdən
sonra təmənnasız məşğul olurdular.
Təhsil ekspertləri də
etiraf edirlər ki, 1992-ci ildə ali məktəblərə
qəbulun test üsulu ilə mərkəzləşdirilmiş
qaydada aparılmasına keçiddən sonra Azərbaycanda
repetitorluq daha geniş yayılmağa başladı. Bunun bir sıra səbəbləri var idi.
İlk növbədə, ümumi təhsil müəssisələrində
imtahan forması ilə ali məktəblərə
qəbul imtahan forması arasında ziddiyyət var idi, yəni
orta məktəblərdə ənənəvi olaraq şifahi
və yazılı imtahanlar mövcud idi, ali məktəblərə
qəbul isə test üsulu ilə həyata keçirilirdi. Orta məktəb şagirdlərinin yeni formada imtahan
vermək təcrübəsi yox idi. Digər tərəfdən,
ilk mərhələlərdə orta məktəb
proqramları stabil olmadığından, ali
məktəblərə qəbul proqramları ilə bir
çox hallarda uzlaşmırdı.
Cəmiyyətdə
belə bir fikir mövcuddur ki, son illərdə ölkəmizdə
repetitorluğun əhatə dairəsi daha da genişlənmişdir. Əlbəttə,
bu fikirlərin müəyyən əsası vardır. Lakin daha dəqiq məlumat o zaman əldə etmək
olar ki, bu sahədə tədqiqatlar aparılsın, valideynlər,
şagirdlər, müəllimlər, tələbələrlə
sorğular keçirilsin və nəticələri təhlil
edilsin. Yalnız belə halda
repetitorluğun dinamikası barədə obyektiv məlumat vermək
olar. Onu da qeyd etmək lazımdır ki, hətta
artma dinamikası müəyyən edilsə belə, bu bir
sıra obyektiv səbəblərlə bağlıdır.
İlk növbədə, ildən-ilə ali
məktəblərə qəbul imtahanlarında test
tapşırıqlarının çətinlik dərəcəsi
artırılır. 2009-cu ildə ali məktəblərə
qəbulun nəticələrinin təhlili göstərir ki,
ayrı-ayrı fənlər üzrə təqdim edilən
test tapşırıqları, hətta fənn müəllimləri
tərəfindən müəyyənləşdirilmiş vaxt
çərçivəsində həll edilə bilmir. Bu vəziyyət nəticələrə təsir etməklə
yanaşı, valideynləri təşvişə salır və
onları repetitora müraciət etməyə sövq edir.
Digər səbəb isə
test hazırlığı ilə məşğul olan ekspertlərin
monopoliyası ilə bağlıdır. Bu müəllimlər
test tapşırıqları hazırlayarkən çətinlik
səviyyəsi yüksək testlərə üstünlük
verməklə yanaşı, orta məktəb proqramında
olmayan, xüsusi əhəmiyyət kəsb etməyən məsələlərlə
bağlı suallar daxil edirlər. Bakı şəhərinin
bir sıra qabaqcıl müəllimləri də bu barədə
təhlillər aparırmışlar. 2009-cu ildə ali məktəblərə qəbul zamanı tətbiq
edilən testləri təhlil edən müəllimlər belə
qənaətə gəlmişlər ki, təqdim edilən
test tapşırıqları xüsusi istedadlı şagirdlər
üçün tərtib edilir. 2009-cu ildə fənlər
üzrə sualların çətinlik səviyyəsi 2008-ci
ilə nisbətən 2 dəfə
artırılmışdır. Riyaziyyatdan
hesablamaları vaxt aparan, xüsusi yanaşma tələb edən,
həll metodikası mürəkkəb olan, kütləvi tədris
proqramlarında olmayan kompleks ədədlər və tərs
triqonometrik tənliklərə aid və olimpiada tipli suallar
üstünlük təşkil etmişdir. Fizika fənnindən eyni zamanda, iki və daha
çox prosesin araşdırılması, dərslikdən əlavə
materiallara müraciət edilməsi tələb olunan suallar
daxil edilmişdir. Tarix fənnindən
proqramda diqqəti cəlb etməyən, Azərbaycan və
dünya tarixində əhəmiyyət kəsb etməyən,
dərslikdə bir cümlə ilə ifadə edilən suallar
verilmişdir. Digər fənlər üzrə
də analoji hallar müşahidə edilmişdir.
Müəllimlər
qeyd edirlər ki, işlədikləri məktəblərdə
fənlər üzrə ən səriştəli müəllimlərə
belə test tapşırıqlarını həll etmək
üçün xeyli vaxt tələb olunur, bəzi hallarda isə
müəllimlər özləri belə həmin
tapşırıqları həll etməkdə çətinlik
çəkirlər.
Test hazırlığı
ilə məşğul olan ekspertlər özləri də
repetitorluqla məşğul olurlar və müəyyən mənada
öz texnologiyaları ilə hazırladıqları
şagirdləri
Tədqiqatlar göstərir
ki, son illərdə Azərbaycanda ali təhsilə
tələbat artmışdır. Məhz bu səbəbdəndir
ki, hər il orta məktəbləri bitirən
məzunların 70 faizindən çoxu ali məktəblərə
sənəd verirlər. Bu, kifayət qədər
yüksək göstəricidir. Bu amil də ali məktəb imtahanlarına hazırlıq
baxımından repetitorluq xidmətindən istifadə edənlərin
sayına təsir edir.
Digər tərəfdən
isə təhlil göstərir ki, bizim ölkəmizdə ali məktəblərə qəbul
planının başqa ölkələrlə müqayisədə
az olması müsabiqə şəraitini daha da artırır
ki, bu da öz növbəsində xüsusi hazırlıq
keçməyənlərin ali məktəbə qəbul
olunmaq şansını azaldır. Hər 10 min nəfər əhaliyə
düşən ali təhsillilərin
sayına görə Azərbaycan həm region, həm də
digər ölkələr arasında sonuncu yeri tutur. Buna baxmayaraq qəbul planı nəinki
artırılmır, hətta bəzi illərdə daha da
azaldılır. Belə ki, 2001-ci ildə dövlət
ali təhsil müəssisələrinə qəbul planı
22 mindən çox olduğu halda, 2006-2007-ci illərdə 19
minə, 2009-2010-cu illərdə 21 minə enmişdir. Hesab edirəm ki, bu barədə də
düşünməyin vaxtı çatmışdır.
2005-ci ildə
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
ACİ Təhsilə Yardım Proqramı çərçivəsində
Azərbaycanda repetitorluqla bağlı tədqiqat
aparmışdır. Tədqiqat fərdi təhsilin ümumi
xüsusiyyətlərini, buna ehtiyacı doğuran əsas
amilləri, təhsil sisteminə göstərdiyi təsiri əhatə
etmişdir. Tədqiqatın nəticələri
Təhsil Nazirliyinə təqdim edilərkən biz çox
ciddi təhlillər apardıq və nəticələri həmin
təşkilatla dəfələrlə müzakirə etdik.
Əlbəttə, ilk razı
olmadığımız məqam ondan ibarət idi ki,
dünyanın ayrı-ayrı ölkələrində tətbiq
edilən metodologiya Azərbaycanda adaptasiya olunmadan tətbiq
edilmişdi. Ziddiyyət yaradan məsələlərdən
biri repetitorluğa yanaşmanın dünyada və Azərbaycanda
müxtəlif olması idi. Dünyada
repetitorluq və ya fərdi təhsil bir fenomen kimi qəbul
edilmişdir və müəyyən tənzimləyici mexanizmlər
də mövcuddur. Məsələn, Fransa
kimi inkişaf etmiş bir ölkədə bu fəaliyyətlə
məşğul olan nüfuzlu təşkilatlar
yaranmışdır və qanuni şəkildə fəaliyyət
göstərirlər. Bütün
dünyada, hətta ən inkişaf etmiş ölkələrdə
geniş yayılmasına baxmayaraq, Azərbaycanda repetitorluq
institutunun yaranmasını yalnız ümumi təhsilin keyfiyyətinin
aşağı olması ilə bağlayırlar.
Əlbəttə,
yanaşma fərqlərinə baxmayaraq, tədqiqatın nəticələri
bir sıra maraqlı faktları da aşkara
çıxarmışdır. Belə ki, universitetlərin I kurs tələbələri
ilə aparılan sorğuların nəticələri göstərmişdir
ki, respondentlərin yalnız 40 faizi ali məktəbə
qəbul olmaq üçün repetitor xidmətindən istifadə
etmiş, 60 faizi isə repetitorla məşğul olmadan ali məktəbə
qəbul olunduğunu bildirmişdir. Halbuki, cəmiyyətdə
belə bir rəy formalaşdırmağa
çalışırlar ki, məzunlar yalnız repetitor
hesabına tələbə adını qazanırlar.
Digər bir
maraqlı nəticə ondan ibarət idi ki, repetitor yanına
gedən şagirdlərin demək olar ki, hamısı orta məktəblərdə
yaxşı oxuyan şagirdlərdir. Buradan məlum olur ki, əlavə
biliklər əldə etməyə çalışan
şagirdlər zəif oxuyanlar və təhsilin keyfiyyətindən
narazı olanlar deyildir. Bu hal digər
maraqlı bir məqamı da aşkar edir. Repetitorluğun
səbəblərindən danışarkən valideyn amilini
yaddan çıxarmaq olmaz. Ciddi rəqabət mühitində
valideyn övladının repetitor yanına getməsinə təkid
etməklə özünü daha inamlı hiss edir və
uğurlu nəticəyə inanır.
Təhlil
göstərir ki, repetitorluq müəllim amili ilə də
sıx bağlıdır. Son illərin müşahidəsinə
əsasən deyə bilərəm ki, hazırda
bacarıqlı, səriştəli və yaxşı müəllimlər
işlədikləri məktəblərdə ixtisasları
üzrə çox az dərs yükü
götürməyə meyilli olurlar. Bu onunla
bağlıdır ki, vaxtlarının daha çoxunu
repetitorluğa həsr etmək istəyirlər. Bakı şəhərinə müəllimlərin
işə qəbulu zamanı maraqlı bir faktla
rastlaşdıq. Məktəblərə
işə qəbul üçün elektron ərizələrlə
müraciət edənlər arasında şəhərin
ayrı-ayrı məktəblərində müəllim
işləyənlər aşkar edildikdə təəccübləndik.
Bir qayda olaraq, belə müəllimlər mərkəzi
məktəblərdəki vakant yerlərə iddialı idilər.
İmtahan prosesində həmin müəllimlər
iddia etdikləri məktəbə düşmədikdə, digər
məktəb təklif edildikdə bundan imtina edirdilər.
Əlbəttə, təhlillər göstərdi
ki, onlar repetitorluq üçün daha əlverişli məktəb
və mühit axtarırdılar. Bu amil məni,
ölkənin təhsil naziri kimi, çox narahat edir. Çünki biz getdikcə səriştəli
müəllimləri itirmək təhlükəsi ilə
üzləşirik.
Daha bir
narahatedici məqam ondan ibarətdir ki, bir sıra müəllimlər
bilavasitə tədris prosesində, 45 dəqiqəlik dərsdə
təlim materialının kifayət qədər mənimsədilməsi
qayğısına qalmır, şagirdləri əlavə məşğul
olmağa təhrik edirlər. Bəzi müəllimlər
isə onunla əlavə məşğul olmayan şagirdlərə
qarşı biganəlik və xüsusi davranış
nümayiş etdirir, qiymətləndirmə prosesində
subyektivlik hallarına yol verirlər. Bütün
bunlar bizi düşündürməyə bilməz.
Müəllim
amilinin üzərində daha ətraflı dayanmaq istərdim. Müəllimlər nə
üçün repetitorluğa can atırlar? Bunun
səbəbi sadədir. Əlavə maddi
imkanlar əldə etmək üçün. Sirr deyil ki, son illərdə müəllimlərin əməkhaqqı
bir neçə dəfə artırılsa da, lazımi
yaşayış şəraitinin təmin edilməsinə
imkan vermir. Müəllim də sosial şəraitini daha
da yaxşılaşdırmaq üçün repetitorluğa
can atır.
Təhlil göstərir ki,
90-cı illərdə repetitorluqla daha çox ali
məktəb müəllimləri, akademiyanın əməkdaşları
məşğul olurdular. Sonradan isə orta məktəb
müəllimləri bu prosesdə üstünlük təşkil
etməyə başladı və hazırda onlar mütləq
üstünlüyə malikdirlər.
Son dövrlərdə
Azərbaycanda repetitorluq xidmətləri təklif edən
kurslar və təşkilatlar da fəaliyyətə
başlamışdır. Bunların içərisində
"ÇAĞ" Öyrətim İşlətmələri
Şirkəti nəzdindəki "Araz" kursları daha
mütəşəkkildir. Buraya təcrübəli
və səriştəli müəllimlər cəlb
edilmiş, şagirdlərin hazırlanması
üçün vəsaitlər işlənmiş, ciddi təşkilatlanma
müşahidə edilməkdədir. Həmin
kursun məzunları, bir qayda olaraq, yüksək nəticələr
göstərirlər.
Ölkəmizdə
repetitorluğun yayılma arealı da maraqlıdır və
son illərdə bu sahədə ciddi dəyişikliklər
baş verməkdədir. Müstəqilliyin ilk illərində
yalnız XI sinif şagirdləri repetitorla məşğul
olurdusa, hazırda bu hazırlıq X, bəzi hallarda isə IX
sinifdən başlayaraq aparılır.
Müşahidə
olunan maraqlı cəhətlərdən biri də
repetitorluğun əhatə etdiyi fənlərdir. Əlbəttə,
burada seçim ixtisas qrupları əsasında
aparılır. Son illərdə qəbul
qaydalarında müəyyən dəyişikliklər edildiyindən
fənlərin sayında artım müşahidə olunur.
Lakin onu da qeyd etmək lazımdır ki, bir
çox hallarda şagirdlər ixtisas qrupuna daxil olan
bütün fənlərdən deyil, yalnız profil fənlər
üzrə repetitor yanına getməyə üstünlük
verirlər.
Son dövrdə
uşaqların I sinfə qəbulu ərəfəsində
ibtidai sinif müəllimləri ilə məşğul
olması halları müşahidə edilməkdədir. Bu onunla
bağlıdır ki, bir sıra liseylər və I siniflərə
qəbul üzrə müsabiqə yüksək olan məktəblər
şagirdləri müəyyən diaqnostik yoxlamalardan sonra təhsil
müəssisəsinə qəbul edirlər. Bu səbəbdən valideynlər belə təhsil
müəssisələrini seçərkən əvvəlcə
uşaqlarını ciddi hazırlaşdırırlar ki, qəbul
zamanı problem yaranmasın.
Magistraturaya qəbul
mərkəzləşdirilmiş qaydada aparılmağa
başlayandan bu təhsil səviyyəsinə də
hazırlıq prosesində repetitor institutu xidmətlərindən
istifadə halları çoxalmışdır. Ali məktəblərin
sonuncu kurslarında təhsil alan bakalavrlar
magistratura imtahanlarına hazırlıq məqsədilə
müəllimlərlə əlavə məşğul olurlar.
İndi isə
repetitorluq fenomeninə yanaşmalar barədə. Aparılan tədqiqatlar
göstərir ki, bu fenomenin "yaxşı" və ya
"pis" olması barədə birmənalı fikir
yürütmək düzgün deyildir. Təhsil
ekspertlərinin və mənim şəxsi fikrimcə,
repetitorluğun bir sıra müsbət və mənfi cəhətləri
vardır.
Müsbət
xüsusiyyətlərdən danışarkən qeyd etmək
lazımdır ki, əlavə hazırlıq təhsilalanların
daha dərin bilik və bacarıqlara yiyələnməsinə,
rəqabət qabiliyyətliliyinə müsbət təsir
göstərir. Hətta şagird ali məktəbə
qəbul olunmasa belə, gələcək həyata və fəaliyyətə
hazırlığı yüksəlir. Nəzərə
alsaq ki, ümumi təhsil proqramları fənlər üzrə
minimum standartların mənimsənilməsini əhatə
edir, bu halda əlavə məşğələlər
zamanı proqramla əhatə olunmayan, tədrisi mümkün
olmayan sahələr üzrə biliklərin
aşılanması da mümkün olur. Repetitorluq ali məktəblərə qəbul zamanı
yüksək rəqabət mühitinin formalaşmasına və
daha hazırlıqlı məzunların qəbul olunmasına
zəmin yaradır. Digər tərəfdən
isə müəllimlər bu yolla həyat şəraitinin
daha da yaxşılaşdırılması imkanları əldə
edir. Bu mənada şagirdlərin dərsdənkənar
vaxtlarda müəllimlərlə əlavə məşğul
olaraq öz bilik və bacarıqlarını təkmilləşdirməsi
mənfi xüsusiyyət sayılmamalıdır.
Repetitorluğun
mənfi cəhətləri barədə. Əlbəttə,
bu fenomeni birmənalı şəkildə mənfi amil kimi qəbul
etmək, düşünürəm ki, düzgün deyildir.
Lakin qeyd etmək lazımdır ki, bir sıra
hallarda məktəb rəhbərlərinin və valideynlərin
məsuliyyətsizliyi səbəbindən şagirdlər tədris
prosesindən yayınaraq repetitor yanına gedirlər. Bu səbəbdən məktəblərin XI siniflərində
dərsə davamiyyət sahəsində problemlər
yaranır. Hesab edirəm ki, bunu da
repetitorluğun mənfi xüsusiyyəti kimi deyil, subyektiv amil
kimi qəbul etmək lazımdır. Çünki
belə vəziyyətin yaranmasında, ilk növbədə, məktəb
rəhbərliyi və valideynlər məsuliyyət
daşıyırlar. Digər mənfi cəhət
ondan ibarətdir ki, ayrı-ayrı fənlər üzrə
repetitor yanına gedən şagird həmin fənlər
üzrə dərslərə marağını itirir ki, bu da
yaxşı nümunə sayıla bilməz. Eyni zamanda günün bir yarısını məktəbdə,
digər yarısını isə repetitor yanında keçirən
şagirddə zehni yorğunluq və psixoloji gərginlik
yaranır.
Ən mənfi
hal isə ondan ibarətdir ki, repetitorluq təhsilalanların
özünə, öz qabiliyyətinə, potensialına, nəticədə
isə məktəbə inamını qırır, onlarda
yüksək bilik və bacarıqlar əldə etmək
üçün mütləq başqalarının köməyindən
istifadənin zəruri olması fikrini formalaşdırır. Halbuki, biz təhsilalanın
müstəqil surətdə bilik və bacarıqlar əldə
etməsini, müəllimin yalnız bələdçi,
istiqamətverici rol oynaması ideyasını daha yüksək
dəyərləndiririk.
Daha bir mənfi
cəhət isə bu fəaliyyətlə məşğul
olan müəllimlərin fəaliyyətinin keyfiyyətinə
mənfi təsir göstəməklə, onların məktəb
mühitindən təcrid olunmasına şərait yaradır.
Düşünürəm
ki, ölkəmizdə son illərdə təhsil sektorunda
aparılan davamlı islahatlar təhsilin keyfiyyətinin
yüksəldilməsinə zəmin yaratmaqla repetitorluğun əhatə
dairəsinin məhdudlaşdırılmasına bilavasitə təsir
edəcəkdir. Belə ki, ibtidai siniflərdə yeni
kurikulumun və dərsliklərin tətbiqi proqramların təkmilləşdirilməsinə
şərait yaratmaqla şagirdlər tərəfindən
minimum standartların bilavasitə tədris prosesində mənimsənilməsinə
zəmin yaratmışdır. Mərhələlərlə
bütün siniflərdə yeni fənn kurikulumları və
dərsliklərin tətbiqi şagirdlərin fərdi dərslərə
marağını azaldacaq, belə ki, onlar zəruri
standartları dərs prosesində nimsəyəcəklər.
Digər tərəfdən,
hazırda ümumi təhsil sistemində yeni qiymətləndirmə
sisteminin tətbiqi, məktəbdaxili qiymətləndirmənin
diaqnostik, formativ və summativ formalarından istifadə, eyni
zamanda buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada test üsulu ilə aparılması da orta məktəblə
ali məktəbə qəbul arasında
ziddiyyətin aradan qaldırılmasına yönəlmişdir
və hesab edirəm ki, tezliklə öz töhfəsini verəcəkdir.
Bəs
repetitorluğu ləğv etmək mümkündürmü,
düşünmək olarmı ki, nə vaxtsa bu institut tamamilə
aradan qaldırılacaq? Təhlillər və beynəlxalq təcrübə
göstərir ki, repetitorluğun tamamilə ləğv
olunması məsələsi real deyildir. Ona
görə ki, bu fenomeni yaradan amillər həmişə olub
və olacaqdır. Bu amilin məktəblərdə tədris
prosesinə mane olmaması, alternativ təhsil formasına
çevrilməməsi, qanunvericiliyə uyğun tənzimlənməsi
üçün bir sıra tədbirlərin görülməsi
zəruridir:
1.İlk növbədə, ali məktəblərə qəbul
imtahanları və orta məktəblərdə mərkəzləşdirilmiş
buraxılış imtahanlarında qiymətləndirmə ilə
bağlı vahid siyasət və strategiya işlənməlidir.
Eyni zamanda test tapşırıqlarının, xüsusilə ali məktəblərə qəbul imtahanı
testlərinin məzmunu ilə bağlı ciddi təhlillər
aparılmalı və onların məzmunu ümumi təhsil
proqramları ilə uzlaşdırılmalıdır.
2.Şagirdlərin
dərsdənkənar hazırlığı ilə məşğul
olan özəl qurumların, qeyri-hökumət təşkilatlarının
lisenziya əsasında fəaliyyətinə şərait
yaradılmalıdır. Belə halda əlavə hazırlıq
daha sistemli xarakter daşıyar və qanunvericiliyin tələbləri
də gözlənilərdi.
3.Repetitorluqla məşğul olan müəllimlərin
və digər mütəxəssislərin fəaliyyətinin
mövcud qanunvericiliyə əsasən tənzimlənməsi
istiqamətində tədbirlər görülməli,
onların fəaliyyəti
lisenziyalaşdırılmalıdır.
4.Ümumtəhsil
məktəblərində şagirdlər üçün
ayrı-ayrı fənlər üzrə dərsdənkənar
vaxtlarda əlavə məşğələlər təşkil
edilməli, bu məşğələləri aparan müəllimlərin
əməkhaqqına əlavələr müəyyənləşdirilməlidir.
5.Ümumi təhsil
sistemində müəllimlərin əməkhaqqının
artırılması imkanları araşdırılmalı,
onların sosial müdafiəsi təmin edilməklə
repetitorluq təşəbbüsləri məhdudlaşdırılmalıdır.
6.Ümumtəhsil məktəblərində,
ali təhsil müəssisələrində
tədrisin səmərə və keyfiyyəti yüksəldilməli,
təhsilalanlara zəruri biliklərin təhsil müəssisəsində
verilməsinə nail olunmalıdır.
7.Tədris prosesinə və şagirdlərin
davamiyyətinə mənfi təsir etməklə repetitorluqla
məşğul olmanın qarşısının
alınması məqsədilə "Müəllimlərin
etik davranış kodeksi" işlənməlidir.
8.Ümumi təhsil
sistemində adambaşına maliyyələşmə mexanizmi
tətbiq edilməli və məktəblərə maliyyə
müstəqilliyi verilməlidir. Belə olarsa, zəruri
hallarda şagirdlərin fərdi təhsilə ehtiyacı məktəbin
özü tərəfindən ödənilə bilər.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 16 iyul.- S.3.