Onun təhsil almasında Süleyman Rüstəmin böyük rolu olub

 

1930-cu ildə Lerik rayonunun Kirəvud kəndində anadan olan Surxay Əsədovun təhsil aldığı illər Böyük Vətən müharibəsinin başlanması ilə eyni vaxta düşmüşdü. 1945-1946-cı tədris ilində Surxay hazırda işlədiyi Boykəndil kəndindəki məktəbin VII sinfini bitirir.

Müharibənin tüğyan etdiyi illər... Ərazidə orta məktəbin olmaması Surxayın oxumaq, təhsil almaq həvəsini azaltmadı, əksinə, daha da artırdı. O, çətinliklə Lerikdəki orta məktəbin VIII sinfində təhsilini davam etdirir. Bu ağır və əzablı illər, sanki, onu sınağa çəkirdi.

Günlərin bir günü - 1947-ci ilin aprelində Süleyman Rüstəm Lerikə gəlir. Surxayın o zamanlar  çətin bir məsələsinin həll olunmasında da məhz şairin böyük rolu olur. Oxumağa, elmli olmağa can atan Surxay şairə yazılı müraciətindən sonra internatda qalıb,  təhsilini davam etdirməyə müvəffəq olur. S.Əsədov onun orta təhsil almasına yardımçı olmuş Süleyman Rüstəmi hər zaman böyük sevgi ehtiramla xatırlayır.

1949-cu ildə  məktəbi bitirən Surxay bir müddət Lerik orta məktəbində pioner baş dəstə rəhbəri  işləyir. 1949-cu ildə rayonun ən ucqar kəndi sayılan  Nücü kəndində isə müəllim kimi işə başlayır. O, 1951-ci ildə Quba  Müəllimlər İnstitutuna qəbul olunur və 1953-cü ildə təhsilini başa vuraraq  Lerikə təyinat alır. 1955-ci ildə Boykəndil yeddiillik məktəbinə direktor vəzifəsinə irəli çəkilir.  Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olan Surxay 1959-cu ildə oranı bitirir.

Surxay Əsədovun direktor kimi fəaliyyəti hər zaman göz önündə idi. 1972-ci ildə onun direktor işlədiyi Boykəndil yeddiillik  məktəbi  orta məktəbə çevrilir. Yüksək bilik, peşəkarlıq göstərən Surxay qısa bir zamanda təhsil ocağında dönüş yaradır. Gənc müəllimlərə diqqət və qayğı göstərən direktor onların məişət şəraitini yaxşılaşdırmağa səy göstərirdi. Müəllimlərə tələbkarlıqla yanaşaraq o, sağlam, işinə  olduqca  məsuliyyətli, işgüzar bir pedaqoji  kollektiv yarada  bilib. Təsadüfi  deyil  ki,  Boykəndil orta məktəbi tez bir zamanda  fərqlənib. Direktor kimi səmərəli fəaliyyəti diqqətdən kənarda qalmayan Surxay müəllim o vaxtlar kənd və rayon sovetlərinə deputat seçilib. Respublika müəllimlərinin VII qurultayının nümayəndələrindən biriSurxay Əsədov olub.

Boykəndil orta  məktəbinin indiyə kimi 34 buraxılışı olub. Buranın məzunları müxtəlif ixtisaslara yiyələnərək bacarıqlı mütəxəssis, elm adamları kimi  təhsil aldıqları məktəbə başucalığı gətiriblər. Yaradılmış əlverişli təlim-tərbiyə mühiti  burada dərs deyən  müəllimləri öz işlərində daha məsuliyyətli olmağa, peşəkarlıq göstərməyə, təhsil alan şagirdləri isə yüksək bilik almağa sövq edir.

Boykəndil orta məktəbində, eləcə də ərazidəki digər 4 məktəbdə işləyən 70-dən çox müəllimin hamısı məhz bu təhsil ocağının  məzunlarıdır. Onlardan 60 nəfəri isə Surxay müəllimin yetirmələridir. Çoxillik pedaqoji təcrübəyə malik Surxay Əsədovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilərək 10 oktyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin  sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə o, "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülüb.

Təcrübəli pedaqoq, el ağsaqqalı, gözəl ailə başçısı  Surxay Əsədovun bu günlərdə 80 yaşı tamam olur. Bu münasibətlə Boykəndil orta məktəbin, eləcə də həmin ərazidəki digər məktəblərin bütün təhsil işçiləri, rayon ictimaiyyəti onu təbrik edir, qocaman pedaqoqa cansağlığı arzulayırlar.

 

 

Əvəz MƏMMƏDOV

 

Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.4.