Əlli beş
yetirməsi 23 nömrəli bağçaya
"əlvida" dedi
Yeni dərs
ilində paytaxtımızın məktəbəqədər
təhsil müəssisələrindən məktəbə yollanacaq 8 min 500-dən çox uşağın 55-i Yeni
Günəşli yaşayış massivində yerləşən
23 nömrəli körpələr evi-uşaq
bağçasının yetirməsidir. Bu
günlərdə tərbiyə ocağında onların məktəbə
yola salınması ilə əlaqədar
təntənəli mərasim keçirildi.
Tədbir "Sevimli vətən"
mahnısının ifası ilə başlandı.
Bağçanın həyətində qrup-qrup
düzülmüş körpə fidanlar musiqi sədaları
altında tədbirin keçirildiyi al-əlvan
bəzədilmiş zala daxil
oldular və əl-ələ tutub rəqs etdilər.
Sonra əllərində
gül-çiçək yarpaqlarından çələnglər
tutmuş uşaqlar mərasim iştirakçıları
qarşısında müxtəlif kompozisiyalar nümayiş
etdirdilər. Tədbirin aparıcıları onların sevincinə
şərik olmağa gəlmiş anaları və
qonaqları salamladılar. Məktəbə
gedəcəklərinə çox sevindiklərini deyən
uşaqlar tərbiyəçiləri Şəfiqə
Hüseynova, Rəna Qəhrəmanova, Günay Rüstəmova
və Nərminə Mirməmmədovanın, musiqi rəhbəri
Validə Quliyevanın səyləri nəticəsində
artıq məktəb təliminə hazır olduqlarını
bildirdilər.
Altıyaşlıların
ana, vətən, məktəb, müəllim, oxumağın,
öyrənməyin faydası haqqında söylədikləri
şeirlər, ifa etdikləri müxtəlif mahnı və rəqslər,
göstərdikləri səhnəciklər mərasim
iştirakçıları tərəfindən maraqla
qarşılandı. Uşaqların təqdim etdikləri baba
və nənənin öz nəvələrinin məktəbə
getməsini xatırlamalarına dair səhnəcik,
"Turp" nağılı mövzusuna dair ingilis dilində
kiçik tamaşanı, əlifbamızın hərfləri,
yol hərəkəti qaydaları haqqında verdikləri məlumatlar,
bayrağımızın rəngləri barədə söylədikləri
şeirlər alqışlarla qarşılandı.
Nəhayət, mərasimin
vida anı gəlib çatdı. Uşaqlar bağçada
bir neçə il ərzində doğma anaları kimi
onların nazını çəkmiş, təlim-tərbiyələri
ilə məşğul olmuş, məktəb təliminə
hazırlamış, sağlamlıqları keşiyində
durmuş tərbiyəçilərə, pedaqoji kollektivin digər
üzvlərinə minnətdarlıqlarını ifadə
etdilər, onları heç vaxt unutmayacaqlarını söylədilər.
Tərbiyəçilər isə yetirmələrini məktəbə
getmələri münasibəti ilə təbrik edib onlara ən
xoş arzularını bildirdilər, məktəbdə
yaxşı oxumağı tövsiyə etdilər.
23 nömrəli körpələr
evi-uşaq bağçasının müdiri Sevil Balayeva da tərbiyə
ocağından pərvazlandırdıqları körpə
fidanları təbrik edib valideynlərinə
gözaydınlığı verdi.
Bakı Şəhəri
üzrə Təhsil İdarəsi Xətai-Suraxanı metodik
bölməsinin əməkdaşı Südabə Abdullayeva
mərasimdə söz alaraq tədbirin yüksək səviyyədə
hazırlandığını, 23 nömrəli
bağçanın öz fəaliyyəti ilə paytaxtın
sayılıb seçilən məktəbəqədər təhsil
müəssisələrindən olduğunu bildirib tərbiyə
müəssisəsinin kollektivinə daha böyük
uğurlar arzuladı.
Tədbirin sonunda bu il məktəbə
gedəcək uşaqlara "məzun" albomları və hədiyyələr,
məktəbə hazırlıqda və mərasimdə öz
maraqlı çıxışları ilə xüsusi fərqlənənlərə
isə həm də şəhadətnamələr təqdim
olundu.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 30 iyul.- S.4.