Ali təhsildə yeni maliyyələşmə mexanizmi tətbiq olunur

 

Ali təhsil müəssisələrinin mövcud maliyyələşmə sistemində köklü islahat aparılmadan keyfiyyətli mütəxəssis hazırlığına nail olmaq mümkün deyil. Bu vaxta qədər maliyyələşmə və budcə vəsaitlərinin ali məktəblər arasında bölüşdürülməsi mexanizmi aşağıdakı səbəblərə görə təhsil xidmətlərinin səmərəliliyini yüksəltmək imkanlarını məhdudlaşdırırdı:

- mütəxəssis hazırlığına dövlət sifarişinin olmaması;

- ali təhsil müəssisəsinin büdcəsinin bir tələbəyə (adambaşına) düşən xərclər müəyyənləşdirilmədən formalaşması;

- ali məktəbin illik büdcəsinin əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilməsi;

- ali məktəbin büdcəsinin mənbəyindən asılı olmayaraq vahid büdcə təsnifatına uyğun, təxminən, 40 xərc maddəsi üzrə müəyyənləşdirilməsi və xərclənməsi;

- ali məktəbin xərc maddələri arasında yerdəyişməni müstəqil həyata keçirmək səlahiyyətinə malik olmaması, ilin sonunda isə xərc maddələri üzrə əldə olunmuş qənaət məbləğlərinin növbəti ilə keçirilməməsi və dövlət büdcəsinə silinməsi.

İndiyədək mövcud olan maliyyələşmə mexanizmindən fərqli olaraq adambaşına maliyyələşmə dövlət sifarişinə uyğun ali məktəblər üçün büdcə vəsaitlərinin vahid metodika üzrə müəyyənləşdirilməsini nəzərdə tutur.

Xarici ölkələrin təcrübəsində ali təhsilin maliyyələşdirilməsi, əsasən, 3 yanaşma ilə həyata keçirilir:

1. İnkişaf etməkdə olan ölkələrin əksəriyyətində maliyyələşmə ali təhsil müəssisələrinin təklifləri əsasında həyata keçirilir. Belə maliyyələşmə mexanizmi ali məktəbin fəaliyyətinin nəticələrindən asılı olmur və əsasən də əvvəlki illərin xərcləri nəzərə alınmaqla müəyyənləşdirilir.

2. Nəticələr üzrə maliyyələşmə. Bu halda büdcə vəsaitlərinin ayrılması sistemi müəyyən nəticələrin əldə olunmasına, yəni buraxılan məzunların sayına əsasən müəyyənləşdirilir. Gözlənilən nəticələr əldə edilmədiyi halda istifadə olunmayan vəsaitlər ali məktəbin büdcəsindən silinir.

3. Bəzi ölkələrdə (Kanada, Böyük Britaniya, Fransa, Yaponiya, İsveç, Norveç və s.) ali məktəblərin maliyyələşdirilməsi bir tələbəyə düşən xərci müəyyənləşdirilməklə həyata keçirilir. Həmin üsulla maliyyələşmə zamanı ixtisasların xüsusiyyətləri nəzərə alınır. Bütün bunlar hökumət tərəfindən ixtisaslar üzrə adambaşına düşən müvafiq təhsil haqqının müəyyənləşdirilməsini tələb edir.

Belə bir mexanizmin tətbiqi ali təhsildə keyfiyyətin təmin olunmasına, ali təhsil müəssisələri arasında rəqabətin yaradılmasına, ayrılan vəsaitin tam səmərəli və məqsədli istifadəsinə, vəsaitlərin ayrılması prosesində subyektivliyə yol verilməməsinə, tələbələr üçün stimul yaratmağa xidmət edir.

Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il tarixli Fərmanında məhz belə maliyyələşmə mexanizminin yaradılması və tətbiqi nəzərdə tutulmuşdur.

 Fərmanda 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmənin dövlət sifarişi əsasında həyata keçirilməsi, mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin dövlət sifarişinin yerinə yetirilməsində iştirakının təmin edilməsi, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsinə görə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanmış abituriyentlərə mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstliyin verilməsi məsələləri öz əksini tapmışdır. Bununla bağlı müvafiq təkliflərin və normativ sənədlərin hazırlanması Nazirlər Kabinetinə və aidiyyəti qurumlara tapşırılmışdır.

Həmin fərmanın icrası ilə bağlı aidiyyəti nazirlik və komitələrin təklifləri nəzərə alınmaqla Nazirlər Kabinetinin 6 may 2010-cu il tarixli 132 S nömrəli sərəncamları ilə ölkədə ilk dəfə olaraq bakalavr və magistr səviyyələrinə dövlət sifarişi ilə tələbə qəbulu proqnozu aşağıdakı yeni forma üzrə təsdiq olunmuşdur. Nümunə üçün onun bir hissəsini oxucuların diqqətinə çatdırırıq:

 

Dövlət ali təhsil müəssisələri:

 

1. Bakı Dövlət Universiteti

2. Azərbaycan Dövlət Neft Akademiyası

3. Azərbaycan Texniki Universiteti

4. Azərbaycan Memarlıq və İnşaat Universiteti

5. Azərbaycan Dövlət Pedaqoji Universiteti

6. Bakı Slavyan Universiteti

7. Azərbaycan Dövlət İqtisad  Universiteti

8. Azərbaycan Dillər Universiteti

9. Bakı Musiqi Akademiyası

10. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

11. Sumqayıt Dövlət Universiteti

12. Lənkəran Dövlət Universiteti

13. Gəncə Dövlət Universiteti

14. Azərbaycan Texnologiya Universiteti

15. Mingəçevir Politexnik İnstitutu

16. Naxçıvan Dövlət Universiteti

17. Naxçıvan Müəllimlər İnstitutu

18. Azərbaycan Milli Konservatoriyası

19. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

20. Azərbaycan Müəllimlər İnstitutu

21. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

22. Azərbaycan Turizm İnstitutu

23. Azərbaycan Tibb Universiteti

24. Azərbaycan Dövlət Aqrar Universiteti

25. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası

26. Azərbaycan Dəniz Akademiyası

27. Milli Aviasiya Akademiyası

28. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı

29. Fövqəladə Hallar Nazirliyinin Akademiyası 

 

Özəl ali təhsil müəssisələri:

 

1. Qərb Universiteti

2. Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti

3. Azərbaycan Universiteti

4. Qafqaz Universiteti

5. Xəzər Universiteti

6. Odlar Yurdu Universiteti

7. Azərbaycan İctimai-Siyasi Universiteti

8. Bakı Avrasiya Universiteti

 

Bununla yanaşı, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarları müəyyənləşdirilmişdir.

Sənədə əsasən, bakalavr səviyyəsində hər bir təhsilalana düşən xərclərin miqdarı müxtəlif müəllimlik ixtisasları üzrə 1500, digər humanitar ixtisaslar və mühəndislik ixtisasları üzrə 1800, muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, sənətşünaslıq, xoreoqrafiya, estrada, aktyor, operator sənətləri, xalq çalğı alətləri ifaçılığı, teatrşünaslıq, bədii yaradıcılıq və ekran dramaturgiyası, rejissorluq, kinoşünaslıq ixtisasları üzrə 1500, dekorativ sənət, rəngkarlıq, qrafika, heykəltəraşlıq, dizayn ixtisasları üzrə 2000, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq ixtisasları üzrə 7000, iqtisadiyyat yönümlü ixtisaslar üzrə 1500, riyaziyyat və təbiət elmləri ixtisasları üzrə 1600, tibb ixtisasları üzrə 2500, turizm və otelçilik, nəqliyyat servisi, fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasları üzrə 1800, bədən tərbiyəsi və idman ixtisası üzrə 1000 manat təşkil edir.

Magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana düşən təhsil xərcləri isə 1500-1800 manat arasında dəyişir. Belə ki, təhsilin bu səviyyəsində bir təhsilalana düşən xərclər təbiət elmləri ixtisasları üzrə 1600, humanitar və sosial elmlər üzrə 1800, maarif, iqtisadiyyat və idarəetmə üzrə 1500, təbiət-texniki elmlər üzrə 1600, texniki elmlər üzrə 1800, aqrar və balıq təsərrüfatı, habelə ekologiya və təbiətdən istifadə üzrə 1600 manatdır.

Təbii ki, yeni maliyyələşmə mexanizminə keçid dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığında müvafiq qaydaların da hazırlanmasını tələb edirdi. Bununla əlaqədar "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi qaydaları" işlənib hazırlanmış və təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Sənəddə hər növbəti il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin dövlət sifarişi əsasında tələbə qəbulunun proqnozunun hazırlanması mexanizminin, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsi, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsi, maliyyələşmənin şərtləri, onun səmərəli istifadəsi öz əksini tapmışdır. Burada habelə Təhsil Nazirliyi ilə təhsil müəssisələri arasında və təhsilalanla təhsil müəssisəsi arasında müqavilələrin bağlanma mexanizmi və onun nümunəsi də verilmişdir. Həmin sənəddə dövlət sifarişi əsasında maliyyələşmənin hansı hallarda dayandırılması, ondan məhrum edilmə, ödənişli əsaslarla təhsil alanların və yüksək göstəricilərə nail olanların dövlət hesabına təhsil almaları üçün imkan yaradılması məsələləri də yer almışdır.

Onu da qeyd edək ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq dövlət sifarişi ilə kadr hazırlayan bütün ali təhsil müəssisələri ilə Təhsil Nazirliyi arasında müqavilələr bağlanacaqdır.

Ali təhsil müəssisələrində adambaşına maliyyələşmənin üstünlüklərindən biri də odur ki, dövlət sifarişi əsasında təhsil alacaq tələbələr üçün ali məktəblərə dövlət büdcəsindən ayrılacaq maliyyə vəsaitləri əvvəlki illərdə olduğu kimi ayrı-ayrı xərc maddələri üzrə deyil, ümumi məbləğ səviyyəsində, yəni bir xərc maddəsi üzrə həyata keçiriləcəkdir. Burada isə ayrılacaq büdcə vəsaitlərinin səmərəli istifadə olunması və ayrılan vəsaitin birbaşa ali məktəbin lazımi ehtiyaclarının ödənilməsi üçün sərf olunmasına çox böyük zəmin yaranacaqdır.

Ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında ayrılacaq büdcə vəsaitlərinin istifadəsi mexanizminə əsasən Təhsil Nazirliyi tərəfindən dövlət ali təhsil müəssisələri ilə yanaşı, özəl ali təhsil müəssisələrinə də vəsaitlər köçürüləcək, ayrılan büdcə vəsaitinin ehtiyaclara uyğun təyinatı üzrə bölüşdürülməsi və il ərzində qənaət olunmuş vəsaitlər arasında yerdəyişmələrin aparılması ali təhsil müəssisələri rəhbərlərinin səlahiyyətinə veriləcəkdir.

Ən əsas yenilik odur ki, ali təhsil müəssisələri maliyyələşmədə sərbəst olacaqlar, bunu isə ali təhsil müəssisələri rəhbərləri çoxdan arzu edirdilər.

Adambaşına maliyyələşmə mexanizminin tətbiqi o vaxt səmərə verə bilər ki, ali məktəblər arasında dövlət sifarişli tələbə qəbulu uğrunda sağlam rəqabət mühiti yaransın. Elə bir mexanizm yaradılmalıdır ki, dövlət sifarişli daha çox tələbə cəlb etmiş ali məktəblər digərlərinə nisbətən maliyyələşmə baxımından daha əlverişli mühitə malik olsunlar və onların daha intensiv inkişafı təmin olunsun. Rəqabətə davam gətirməyən ali təhsil müəssisələri və ya onların ayrı-ayrı ixtisasları isə gələcəkdə ya bağlanmalı, yaxud da onlar daha güclü ali məktəblərlə birləşdirilməlidir.

Düşünürük ki, belə bir mexanizm yaratmaqla biz ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə nail ola bilərik. Heç də sirr deyil ki, bu məqsədə çatmaq üçün illərlə həyata keçirdiyimiz inzibati tədbirlər gözlənilən səmərəni verməmişdir.

Bu məsələyə ona görə xüsusi diqqət yetirilməlidir ki, adambaşına maliyyələşmə mexanizmini tətbiq edən bəzi ölkələrin acınacaqlı vəziyyətinə düşməyək. Həmin ölkələrin təcrübəsi göstərir ki, tələbələrin ali məktəblərdə yerləşdirilməsi düzgün aparılmadığı halda zəif kadrlar hazırlayan ali məktəblər keyfiyyətli mütəxəssis hazırlayan təhsil müəssisələrindən daha əlverişli şəraitə düşürlər. Belə ki, dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanmış abituriyentlərin əksəriyyəti nüfuzlu ali məktəblərdə cəmləşir, digərləri isə az nüfuzlu, keyfiyyətcə aşağı səviyyədə mütəxəssis hazırlığı aparan ali məktəblərə ödənişli əsaslarla qəbul olunurlar. Bu ali məktəblər ödəniş haqqını dövlət tərəfindən həmin ixtisas üçün müəyyən olunmuş və bəzən də daha yüksək səviyyəyə artırmaqla, özləri üçün əlverişli şərait yaradır, nəticədə həmin təhsil müəssisələri mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsinə çalışmırlar və onların dövlət sifarişi ilə təhsil alan tələbələr uğrunda mübarizə aparmaq üçün heç motivasiyası da olmur. Bununla bağlı qarşıya çıxa biləcək bir neçə situasiyanı nəzərə çatdırmaq istərdik. Məsələn, cari tədris ilində Beynəlxalq münasibətlər ixtisasına tələbə qəbulu ali məktəblər üzrə aşağıdakı kimi müəyyənləşdirilibdir.

Qeyd olunan ixtisas üzrə yuxarıda göstərilən ali məktəblərə tələbə qəbulu planında 409 yerdən 100 yer dövlət sifarişi əsasında nəzərdə tutulmuşdur. Fərz edək ki, qəbul imtahanlarının nəticələrinə görə dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan tələbələrin 100 nəfəri ərizələri əsasında Bakı Dövlət Universitetinə yerləşdirilmişdir. Qalan 309 ödənişli yerə isə ödənişli əsaslarla qəbul olunmuş şəxslər, BDU da daxil olmaqla yuxarıdakı cədvəldə göstərilən universitetlərə arzuları əsasında yerləşdirilmişdir. Belə vəziyyətdə qəbul planını dövlət sifarişi ilə tam yerinə yetirən BDU  digər ali məktəblərlə müqayisədə heç bir üstünlüyə malik olmur və əksinə, itirir.

Belə ki, BDU-nun 100 dövlət sifarişi ilə və 64 ödənişli əsaslarla tələbədən əldə etdiyi vəsait 301600 AZN təşkil edir.

BDU: 100x1800+64x1900 = 301600 AZN

Azərbaycan Dillər Universitetinə isə dövlət sifarişi ilə tələbə qəbul olunmadığı və planda nəzərdə tutulmuş 42 yerin hamısına ödənişli əsaslarla tələbələr yerləşdirildiyi halda onun əldə etdiyi vəsait 105000 AZN təşkil edir.

ADU: 42x2500=105000 AZN

Bu zaman BDU-da 1 tələbəyə düşən xərc 301600:164=1839 AZN, ADU-da isə  105000:42=2500 AZN təşkil edir.

Qeyd edək ki, BDU əldə etdiyi vəsaitdən dövlət sifarişi ilə qəbul olunmuş 100 tələbəyə həm də təqaüd verməlidir. Belə olan halda BDU-da dövlət sifarişi ilə təhsil alan tələbələrə ayrılan vəsaitdən (100 x 1800 = 180000 AZN) təxminən 40 faizi (72000 AZN) təqaüd üçün nəzərdə tutulur. Beləliklə, həmin ali məktəbdə bir tələbəyə düşən xərc daha aşağı olur. Əlavə şərhə ehtiyac yoxdur.

Təklif edilir ki, ali məktəblərin müvafiq ixtisaslarına ödənişli əsaslarla tələbələrin yerləşdirilməsi dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayına görə müəyyənləşdirilsin. Yəni bu və ya digər ali məktəbin müvafiq ixtisasına dövlət sifarişi ilə nə qədər çox tələbə qəbul olunarsa, ödənişli qəbulun sayı da ona müvafiq olaraq çox olmalıdır. Bu zaman ayrı-ayrı ixtisaslara dövlət sifarişi ilə tələbə qəbul olunmadığı halda həmin ixtisaslara tələbə qəbulu ya məhdudlaşdırılmalı və ya tamamilə verilməməlidir.

Bunun üçün müxtəlif mexanizmlər tətbiq oluna bilər. Onlardan birini nəzərinizə çatdırmaq istərdik. Məsələn, qəbul planında Beynəlxalq münasibətlər ixtisasına nəzərdə tutulan 409 qəbul yerinin 100 yerini dövlət sifarişi təşkil edir. Bu isə həmin ixtisasa ümumi qəbulun təqribən 24,4%-dir. Belə olan halda, Beynəlxalq münasibətlər ixtisası üzrə hər hansı bir ali təhsil müəssisəsinin qəbul planı aşağıdakı kimi hesablanır:

Cədvəldən göründüyü kimi, qəbulun nəticəsinə görə, bu və ya digər ali məktəblərin qəbul planı dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin sayından asılı olaraq bir ali məktəbdə kəsirdə qala, digərində isə onun hesabına arta bilər. Bu da, yuxarıda qeyd etdiyimiz kimi, dövlət sifarişi ilə tələbə cəlb etmək uğrunda ali məktəblər arasında gözlənilən rəqabətin yaranmasını təmin edir.

Qeyd olunan məsələlərin tələbələrin yerləşdirilməsi zamanı nəzərə alınması, hesab edirik ki, faydalı olardı.

 

 

İlham PİRMƏMMƏDOV,

 

İlham MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.1, 3.