Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları seminar keçiriblər

 

Azərbaycan Müəllimlər İnstitutu Əlavə təhsil kabinetinin metodisti, pedaqoji elmlər namizədi Yeganə Cəlilovanın və qabaqcıl məktəbşünas, metodist Solmayə Əmirəliyevanın Zaqatala filialında keçirdikləri dərslər regionun pedaqoji kadrlarının yaddaşında uzun müddət qalacaqdır. 4 gün davam edən təlim - məsləhət məşğələlərində Zaqatala, Balakən və Qax rayonlarından cəlb olunmuş 40 nəfər ibtidai sinif müəllimi, 16 nəfər məktəbəqədər tərbiyə müəssisələrinin tərbiyəçisi iştirak edib. Məşğələ olduqca canlı və müdavimlərlə əks-əlaqə şəklində qurulmuş, burada təlimin texniki vasitələrindən, audiovideo materiallardan, qabaqcıl texnoloji nailiyyətlərdən bacarıqla istifadə olunmuşdur. Dinləyicilər respublikada ixtisasartırma təhsilinə verilən yeni tələbatları dərindən mənimsəmiş, dünya təhsilinə inteqrasiya məsələləri ilə tanış olmuş, ibtidai siniflərdə uğurla tədris edilən kurikulumun mahiyyətinə bələd olmuş, məktəbyaşlı uşaqlarla aparılan tərbiyə işinin və onların məktəbə hazırlanmasının nəzəri problemlərini öyrənmişlər.

Təlim - məşğələlərin sonuncu günü AMİ-nin əməkdaşları filialın pedaqoji kollektivi və tədris - köməkçi heyəti ilə geniş tərkibdə seminar-treninq keçirmişlər.

AMİ Zaqatala filialında növbəti tədris ilində ixtisasartırma təhsilində fəal təlim metodlarının tətbiqi və yayılması istiqamətində böyük işlər görülməsi nəzərdə tutulur. Bu sahədə AMİ-nin fəal dəstəyindən yararlanan filial kollektivionun əlavə təhsil bölməsi nailiyyətlərini bundan sonra da artıracaq, regionda pedaqoji kadrların müasir innovasiyalarla hərtərəfli əhatə olunması üçün bütün qüvvələrini səfərbərliyə alacaqdır.

 

 

Lalə QURBANOVA

 

Azərbaycan müəllimi.- 2010.- 23 iyul.- S.4.