Jurnalistlər arasında təhsil
mövzusunda keçirilmiş
müsabiqənin nəticələri açıqlandı
Əməkdaşımız
müsabiqə qalibi oldu
Azərbaycan milli mətbuatının
135 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil
Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun və
Azərbaycan Mətbuat Şurasının birlikdə "Təhsil
və media: peşəkarlığın
artırılmasına dəstək" mövzusunda jurnalistlər
arasında keçirdikləri müsabiqə başa
çatıb. İyulun 6-da Təhsil Nazirliyində müsabiqənin
nəticələrinin açıqlanmasına və qaliblərin
mükafatlandırılmasına həsr olunmuş mərasim
keçirilib.
Tədbir
iştirakçılarını salamlayan təhsil naziri Misir
Mərdanov Təhsil Nazirliyinin Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası
ilə əməkdaşlığından söz
açıb, bu əməkdaşlıq çərçivəsində
dəfələrlə birgə tədbirlər
keçirildiyini, bu silsilədən növbəti tədbirə
yığışdıqlarını qeyd edib. İlk dəfə
keçirilən müsabiqədə əsas məqsədin Azərbaycan
təhsilində gedən proseslərin geniş ictimaiyyətə
daha yaxından çatdırılmasında peşəkar
jurnalist yaradıcılığını
stimullaşdırmaq, təhsil sahəsindən yazan
ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına
dəstək göstərmək, kütləvi informasiya vasitələrinin
təhsil orqanları ilə səmərəli əməkdaşlıq
prinsiplərini təbliğ etməkdən, təhsil
mövzusunun mediada geniş şəkildə
işıqlandırılmasına şərait yaratmaqdan ibarət
olduğunu deyən təhsil naziri müsabiqənin nəticələrini
açıqlayıb. Bildirib ki, sənədlərin qəbulu
üçün nəzərdə tutulmuş vaxt ərzində
- iyunun 10-dan iyulun 1-dək müsabiqəyə 45 yazı təqdim
edilib. Təqdim olunmuş yazıların təcrübəli
ekspertlər tərəfindən qiymətləndirildiyini
söyləyən Misir Mərdanov nəticədə 1 nəfərin I yerə, 2 nəfərin II yerə,
3 nəfərin III yerə, 10 nəfərin isə həvəsləndirici
yerə layiq görüldüyünü qeyd edib. Nazir diqqətə
çatdırıb ki, qalib gəlmiş 16 jurnalist müsabiqənin
şərtlərinə uyğun olaraq müxtəlif məbləğdə
pul mükafatlarına layiq görülüb, onlar həmçinin
Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun və Azərbaycan Mətbuat
Şurasının xüsusi diplomları ilə təltif
olunublar.
Təhsil naziri
çıxışının sonunda müsabiqənin
uğurla başa çatdırılmasında əməyi
olanlara təşəkkürünü bildirib.
Tədbirdə
iştirak edən Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli və Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov təbrik çıxışlarında
müsabiqənin əhəmiyyətini qeyd edərək onun
yüksək səviyyədə keçirildiyini
vurğulayıb, belə tədbirlərin gələcəkdə
də təşkil ediləcəyinə ümidvar
olduqlarını bildiriblər. Təhsil Nazirliyinin təşəbbüsü
ilə keçirilən müsabiqəyə
qatılmış jurnalistlərin tutduqları yerlərdən
asılı olmayaraq, hər birinin qalib olduğunu nəzərə
çatdıran qurum rəhbərləri qazandıqları
böyük uğurlara görə jurnalistləri təbrik
ediblər.
Sonra müsabiqədə
qalib gəlmiş jurnalistlərə diplomlar və pul
mükafatları təqdim edilib, onlara yeni-yeni
yaradıcılıq uğurları arzu olunub.
Yeri gəlmişkən
qeyd edək ki, müsabiqədə iştirak edən qəzetimizin
şöbə redaktoru Yusif Əliyev II yerə layiq
görülüb. Əməkdaşımızı bu
uğuru münasibətilə təbrik edir, ona daha
böyük qələbələr arzulayırıq.
Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.2.