Məktəblilərin 2009-2010-cu dərs ilində keçirilmiş fənn olimpiadalarının nəticələri barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

2009-2010-cu dərs ilində məktəblilərin fənn olimpiadalarını yüksək səviyyədə keçirmək, bu işi daha da təkmilləşdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək sahəsində müəyyən işlər görülmüş, müvafiq təşkilati tədbirlər həyata keçirilmiş, xərclər smetası tutulmuş, fənlər üzrə olimpiada  materialları  hazırlanıb yerlərə göndərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli, 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)"nın icrası ilə bağlı "Elementar riyaziyyatın əlavə fəsilləri və olimpiadalar. I kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları üçün 200 variant", "Kimyadan olimpiada məsələləri", "Uşaqlarda istedadın müəyyənləşdirilməsi və inkişaf etdirilməsi", "İstedadlı uşaqların psixoloji təminatı", "İstedadın psixoloji diaqnostikası" adlı kitablar çap olunmuş, müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Fənn olimpiadalarının rayon (şəhər)  mərhələsinin I turunda 49301,  II turunda 8616, Respublika turunda 1138  nəfər iştirak etmişdir.

Yerlərdə olimpiadalara hazırlıq mərkəzləri yaradılmış, xüsusi istedadı ilə fərqlənənlərin obyektiv seçimi aparılmışdır. Bu səbəbdən də fənn olimpiadalarının yekun turunda şagirdlərin əksəriyyəti yüksək nəticə göstərmişdir.

Respublika turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan  şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax,  Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki, Oğuz rayonlarının şagirdləri daha çox fərqlənmiş, mükafata layiq yerləri tutmağa nail olmuşlar.

Bakı şəhəri 27, 83, 171, 264, 304 nömrəli məktəblərin, 287 nömrəli "Zəkalar" liseyinin,  Bağça-məktəb-lisey kompleksinin, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin,  Sumqayıt şəhəri təbiət və texniki elmlər liseyinin,  Təbiət elmləri təmayüllü gimnaziyanın, Balakən rayonu texniki və humanitar liseyin, Culfa rayonu Bənəniyar kənd, Ağcabədi şəhər 3, Zərdab şəhər 1, Neftçala rayonu  Xıllı qəsəbə 1 nömrəli, İsmayıllı rayonu Mican kənd orta məktəblərinin, bilavasitə  nazirlik nəzdindəki akademik Zərifə Əliyeva adına orta məktəbin, Heydər Əliyev adına, kimya-biologiya təmayüllü, "Zəngi", "Tərəqqi" liseylərinin, S.C.Pişəvəri adına humanitar fənlər, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyaların şagirdləri  daha yaxşı nəticələr göstərərək qaliblər sırasında  olmuşlar.  

Ötən illərdə olduğu kimi, cari ildə də respublikada fəaliyyət  göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl  liseylərinin şagirdləri fənn olimpiadalarının yekun turunda üstünlük təşkil etmiş, bu liseylərin 47 nəfər şagirdi I-IV yerlərə layiq görülmüşdür.

Bir sıra rayonlarda (Samux, Bərdə, Sabirabad, Biləsuvar, Göygöl, Şamaxı) seçimin qeyri-obyektiv aparılmasının nəticəsidir ki, olimpiadanın yekun turunun iştirakçılarından 39(3,4%) nəfəri "0", 77(6,8%) nəfəri isə "1-10"  bal toplamışdır.

Göstərilənləri nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

1. Məktəblilərin 2009-2010-cu dərs ilində  fənn olimpiadalarının nəticələri  haqqında münsiflər heyətləri sədrlərinin təqdimatları nəzərə alınsın.

2. Fənn olimpiadalarının Respublika turunda Naxçıvan MR-in, Bakı, Sumqayıt, Şirvan  şəhərlərinin, İsmayıllı, Quba, Hacıqabul, Neftçala, Şəmkir, Qazax, Abşeron, Qax,  Tovuz, Cəlilabad, Ucar, Ağdaş, Balakən, Qəbələ, Şəki, Oğuz  rayonlarının respublikada fəaliyyət göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətinin Azərbaycan-Türkiyə özəl liseylərinin şagirdlərinin uğurlu nəticələri qeyd edilsin.

3. Samux, Bərdə, Sabirabad, Göygöl, Şamaxı, Ağsu, Salyan, Masallı, Qobustan, Xocavənd rayon, Naftalan şəhər təhsil şöbələrinin fənn olimpiadalarına hazırlıq sahəsində lazımi əməli tədbirlər həyata keçirmədikləri həmin rayonların təhsil şöbə müdirlərinin nəzərinə çatdırılsın.

4. Fənn olimpiadalarına şagirdlərin hazırlanmasında səmərəli fəaliyyət göstərmiş və 2010-cu ildə  keçirilən olimpiadalarda şagirdləri I dərəcəli diploma  layiq  görülmüş müəllimlərin hər birinə 115 (yüz on beş) manat məbləğində mükafat verilsin (əlavə 1)

5. Fənn olimpiadalarının keçirilməsi, materialların hazırlanması, işlərin yoxlanılması və yerlərin müəyyənləşdirilməsində xüsusi əmək sərf edən Respublika münsiflər heyəti  sədrlərinin hər biri 110( yüz  on) manat, məsul katiblərin hər biri 90 (doxsan) manat, üzvlərin hər biri 50(əlli) manat pulla mükafatlandırılsınlar (əlavə 2).

6. Naxçıvan MR Təhsil  Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, bütün rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki, əmrin məzmununu təhsil müəssisələrinin pedaqoji  kollektivlərinə çatdırsınlar, istedadlı şagirdlərin aşkara çıxarılmasına, onlar üçün səmərəli təhsil şəraitinin yaradılmasına, fənn olimpiadalarının təşkili və keçirilməsinə  xüsusi diqqət yetirsinlər.

7. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.

 

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 iyun 2010-cu il

 

 Azərbaycan müəllimi.- 2010.- 2 iyul.- S.2.