Həsən bəy Zərdabi - xalq yaradıcılığının bilicisi
Təbiətşünas alim, ilk qəzetin
naşiri
Xalqın milli yaddaşında əbədi iz buraxan şəxsiyyətləri
yaşadan onların mənsub olduqları millətə, xalqa, doğulub böyüdükləri
vətənə olan təmənnasız xidmətləridir.
Belə şəxsiyyətlərdən biri Həsən bəy Səlim bəy oğlu Məlikov (Zərdabi) olmuşdur.
1842-ci ildə qədim Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdabda) maarifpərvər ailədə anadan olmuş Həsən bəy Şamaxıda açılmış rus məktəbində təhsil almış, sonra istedadına görə dövlət hesabına I Tiflis gimnaziyasına oxumağa göndərilmişdir. 1860-cı ildə gimnaziyanı bitirən H.B.Zərdabi Moskva Universiteti fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq şöbəsinə qəbul olunmuşdur. 1865-ci ildə ali məktəbi əla qiymətlərlə bitirmiş Zərdabiyə elmi şuranın qərarı ilə nümunəvi əxlaqına və əla müvəffəqiyyətinə görə təbiət elmləri namizədi elmi dərəcəsi verilmişdir.
"Cəhalət girdabında boğulan" xalqına kömək etmək istəyi ilə yaşayan Zərdabi Qubada, Bakıda çalışmışdır. 1869-cu ildən Bakı real gimnaziyasında təbiət tarixi fənnini tədris etməyə başlamış, 1872-ci ildə "Xeyriyyə cəmiyyəti"nin əsasını qoymuşdur.
Milli elm tariximizdə təbiətşünas kimi tanınan Zərdabi "Torpaq, su və hava", "Bədəni salamat saxlamaq düsurül əməlidir", "Sümük, ət, beyin", "İnsan bədəninin florası", "Orqanizmin yoluxucu mikroblara qarşı mübarizəsi", "Sərxoşluğa qarşı peyvənd" və s. məqalələrini yazmışdır.
Pedaqoji fikir tariximizdə görkəmli maarifçi-pedaqoq,
milli təhsil tariximizdə azərbaycanlı
müəllimlərin ilk qurultayının
təşkilatçı və
rəhbərlərindən biri olan Həsən
bəy Zərdabi həm də milli teatr tariximizdə
ilk tamaşaların rejissoru
kimi ictimai-mədəni
fikir salnaməmizdə
özünə yer tutmuşdur. Mətbuat tariximizdə onun rolu çoxşaxəlidir:
ana dilində ilk mətbu orqanın təsisçisi, redaktoru,
naşiri, dərin məzmunlu publisistik məqalələr və orijinal bədii nəsr nümunələrinin
müəllifi...
H.B.Zərdabi filosof və təbiətşünas kimi
məşhur olmaqla yanaşı, həm də milli mədəniyyətimizi
duyan və dəyərləndirən bir
sənətşünas-mədəniyyətşünas
olmuşdur.
Tale hər kəsə bir tarixi xoşbəxtlik
nəsib etmişdir. Həsən
bəy Zərdabinin həyatı və geniş miqyasda fəaliyyəti ilə tanışlıq göstərir:
Zərdabiyə Azərbaycanşünaslıq
tarixində çox az şəxsiyyətə
qismət olan tarixi xidmətlər göstərmək şərəfi
nəsib olmuşdur.
Bunlardan biri qəzet nəşr etmək idi. Xalqı oyadan, bir təfəkkür sahibinin bilik və məlumatlarını
əks etdirən qəlb-qələm məhsulu
vasitəsilə oxuyanları maarifləndirən,
tarixi təcrübəni
yazılı şəkildə
sənədləşdirib təbliğ
edən, oxucularını
xarici aləmlə bağlayan, cəmiyyətin
inkişafını ləngidən
amilləri tənqid edən, xalqın ziyalılarını bir-birinə
tanıdıb yaxınlaşdıran,
tarixi dövrü salnamələşdirən qədim
maarifçi-demokratlar nəslinin
yeni nümayəndələrinin
formalaşmasında mühüm
faktor olmuşdur. H.B.Zərdabinin mühərrirlik fəaliyyəti, pedaqoji sahədə gördüyü
işlər, ictimai xidmətləri ilə bir sırada xalq yaradıcılığı
haqqında fikir və mülahizələri
də önəmli dəyər kəsb edir.
"Mahnılar... milləti
birləşdirməyə bais"
vasitə
Zəngin xalq yaradıcılığı
dəyərləri ilə
seçilən ailə
mühitində böyüyən
H.B.Zərdabi əcnəbi
dildə təhsil illərində mənsub olduğu xalqın milli mənəvi sərvətlərini xəlqilik
və bəşərilik
parametrlərində müqayisəli
şəkildə daha
dərindən dərk
etmişdir.
Folklorşünaslıqda belə
bir fikir mövcuddur: xalqın təbiətinin zənginliyi
onun şifahi ədəbiyyatının janrlar
sisteminin zənginliyi üçün əsasdır.
Bu fikir H.B.Zərdabi tərəfindən hələ
XIX əsrin sonlarında
belə ifadə olunmuşdur: bizim Qafqaz müsəlmanlarına
heç bir yazı və dil ilə deyilən
söz o qədər əsər etməz, necə ki, şeir
ilə deyilən söz. Ələlxüsus nəğmələr ilə ki, xoş
sövt ilə oxunur. "Qafqazın
yerlərinin xasiyyəti
belədir. Bizim cənnətin
bir guşəsinə
oxşayan vətənimizin
dağları, çayları,
xoş abi-havası və hər bir cəhətdən səfalı və dilguşə olmağı
onun əhalisini cuşə gətirib bu hala salır".
"Xalq və
yaradıcılıq mühiti"
məsələsini bu
sətirlər fəlsəfi
və təbii şəkildə çox
dəqiq aydınlaşdırır.
Görkəmli ədib və
pedaqoq bir xalq yaradıcılığı
bilicisi tək şifahi ədəbiyyatın
mahnı, nağıl
və atalar sözləri kimi janrlarını toplamışdır.
O, bu janrlar içərisində mahnılara
geniş yer vermiş, mağnıların
tarixi-ictimai, sosial-mədəni
dəyərini belə
səciyyələndirmişdir:
"Hər tayfanın vətəndaşlıq və
millətin keçmişdə
olan yaman və yaxşı günlərini şərh
edən mahnıları
olur ki, bu mahnılar ağızdan-ağıza düşüb
milləti birləşdirməyə
bais olur".
Deməli, Zərdabi mahnıların
kütləviliyini müşahidə
etmiş, milləti birləşdirmədə onun
rolunu doğru qiymətləndirmişdir. Əslində, təbiətşünas alim
mahnıların insanların
maariflənməsində, həyat,
tarix, təbiət E haqqında məlumat, obrazlı informasiya əsasında
bilik və bacarığa yiyələnmələrində
əhəmiyyətini də
çox həkimanə
bir şəkildə izah etmişdir. O, bir el müdriki kimi qələm məhsulunda yazırdı:
"...yaxşı olardı
ki, bizim şüəralar bir-birini
həcv və mədh etmək əvəzinə, zikr olan məzmunda mahnılar düzəldəydilər
ki, onlar ağızdan-ağıza düşüb
xalqı nadanlıqdan
danalığa (alimliyə
- Ş.M.) təhrik etməyə
bais olaydı".
H.B.Zərdabi mahnılara
hələ "Əkinçi"
qəzetinin nəşri
zamanında yüksək
dəyər vermişdi:
"Əkinçi" qəzeti
çıxanda o vaxtın
şairlərindən təvəqqe
eləmişdim bülbülü
və gülü tərif və bir-birlərini həcv etməkdən əl çəkib elm təhsil
etməyin nəflərindən
və biz müsəlmanlara
olan zülmlərin barəsində şeirlər
yazıb onları bizim aşıqlara xoş sövt ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar".
Göründüyü kimi, mütəfəkkir pedaqoq-alim xalq yaradıcılığının əsl bilicisi kimi xalqın mənəviyyat və dünyagörüşünün formalaşması və inkişafında aşıq
sənətinin rolunu yüksək dəyərləndirmiş,
aşıqların repertuarında
tarixi məzmunlu mahnıların olmasını
vacib saymış, bunu əsaslandırmışdır.
"Bizim nəğmələrimiz"
adlı məqaləsində
H.B.Zərdabi şeirin
və musiqinin insan mənəviyyatına,
insan əxlaqına təsirini çox aydın və dəqiq ifadə edərək nəğmələrin
toplanılmasına üstünlük
verirdi.
H.B.Zərdabi şairlərə mahnılar
üçün mətnlər
yazmağı tövsiyə
etməklə yanaşı,
özü mövcud mahnılarımızı toplamış,
sistemə salaraq nəşrinə çalışmışdır. Xalq nəğmələrini toplayıb
Tiflisə göndərərkən
H.B.Zərdabi iki məqsəd izləmişdir:
bu el sənəti nümunələrini çap
etdirib yaşatmaq; çap olunmuş bu nümunələri Bakı məktəblərinin
şagirdlərinə oxumaq
üçün paylamaq.
Və böyük
maarifpərvər 1901-ci ildə
ilk dəfə "Türk
nəğmələri məcmuəsi"ni nəşr etdirərkən böyük
fəzilət və milli həzz duymuşdu. Bu, xalq
musiqimizin toplanılması,
nəşri və milli mənəvi dəyərlərimizin qorunub
saxlanması baxımından
tarixi-mədəni xidmətin
ən bariz nümunəsi idi.
Ümumiyyətlə, professor Paşa
Əfəndiyevin yazdığı
kimi, H.B.Zərdabi bir neçə il müddətində
külli miqdarda mahnı toplaya bilmiş, "əsas məzmunu uşaqları elmə, təhsilə, tərəqqiyə həvəsləndirməkdən
ibarət" olan bu mahnılar 1901, 1903 və 1909-cu illərdə
çap olunmuşdur.
Nəsillərə örnək
olan həyat yolu keçmiş, xalqa xidməti ömrünün qayəsi
bilərək genişmiqyaslı
fəaliyyəti ilə
təbiətşünaslıq, pedaqogika, ədəbiyyat, fəlsəfə, publisistika
sahələrində zəngin
irs qoymuş Həsən bəy Zərdabi Məlikov həm də xalq yaradıcılığının
bilicisi olmuş, mahnılara milləti birləşdirməyə bais
vasitə kimi böyük dəyər vermişdir.
Ş.MƏMMƏDOV
Azərbaycan müəllimi.- 2010.- 16 iyul.- S.1, 4.