Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə
və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli oxucular,
ötən məqalədə cəmiyyətin
inkişafında müəllimin rolu, müəllim nüfuzu
barədə fikirlərimi sizinlə
bölüşmüşdüm. Bu məqalədə müəllim
nüfuzunun bərpası istiqamətində
atacağımız addımlar barədə mülahizələrimi
diqqətinizə təqdim edirəm.
Hazırda müəllimlərlə
bağlı ciddi problemlərdən biri ümumtəhsil məktəblərində
fəaliyyət göstərən, təxminən, 25 min müəllimin,
yəni bütün müəllimlərin 15 faizinin pensiya
yaşında olmasıdır. Əlbəttə, birmənalı
şəkildə iddia etmək olmaz ki, onlar tədrisi yüksək
səviyyədə qura bilmir. Lakin aparılan təhlillər
göstərir ki, həmin müəllimlərin əksəriyyəti
öz fəaliyyətini müasir tələblər səviyyəsində
qura bilmirlər, yenilikləri və innovasiyaları mənimsəməkdə
çətinlik çəkirlər. Belə olan halda keyfiyyətli
tədrisdən danışmağa dəyməz. Bununla əlaqədar,
düşünürəm ki, onların fəaliyyəti məktəb
rəhbərləri, RTŞ-lər tərəfindən fərdi
şəkildə öyrənilməli və nəticəsindən
asılı olaraq müvafiq qərarlar qəbul edilməlidir.
Hazırda məktəblərdə
işləyən müəllimlərin keyfiyyət tərkibinin
yaxşılaşdırılması, onların fəaliyyətinin
qiymətləndirilməsi yollarından biri də
attestasiyanın keçirilməsidir. Diqqətə
çatdırım ki, müəllimlərin son attestasiyası
1994-cü ildə keçirilmişdir. Müxtəlif səbəblərdən
həmin dövrdən sonra attestasiya keçirilməmişdir.
Onu da qeyd edim ki, mövcud qaydalara görə, hər 5 ildən
bir belə attestasiya keçirilməlidir.
Düşünürəm ki, hökumətin qərarı ilə
müəllimlərin attestasiyasının keçirilməsi
onların məsuliyyətini artırmaqla yanaşı, kadr tərkibinin
yaxşılaşdırılmasına da zəmin yarada bilər.
Bununla əlaqədar
dünya təcrübəsində olan bir məqama toxunmaq istərdim.
Bir sıra ölkələrdə müəllim vəzifəsinin
statusu müəyyənləşdirilmişdir, hətta onlar
üçün dövlət qulluqçusu statusu müəyyənləşdirən
ölkələr də mövcuddur. Yaponiya təcrübəsi
ilə tanışlıq göstərir ki, bu ölkədə
müəllimlər dövlət qulluqçusu statusu
alıblar. Həmin ölkədə belə bir qayda da
mövcuddur ki, müəllimlər 6 ildən çox eyni bir məktəbdə
işlədikdən sonra rotasiya qaydasında digər məktəblərə
göndəriş alırlar. Dövlət qulluqçusu
statusu müəllimlərin hüquq və vəzifələrinin
dəqiq müəyyənləşdirilməsi ilə
yanaşı, onların sosial müdafiəsi üçün
də əlverişli zəmin yaradır. Hesab edirəm ki,
ölkəmizdə də müəllimlər
üçün xüsusi statusun müəyyənləşdirilməsi
barədə düşünməyin vaxtı gəlib
çatmışdır.
Daha vacib məqamlardan
biri müəllimlərin öz peşələrinə
bağlılığı, müəllimlik keyfiyyətləridir.
Müəllim öz ixtisasını dərindən bilməklə,
pedaqoji, psixoloji, metodik hazırlığa malik olmaqla
yanaşı, peşəsinin vurğunu olmalı, onu sevməli,
uşaqlara qayğı ilə yanaşmalı, onları
başa düşməli, hər birinə fərdi
yanaşmağı bacarmalı, problemlərini,
qayğılarını öyrənməli, münasibətləri
əməkdaşlıq səviyyəsində qurmalı,
davranışı, geyimi, yerişi, duruşu ilə nümunə
olmalıdır.
Yeri gəlmişkən,
peşəkar müəllim şagirdlərlə münasibətləri
necə qurmalıdır? Qeyd etməliyəm ki, müasir
dövrdə pedaqoji prosesə yanaşmada əsas paradiqmalar dəyişdiyindən
müəllim-şagird münasibətləri də buna
uyğunlaşdırılmalıdır. Şagirdin obyektdən
subyektə doğru inkişafı, ona şəxsiyyət kimi
yanaşılmasını, bütün təlim prosesinin
şagirdin maraqları, qabiliyyəti üzərində
qurulmasını, onun fərdi-psixoloji xüsusiyyətlərinin
nəzərə alınmasını tələb edir. Bu
gün müəllim qarşısında dərsdə susan,
yalnız sual verdikdə cavab verən, heç bir təşəbbüskarlıq
göstərməyən dünənki müti şagirddən
tamamilə fərqli bir insan dayanmışdır. İndi
şagird müəllimlə əməkdaşlıq edir,
öz fikir və mülahizələrini sərbəst bildirir,
rəy söyləyir, fərqli yanaşma nümayiş etdirə
bilir, hətta müəyyən məsələlərdə
müəllimlə razılaşmaya da bilir. Müəllim-şagird
münasibətləri qurularkən nəzərə
alınmalıdır ki, müasir dövrdə müəllim
yeganə bilik, informasiya mənbəyi deyildir, şagirdlərin
əlində İnternet, kifayət qədər elektron
resurslar, digər vasitələr mövcuddur. Şagird hər
an yeni informasiya əldə etmək imkanına malikdir.
Təəssüflə
qeyd etməliyəm ki, heç də müəllimlərin
hamısı bu keyfiyyətlərə malik deyildirlər və
müəllim-şagird münasibətlərini də
yuxarıda qeyd edilən tələblər əsasında qura
bilmirlər. Bu gün təsadüfən müəllimlik
peşəsinə gələn, yalnız diplomuna görə
müəllim sayılan, şagirdi şəxsiyyət kimi qəbul
etməyən, onlarla münasibəti təzyiqlər,
avtoritarlıq üzərində quran, davranışı ilə
nümunə olmayan müəllimlər də vardır.
Cəmiyyət müəllimə
borclu olduğu kimi, müəllim də cəmiyyət
qarşısında öz məsuliyyətini hiss etməlidir. Biz
vətənpərvərlikdən daim danışırıq,
uşaqları bu ruhda tərbiyə etməyə
çalışırıq. Fikrimcə, əsl müəllim
üçün vətənpərvərlik meyarı millətin
gələcəyi olan savadlı, müasir
dünyagörüşünə malik, milli mənəvi dəyərlərə
sadiq vətəndaşların yetişdirilməsi işinə
bütün imkan və bacarığını sərf etməsidir.
Nahaq yerə demirlər ki, hər öyrədən müəllim
deyil, o kəs müəllimdir ki, ondan öyrənirlər,
onun yanına sevə-sevə öyrənməyə gedirlər.
Həm də o müəllim yaxşı öyrədə bilər
ki, onu yaxşı öyrədiblər.
Niyə müəllim
peşəsi ilə məşğul olanların hamısı
yuxarıda sadalanan keyfiyyətlərə malik deyil? Düşünürəm
ki, bunun əsas səbəblərindən biri müəllim
olmaq istəyənlərin seçim mexanizminin təkmil
olmamasıdır. Hazırda ali məktəblərə sənəd
verənlərin bir çoxu ixtisas seçimi zamanı pedaqoji
ixtisasları siyahının sonunda göstərməyə
çalışırlar. Digər ixtisaslar üzrə kifayət
qədər bal toplamadıqda pedaqoji ixtisaslara qəbul edilirlər.
Digər tərəfdən də müəllimlik
ixtisaslarını seçənlərə heç bir
başqa meyar tətbiq olunmur, yalnız imtahanda əldə
etdiyi nəticə əsas meyar hesab olunur. Etiraf edək ki, ali
məktəblərin pedaqoji ixtisaslarına sənəd verənlərin
heç də hamısı müəllim üçün zəruri
olan keyfiyyətlərə malik deyildirlər. Təəssüf
ki, pedaqoji sahəni təsadüfən seçən, qəlbən,
ruhən deyil, yalnız diplomuna görə müəllim
olanlar da az deyildir. Hesab edirəm ki, bu amillər nəzərə
alınaraq, pedaqoji profilli ixtisaslara qəbul qaydaları təkmilləşdirilməlidir.
Uzun illər ali məktəblərin
pedaqoji fakültələrinin məzunları sırasından
zəif oxuyanların təyinatla məktəblərə
göndərilməsi ümumi orta təhsilin inkişafına
mənfi təsir edən amillərdəndir.
Dünyada belə bir
qayda da mövcuddur ki, ali məktəbləri bitirən və
müəllimlik diplomu alan şəxslər məktəblərdə
işləmək üçün imtahan verərək
xüsusi lisenziya alırlar. Yəni təsdiq olunur ki, pedaqoji
ixtisasa yiyələnmiş şəxs müəllimlik keyfiyyətlərinə
malikdir, yoxsa yox. Bu məsələ müzakirə olunarkən
bəziləri ali məktəbləri bitirərək diplom
almış şəxslərin yenidən sınaqdan
keçirilməsini qəbul etmək istəmirlər. Lakin tam
məsuliyyətlə demək olar ki, ali məktəbi bitirib
müəllim diplomu almış hər bir şəxs müəllim
ola bilmir. Elə bu səbəbdəndir ki, pedaqoji profilli
ixtisasları bitirmiş məzunların yalnız 30 faizi məktəblərdə
fəaliyyət göstərmək üçün müraciət
edirlər. Hesab edirəm ki, müəllim fəaliyyətinin
reqlamentləşdirilməsi ilə əlaqədar dünya təcrübəsində
istifadə edilən müasir yanaşmalar ölkəmizdə
də tətbiq edilməlidir.
Məni
düşündürən ən ciddi problemlərdən biri
də məhz müəllimlərin ilkin
hazırlığı ilə bağlıdır. Hazırda Azərbaycanda
müəllim hazırlığı 22 ali (10 dövlət, 12
özəl) və 23 orta ixtisas təhsili müəssisəsində
aparılır. Əvvəlcə ali təhsil müəssisələrində
müəllim hazırlığı barədə. Son illər
aparılan təhlillər göstərir ki, yenicə ali məktəbi
bitirib ümumtəhsil məktəblərində fəaliyyətə
başlayan müəllimlərin hazırlıq səviyyəsi
nə şagirdləri, nə valideynləri, nə də məktəb
rəhbərlərini qane etmir. Düşünürəm ki,
ali məktəbi bitirən məzun məktəbə müəllim
kimi gəlməli, ilk gündən pedaqoji prosesi idarə etməyi
bacarmalıdır. Təəssüf ki, ali məktəblərin
pedaqoji ixtisaslarını bitirən bir çox məzunlar
müəllimliyi məktəbdə öyrənməyi
düşünürlər. Hesab edirəm ki, ilkin müəllim
bacarıqları ali məktəblərdə mənimsənilməli,
təcrübə və kamilləşmə isə orta məktəblərdə
qazanılmalıdır.
Şübhəsiz, hər
bir müəllim ixtisası üzrə kifayət qədər
bilik və bacarıqlara malik olmalıdır. Təhlil göstərir
ki, bu sahədə də narahatedici məqamlar mövcuddur.
2009-2010-cu dərs ili ərəfəsində Bakı şəhərinin
ümumtəhsil məktəblərində vakant müəllim
yerlərinə işə qəbul zamanı
rastlaşdığımız bir məsələni diqqətə
çatdırmaq istəyirəm. Məlumat
üçün qeyd edim ki, işə qəbul elektron vasitələr
tətbiq edilməklə təşkil edilmiş, sənəd
vermiş müəllimlərlə imtahan keçirilmişdir.
500 vakant yerə sənəd vermiş 4 min müəllimin əksəriyyəti
ali və orta ixtisas məktəblərini yeni bitirmiş məzunlar
olmuşdur. Nəticələrin təhlili göstərmişdir
ki, həmin məzunların böyük əksəriyyəti
sualların 30 faizinə belə cavab verə bilmirlər. Sual
olunur, belə biliklə müəllim işləmək
olarmı?
Bu problemin həlli
istiqamətində Təhsil Nazirliyi tərəfindən yeni
konsepsiya və strategiya sənədi hazırlanmış və
hökumət tərəfindən təsdiq olunmuşdur. Artıq
yeni kurikulum əsasında ibtidai sinif müəllimlərinin
ilkin hazırlığına başlanılmışdır.
Müəllim hazırlığı sahəsində xüsusi
əhəmiyyət kəsb edən "Təhsilin əsasları"
adlı yeni fənn tədris edilməkdədir. Fikrimcə, yalnız
ibtidai təhsil üzrə deyil, bütün fənlər
üzrə müəllim hazırlığının təkmilləşdirilməsi
sahəsində ciddi addımlar atılmalıdır. Ona
görə ki, ümumi təhsildə genişmiqyaslı
islahatlar aparılır, məzmun, dərslik, qiymətləndirmə
sistemi yeniləşir, təlim strategiyaları dəyişir.
Buna müvafiq müəllim də hazırlanmalıdır.
Artıq ənənəvi müəllim
hazırlığından imtina edilməli, müasir tələbləri
ödəyən müəllimlər hazırlanmalıdır.
Orta ixtisas təhsili
müəssisələrində müəllim
hazırlığında da bir sıra ciddi nöqsanlar
mövcuddur. Təhlil göstərir ki, postsovet ölkələri
istisna olmaqla, digər ölkələrin məktəblərində
yalnız ali təhsilli müəllimlər fəaliyyət
göstərirlər, ümumiyyətlə orta ixtisas təhsilli
pedaqoji kadrlar hazırlanmır. Əlbəttə, Azərbaycanda
müəyyən obyektiv səbəblərdən pedaqoji
profilli orta ixtisas təhsili müəssisələri
yaranmışdır. Qazax Müəllimlər Seminariyası,
Azərbaycan Dövlət Pedaqoji Kolleci müəllim
hazırlığı sahəsində müstəsna xidmətlər
göstərmişdir.
Lakin hazırda kifayət
qədər kadr potensialı və ənənələri olmayan
orta ixtisas təhsili müəssisələrində də
kütləvi şəkildə müəllim kadrları
hazırlanır. Belə bir tendensiya da mövcuddur ki, həmin
təhsil müəssisələrinin fəaliyyət göstərdiyi
regionlarda ümumtəhsil məktəblərində orta ixtisas
təhsilli mütəxəssislər az qala müəllimlərin
80-90 faizini təşkil edir, həmin məktəblərə
ali təhsilli müəllimlərin işə qəbul
olunması müşkül məsələyə
çevrilir. Digər tərəfdən isə bəzi
istisnalarla bu müəssisələrdə hazırlanan müəllim
kadrlarının səviyyəsi daha aşağı olur.
Bununla əlaqədar Təhsil Nazirliyi növbəti illərdə
yalnız ənənələri, təcrübəsi və
kifayət qədər kadr potensialı olan orta ixtisas təhsili
müəssisələrində müəllim
hazırlığının aparılmasını, digərlərində
isə bu işin maksimum dərəcədə məhdudlaşdırılmasını
planlaşdırır. Eyni zamanda müəllimlərin işə
qəbulu zamanı ali təhsilli müəllimlərə
üstünlük veriləcəkdir. Bakı şəhərində
isə imkan daxilində orta ixtisas təhsilli müəllimlərin
işə qəbulu aparılmayacaq.
Xüsusi vurğulamaq
istəyirəm ki, müəllimlərin işə qəbulu
sahəsində yeni mexanizmin tətbiqini zəruri edən bir
sıra ciddi amillər olmuşdur. Belə ki,
aparılmış təhlillər aşkara
çıxarmışdır ki, bir sıra hallarda yerli təhsil
orqanlarının laqeyd münasibəti, məsuliyyətsizliyi
üzündən uzun illər kadr siyasətində ciddi
nöqsanlara yol verilmiş, yerlərə göndərilən
gənc mütəxəssislərin əksəriyyəti
ehtiyac duyulan məktəblərə təyin olunmaqdansa, rayon mərkəzlərində
yerləşdirilmiş, nəticədə həmin məktəblərdə
sıxlıq, ucqar məktəblərdə isə
böyük tələbat əmələ gəlməsinə
suni şərait yaradılmışdır.
Bir sıra hallarda
süni müəllim sıxlığı
yaradıldığından məktəblərdə az dərs
yükü ilə işləyən müəllimlərin
sayı xeyli artmışdır. Belə ki, ölkə üzrə
müəllimlərin 21 faizinin dərs yükü bir stavkadan
aşağıdır. Ayrı-ayrı rayonlar üzrə bu
göstərici daha narahatedicidir. Ağdaş, Balakən
rayonlarında müəllimlərin 80 faizinin, Naftalanda 60,
Zaqatalada 43, Bərdədə 41 faizinin dərs yükü bir
stavkayadəkdir.
Təcrübə
göstərir ki, müəllimlərin dərs
yükünün aşağı olması keyfiyyətə
bilavasitə təsir edən amilə çevrilir. Bir qayda
olaraq, az dərs yükünə malik olan müəllimlər
məktəbə bağlı olmur, pedaqoji prosesə xüsusi
həvəs göstərmirlər, hətta dərslərinə
də ciddi hazırlaşmırlar. Beləliklə, onların
fəaliyyətinin səmərə və keyfiyyəti də
istənilən səviyyədə olmur. Təsəvvür
edin, həftədə 5-7 saat dərsi olan müəllim tədris
mühitinə uyğunlaşa bilərmi?
Digər tərəfdən
isə tədris yükünün çox sayda müəllimlər
arasında bölüşdürülməsi müəllimlərin
əməkhaqqının aşağı olmasına, sosial
problemlər yaşamasına gətirib çıxarır.
Eyni zamanda məktəblərdə müəllimlərin
sayının optimal olmaması ixtisasartırma tədbirlərinin
səmərəli təşkilinə də imkan vermir.
Təhlil göstərir
ki, həm sovet dövründə, həm də müstəqillik
illərində müəllimlərin sayı
artmışdır. Belə ki, 1941-1942-ci tədris ilində
ümumtəhsil məktəblərində müəllimlərin
sayı 20 min, 1978-1979-cu tədris ilində 94 min, 1981-1982-ci tədris
ilində 101,4 min nəfər olmuşdur. Qeyd etmək
lazımdır ki, həmin dövrlərdə müəllim
artımının əsas səbəblərindən biri məktəb
şəbəkəsinin genişlənməsi və mərhələlərlə
icbari ümumi orta təhsilə keçidlə bağlı
olmuşdur. Məlumdur ki, 1927-ci ildən icbari ibtidai təhsilə,
1930-1931-ci tədris ilində icbari yeddiillik təhsilə,
1966-1967-ci dərs ilində isə icbari orta təhsilə
keçilmişdir.
Onu da qeyd edək ki,
1992-ci ildə qəbul edilmiş Təhsil Qanununa müvafiq
olaraq ümumtəhsil məktəblərində pedaqoji
işçilərin həftəlik tarif stavkasının 18
saatdan 12 saata endirilməsi, əslində, mütərəqqi
addım idi və müəllimlərin dərs
yükünün optimallaşdırılmasına, tədris
prosesinə daha yaxşı hazırlaşmasına, öz
peşəkarlıq səviyyəsinin artırılması
imkanlarının genişləndirilməsinə, eyni zamanda
mövcud qanunvericilik çərçivəsində dərs
yükünün artırılması vasitəsilə
onların sosial müdafiəsinə yönəlmişdi.
Lakin bu mütərəqqi
addım bir sıra yeni problemlərin yaranmasına gətirib
çıxardı. Belə ki, məktəblərə
kütləvi surətdə yeni müəllimlərin işə
qəbuluna şərait yaradıldı. Əksər hallarda
ixtisaslı kadrlar olmadığı üçün
qeyri-ixtisaslı, hətta qeyri-pedaqoji təhsillilər də məktəblərdə
müəllim işləməyə başladılar. Ölkədə
müəllimlərin sayı kəskin şəkildə
artdı, müəllim-şagird nisbəti aşağı
endi. Əgər 1991-1992-ci dərs ilində ümumtəhsil məktəblərində
130 min müəllim fəaliyyət göstərirdisə,
1995-1996-cı dərs ilində onların sayı 20 mindən
çox artaraq 158 mini ötmüşdü. Sonrakı illərdə
də artma tendensiyası davam etmişdi.
Ölkədə müəllim-şagird
nisbətinin ildən ilə aşağı düşməsinin
əsas səbəbi tədris yükünün düzgün
bölüşdürülməməsi, ehtiyac olmadan müəllimlərin
işə qəbul edilməsi ilə bağlıdır. Hansı
arqumentlə izah etmək olar ki, son iki ilədək şagirdlərin
sayının kəskin azalması fonunda müəllimlərin
sayının artma tendensiyası müşahidə edilirdi.
2008-ci ildən başlayaraq Təhsil Nazirliyi bu prosesi nəzarətə
götürərək tənzimləməyə
başlamışdır, ölkənin ümumi təhsil sistemində
süni müəllim artımının
qarşısının alınması istiqamətində daha
ciddi tədbirlərin görülməsi nəzərdə
tutulub.
Bir məsələni də
qeyd edim ki, paradoks olsa da, ölkəmizdə bir tərəfdən
müəllim artıqlığı müşahidə
olunursa, digər tərəfdən peşəkar, səriştəli,
əsl müəllimlərə ehtiyac hiss olunur. Bu gün cəmiyyətə
elə müəllimlər lazımdır ki, şagirdləri
inkişafa doğru apara bilsin, bütövlükdə cəmiyyətin
aparıcı qüvvəsinə çevrilsin. Elə müəllimlərə
ehtiyac var ki, onlar hər bir şagirdin qəlbində elm, bilik,
savad məşəli yandırmaqla yanaşı, vətənə,
torpağa, millətə sevgi hissləri ilə
alışıb yanan, onu düşmən tapdağından
azad etməyə, qorumağa hazır və qadir olan vətənpərvər
şəxsiyyətlər yetişdirə bilsin.
Məni narahat edən
daha bir məsələyə toxunmaya bilmərəm. Belə ki,
son illərdə kütləvi informasiya vasitələrində
təhsillə bağlı yazıların təhlili göstərir
ki, bu yazılar daha çox müəllim əməyinin əhəmiyyətinin
aşağı salınmasına, müəllim adının
müxtəlif neqativ məsələlərlə bağlı
hallandırılmasına, təhsilalanın, valideynin müəllimlə
konfliktə çəkilməsinə yönəlmişdir.
Etiraf edim ki, kiçik istisnalar olmaqla, son illərdə
KİV-lərdə müəllim haqqında sanballı
yazılara, radio və televiziya verilişlərinə rast gəlməmişəm.
Halbuki, müəllim nüfuzunun yüksəldilməsində,
cəmiyyətdə müəllimin təbliğ olunmasında
KİV-lərin rolu əvəzedilməzdir.
Müəllim
nüfuzunu necə yüksəltməyin yolları barədə
ciddi düşünməliyik. Lakin, ilk növbədə,
müəllimlər özləri bu məsuliyyəti dərindən
hiss etməli, daxilən saflaşmalı, müəllimlik
peşəsinin müqəddəsliyini dərk etməlidirlər.
Düşünürəm ki, hər hansı bir peşə
sahibi səhv edə bilər və onun səhvindən ziyan
çəkənlər də olar, lakin bu səhvi aradan
qaldırmaq olar. Amma müəllimin səhvi çoxlu sayda
insanların həyatını və gələcəyini təhlükədə
qoyar. Bu mənada, nüfuz və hörmətin
qazanılması, hər şeydən əvvəl müəllimin
özündən asılıdır.
Onu da qeyd edim ki, son illərdə
Təhsil Nazirliyi tərəfindən müəllim
nüfuzunun bərpasına xidmət edən müəyyən
addımlar atılmış, məktəblərin
infrastrukturunun yeniləşdirilməsi, əlverişli təlim
mühitinin yaradılması, təhsil işçilərinin ən
yüksək dövlət təltiflərinə, fəxri
adlara layiq görülməsi sahəsində əhəmiyyətli
tədbirlər həyata keçirilmişdir.
Ölkənin təhsil
tarixində ilk dəfə olaraq dövlət səviyyəsində
"Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələrinin
keçirilməsi də müəllim nüfuzunun yüksəldilməsinə
ciddi təsir etmiş, onları daha əzmlə işləməyə
ruhlandırmışdır. Müsabiqədə iştirak
statistikasına diqqət yetirsək, görərik ki, 2008-ci
ildə 393, 2009-cu ildə 450, 2010-cu ildə 460 müəllim
"Ən yaxşı müəllim" adına iddialı
olmaqla, iştirakçıların sayının artması
tendensiyası müşahidə edilib. 2008 və 2009-cu illərdə
qalib adını qazanmış 100 məktəbin və 200
müəllimin yüksək məbləğdə pul
mükafatı ilə mükafatlandırılması cəmiyyətdə
çox böyük və əlamətdar hadisə kimi qiymətləndirilməklə,
məktəblər və müəllimlər arasında
sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənmiş
yaradıcılıq və təşəbbüskarlıq
meyillərini gücləndirməklə nəticə
etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə
müstəsna dərəcədə müsbət təsir
göstərmişdir.
Qeyd etmək
lazımdır ki, Təhsil Nazirliyi bu müsabiqənin təşkili
və keçirilməsinə böyük məsuliyyətlə
yanaşır, müsabiqəyə sənəd vermiş hər
bir müəllimin obyektiv qiymətləndirilməsinə səy
göstərir. Tərkibi 23 nəfərdən ibarət olan Təşkilat
Komitəsi son mərhələdə hər bir müəllimin
təqdimatını diqqətlə dinləyərək ədalətlə
qiymətləndirir. Xüsusi vurğulamaq istərdim ki, son 3
ildə keçirilən müsabiqələrdə həqiqətən
öz peşəsinin ustası olan, yüksək səviyyəli,
müasir tələblərə cavab verən müəllimlər
aşkar olunmuşdur. Belə müəllimlər təhsil
tariximizin qızıl fonduna daxil olmağa layiqdirlər.
Eyni zamanda müəllim
nüfuzunun artırılmasına yönəlmiş tədbirlərdən
biri də müəllimlərin ixtisasının
artırılması sahəsində yeni mexanizmin
hazırlanması və növbəti dərs ilindən yeni
kurikulumu tətbiq edəcək ibtidai sinif müəllimlərinin
ixtisasartırması sahəsində tətbiq edilməsidir.
Yen model keyfiyyətli ixtisasartırma tədbirləri ilə
yanaşı, müəllimlərin karyera
inkişafını, əməyinin stimullaşdırılması
məsələlərini də əhatə edir.
Hesab edirəm ki, uzun illərdən
sonra "Təhsil haqqında" Azərbaycan Respublikası
Qanununun qəbul edilməsi də müəllim nüfuzu və
statusunun yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Belə ki, Qanunda təhsilverənlərin sosial müdafiəsi
sahəsində geniş tədbirlərlə yanaşı,
onların vəzifələri daha dəqiq ifadə
edilmişdir:
-təhsil sahəsində
dövlət siyasətinin həyata keçirilməsində
iştirak etmək;
-təhsil
proqramlarının mənimsənilməsini təmin etmək;
-təhsilalanlarda fəal
vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
-şəxsi nümunəsi
ilə təhsilalanlarda Azərbaycan Respublikasının
müstəqilliyinə, Konstitusiyasına və qanunlarına,
dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı hissləri aşılamaq;
-pedaqoji etika və əxlaq
normalarına riayət etmək, müəllim nüfuzunu
yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;
-təhsilalanların
şərəf və ləyaqətinə hörmət etmək;
-uşaq və gəncləri
fiziki və psixi zorakılığın bütün
formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək;
-ixtisas və elmi-pedaqoji
səviyyəsini yüksəltmək, elmi araşdırmalar
aparmaq, əlavə məşğələlər, sinifdənxaric
və məktəbdənkənar tədbirlər keçirmək;
-qanunvericiliklə müəyyən
edilmiş qaydada attestasiyadan keçmək;
-qanunvericilikdə nəzərdə
tutulmuş digər vəzifələri yerinə yetirmək.
Onu da qeyd etmək
lazımdır ki, ölkəmiz müstəqillik əldə
etdikdən sonra əksər müəllimlər öz fəaliyyətinə
yenidən nəzər salmış, müstəqil Azərbaycanın
tərəqqisi naminə daha əzmlə işləmək
üçün səylərini artırmışlar. Dərk
etmişlər ki, ölkəmizin gələcək perspektivləri
onların bu gün necə fəaliyyət göstərmələrindən
birbaşa asılıdır.
Bunlarla yanaşı,
müəllimdən asılı olan və olmayan
aşağıdakı məsələlərə də diqqət
yetirilməsini vacib hesab edirik:
1.İlk növbədə,
müəllim öz peşəkar fəaliyyəti, qüsursuz
davranışı, düzgün münasibəti, yüksək
mənəvi-əxlaqi keyfiyyətləri ilə fərqlənməlidir.
Bu, müəllimin daxili aləmindən gələn bir təşəbbüs
olmalıdır.
2.Müəllim öz
ixtisasını dərindən bilməlidir, şagirdlərinin
nəzərində ucalığını qoruyub
saxlamalıdır.
3.Müəllimin sosial
müdafiəsi təmin edilməli, onun üçün
layiqli yaşayış şəraiti yaradılmalıdır
ki, ailəsi və cəmiyyət qarşısında
qürurunu sındırmasın.
4.Müəllimin statusu
müəyyənləşdirilməlidir. Status müəllimin
cəmiyyət tərəfindən adekvat qəbul edilməsinə
zəmin yarada bilər.
5.Məktəblər
müəllim adını doğrultmayan, bu yüksək ada ləkə
gətirən təsadüfi müəllimlərdən təmizlənməlidir.
Bunun üçün qanunvericilik bazası təkmilləşdirilməlidir.
6.Müəllim peşəsinə
qəbul prosesində ciddi seçim aparılmalıdır.
Yalnız bu peşənin ağırlıqlarını
çiyinlərində daşıya biləcək, müəllimlik
xüsusiyyətlərini özündə cəmləşdirəcək
şəxslərin müəllim kimi yetişməsinə
imkan yaradılmalıdır.
7.Müəllim fəaliyyəti
lisenziyalaşdırılmalıdır. Hətta müəyyən
səbəblərdən qəbul zamanı seçim
aparılması mümkün deyilsə və ali məktəbi
bitirib müəllimlik diplomu almışsa belə, məzun
müəllim işləmək üçün xüsusi
lisenziya almalıdır.
8.Müəllim
hazırlığı yalnız ali təhsil müəssisələrində
aparılmalıdır.
9.Ali məktəblərdə
müəllim hazırlığının keyfiyyəti
yüksəldilməlidir, buraxılış ciddi nəzarətə
götürülməlidir ki, peşəyə yiyələnə
bilməyən və müvafiq keyfiyyətlərə malik
olmayanlar müəllimlik diplomu ala bilməsinlər.
10.Məktəblərdə
işləyən müəllimlərin fəaliyyəti
müntəzəm olaraq qiymətləndirilməlidir,
şagirdlər, valideynlər arasında rəy
sorğuları keçirilməlidir.
Hörmətli oxucular,
kiçik bir yazıda müəllim haqqında, onun çətin
və şərəfli fəaliyyəti, insanın
formalaşmasında və cəmiyyətin inkişafında
rolu barədə hər şeyi demək, təbii ki,
mümkün deyildir. Təəssüf ki, müəllimin fəaliyyəti
tarixdə yazılı şəkildə qalmır,
insanların qəlbində, yaddaşlarında həkk olunur, əməllərində
öz təzahürünü tapır. Bu mənada şərəfli
peşə sahibi olan müəllimlər haqqında daha
çox yazılmalıdır ki, onların adı və fəaliyyəti
tarixdə qalsın.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.3.