"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi" açıldı

 

İyulun 7-də "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin "Kitab evi"nin açılışı oldu. Bu münasibətlə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri Bəxtiyar Əliyev, Nizami Cəfərov, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, şair Çingiz Əlioğlu, KİV nümayəndələri və başqaları iştirak edirdilər.

Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Kitab evi"nin rəmzi açılışını bildirən qırmızı lenti kəsib açılış münasibətilə mərasim iştirakçılarını təbrik etdilər.

Sonra yüksək poliqrafik icra keyfiyyəti ilə seçilən kitablarla, müxtəlif dərslik, dəftər və məktəb ləvazimatları ilə zənginləşdirilmiş "Kitab evi" ilə tanışlıq başlandı. Təhsil naziri Misir Mərdanov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər qonaqlar "Kitab evi"ni gəzərək nəfis şəkildə çap olunmuş, gözəl tərtibatı ilə zövq oxşayan nəşr nümunələri ilə tanış oldular.

"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya bazası və yeni açılan "Kitab evi" haqqında məlumat verdi. Məlumatdan aydın oldu ki, müxtəlif nəşr növləri ilə məşğul olan müəssisənin hazırladığı kitablar dəfələrlə ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək yerlərə layiq görülüblər. 2010-cu ildə nəşriyyatın hazırladığı "Çərçivə" kitabı Azərbaycan kitab nəşri tarixində ilk dəfə olaraq VII Beynəlxalq "Kitab sənəti" müsabiqəsinin baş mükafatı "Qran-Pri"ni qazanıb. Qeyd olundu ki, peşəkar kollektivə və  ən müasir poliqrafiya texnologiyasına malik olan "Təhsil" Nəşriyyat-Poliqrafiya müəssisəsi yeni standartlaramüasir kitab ticarəti normalarına cavab verən öz kitab yayım mərkəzini - "Kitab evi"ni təsis edib. "Kitab evi"ndə 1000-dən artıq adda müxtəlif nəşr nümunələrinin toplandığını deyən  B.Axundov burada, həmçinin lazımi kitabı asanlıqla seçməkdə alıcıya kömək edəcək elektron kartoteka mərkəzinin də fəaliyyət göstərdiyini söylədi. Bildirildi ki, alıcı kataloq vasitəsilə istənilən kitab barədə müfəssəl məlumat ala bilər. O da qeyd edildi ki, hər bir kəs "Kitab evi"ndə ölkəmizdə, eləcə də xaricdə nəşr olunmuş hüquq, uşaq ədəbiyyatı, bədii-publisistik, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat, dərslik və dərs vəsaitləri, lüğət və ensiklopediyalar, bütün bunlarla bərabər  dəftərxana və məktəb ləvazimatlarını əldə etmək imkanına malik olacaqdır. Bəhruz Axundov "Kitab evi"nin Azərbaycan oxucularının, kitabsevərlərinin doğma yerinə çevriləcəyinə inandığını dedi.

"Kitab evi" ilə yaxından tanış olan mərasim iştirakçıları burada yaradılan şəraitdən məmnun qaldılar.

 

 

Samirə KƏRİMOVA

 

         Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.2.