Jurnalistin intellekti və vətəndaş
məsuliyyəti
Bəllidir ki, jurnalistika
cəmiyyətdə ictimai fikrin formalaşmasında çox fəal
rol oynayan peşə sahəsidir. Bu peşənin
lazımınca icra edilməsi üçün qarşıda
mühüm vəzifələr, jurnalistin bilməli olduğu
çoxsaylı incə məsələlər, mətləblər
vardır. Əvvəlcə jurnalist sənətkarlığı
anlayışı ilə jurnalist sənətkarlığı məfhumu arasındakı fərqə,
sərhədə diqqət yetirək.
Bir var publisistika, publisistika sənətkarlığı,
bir də var jurnalistika və jurnalistika sənətkarlığı.
Bu iki məsələni çox zaman bir-birinə
qarışdırır, jurnalistika deyəndə publisistik mətn
və əksinə, publisistika deyəndə də elə
jurnalistika başa düşürlər. Bir sözlə,
bu iki məfhum çox zaman ya eyniləşdirilir, ya da
biri digəri ilə dəyişik salınır. Hər iki hal
jurnalistika (və sənətkarlığı) ilə
publisistika (və sənətkarlığı) məfhumları
arasındakı "sərhədlərin", "səddin"
fərqinə varmamaq və ya həmin sərhədləri təsəvvürə
belə gətirə bilməməklə bağlıdır.
Publisistika
jurnalistikanın hazırlayıb ortaya
çıxardığı və artıq emala hazır etdiyi
mətndir. Eyni zamanda bədii-publisistik janrdır.
Publisistika sənətkarlığı da bu hazır mətnin
ideya-estetik xüsusiyyətlərini onun uğurlu və kəsir
cəhətlərini
müəyyənləşdirməklə məşğul
olur.
Bundan fərqli
olaraq, jurnalistika sənətkarlığı fənni
jurnalistin həmin hazır mətnə qədər
gördüyü mürəkkəb, cürbəcür maneələrlə
dolu ağır və eyni zamanda maraqlı və romantik zəhmətinin
xüsusiyyətlərini, xarakterik cəhətlərini,
qarşıda duran çoxnövlü vəzifələrin
yerinə yetirilməsi yollarını və prinsiplərini
öyrənir.
Daha doğrusu, əgər belə demək
mümkünsə, jurnalist sənətkarlığı fənni
jurnalistin publisistik (və ya xəbər və s.) mətni
meydana çıxarana, yazı masasının arxasından
durana qədər gördüyü və görməli
olduğu texniki və təşkilati işlərin, mürəkkəb
texnoloji gedişlərin reallaşdırılması proseslərini
və onların prinsip və üsullarını öyrədir.
Bir sözlə, əsl jurnalist peşəsinə
yiyələnməyin elmi-texniki, təşkilati, hüquqi və
sosial-psixoloji yolları haqda bir təlim rolunda
çıxış edir.
Məlumdur ki, bir çox
ixtisaslar kimi, jurnalistika da ali məktəblərdə və ya
ayrı-ayrı
kurslarda keçilir, öyrədilir. Lakin bu təlim
prosesi həmin peşəyə yiyələnmək istəyənlərə
ancaq nəzəri səviyyəli
bilik verir. Tədris prosesində keçilən
istehsalat təcrübəsi də bu peşəni normal səviyyədə
mənimsəmək üçün kifayət etmir və edə
də bilməz. Təsadüfi deyil ki, məşhur
jurnalistlərdən birindən bu səviyyəyə necə
çata bildiyini soruşanda o bildirib ki, jurnalistikanın sirlərinin
və onun nəzəri əsaslarının səksən
faizini ali məktəbdə, qalan,
özü də ən vacib olan iyirmi faizini isə öyrənmək
üçün on ildən artıq vaxt sərf etmişəm.
Doğrudan da, maraqlı və obyektiv cavabdır; cəmiyyətlə,
onun müxtəlif təbəqələri,
dünyagörüşlü, xasiyyətli və məqsədli müxtəlif
peşə sahibləri ilə canlı təmasda olub, bu zaman
qarşıya çıxan hər hansı sosial-psixoloji,
ideya-siyasi, mənəvi-əxlaqi sədləri aşaraq istədiyin
informasiyanı ala bilib, onun sevincini yaşamadan
jurnalistikanın şirinliyini, gözəlliyini bütün
tamı, duzu ilə duymaq, hiss edib qavramaq mümkün deyil.
Özü də
bu proses və yolun sonu o qədər
ilğımlıdır ki, hər maneəni dəf edəndən
sonra yolun sonuna, bu peşənin bütün sirlərinə əsas
etibarı ilə çatdığını
düşünməyə macal tapmamış qarşında
yeni və daha əlçatmaz bir üfüqün, uzun yolun
açıldığını görürsən. Burada adamın yadına bir gəncin dəmirçilik
sənətini bir həftəyə "öyrənməsi"
əhvalatı düşür.
Bir qadın özünün
yeniyetmə oğlunu bir dəmirçi ustanın yanına gətirib
xahiş edir ki, ona dəmirçiliyin sirlərini öyrədərək,
gələcəkdə usta kimi yetişdirsin. Onlar
razılığa gələndən sonra ana oğlunu dəmirçinin
yanında qoyub gedir. Yeniyetmə bir həftə
işə (şagirdliyə) davam etdikdən sonra daha dəmirçixanaya
gəlmir. Dəmirçini maraq
götürür və o, təzə şagirdinin
başında bir qəza olub-olmadığını öyrənmək
məqsədilə yeniyetməgilə gəlir. Qapıya
uşağın anası çıxır və dəmirçinin:
uşaq dükana niyə gəlmir? - sualına
cavabı bə olur:
- Oğlumun daha dəmirçi
şagirdi kimi çalışmasına lüzum yoxdur. O, dəmirçiliyin
bütün sirlərinə artıq bələd olub.
Dəmirçi:
- O nə sirdir elə, mənə
də deyə bilərsənmi? - deyə
soruşduqda qadın cavabında:
- Bel düzəltmək istəyəndə
dəmiri döyüb enlədirsən, yaba düzəldəndə
isə döyüb uzadırsan, - deyir.
Dəmirçi:
- Afərin belə "fərasətli"
şagirdə, bir həftənin ərzində dəmirçiliyi
həm özü öyrənib, həm də anasına
öyrədib, - deyə geri
dönür.
Jurnalistika da
belədir, dəmirçilik kimi ağır zəhmət,
çoxlu enerji, səbr, təmkin, diqqət və incəlik tələb
edən peşədir. Jurnalist gərək əldə etmək istədiyi
"xammalı", informasiyanı yüzlərlə informasiyanın içindən
seçə, onu təxəyyül və zehninin "kürəsində" tamamilə
"yumşalda" və öz yazı masasının
"zindanında" döyüb istədiyi (tələb
olunan) formaya sala, ona sözdən əlvan, sehrli və cazibəli
naxışlar vura bilsin. Bunun
üçün o, işgüzar fəallıq vərdişlərinə
yiyələnməyi, informasiya "iyinin", xalqın əksər
qisminin marağına səbəb ola biləcək
informasiyanın və ya hadisənin mənbəyini, baş verə
biləcək yerini müəyyənləşdirməyi
bacarmalıdır. Həmin vərdişlərə
təcrübəli jurnalistlərin yanında müəyyən
müddət ərzində assistentlik təcrübəsi
keçməklə yiyələnmək mümkündür.
Bu şərtlə ki, iti müşahidə,
qavrama və operativ analiz edib nəticə çıxarma
qabiliyyətin olsun. Əgər təcrübəli həmkarından
nəyin pis, nəyin yaxşı, nəyin yararlı, nəyin
yararsız olduğunu, həmçinin hansı fakt və
materialın birinci dərəcəli, hansıların isə
ikinci və sonrakı pillələri tuta biləcəyini
saf-çürük etməyi bacardıqca öyrənə
bilsən, demək, yolun başlanğıcını
düz getmisən. Eyni zamanda təcrübəli həmkarın
öz bilik və bacarıqlarının sirlərini sənə
öyrətməyə meyilli olmalıdır ki,
çalışqanlığın və istedadın, məlumattoplama
və s. keyfiyyətlərinlə xalqın
"gözü" və "qulağı" ola biləsən. Bu şərtlə ki,
informasiya mənbəyini tez tapa və onun bütün
qabalıqlarına, informasiya vermə
"şıltaqlıqlarına" səbrlə dözərək,
bütün
mövcud sosial-psixoloji və ideya-əxlaqi,
ictimai-siyasi sədləri aşmaq üçün iradəli
və qılıqlı, yəni qarşı tərəfin
bütün xof və qorxu, şübhə və təlaş
dolu hisslərinin doğurduğu "gərginlik buzunu" əritmək
qabiliyyətinə malik
olmalı, peşə və əxlaq, yaş və sosial
vəziyyət şəraitinin təlqin etdiyi davranış vərdişlərinin
"qasırğasından" salamat çıxmağı
bacarmalısan. Bütün bunları edərkən, informasiya
almaq məqsədinə doğru irəliləyərkən
özünün malik olduğu əxlaqi və intellektual sərvətindən maksimum
yararlanmağı da bacarmalısan. Nəzərə
almaq lazımdır ki, jurnalistika əxlaq qaydalarının həssas
olduğu bir peşədir. Çünki jurnalistlərin
ictimaiyyət qarşısında bir məsuliyyəti vardır. Demək, jurnalistin peşə sənətkarlığına
onun öz işini görərkən etik normalara riayət etməyi,
cəmiyyət və dövlət qarşısında
daşıdığı ictimai vətəndaşlıq məsuliyyətini
daim rəhbər tutmağı öyrənmək vərdişləri
də daxildir. Bunlarsız jurnalistin fərdi
imici formalaşa, yarana bilməz.
Fərdi imicin
yaranması da uzun və son dərəcə çətin,
çətin olduğu qədər də mürəkkəb
bir prosesdir.
Belə ki, peşə fəaliyyəti ərzində əldə
edilmiş məlumatın yoxlanılması, onun şərhi,
oxucuya
çatdırılması və operativlik məqamlarında
obyektivliyə, dəqiqliyə, etibarlılığa,
qarşı tərəfin ləyaqətinin gözlənilməsinə,
məlumatın inandırıcılığına və s.
maksimum həssaslıq və ədalət hissini qoruyub
saxlamağı bacarmalı və bu prinsipə heç vaxt xəyanət
etməməli, ona sadiq qalmalısan. Bütün hallarda isə
informasiya sadə, aydın, anlaşıqlı, yığcam və
tutumlu, dolğun şəkildə hazırlanıb
çatdırılmalıdır ki, oxucu ondan nəsə
götürə bilsin, bu zaman çətinliyə, zehni
gücə düşməsin.
Yadda saxlamaq
lazımdır ki, aldığın hər hansı informasiya
kiminsə bildiyi faktın şərhidir. Bu, doğru da, yanlış
da, səhv də ola bilər. Məsələn, hansısa binanın
uçması, avtomobil qəzası haqqında məlumatı
rəsmi və ya mülki şəxsdən (mənbədən)
ala bilərsən. Bu isə sənin yox,
onun - məlumat aldığın mənbənin bildikləridir.
Ancaq həmin hadisəni, bir alimin ixtirasını,
idmançının uğurlarını, bədbəxt və
ya ürəkaçan, sensasiya yarada bilən fakt və hadisəni
özün görə bilirsənsə, yəni özün şahidə
çevrilə bilərsənsə, artıq bu, sənin
bildiyin, müxbiri olduğun informasiyadır. "Jurnalist sənətkarlığının
əsasları" fənni bu vərdişlərə yiyələnməyin
yollarını da öyrədir, informasiya obyektinə, üçüncü,
beşinci mənbədən birinci mənbəyə
çevrilmək bacarığını, alınan informasiyanı verən mənbənin həmin
hadisəyə münasibətinin tərzini - etinasız,
maraqlı, qərəzli, obyektiv və s. ayırd etməyin
forma və üsullarını öyrədir. Alınan
məlumatı oxucuya çatdırarkən onu elə təqdim
etməyi bacarmalısan ki, o, sənin dediklərinin həqiqiliyinə
inansın. Bu zaman baş verən hadisə
haqda hansısa mənbə başqa cür informasiya verirsə,
sən həmin məsələyə öz münasibət və
mövqeyini obyektiv, məntiqi və inandırıcı şəkildə
bildirməyi bacarmalısan. Bütün bu
və digər uğur və vərdişlərin arxasında,
əlbəttə, jurnalistin əxlaq və bilik intellekti
dayanarsa, uğur təmin edilmiş olur.
Jurnalistin intellekti dedikdə,
onun malik olduğu bilik, əxlaq, mənəviyyat və
bütün bu sistemin gündəlik fəaliyyətdə ifadə imkanları
başa düşülür. Daha doğrusu,
jurnalistin əldə etdiyi bilik və bacarıqları gündəlik
fəaliyyəti - insanlarla, informasiya
daşıyıcıları ilə, oxucularla ünsiyyət
zamanı və ya əldə edilmiş materialların
emalı prosesində ifadəetmə qabiliyyəti onun
intellektinin göstəriciləridir. Ona görə
jurnalistin öz peşəsinin sirləri ilə yanaşı,
digər bilik sahələrinə də müəyyən norma səviyyəsində vaqif olması
vacibdir. Əks təqdirdə o, məsələn, tibb, kənd
təsərrüfatı, idman, elm və s. sahə adamları
ilə ünsiyyət qura, bu mövzularda material hazırlaya
bilməz.
Uğurlu yazının təminatına
xidmət edən amillərdən başlıcası
sırasına dilin leksik və qrammatik imkanlarına, lüğəvi
bazasına, ədəbi-bədii zənginliyinə və
ekspressiv imkanlarına bələd olma, bunun üçün dərin
bilik və mütaliə qabiliyyət və yanğısı
daxildir. Ona görə jurnalist olmaq istəyən kəs
çoxlu bədii ədəbiyyat oxumalıdır ki, onun söz
ehtiyatı zəngin, fikri ifadə imkanları geniş olsun. Bundan başqa,
jurnalist xalqın tarix və mədəniyyətinə,
coğrafi və iqtisadi imkanlarına, siyasi, dini və
düşüncə mədəniyyətinə bələd olmağın sirlərini və səmərəliliyini
dərk etməyi də bacarmalı, habelə fəlsəfə,
hüquq, dövlət və idarəçilik məsələlərindən
başı çıxmalıdır. Bütün
bu bilik və bacarıqların əldə edilməsi ilə
yanaşı, gündəlik fəaliyyətində onlardan
yararlanmağın texnologiyasına, forma və
üsullarına da yaxından bələd olmağa
çalışmalıdır. Çünki,
bildiyimiz kimi, jurnalistin cəmiyyət və dövlət
qarşısında sosial vətəndaşlıq məsuliyyəti
digər peşə və sənət sahiblərindən
çoxdur. Həmin məsuliyyəti
daşıyaraq doğrultmaq isə onun bütün fəaliyyətinin
məcmuyundan ibarətdir. Yəni jurnalist
yuxarıda sadalanan və qeyd olunmayan müsbət peşə,
əxlaq, intellektual keyfiyyətləri əməli fəaliyyəti
zamanı bütün milli, dövləti, fərdi və insani
mənafe və prinsipləri rəhbər tutmaq, onları
pozmaq və ya qulaqardına vurmaqdan tamamilə uzaq olmağa
borcludur. O, bütün vəziyyətlərdə mənsub
olduğu xalqı və dövləti təmsil etdiyini unutmaq
haqqının olmadığını bilməlidir. Jurnalistin məsuliyyət
hissinin zəifliyi onun intellektinin aşağı olmasından,
sensasiya xatirinə sensasiya dalınca qaçmasından irəli
gəlir. Bütün
bu cür hallar isə çox zaman təhlükəli, fəlakətli
və utanclı nəticələrə səbəb olur.
Jurnalist söz
azadlığının bütün tələb və
qaydalarına, o cümlədən dövlət və hərbi
sirlərin qorunmasına cavabdeh olmağa borcludur. Bunun
üçün o, ayıq və ağıllı, tədbirli
və zirək, bilikli, siyasi, diplomatik cəhətdən
hazırlıqlı olmalıdır.
Odur ki, "jurnalistəm"
deyib irəli duran hər bir kəs istisnasız olaraq bu peşəyə
hərtərəfli hazır olmağın bütün
yükünə və ağırlığına dözməyi
bacarıb-bacarmayacağını qabaqcadan düşünməlidir.
Alxan BAYRAMOĞLU
Azərbaycan müəllimi.-
2010.- 23 iyul.- S.1, 2.