"Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı oldu

 

İyulun 12-də İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, professor Vaqif Abbasovun "Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri" kitabının təqdimatı keçirildi.

Tədbiri açan AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov Vaqif Abbasovun mənalı həyat yolu, zəngin elmi və bədii-publisistik yaradıcılıq fəaliyyəti haqqında məlumat verdi.

Diqqətə çatdırıldı ki, görkəmli alim 360 elmi əsərin, o cümlədən 7 monoqrafiyanın, ümumtəhsil məktəbləri üçün 6 dərsliyin, "Bioloji varlıqdan şəxsiyyətə ucalmaq yolu. Müdrik kəlamlar", "Liderlik fəlsəfəsi", "Ömür yoluma suallarla səyahət", "Ünsiyyətdən başlanan ucalmaq yolu" publisistik, "Duyğular dünyası", "Ömür ağacı" şeirlər kitablarının müəllifidir. Vaqif Abbasov "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüş və "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Sonra çıxış üçün söz kitaba ön söz yazmış millət vəkili Qənirə Paşayevaya verildi. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu nəşrin əhəmiyyətindən danışan Q.Paşayeva qeyd etdi ki, kitabda bəşəriyyətin dahi, fateh, böyük alimmüdrik insan kimi tanıdığı on doqquz şəxsiyyətin həyat və yaradıcılığından söz açılıb. Məhəmməd Peyğəmbər, Attila, İbn Sina, Osman Qazi, Nəsirəddin Tusi, Fateh Məhməd, Əmir Teymur, İsaak Hyuton, Atatürk, Heydər Əliyev, Teodor Ruzvelt və digər insanların mübarizələrlə dolu həyatından bəhs edən bu kitabı oxuduqca bir daha dərk edirsən ki, tarixi, sadəcə, oxuyub öyrənmək yox, ondan ibrət götürmək lazımdır.

Təqdimat mərasimində çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli, akademik Musa Rüstəmov, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, BDU-nun tələbəsi Sitarə Cabbarlı, əməkdar müəllim Heybət Qədirov və başqaları gənclərin bu çap məhsulundan tarixi şəxsiyyətləri və onların həyat yolunu öyrənmək üçün dəyərli mənbə kimi istifadə edəcəklərinə, "Təhsil" nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış 576 səhifəlik kitabın geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına əminliklərini ifadə etdilər.

Tədbirin sonunda professor Vaqif Abbasov təqdimat mərasimində iştirak edən bütün qonaqlara dəvəti qəbul etdiklərinə və kitab haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi.

 

 

Hicran ƏKBƏROVA

 

Azərbaycan müəllimi.- 2010.- 16 iyul.- S.2.