Azərbaycanın təhsil
sistemində maliyyələşmə ilə bağlı aparılan islahatlar və ali təhsildə yeni
maliyyələşmə mexanizmi
Azərbaycanın təhsil
sferasında aparılan islahatlar artıq 10 ildən çox
bir müddəti əhatə edir. Belə ki, ümummilli lider,
Prezident Heydər Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı
ilə təhsil sahəsində İslahat Proqramı
hazırlanmış, bu islahatlar dövlətimizin və
Dünya Bankının maliyyə və texniki dəstəyi ilə
həyata keçirilməyə başlanmışdır. Beləliklə,
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan təhsil islahatları artıq uzun müddətdir ki,
uğurla davam etdirilir. Qeyd etməliyik ki, ölkəmizdə
aparılan təhsil islahatları təhsilin bütün sahələrini
əhatə etdiyi kimi, təhsilin maliyyələşdirilməsi
də bu islahatların əsas komponentlərindən biri olmuşdur.
Azərbaycanda təhsilin
maliyyələşdirilməsi sahəsində mütərəqqi
metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə
sınanmışdır.
Belə ki, Dünya
Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil
Nazirliyi tərəfindən həyata keçirilən Təhsil
Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot
rayonunda - İsmayıllıda, Ucarda və Şirvan şəhərində
adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin
sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində
bu mexanizmin bütün ölkəyə tətbiq edilməsi nəzərdə
tutulmuşdur. Bu maliyyə islahatlarının əsas hədəfləri aşağıdakı məqsədlər
olmuşdur:
məktəblərə ayrılan vəsait
bölgüsünü daha ədalətli və şəffaf
qaydada həyata keçirmək;
məktəblərin öz vəsaitlərindən
daha səmərəli şəkildə istifadə edə bilməsinə
şərait yaratmaq;
məktəb şurası vasitəsi
ilə məktəblərin daha yaxşı idarə
olunmasına nail olmaq.
Qeyd olunan bu məqsədlər
Azərbaycan üçün ümumi təhsil məktəblərində
adambaşına maliyyələşdirmənin tətbiqinin
aşağıdakı əsas üstünlükləri ilə
səciyyələnir:
Yeni mexanizmin tətbiqi zamanı məktəbin
ayrıca xəzinə hesab-kitabı açılır,
müstəqil mühasibatlığı yaradılır və
məktəb mövcud qanunvericiliyə uyğun olaraq sərbəst
şəkildə özü maliyyə-təsərrüfat fəaliyyətini
həyata keçirir;
Məktəblərin büdcəsinin
tərtibi və maliyyələşdirilməsi ilə
bağlı subyektivizm halları aradan qaldırılır və
şəffaflıq, ədalətlilik təmin olunur. Belə
ki, yeni mexanizmin tətbiqi zamanı maliyyələşdirmə
adambaşına normativlər əsasında vahid düsturla
müəyyənləşdirilir;
Məktəb büdcəsinin
planlaşdırılmasında və idarə olunmasında məktəbin
birbaşa iştirakı təmin edilir. Beləliklə, nəzərdə
tutulan maliyyə vəsaitinin məktəblərin
ehtiyaclarına daha səmərəli yönəldilməsi
imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə
bilavasitə təsir edən müəllimlərin
ixtisasartırma tədbirlərinin daha səmərəli təşkilinə,
o cümlədən, xaricdə treninq və seminarlara cəlbinə,
məktəbin təlim materialları ilə təmin edilməsi
və digər inkişafetdirici tədbirlərə vəsaitin
yönəldilməsi imkanları genişlənir;
Məktəbdə təhsilin keyfiyyəti
artır və idarəetmə təkmilləşir. Belə
ki, məktəb maliyyələşdirmənin həcminin və
maliyyə imkanlarının
artırılmasını təmin etmək
üçün əlavə şagird qəbuluna
stimullaşır. Bu isə, öz növbəsində, məktəblər
arasında rəqabəti gücləndirir və təhsilin
keyfiyyətinin yüksəlməsinə zəmin yaradır;
Büdcədənkənar vəsaitlərin
məktəbə cəlbinə və şəffaf istifadə
edilməsinə şərait yaranır. Belə ki, məktəb
hüquqi şəxs statusu əldə etdiyi üçün
büdcədənkənar vəsaitlər üçün də
xəzinədə hesab açmaq imkanı əldə edir;
Məktəb müstəqil olaraq
strateji sosial və iqtisadi planlar hazırlamaq imkanı əldə
edir;
Məktəb şəbəkəsi
optimallaşır. Belə ki, yeni mexanizmin tətbiqi məktəbə
maliyyə vəsaitlərinin mövcud sinif komplektlərinin
sayına görə deyil, şagirdlərin sayına görə
verilməsinə səbəb olduğundan əlavə maliyyə
vəsaiti cəlb etmək məqsədilə az şagird
sayı ilə siniflərin açılması və əlavə
müəllimlərin işə qəbulu üçün
süni ehtiyacların yaradılması halları aradan qalxır.
Sadalanan bu məqsədləri
və üstünlükləri nəzərə alaraq layihənin
icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil
məktəbində adambaşına maliyyələşdirmənin
həyata keçirilməsi ilə bağlı həmin məktəblərin hər
biri üçün ayrıca xəzinə hesabları
açılmış, müstəqil
mühasibatlıqları yaradılmış və
seçilmiş beynəlxalq və milli məsləhətçilərin
dəstəyi ilə şagirdbaşına maliyyələşdirmə
düsturu hazırlanmışdır. Bundan əlavə, tətbiq
olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin
direktorları, mühasibləri ilə mütəmadi öyrədici
seminarlar, məşğələlər keçirilmiş,
onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə
əlaqədar müvafiq işlər
aparılmışdır.
Müvafiq
hazırlıq və sınaq işləri aparıldıqdan
sonra pilot məktəblərində şagirdbaşına
maliyyələşdirmənin icrasına
başlanılması və bu mexanizmin hüquqi əsasını təmin
etmək məqsədilə Təhsil Sektorunun
İnkişafı Layihəsinin "Maliyyələşdirmə
və büdcə islahatları" alt-komponentinin icrası
haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22
fevral 2007-ci il tarixli 36 nömrəli qərarı qüvvəyə
minmişdir. Bu qərara əsasən islahat layihəsi çərçivəsində
pilot rayonları kimi seçilmiş Şirvan şəhəri,
İsmayıllı və Ucar rayonlarının maliyyə
müstəqilliyi verilmiş 59 ümumi təhsil məktəbinin
maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən
şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında
həyata keçirilməsinə
başlanılmışdır. Lakin qeyd olunan qərara əsasən
pilot məktəblərin büdcələrinin tərtibi
müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə
düsturu ilə həyata keçirilsə də, məktəblər
tam maliyyə müstəqilliklərini təmin edən bir
sıra səlahiyyətləri əldə edə bilmədilər.
Belə ki,
ayrılmış büdcə vəsaitinin iqtisadi təsnifatın
xərc yarımmaddələri arasında
bölüşdürülməsi və il ərzində zərurət
yarandığı, həmçinin ilin sonunda qənaət
olunduğu hallarda xərc yarımmaddələri arasında
müvafiq yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin
məktəblərə verilməsi məsələsi ciddi müzakirələrə səbəb
oldu. "Büdcə sistemi" haqqında Azərbaycan
Respublikasının Qanunu ilə yuxarıda adıçəkilən
qərar arasında ziddiyyət olduğundan məktəblərə
tam maliyyə müstəqilliyinin verilməsi hüquqi cəhətdən
mümkün olmadı. Bundan əlavə, pilot rayonlarda
yaradılmış məktəb şuralarının fəaliyyətinin
istənilən səviyyədə olmaması, onların məktəb
büdcəsi və xərcləri barədə sərbəst
şəkildə və düzgün qərar verə bilmək
iqtidarında olmamaları da narahatedici amillərdən biri
hesab olunmalıdır. Qeyd etməliyik ki, məktəb
şuraları yaradılsa da, onların fəaliyyəti hələ
də formal xarakter daşıyır və məktəbin idarə
olunmasında onların fəallığı hiss olunmur. Buna
görə də məktəb şuralarının fəaliyyəti
daim gücləndirilməlidir. Bu məqsədlə ictimai həyatda
böyük nüfuza və müstəqil qərar vermək
qabiliyyətinə malik olan
şəxslərin məktəb şuralarının fəaliyyətində
iştirakı vacib amildir.
Bu səbəblərdən
islahat layihəsi çərçivəsində pilot
rayonları kimi seçilmiş Şirvan şəhəri,
İsmayıllı və Ucar rayonlarının məktəblərində
maliyyə islahatları nəzərdə tutulan şəkildə
tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot
rayonla məhdudlaşdı.
Lakin bu islahatların
miqyasının genişləndirilməsi və qeyd olunan problemlərin aradan
qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən
Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə
(2009-2014) çərçivəsində əvvəlki layihədə
başlanılmış maliyyə islahatlarının qiymətləndirilməsi
və bununla əlaqədar
hökumətə tövsiyələrin hazırlanması qərara
alınmışdır. Hazırda bu istiqamətdə ciddi
işlər aparılır. Belə ki, Təhsil Nazirliyi maliyyə
islahatlarının respublikanın bütün ümumi təhsil
məktəblərində həyata keçirilməsini zəruri
hesab edir və bu istiqamətdə işlərin davam etdirilməsi
niyyətindədir.
Qeyd etmək
lazımdır ki, ümumi təhsildə adambaşına
maliyyələşdirməyə keçid bir sıra problemlərlə
üzləşsə də, ali təhsildə yeni maliyyələşdirmə
mexanizminin tətbiqi istiqamətində ölkəmizdə
hazırda çox əhəmiyyətli işlər
görülməkdədir.
Belə ki, ölkə
Prezidentinin "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" 10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 2010-2011-ci tədris
ilindən başlayaraq Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən ali təhsil müəssisələrində
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçiriləcəkdir.
Qeyd olunan Fərmanın
mahiyyəti və icrası barədə danışmazdan əvvəl
bu yeni mexanizmin tətbiqinin zəruriliyinə və əhəmiyyətinə
nəzər salaq.
Müasir dövrdə
ali təhsilin inkişafı yaxın perspektiv
üçün ölkəmizin sosial-iqtisadi
inkişafının əsas prioritet istiqamətlərindən
biridir. Belə ki, indiki dövrdə ölkənin
inkişafının əsas amili təhsilin səviyyəsi və
keyfiyyətindən çox asılıdır. Bu baxımdan
ölkəmizdə təhsil sahəsində, eləcə də
ali təhsildə aparılan nəticəyönümlü
islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali təhsildə
hazırda aparılan islahatların əsas ana xəttini Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli
Sərəncamı ilə təsdiq olunmuş
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nın icrası təşkil edir. Proqramın əsas
məqsədi ölkənin ali təhsilinin dünya təhsil
sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin
prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabətqabiliyyətliliyinin
təmin edilməsi, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara tələbatın ödənilməsi, əhalinin ali
təhsil almaq imkanlarının təmin edilməsi
üçün iqtisadi və sosial baxımdan səmərəli
ali təhsil sisteminin formalaşdırılmasıdır.
Artıq bu gün Azərbaycanın
ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya
istiqamətində inkişaf etməkdədir.Ali təhsildə
keyfiyyətin əldə olunması, effektiv idarəetmənin
və ayrılan vəsaitlərdən səmərəli
istifadənin təmin edilməsi üçün əsas amillərdən
biri də ali təhsilin maliyyələşdirilməsində
yeni və mütərəqqi mexanizmlərin tətbiq
olunmasıdır. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev
siyasətinin layiqli davamçısı möhtərəm
Prezident cənab İlham Əliyevin bu ilin əvvəlində
imzaladığı "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" Fərman mühüm əhəmiyyət kəsb
edir. Belə ki, ali təhsilin dövlət maliyyələşdirməsinin
bugünkü mexanizmi müasir qloballaşma və bazar
iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi
bir dövrdə tələb olunan standartlara cavab vermir.
Hazırda dövlət ali təhsil müəssisələrinin
büdcəsi əsasən büdcə və büdcədənkənar
vəsaitlər (ödənişli təhsil) hesabına
formalaşır. Dövlət ali məktəblərinin illik
büdcəsi əvvəlki illərin xərcləri nəzərə
alınmaqla onların təqdim etdikləri xərclər
smetasının proqnozu əsasında müəyyənləşdirilir
və bu büdcə vəsaitləri mövcud qanunvericiliyə
uyğun olaraq xərclərin
istiqamətindən və təyinatından asılı olaraq
40-dan çox xərc maddələri çərçivəsində
icra olunur. Qeyd etməliyik ki, ali məktəblərin maliyyələşdirilməsinin
mövcud mexanizmi təhsil sahəsində beynəlxalq və
milli səviyyədə rəqabətin gücləndiyi, nəticələrə
əsaslanan strateji planlaşdırmanın və maliyyələşdirmənin
rolunun yüksəldiyi bir dövrdə müasir tələblərə
cavab vermir. Bu mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin,
təhsildə keyfiyyətin yüksəldilməsini tam təmin
etmir və son nəticədə büdcədən ayrılan
vəsaitlərin ali məktəblərdə müəyyən
dərəcədə səmərəsiz istifadəsinə səbəb
olur. Ali məktəblər onlara ayrılan dövlət vəsaitlərindən
mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə
bilmir, vəsaitlərin bölgüsündə bəzən
subyektivlik hallarına rast gəlinir. Bundan əlavə, ali təhsil müəssisələri tələbə qəbulunun və
dövlət maliyyələşdirilməsinin həmin ali təhsil
ocaqlarının fəaliyyətinin nəticələrindən
və keyfiyyət göstəricilərinin səviyyəsindən
asılı olmayaraq planlı qaydada həyata keçirildiyi
üçün bir növ arxayınlaşır, keyfiyyətin,
cavabdehliyin artırılmasına ciddi səy göstərmir və
nəticədə sağlam rəqabət mühiti təmin
olunmur.
Bu baxımdan deyə bilərik
ki, ölkə Prezidentinin "Ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi
barədə" 10 fevral 2010-cu il tarixli Fərmanından irəli
gələn tələblərə əsasən ali təhsildə
yeni maliyyələşdirmə mexanizminin tətbiqi bu problemlərin
köklü şəkildə tədricən aradan
qaldırılmasına yönəlmişdir.
Belə ki, Fərmana əsasən
2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan
Respublikası ərazisində fəaliyyət göstərən
ali təhsil müəssisələrində dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə
dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə
prinsipi əsasında həyata keçiriləcəkdir. Bundan
əlavə, Fərmana əsasən bundan sonra dövlət
sifarişinin formalaşdırılmasında ölkənin
milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və
dövlətin perspektiv inkişafı amilləri nəzərə
alınacaq.
Nəzərə almaq
lazımdır ki, təhsildə adambaşına maliyyələşdirmə
mexanizmi dünyanın inkişaf etmiş ölkələrində
tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu
mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə
ayrılan vəsaitlərin bir tələbə
üçün müəyyənləşdirilmiş xərc
normativinə əsasən maliyyələşdirməni nəzərdə tutur. Yəni bu o
deməkdir ki, müvafiq kadr hazırlığı üzrə
dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə
maliyyə vəsaitləri tələbələrin sayından
asılı olaraq veriləcəkdir.
Qeyd olunan Fərmanın
əsas məqsədlərindən biri də ali təhsil
müəssisələri arasında dövlət maliyyəsinin,
daha doğrusu, dövlət sifarişi əsasında təhsil
alacaq tələbə uğrunda mübarizəni, başqa
sözlə, yarışmanı təmin etməklə rəqabətin
yaradılmasıdır. Belə ki, yeni qaydalara əsasən
ali təhsil müəssisələrinə qəbul üzrə
aparılan müsabiqədə dövlət sifarişi ilə
təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət
formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil
müəssisəsinin seçimində sərbəstdirlər.
Həmçinin mülkiyyət formasından asılı
olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən
bütün ali təhsil müəssisələri dövlət
sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
Yəni dövlət sifarişi
ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq
əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil
müəssisələrini də seçə bilərlər.
Bu zaman tələbənin təhsili üçün nəzərdə
tutulan dövlət vəsaiti tələbənin ardınca həmin
özəl ali məktəbə gedəcəkdir. Bu bir növ
dövlət sifarişinin yerinə yetirilməsində
dövlət ali məktəblərinin
inhisarçılığına son qoymaqla təhsil almaq
üçün bərabər imkanları və ədalət
prinsipini təmin edir. Belə ki, ali təhsil müəssisələrinə
qəbul üçün tətbiq olunacaq yeni qaydalardan fərqli
olaraq əvvəlki qaydalarda tələbə yüksək bal
toplasa da, dövlət hesabına oxumaq üçün
yalnız dövlət ali təhsil müəssisələrini
seçmək məcburiyyətində qalırdı. Bu isə
tələbələrin bərabər seçim
imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq
olunacaq yeni qaydalar təhsil müəssisələrinin
qarşısında böyük məsuliyyət və yeni tələblər
qoyur. Belə ki, təhsil müəssisələri
keyfiyyətli təhsil xidmətləri təqdim etmədikləri
halda tələbələr həmin ali məktəblərdə
oxumağa həvəs göstərməyəcəklər və
nəticədə dövlət sifarişi əsasında tələbəyə
ayrılan dövlət maliyyəsi tələbənin
ardınca digər ali təhsil müəssisəsinə gedəcəkdir.
Bu, bir tərəfdən ali təhsil müəssisələrinin
bu sahədə cavabdehliyini də artıracaqdır. Beləliklə,
ən yaxşı tələbələr, öz növbəsində,
daha keyfiyyətli təhsil verən ali təhsil müəssisələrinə
üz tutacaqlar. Nəticədə aşağı keyfiyyətli
təhsil müəssisələri dövlət sifarişindən
və sonda dövlət maliyyəsindən məhrum olacaqlar.
Qeyd olunan yeni qaydaların tətbiqi üçün əlbəttə
ki, çevikliyi təmin edəcək yeni və daha sadə
mexanizmlərin və normativ-hüquqi aktların işlənib
hazırlanması vacibdir.
Nəzərə almaq
lazımdır ki, Təhsil Nazirliyi ölkəmizin təhsil
sistemi üçün yeni olan bu mexanizmin tətbiqinə
başlanılan yeni tədris ilində daha çox radikal
addımların atılmasının tərəfdarı deyil.
Belə ki, əldə olunan dünya təcrübəsi də
göstərir ki, ölkə üçün tamamilə yeni
və fərqli olan bu mexanizmin tətbiqi zamanı qarşıya
çıxa biləcək problemləri və riskləri həll
etmək üçün bu işdə daha tədbirli olmaq və
yeni qaydaları əsaslandırılmış şəkildə
olmaqla tədricən həyata keçirmək lazımdır.
Təhsil naziri cənab Misir Mərdanov müvafiq kütləvi
informasiya vasitələrində ali
təhsildə yeni maliyyələşdirmə mexanizminin
tətbiqi ilə bağlı çıxışlarında
da bu məsələni xüsusilə vurğulamış və
yeni mexanizmin tətbiqinin son nəticədə ali təhsildə
keyfiyyətin təmin olunmasına xidmət etməli
olduğunu ön plana çəkmişdir. Belə ki, ali təhsildə
dövlət sifarişinin yerinə yetirilməsi ilə
bağlı tətbiq ediləcək yeni maliyyələşdirmə
mexanizmi elə qurulmalıdır ki, ali təhsil müəssisələri
arasında dövlət sifarişi uğrunda sağlam rəqabət
və stimul yaransın. Bu mexanizmin tətbiqi zamanı əsas
fikir dövlət sifarişi üzrə və ödənişli
əsaslarla tələbə qəbulunun sayı arasında
mütənasibliyin gözlənilməsinə verilməlidir. Belə ki, bu mütənasiblik
gözlənilmədiyi halda, aşağı keyfiyyətli ali
məktəblər dövlət sifarişinin yerinə yetirilməsində
iştirak etməsə də,
ödənişli təhsil üzrə daha çox tələbə
əldə edərək iqtisadi cəhətdən
üstün vəziyyətə nail ola bilər və dövlət
sifarişinin yerinə yetirilməsində iştirak etməyə
can atmaz, nəticədə keyfiyyəti təmin edəcək
sağlam rəqabət mühiti yaranmaz. Buna görə də
tətbiq olunacaq yeni mexanizm ali məktəbi tələbə,
son nəticədə maliyyə vəsaiti əldə etmək
üçün daim təhsilin keyfiyyətini artırmağa
vadar etməlidir. Bu səbəbdən Təhsil Nazirliyi təklif
edir ki, ali məktəblərin müvafiq ixtisaslarına tələbələrin
yerləşdirilməsi dövlət sifarişi ilə qəbul
olunmuş tələbələrin sayına görə müəyyənləşdirilməlidir.Yəni
bu və ya digər ali məktəbin müvafiq ixtisasına
dövlət sifarişi üzrə tələbə qəbulu
nə qədər çox olarsa, ödənişli qəbulun
sayı da bu saya mütənasib olaraq çox olmalıdır.
Məlum olduğu kimi,
ölkə Prezidentinin "Ali təhsil
müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu
il tarixli Fərmanına əsasən aidiyyəti dövlət
orqanlarına bir sıra sənədlərin hazırlanması
tapşırılmışdır. Qeyd olunan Fərmanın icrasından
irəli gələn tapşırıqlara əsasən
müvafiq dövlət qurumları tərəfindən
artıq bir sıra sənədlər
hazırlanmışdır. Belə ki, sözügedən Fərmanın
4.2-ci bəndinə əsasən hər il üçün
ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə dövlət
sifarişi Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyinin aidiyyəti sahə nazirlikləri ilə
razılaşdırılmış təklifləri əsasında
müəyyənləşdirilir. Bununla əlaqədar olaraq
aidiyyəti sahə nazirlikləri ilə
razılaşdırılmaqla
2010-2011-ci tədris ili üçün ali təhsil
müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə
ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri,
mövcud əmək bazarının xüsusiyyətləri və
dövlətin perspektiv inkişafı amilləri nəzərə
alınmaqla dövlət sifarişinə dair təkliflər
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
olunmuşdur.
Eyni zamanda ölkə
Prezidentinin qeyd olunan 10 fevral 2010-cu il tarixli Fərmanının
4.3-cü və 5.1-ci bəndlərinə əsasən Azərbaycan
Respublikası Nazirlər Kabinetinə dövlət sifarişinə
uyğun olaraq aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər
əsasında ali təhsil müəssisələrinin
2010-2011-ci tədris ili üçün ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə bakalavriat və
magistratura səviyyələrinə tələbə qəbulunun
proqnozunun təsdiq edilməsi
tapşırılmışdır. Qeyd olunan bəndlərin
icrası ilə əlaqədar olaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq 132s və 133s
nömrəli 06 may 2010-cu il tarixli sərəncamlarına əsasən 2010-2011-ci tədris ili
üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət
sifarişi ilə bakalavriat və magistratura səviyyələrinə
tələbə qəbulunun proqnozları təsdiq
olunmuşdur.
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qeyd olunan sərəncamlarına
əsasən ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrinə tələbə
qəbulu planının sayı
ümumi şəkildə (dövlət sifarişi və
ödənişli əsaslarla birlikdə) hər bir ali təhsil
müəssisəsi üzrə ayrı-ayrılıqda da təsdiq
olunmuşdur. Belə ki, hər bir ali məktəb üzrə
dövlət sifarişi üzrə və ödənişli əsaslarla
tələbə qəbulunun sayı ali məktəblərə
qəbul prosesinin nəticələrindən və ən əsası
tələbənin seçimindən asılı olacaqdır.
Tələbə qəbulunun
təsdiq olunmuş proqnozlarına əsasən 2010-2011-ci tədris
ili üçün ali təhsil müəssisələrinin
bakalavr səviyyəsinə dövlət sifarişi ilə tələbə
qəbulunun ümumi proqnozu 26249, o cümlədən dövlət
sifarişi üzrə tələbə qəbulunun proqnozu
10529 təşkil edir. Məlumat üçün qeyd edək
ki, 2009-2010-cu tədris ilində dövlət sifarişi ilə
tələbə qəbulu
planı 10942 və ümumi qəbul planı isə 25331
olmuşdur.
2010-2011-ci tədris ili
üçün ali təhsil müəssisələrinin
magistratura səviyyəsinə isə dövlət sifarişi
ilə tələbə qəbulunun proqnozu 2070, ümumi qəbul
planı isə 4023 təşkil edir. 2009-2010-cu tədris ilində
dövlət sifarişi ilə tələbə qəbulu
planı 2021, ümumi qəbul planı isə 4063 təşkil
etmişdir. 2010-2011-ci tədris
ili üçün dövlət sifarişinin yerinə
yetirilməsində ölkədə fəaliyyət göstərən
52 ali təhsil müəssisəsindən 37-si (o cümlədən
29-u dövlət, 8-i isə özəl olmaqla) iştirak edəcəkdir.
Qeyd etmək
lazımdır ki, dövlət sifarişinin yerinə yetirilməsi
üzrə ali təhsildə
yeni maliyyələşdirmə mexanizminin tətbiqi 2010-2011-ci
tədris ilindən başlayaraq birinci kurs tələbələrini,
növbəti illərdən ardıcıllıqla digər
kursları da əhatə edəcək.
Onu da qeyd edək ki, Fərmanın 6-cı bəndinin icrası ilə əlaqədar
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120
nömrəli Qərarı qüvvəyə minmişdir. Bu qərar
əsasən aşağıdakıları əhatə edir:
- "Ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin bakalavriat səviyyəsində hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı";
- "Ayrı-ayrı
ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil
müəssisələrinin magistratura səviyyəsində hər
bir təhsilalana düşən təhsil xərclərinin
miqdarı";
- "Azərbaycan
Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydaları";
- Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil
müəssisəsi arasında nümunəvi çərçivə
müqaviləsi;
- Ali təhsil müəssisəsi
ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan
arasında nümunəvi fərdi müqavilə.
Göründüyü
kimi, ali təhsilin bakalavr və magistratura səviyyələri
üzrə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana
düşən təhsil xərclərinin miqdarı hökumətin
müvafiq qərarı ilə təsdiq edilmişdir. Belə
ki, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin
apardıqları hesablamalar, təhlillər və müzakirələr
əsasında ayrı-ayrı ixtisaslar və ixtisas qrupları
üzrə ali təhsildə dövlət sifarişinin yerinə
yetirilməsi üzrə hər bir təhsilalana düşən
təhsil xərclərinin miqdarı müəyyənləşdirilmişdir.
Bundan əlavə, sözügedən qərarın əsas tərkib
hissələrindən biri də "Azərbaycan
Respublikasında ali təhsil müəssisələrində
yeni maliyyələşmə mexanizminin tətbiqi ilə
bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının maliyyələşdirilməsi
Qaydaları"dır. Bu sənəd əsasən Azərbaycan
Respublikasında ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kadr
hazırlığının dövlət sifarişi əsasında
maliyyələşdirilməsi ilə bağlı ümumi
müddəaları, əsas anlayışları,
adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsini,
dövlət sifarişi çərçivəsində təhsilalanların
müəyyənləşdirilməsini, dövlət
sifarişi əsasında maliyyələşmənin şərtlərini,
dövlət sifarişi əsasında maliyyələşmənin
səmərəliliyinə nəzarəti və digər aidiyyəti
məsələləri özündə əks etdirir.
Yeni qaydalara əsasən
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində
kadr hazırlığının adambaşına maliyyələşdirmə
prinsipi əsasında dövlət büdcəsinin vəsaiti
hesabına dövlət sifarişi ilə həyata
keçirilməsi zamanı tərəflər arasında
yaranan münasibətlərin tənzimlənməsi məqsədilə
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ali təhsil
müəssisəsi arasında çərçivə
müqavilələrinin və həmçinin ali təhsil
müəssisəsi ilə dövlət sifarişi ilə təhsil
alacaq təhsilalan arasında fərdi müqavilələrin
bağlanılması da nəzərdə tutulur.
Yuxarıda qeyd
olunduğu kimi, növbəti tədris ilindən ali təhsildə
yeni maliyyələşdirmə mexanizminin tətbiqi ölkəmizin ali məktəbləri
qarşısında böyük vəzifələr qoyur. Belə
ki, yeni maliyyələşdirmə mexanizminə əsasən dövlət ali təhsil müəssisələrimiz
fəaliyyətlərini tam təmin etmək üçün
dövlət büdcəsindən vəsaiti əvvəlki kimi
cari tələbata uyğun olaraq deyil, əldə etdikləri
müvafiq tələbələrin sayına və ixtisas
üzrə bir tələbə üçün nəzərdə
tutulmuş xərc məbləğinə uyğun olaraq
alacaqlar.
Məhz buna görə
də ali məktəblərimiz tədrisin keyfiyyətinin
artırılması, ayrılan vəsaitlərdən səmərəli
istifadənin təmin edilməsi, bir sıra lüzumsuz xərclərin
aradan qaldırılması, bir sözlə, ali təhsil
müəssisəsinin fəaliyyətinin optimal və keyfiyyətli
şəkildə təşkil olunması üçün təxirəsalınmaz
tədbirlər görməlidirlər.
Onu da qeyd etmək
lazımdır ki, maliyyələşdirmə
mexanizminin tətbiqi ilə bağlı ölkə
başçısının müvafiq Fərmanının
icrası vəziyyəti, bununla əlaqədar qüvvəyə minəcək yeni
qaydalar, mövcud problemlər, qarşıya çıxa biləcək
risklər, həmçinin bu problemlərin həlli və
risklərin aradan qaldırılması yolları barədə
təkliflər cari ilin iyunun 17-də Azərbaycan
Respublikasının Prezidenti yanında Təhsil üzrə
Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin
yeni maliyyələşmə mexanizminə dair keçirilən
müşavirədə Təhsil, Maliyyə və İqtisadi
İnkişaf nazirliklərinin, həmçinin əksər
ali məktəblərin rəhbərləri səviyyəsində
geniş şəkildə müzakirə olunmuş və
yuxarıda adıçəkilən bir çox məsələlərə
aydınlıq gətirilmişdir. Qeyd olunan müşavirədə
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, təhsil
naziri Misir Mərdanov, maliyyə naziri Samir Şərifov,
iqtisadi inkişaf naziri Şahin Mustafayev və bir sıra ali məktəblərin
rektorları çıxış edərək ali təhsildə
tətbiq olunacaq yeni maliyyələşdirmə mexanizminin əhəmiyyətindən,
bu yeniliklərin müvafiq dövlət qurumları, həmçinin
ali məktəblər qarşısında qoyduğu vəzifələrdən
söz açmış, bundan sonra aidiyyəti qurumlar tərəfindən
görüləcək işlər barədə əlavə
müzakirələr də aparılmışdır.
Sözügedən
müşavirənin dövlət sifarişinin yerinə yetirilməsində
iştirak edəcək ali məktəb rəhbərlərinin
növbəti tədris ilindən tətbiq olunacaq yeni qaydalar
barədə maarifləndirilməsi nöqteyi-nəzərindən
böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan
"Ali təhsil müəssisələrində yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə" 10 fevral 2010-cu
il tarixli Prezident Fərmanının icrasından irəli gələn
yeniliklər, bu yeniliklərin üstünlükləri və
mahiyyəti barədə mütəmadi olaraq ölkə
ictimaiyyətinin maarifləndirilməsini də bu istiqamətdə
qarşıda duran ən vacib vəzifələrdən biri
hesab edirik.
Şahrza ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 9 iyul.- S.4.