Lozanna Federal Politexnik Məktəbi
Yerləşir:
İsveçrə, Lozanna şəhəri, Ekublens qəsəbəsi
Yaranma tarixi:
1853-cü il
Tipi: Dövlət
İşçi heyətinin ümumi sayı: 4000 nəfər
Tələbələrin sayı: 7000 nəfər
İllik büdcəsi:
753000000 İsveçrə frankı
Rəsmi saytı:
www.epfl.ch
Lozanna Federal Politexnik Məktəbi (Federal Polytechnic School of Lausanne)
İsveçrənin Vaud kantonunun (bəzi ölkələrdə
inzibati ərazi bölgüsü) Lozanna şəhərinin ətraf
qəsəbəsi olan Ekublensdə yerləşir.
Böyük Britaniyanın "Times Higher Education Supplement - QS
World Universities Rankings" jurnalının 2009-cu ildə
apardığı dünya universitetlərinin reytinqinə əsasən,
Lozanna Federal Politexnik Məktəbi 100 ən yaxşı ali məktəb arasında 42-ci, Avropa ali təhsil
ocaqları arasında isə 12-ci yerdə sıralanıb.
Lozanna Federal
Politexnik Məktəbi İsveçrənin fransızdilli hissəsində
yerləşir. Ölkənin almandilli vətəndaşları
üçün Sürixdə İsveçrə Federal
Texnologiya İnstitutu fəaliyyət göstərir.
Tarixi
1853-cü ildə
yaradılan özəl Lozanna İxtisas Məktəbi 1869-cu
ildə Lozanna Dövlət Akademiyasının texniki
şöbəsinə çevrilir. 1890-cı ildə
Lozanna Akademiyası universitet statusu qazanır və Lozanna
Universiteti adlandırılır, texniki şöbəyə isə
Lozanna Universitetinin Mühəndislik Məktəbi (Ecole
d'Ingenieurs de l'Universite de Lausanne) adı verilir. 1946-cı ildən məktəbin adı dəyişdirilərək
Lozanna Universitetinin Politexnik Məktəbi (Ecole Polytechnique de
l'Universite de Lausanne (EPUL)) olur.
1969-cu ildə
Lozanna Universitetinin Politexnik Məktəbi Lozanna Universitetinin tərkibindən
çıxır və İsveçrə Federal hökumətinin
nəzarəti altında fəaliyyət göstərməyə
başlayır. Məktəb Lozanna Federal Politexnik Məktəbi
adlandırılır. Məktəbin
missiyası mühəndis və alimlər hazırlamaq, elm və
texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə
etmək, sənaye müəssisələri ilə əməkdaşlıq
qurmaqdan ibarət olur. Məktəb
İsveçrənin almandilli hissəsində fəaliyyət
göstərən İsveçrə Federal Texnologiya
İnstitutu, ETH Domen elmi-tədqiqat institutları, Daxili
İşlər Federal Şöbəsi ilə əməkdaşlıq
edir.
1943-cü ildən
Lozanna Federal Politexnik Məktəbi Lozanna şəhərində
Avenyu Kortda qədim Hotel Savoy binasında yerləşir. 1971-ci ildə Ekublens şəhərətrafı
qəsəbəsində ali məktəbin
yeni binasının tikintisinə başlanılır. Binanın rəsmi açılışı 1978-ci
ildə baş tutur. Məktəbin
bütün bölmə və məktəbləri bu kampusa
köçürülür. Ən sonuncu
buraya köçən müəssisə 2002-ci ildə
Memarlıq departamenti olur.
Lozanna Federal Politexnik Məktəbi
CROCUS, Tokamak termonüvə reaktorlarını, P3 bioloji təhlükə
vasitələrini idarə edir. 2000-ci ildə
Patrik Abişer məktəbin prezidenti seçilir, həmin
vaxtdan burada həyat haqqında elmlər inkişaf edir.
2004-cü ildə bu ali təhsil
ocağında Texnologiyanın İdarəolunması Kolleci
açılır. 2008-ci ildə isə
İsveçrə Eksperimental Xərçəng Tədqiqatı
İnstitutu (ISREC) Lozanna Federal Politexnik Məktəbinə birləşdirilir.
Büdcə və təhsil haqqı
2010-cu ildə
Lozanna Federal Politexnik Məktəbinin illik büdcəsi
753000000 İsveçrə frankı dəyərində olub.
Lozanna Federal Politexnik Məktəbində
bakalavr və magistr pillələrində təhsil alan tələbələrin 1 semestrlik təhsil
haqqı 633 İsveçrə frankı təşkil edir. Bundan əlavə, semestrin başlanğıcında
isveçrəli tələbələr 50, əcnəbi tələbələr
isə 110 İsveçrə frankı məbləğində
vergi ödəməlidirlər. Doktorantura
pilləsində təhsil almaq məktəbdə pulsuzdur.
Doktorantlardan sadəcə 1200 İsveçrə
frankı məbləğində vergi alınır. Təhsilin davam etdirilməsi pilləsində
uzunmüddətli proqramlar üçün 1160,
qısamüddətli proqramlar üçün isə 580
İsveçrə frankı ödəmək lazımdır.
Lozanna Federal
Politexnik Məktəbinin tələbələrə
ayırdığı təqaüdün məbləği ildə
5000-16000, İsveçrə hökumətinin əcnəbi tələbələrə
ayırdığı təqaüdün məbləği isə
ildə 16000-19200 (ölkələrin sırasında Azərbaycan
yoxdur, adı olmayan ölkələrdən gələn tələbələrə
bu təqaüd verilmir) İsveçrə frankı
arasında dəyişir. Bundan əlavə,
müxtəlif özəl fondlar tərəfindən də tələbələrə
təqaüd və qrantlar təklif edilir.
Universitet bu gün
Lozanna Federal
Politexnik Məktəbinin kampusu Ekublens
şəhərətrafı qəsəbəsində, Cenevrə
gölünün sahilində 55 hektar ərazidə yerləşir. Tələbə
şəhərciyi, təxminən, 65 binadan ibarətdir.
Burada 1970-1980-ci illərə aid Fundamental Elmlər və
Memarlıq, Vətəndaş və Ekologiya Mühəndisliyi,
Maşınqayırma və Elektrotexnika məktəblərinin
binaları, 1990-cı illərə aid Mühəndislik Elmləri
və Texnologiya, Kompüter və Kommunikasiya Elmləri Məktəbləri
institutlarının binası,
Elmi Park, 2002-2004-cü illərdə modern üslubda
tikilmiş Mikrotexnika, Kommunikasiya və Memarlıq
institutları, Dəqiq Elmlər Məktəbi və
Texnologiyanın İdarəolunması Kollecinin binaları
mövcuddur. Ali məktəbin kampusunda 250-dən
çox laboratoriya və tədqiqat qrupu var. Məktəbin
unikal quruluşu fənlərarası tədqiqatların
aparılması və müxtəlif müəssisə və
təşkilatlarla əməkdaşlıq əlaqələrinin
yaradılmasına imkan yaradır.
Lozanna Federal Politexnik Məktəbinin
nəzdində aşağıdakı akademik müəssisələr
fəaliyyət göstərir:
Fundamental Elmlər Məktəbi (SB) - kimya, riyaziyyat və fizika
elmləri üzrə ixtisaslaşıb, dekanı Tomas Rizzodur,
məktəb üçpilləli təhsil təklif edir. Məktəbə
Analiz və Elmi Hesablama, Kimya Elmləri və Texnologiya,
Riyaziyyat, Həndəsə, Cəbr, Topologiya, Enerji və Hissəciklər,
Sıxlaşdırılmış Sistemlər Fizikası,
Bioloji Sistemlər Fizikası, Fiziki Elmlər, Kvant
Elektronikası və Fotonika, Nəzəri Fizika,
Sıxlaşdırılmış Sistemlər Hesablama
Fizikası, B Riyaziyyat (EHM) institutları, Fənlərarası
Elektron Mikroskopiya, Plazma Fizikası Sahəsi üzrə Tədqiqatlar,
Kvant Fotonikası mərkəzləri daxildir.
Mühəndislik Məktəbi (STI) - elektrotexnika,
maşınqayırma, materialşünaslıq və mühəndislik,
mikrotexnologiya, biomühəndislik, nanotexnologiya sahələri
üzrə ixtisaslaşıb, sənaye müəssisələri
ilə əməkdaşlıq edərək savadlı kadrlar
hazırlayır, dekanı Demetri Psaltisdir. Məktəbdə
Elektrotexnika, Maşınqayırma, Materialşünaslıq,
Mikroelektronika, Biomühəndislik institutları fəaliyyət
göstərir.
Memarlıq, İnşaat və
Ekologiya Mühəndisliyi Məktəbi (ENAC) - memarlıq, inşaat,
ekologiya və texniki elmlər sahəsi üzrə
ixtisaslaşıb, dekanı Mark Parleyncdir. Məktəbin
əsas məqsədi dövrümüzün ən
mühüm məsələsi olan ekoloji problemlərin
innovativ həllini tapmaqdır. Məktəbin Memarlıq,
İnşaat-Mühəndislik, Şəhər və Region
Quruculuğu, Mühəndislik Ekologiyası institutları var.
Kompüter və Kommunikasiya Elmləri Məktəbi
(I&C) -
informasiya və telekommunikasiya sahələri üzrə
ixtisaslaşıb və Avropanın ən böyük
informasiya texnologiyaları mərkəzlərindən biridir. Məktəbin
dekanı Villi Jenepoeldir, lakin bu ilin payızında dekanın dəyişdirilməsi nəzərdə
tutulur. Məktəbdə Kompüter Kommunikasiyaları və Ərizələr,
Qeyri-xətti Sistemlər, Təhlükəsizlik və
Kriptoqrafiya, Kriptologik Alqoritmlər laboratoriyaları, Nüvə
Hesablama Elmləri, Hesablama və Multimedia Sistemləri,
Kommunikasiya Sistemləri, Mobil İnformasiya və Kommunikasiya
Sistemləri institutları, Qabaqcıl Rəqəmsal Sistemlər,
Neyron İnformasiyanın İşlənməsi, Qlobal Hesablama
mərkəzləri mövcuddur.
Həyat Elmləri Məktəbi (SV) - biologiya, əsas elmlər,
tibb, informatika və maşınqayırma elmlərinə əsaslanır,
dekanı Didye Tronodur. Məktəbin Beyin-Ağıl,
Biomühəndislik, İsveçrə Eksperimental Xərçənğ
Tədqiqatları, Qlobal Səhiyyə institutları fəaliyyət
göstərir.
Sosial və Humanitar Elmlər Məktəbi
(CdH) - humanitar və
sosial elmlərin intellektual, tənqidi və praqmatik
inkişafı məqsədlərinə xidmət edir. Məktəbin
dekanı Françesko Panesedir. Son zamanlar
burada regionşünaslıq sahəsinə aid yeni proqramlar qəbul
olunub. 2009-2010-cu tədris ilində məktəbdə tələbələrə
Asiyanın coğrafiyası, tarixi, mədəniyyəti, sosial
vəziyyəti ilə yaxından tanış
olmağa imkan verən Müasir Asiya Tədqiqatları Mərkəzi
yaradılıb.
Texnologiyanın İdarəolunması
Kolleci (CDM) -
idarəetmə, texnologiya və sahibkarlıq, marketinq, maliyyə
işlənməsi üzrə innovativ təhsil proqramları
həyata keçirir. Kollecin dekanı Martin Vetterlidir. Kollecə Texnologiyanın İdarəolunması,
Texnologiya və Sahibkarlığın İdarəolunması
Proqramı, Sahibkarlıq və Texnologiya
Kommersiyalaşmaları, Logistika, İqtisadiyyat və
Texnologiyanın İdarəolunması institutları daxildir.
Lozanna Federal
Politexnik Məktəbində oxumaq üçün abituriyentlər
qəbul imtahanı vermir, tam orta təhsil haqqında
attestatın (İsveçrədə matura, Almaniyada abitur)
olması kifayətdir. Məktəbdə maşınqayırma, əsas
elmlər, kompüter və kommunikasiya, vətəndaş cəmiyyəti
quruculuğu, həyat haqqında, ətraf mühit və
memarlıq sahələri üzrə bakalavr və magistr səviyyəsində
13 tam tədris proqramı təklif olunur. Bu
proqramlar Boloniya prosesinin tələblərinə cavab verir və
bunun nəticəsi olaraq tələbələr mübadilə
proqramlarında iştirak etmək imkanı qazanır,
onların dərəcələri beynəlxalq səviyyədə
tanınır. Məktəb ERASMUS tələbə
mübadiləsi proqramında iştirak edir. Məktəbin doktorantları tədqiqatlar aparmaqla
yanaşı ideyaları ilə bölüşür, bir-birlərinə
qarşılıqlı kömək edir, yüksək səviyyədə
ixtisaslaşdırılmış kurslarla təhsillərini
bitirirlər. Doktorantlar burada zəngin elmi
təcrübə və infrastruktura əldə edir.
Bilik və
bacarıqlarını möhkəmləndirmək və təkmilləşdirmək
arzusunda olan şəxslər üçün bu ali təhsil ocağında Təhsilin Davam Etdirilməsi Məktəbi fəaliyyət
göstərir. Məktəbdə geniş
spektrdə mühazirə və seminar kursları mövcuddur.
Bu modul proqramlar tək fərdi şəxslər
üçün deyil, müxtəlif şirkətlər
üçün də nəzərdə tutulub.
Lozanna Federal
Politexnik Məktəbi İsveçrənin NEBIS kitabxanalar
şəbəkəsinin üzvüdür. NEBIS kitabxana sisteminə 3 milyondan çox kitab, eləcə
də dövri nəşr, jurnal, qəzet, Çin nadir
kitablar kolleksiyaları, lüğət və ensiklopediyalar, dərsliklər,
elmi nəşrlər, verilənlər bazası, CD və DVD disklər
və s. daxildir. Lozanna Federal Politexnik Məktəbinə
Memarlıq, Müasir tikinti arxivləri, LMS-LMR (qaya və torpaq
mexanikası laboratoriyası), ICOM (polad konstruksiyalar
laboratoriyası), LMH (hidravlik mexanizmlər laboratoriyası),
LITEP (intermodal daşınma, nəqliyyat və
planlaşdırma), CRPP (Plazma
Fizikası Tədqiqat Mərkəzi), Topometriya, LANOS (qeyri-xətti
sistemlər laboratoriyası), LTT (tətbiqi termodinamika və
turbomaşınlar laboratoriyası), LASIQ (coğrafi informasiya
sistemləri laboratoriyası), Politexnik, BETON və MCS
kitabxanaları daxildir.
2000-ci ilin mart
ayından Lozanna Federal Politexnik Məktəbinin prezidenti vəzifəsini
tibb və neyrobiologiya üzrə professor Patrik Abişer icra
edir. O, həmçinin,
2004-cü ildən Federal Politexnik Məktəbləri
Şurasının üzvüdür. Məktəbin
akademik işlər üzrə vitse-prezidenti Gillet Filipp, idarəolunması
üzrə vitse-prezidenti isə Vetterli Martindir. Məktəbdə 4000 nəfər işçi
çalışır.
Lozanna Federal
Politexnik Məktəbində 7000-dən çox tələbə
təhsil alır. Onların 3700 nəfərini bakalavr, 1600 nəfərini
magistrantlar, 1700 nəfərini isə doktorantlar təşkil
edir. Son beş ildə qız tələbələrin
sayı məktəbdə 30% artıb. Məktəbin
müəllim və tələbələrinin 50%-ni əcnəbilər
təşkil edir. Burada 107-dən çox
millətin nümayəndələrinə rast gəlmək
olar. Lozanna Federal Politexnik Məktəbi
dünyanın ən kosmopolit universitetlərindən biridir.
İsveçrə
dünyanın ən bahalı ölkələrindəndir və
burada yaşamaq insanlara çox baha başa gəlir. Lozanna Federal
Politexnik Məktəbində tələbələrin yataqxana
ilə təmin olunması məsələsi çətindir.
Demək olar ki, burada tələbə
yataqxanaları yoxdur və tələbələr özləri
Lozanna şəhərində kirayə mənzil və otaqlar
tapmalıdırlar. Burada 1 otaqda 1 il
qalmaq tələbəyə 7000 İsveçrə frankına
başa gəlir.
Əlil tələbələr
üçün kampusda, eləcə də Vaud kantonunda
xüsusi şəraitli yataqxanalar, tədris kabinetləri var və
məktəb belə tələbələrə lazımi dəstək
göstərir.
Məktəbin kampusunda tələbələrin
qidalanması üçün tanınmış Le Korbuzye, Le
Parmentye, Le Vinçi, Le Kopernik, La Table de Valloton restoranları
və çoxlu sayda kafelər var. Universitetin yeməkxanalarında
qidalanmaq üçün tələbəyə ayda 600
İsveçrə frankı lazım olur. Kitab, kompüter,
kalkulyator və s. dərs ləvazimatları üçün
tələbə, orta hesabla, 1200, geyim və şəxsi əşyalar
üçün ildə 2000, nəqliyyat, sığorta və
digər xərclər üçün isə ildə 3500
İsveçrə frankı xərcləyir. Ümumilikdə
təhsil haqqı və bütün digər xərclər
daxil olmaqla tələbəyə 1 ilə 22000 İsveçrə
frankı lazımdır.
Lozanna Federal
Politexnik Məktəbi tələbələrə geniş
palitralı mədəni və idman tədbirləri təklif
edir. Bu məqsədlə burada çoxlu sayda qrup və
assosiasiyalar yaradılıb. Məktəbdə
tələbələrə yüksək səviyyəli tibbi
xidmət təklif olunur. Kampusun ərazisində
siqaret çəkmək qadağan edilib.
Lozanna Federal
Politexnik Məktəbinin məqsədi bütün dünyadan
ən savadlı tələbələri cəlb etmək, məzunlarının
əmək bazarına çıxışını
asanlaşdırmaqdır. Məktəbin məzunları
arasında çoxlu sayda dünya şöhrətli alim və
iş adamlarına rast gəlmək olar. Lozanna
Federal Politexnik Məktəbi dünyada ən aparıcı
texnologiya institutlarına çevrilmək üçün səylə
çalışır.
Universitetin məşhur məzunları
Frank Ribud
"Danone" şirkətinin direktoru
Nelli Venger "Nestle"
şirkətinin sabiq direktoru
Otman Bencellun
BMCE bankının icraçı direktoru
Jan Daniel Nicoud
"Smaky" personal kompüterinin ixtiraçısı
Toni Konde
alim, "PersonalCare" sisteminin yaradıcısı
Andre Kudelski
"Canal +"-da ilk şifrləmə sisteminin
ixtiraçısı
Daniel Borel
"Logitech" kompaniyasının
yaradıcısı
Mark Burki, Paolo Buzzi
"Swissquote" kompaniyasının
yaradıcıları
Jorj de Mestral yapışqanın (Velco lenti)
ixtiraçısı
Klod Nikolye
astronavt
Sarklo
bəstəkar,
ifaçı
Hazırladı:
Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2010.- 2 iyul.- S.6.