"Elektron Naxçıvan" - dünyaya virtual pəncərə

 

Naxçıvan Dövlət Universitetində bu layihə çərçivəsində 5 beynəlxalq konfrans və simpozium keçirilib.

 

Elmi-texniki tərəqqi əsri sayılan XXI yüzillikdə informasiya cəmiyyətinə keçid, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə özünü sivilizasiyalı dünyanın ayrılmaz bir parçası hesab edən hər bir dövlətin əsas prioritetlərindən biridir. Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyev qloballaşma və inteqrasiya proseslərinə qoşulmaq istiqamətində ölkəmiz üçün böyük əhəmiyyətə malik olan, 2003-2012-ci illəri əhatə edən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nı təsdiq etmişdi. "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" respublikamızın Cənubi Qafqaz və Transxəzər məkanında qabaqcıl ölkəyə çevrilməsi, regionda informasiya cəmiyyətinin formalaşması prosesini  daha da sürətləndirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada informasiya texnologiyalarının geniş tətbiq olunması, daha da inkişaf etdirilməsi və sürətli İnternet şəbəkəsinin yaradılması istiqamətində bir sıra dövlət əhəmiyyətli proqramlar gerçəkləşdirilmişdir. Bu gün blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Trans Asiya-Avropa fiber-optik kabel magistralı ilə informasiya blokadasını yararaq dünyaya bağlanır, Naxçıvanın tarixi keçmişi, bu günü haqqında geniş məlumat bazasını özündə cəmləşdirir.

Naxçıvan Dövlət Universitetinin ardıcıl dövlət qayğısı, dünya universitetləri və beynəlxalq təşkilatlarla sıx beynəlxalq əlaqələr saxlaması nəticəsində müasir texnologiyalarla təmin olunması, təhsilin informasiyalaşdırılması istiqamətində mühüm nəticələr əldə etməsi ölkədə aparılan siyasətin konkret bəhrələrindəndir.

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik yönlü, dünyaya inteqrasiya edilmiş ali təhsil ocağıdır. Universitetin 108 hektarlıq kampusa, çoxsaylı klassik və ən müasir tipli tədris korpuslarına, universitet şəhərciyinə malik olması bu ali təhsil ocağını ölkəmizdəki digər universitetlərdən fərqləndirir. Naxçıvan Dövlət Universiteti çoxprofilli xarakterinə əsasən klassik universitetdirsə, strukturuna, yeni texnologiya ilə təchiz edilməsinə, beynəlxalq əlaqələrinin genişliyinə görə inkişaf etmiş çağdaş ali təhsil ocaqları sırasında dayanır. Hazırda Avropa Rektorlar Klubunun və Asiya Universitetləri Assosiasiyasının, Qara Dəniz Universitetləri Birliyinin üzvü olan universitetin dünyanın 30-dan çox ölkəsinin ali təhsil ocaqları ilə geniş əlaqələri formalaşmışdır. Bu ali təhsil ocağının 10 fakültəsində 46 ixtisas üzrə təhsil alan 4 mindən çox tələbənin təlim-tərbiyəsi ilə məşğul olan 356 nəfərlik professor-müəllim heyətinin böyük səyləri ilə universitetdə müstəqil Azərbaycanın daha parlaq gələcəyinə uğurla xidmət edə biləcək vətənpərvər və yüksək hazırlıqlı mütəxəssislər hazırlanırlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun böyük  təşkilatçılığı və qayğısı, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın yaxından iştirakı və dəstəyi ilə Naxçıvan Dövlət Universitetində 2005-ci ildə gerçəkləşdirilmiş "Elektron Naxçıvan" layihəsi "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində atılan ilk əhəmiyyətli addımlardan olmuşdur.

 

"Elektron Naxçıvan - 1: Problemlər və həllər"

 

17-18  iyun 2005-ci il

 

Konfrans Azərbaycanda ilk dəfə Bakı - Naxçıvan arası videokonfrans bağlantısının qurulması ilə tarixi əhəmiyyət kəsb etmişdir. Ölkənin elm və təhsil tarixində birinci dəfə olaraq Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu arasında videokonfrans əlaqəsi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  konfransda geniş məruzə edərək Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişafından, bu sahədə ölkəmizin Prezidenti cənab İlham Əliyevin ardıcıl qayğı və diqqətindən danışmış, təhsil sistemində elektron informasiya məkanının yaradılması, elmin, təhsilin və sahibkarlığın inkişafı üçün bu sahəyə yeni investisiyaların cəlb edilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi zərurətindən bəhs etmiş, Naxçıvandakı məqsədyönlü inkişafdan söz açmış, konkret vəzifələr irəli sürmüşdür.

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovun informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət siyasətinin əsas prioritetləri və Naxçıvan MR-in sosial-iqtisadi inkişafında informasiya-kommunikasiya texnologiyalarının rolu problemlərinə həsr edilmiş məruzəsi dinlənilmişdir. Təhsil naziri, professor Misir Mərdanov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov milli təhsilin daha da inkişaf etdirilməsində, akademik elmi qurumların müasir elmi-təşkilati vəzifələrinin həyata keçirilməsində yeni informasiya texnologiyalarından istifadənin üstünlükləri ilə bağlı məruzələr etmişlər.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyevin informasiya texnologiyaları: zaman və müasir dövr məsələlərinə həsr olunmuş məruzələrində geniş ümumiləşdirmələr aparılmışdır.

 "Elektron Naxçıvan" Naxçıvan Muxtar Respublikasında, ümumən ölkəmizin elm və təhsil sistemində elektron hərəkatın başlanğıcı idi. "Elektron Naxçıvan - 1"-də beynəlxalq əməkdaşlığı yalnız  Türkiyənin Qars Qafqaz Universiteti təmsil edirdi. Konfrans zamanı "Virtual İpək yolu"  layihəsi çərçivəsində peyk rabitəsi vasitəsilə Naxçıvan Dövlət Universiteti və AMEA Naxçıvan bölməsi arasında qlobal İnternet şəbəkəsinin açılması da mühüm tarixi əhəmiyyət kəsb edirdi.

Konfransda qəbul edilən qərara əsasən, ölkə başçısının sərəncamı rəhbər tutularaq "Elektron Azərbaycan" Dövlət Proqramı tipində "Elektron Naxçıvan" proqramı işlənmiş, informasiya texnologiyaları sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət artırılmış, "Elektron Naxçıvan" adlı poçt markası buraxılmış, Naxçıvanda informasiya cəmiyyətinin qurulması istiqamətində görüləcək işlər haqqında məlumatların ictimaiyyətə çatdırılması məqsədilə www.nakhchivan.az saytı yaradılmışdır.

 

 

"Elektron Naxçıvan - 2:

 

 Elmin və təhsilin inkişafında informasiya və kommunikasiya texnologiyalarının rolu və əhəmiyyəti" 

 

24  iyun 2006-cı il

 

Bu beynəlxalq elmi-praktik konfrans universitetin Tibb fakültəsində yeni yaradılmış tədris laboratoriyalarının açılışı ilə öz işinə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov konfrans iştirakçılarını təbrik etmiş, beynəlxalq elmi forumun  işinə uğurlar arzulamışdır.

Bu dəfə videokonfrans layihəsinin həyata keçirilməsi çoxistiqamətli videobağlantı ilə yadda qalmışdır. Videokonfransda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakı və Lənkəran Dövlət universitetləri, Azərbaycan Dövlət İqtisad Universiteti, Türkiyə Cümhuriyyətinin Qars Qafqaz və Kocaeli universitetləri və İsveç Texnologiya Universiteti arasında videobağlantı qurulmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, NATO-nun Qafqaz üzrə müşaviri, Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, doktor Yacek Kajevski, İsveçrə Universitetinin müəllimi, professor Bəhrəm Atabəyli, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Qars Qafqaz Universitetinin rektoru, professor Necati Kaya, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Lənkəran Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov məruzə ilə çıxış etmişlər. 

Beynəlxalq simpoziumun gedişinin univesitet televiziyası ilə canlı olaraq yayımlanması və elmi forumun materiallarının kitab halında çap edilməsi də əvvəlki illə müqayisədə irəliyə doğru addımlara çevrilmişdir.

 

 

"Elektron Naxçıvan-3:

 

İnformasiya cəmiyyəti: reallıqlar və perspektivlər"

 

22-23 iyun 2007-ci il

 

Regional elektron hərəkatın bu mərhələsi 40 illik yubileyini qeyd etmək ərəfəsində olan Naxçıvan Dövlət Universitetində beynəlxalq CİSCO Akademiyasının yaradılması, Elektron Avtomat Telefon Stansiyasının fəaliyyətə başlaması, Olimpiya İdman Kompleksinin açılış mərasimi ilə tarixi əhəmiyyət kəsb etmişdir.

Beynəlxalq simpoziumda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təbrik nitqi ilə çıxış etmiş,  Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, AMEA-nın prezidenti, akademik Mahmud Kərimov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, NATO-nun Qafqaz üzrə müşaviri, doktor Yacek Kajevski, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, BMT-nin Təlim və Tədqiqatlar üzrə İnstitutunun əməkdaşı Niko Barito, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun məruzələri dinlənilmişdir.

Tədbirdə Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli, İsveçrə İnformasiya Texnologiyaları Universiteti, Novosibirsk Dövlət Universiteti, həmçinin 40 illik yubileyini qeyd etməkdə olan Naxçıvan Dövlət Universitetinin məzunları olmuş, hazırda ölkəmizdə və dünyanın bir çox dövlətlərində Azərbaycanı layiqincə təmsil edən mütəxəssislərlə videobağlantı təşkil olunmuşdur.

Beynəlxalq simpoziumda Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf perspektivləri - Azərbaycan həqiqətləri və dəyərlərinin virtual məkanda təsbit edilməsi məsələləri müzakirə olunmuşdur. İnternet jurnalistikası sahəsində kadrlar hazırlanmasının zəruriliyi, Azərbaycanın "Wikipedia" Ümumdünya İnternet - ensiklopediyasinda geniş təmsil olunması, Azərbaycan həqiqətləri və dəyərlərinin virtual məkanda domen adları vasitəsi ilə təbliğ edilməsi, İnternet mühitində milli təhlükəsizlik konsepsiyasının həyata keçirilməsi məsələləri kimi ciddi və aktual problemlər ön mövqeyə çəkilmişdir. Həmçinin informasiyalı cəmiyyətə keçid şəraitində regionda bu sahənin inkişafı ilə bağlı görülən tədbirlərdən, ali təhsil ocağı kimi Naxçıvan Dövlət Universitetinin müasir texnologiyaların inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən də danışılmışdır.

Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır. Naxçıvan Dövlət Universitetində yeni texnologiyaların elmə, tədris prosesinə uğurla tətbiqi istiqamətindəki səmərəli fəaliyyətinə görə NATO-nun Qafqaz üzrə müşaviri, doktor Yacek Kajevski bu ali məktəbin fəxri doktoru diplomu ilə təltif olunmuşdur.

 

 

"Elektron Naxçıvan - 4:

 

Uzaq regionlar üçün səciyyəvi olan informasiya və kommunikasiya texnologiyaları problemləri"

 

19-21 iyun 2008-ci il

 

Bu beynəlxalq simpozium Naxçıvan Dövlət Universiteti, NATO, Şimali Atlantika Birliyi və Polşadakı Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasınn təşkilatçılığı ilə gerçəkləşdirilmişdir. Simpoziumda Azərbaycanla yanaşı, ABŞ, Kanada, Türkiyə, Polşa, Rusiya, İsveçrə, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyəti kimi ölkələrin tanınmış mütəxəssisləri iştirak etmişlər.

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, NDU-nun rektoru, akademik İsa Həbibbəyli, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, ABŞ-ın Nyu-York Universitetinin professoru Corc Sadovski, Kanadanın Simon Freyzer Universitetinin professoru Stella Atkins, Türkiyənin Kocaeli Universitetinin rektoru, professor Sezər Kamsuoğlu, Qars Qafqaz Universitetinin rektoru, professor Əbamüslüm Güvən və başqaları siyasi və coğrafi səbəblər üzündən ölkəsinin əsas ərazisindən uzaq düşmüş regionların inkişaf etdirilməsində informasiya-kommunikasiya texnologiyalarının rolu, imkanları və əhəmiyyəti ilə əlaqədar məruzələrlə çıxış etmişlər.

Simpoziumda Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, professor Yacek Kajevski, Şimal və Baltik regionunda qabaqcıl telekommunikasiya şirkəti olan TeliaSoneranın Polşadakı Beynəlxalq ofisinin direktoru, doktor Robert Busz bu sahədəki dünya təcrübəsindən danışmışlar. Qırğızıstandakı AkNET şirkətinin təmsilçisi, doktor Yuri Veliyçuk, Özbəkistanı təmsil edən, məktəb kompüteri və İKT təlimi üzrə məsləhətçi, dosent Sayyora Rəhmankulova, Lənkəran Dövlət Universitetinin əməkdaşı Ülkər Bayramova yerüstü telekommunikasiya şəbəkələrindən uzaqda olan və hərəkət edən obyektlərlə rabitənin təşkilindən söz açmışlar. Azərbaycan iqtisadiyyatının diversifikasiyasında regional innovasiya zonasının rolu, uzaq regionlardakı ali məktəblər üçün kampus şəbəkə kommunikasiyaları və onların problemləri, bu sahədəki dünya təcrübəsilə bağlı müzakirələr aparılmışdır.

Videobağlantı vasitəsilə Bakıdan AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, Şimali Kipr Türk Cümhuriyyətindəki Yaxın Doğu Universitetinin rektoru, professor Ümüt Hasan tədbirə qoşulmuşdular. Videokonfrans Naxçıvanın dağlıq ərazisində yerləşən Batabat Astrofizika Rəsədxanasının İnternet mərkəzinin açılış mərasimi ilə də yaddaqalan olmuşdur.

 

 

"Elektron Naxçıvan - 5: Nəticələr və vəzifələr"

 

25-26 iyun 2010-cu il

 

Bu beynəlxalq simpozum Naxçıvan Dövlət Universitetinin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm nailiyyətlər qazandığını bir daha təsdiqləmişdir.

Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun və qonaqların iştirakı ilə "Wi-Fi" kampus İnternet şəbəkə sisteminin təqdimatı olmuşdur. Məlumat verilmişdir ki, CİSCO texnologiyaları və NATO-nun qrant layihəsi əsasında yaradılan, bu ilin yanvar ayından fəaliyyətə başlayan bu simsiz İnternet şəbəkəsi vasitəsilə nəinki universitetin bütün tədris korpuslarında, struktur bölmələrində, eləcə də 108 hektarlıq ərazinin hər tərəfində İnternet bağlantısından istifadə edilir ki, bu da dünya elminə, təhsilinə inteqrasiya, beynəlxalq elmi əlaqələrin inkişafı kimi mühüm problemlərin həllinə uğurla xidmət edir. İndi universitetin bütün ərazisində sürətli İnternet xidmətindən istifadə etmək mümkündür. 2010-cu ildən başlayaraq universitetdə 5 meqabit, yəni 50 min kilobitdən çox İnternet resurslarından istifadə olunur.

Sonra ölkədə ilk dəfə olaraq universitetlərarası videotelefon bağlantısı gerçəkləşdirilmişdir. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov telefonla simpozium iştirakçılarını salamlamış, Naxçıvan Dövlət Universitetinin timsalında muxtar respublikada elm, təhsil, informasiya texnologiyalarının tətbiqi sahəsində qazanılan uğurları yüksək qiymətləndirmişdir.

Simpoziumun plenar iclasında rektor, akademik İsa Həbibbəyli ənənəvi "Elektron Naxçıvan" layihəsinin əhəmiyyətindən, bir çox dünya universitetləri ilə gerçək əməkdaşlıqları olan bu ali təhsil ocağının virtual əlaqələrinin inkişafında mühüm rol oynamasından danışmışdır.

Tədbirdə universitet televiziyasının hazırladığı "Elektron Naxçıvan" - dünyaya virtual pəncərə" sənədli filminin nümayişi bütün bunları əyani şəkildə bir daha təsdiqləmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov simpozium iştirakçılarını salamlayaraq vurğulamışdır ki, XXI əsrin inkişaf göstəricisi dünya dövlətlərinin iqtisadi, hərbi qüdrəti ilə yanaşı, onların yaradıcı elmi potensiala malik olmaları, informasiya texnologiyalarının ən son nailiyyətlərini, informasiya ehtiyatlarını öz əllərində cəmləşdirə bilmələri ilə də müəyyənləşir. Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasında müasir informasiya-kommunikasiya texnologiyalarının elm, təhsil və səhiyyədə, iqtisadiyyatın ən müxtəlif sahələrində uğurla tətbiqindən, bu sahədə qarşıda duran mühüm vəzifələrdən danışmışdır.

Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov məruzəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətindən bəhs etmişdir.

Simpoziumda Mərkəzi və Şərqi Avropa Şəbəkələndirmə Assosiasiyasının baş katibi, professor, doktor Yacek Kajevski, Ankara Universitetinin rektoru, professor, doktor Camal Taluq və Qars Qafqaz Universitetinin rektoru, professor, Əbamüslüm Güvən, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, SİNAM şirkətinin prezidenti, texnika elmləri namizədi, dosent Elçin Əliyev, "Xalq kompüteri" layihəsinin icraçı direktoru Rauf Həsənov çıxış etmişlər.

Simpoziumun gedişində Cənubi Koreyanın Kimçonq Universitetinin prezidenti Kanq Sangi, Çin Xalq Respublikasının Sias Beynəlxalq Universitetinin prezidenti, doktor Şan Ken, Cənubi Rusiya İdarəetmə Biznes və Hüquq Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İmran Əkbərov və universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru Yuriy Daşko, Ankara Universitetinin professoru, doktor Yasəmin Oğuzla videobağlantılar qurulmuşdur.

Mükafatlandırılma mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Tələbələr azad sahibkarlıq fəaliyyətində" beynəlxalq tələbə proqramı üzrə V Respublika çempionatının qaliblərinə, futbol üzrə III ölkə çempionatının qalibi olmuş komandaya, Qars Qafqaz Universitetində keçirilən yarışlarda birincilik qazanan voleybolçulara kuboklar təqdim etmişdir.

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə universitetlərarası əlaqələrdəki səmərəli fəaliyyətlərinə görə Ankara və Qars Qafqaz universitetlərinin rektorları universitetin fəxri diplomları ilə təltif edilmişlər.

"Elektron Naxçıvan" layihəsinin uğurla həyata keçirilməsində xidmətləri olan əməkdaşlar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin fəxri diplomları ilə mükafatlandırılmışlar.

Simpozium bölmə iclasları ilə işini davam etdirmişdir. Simpoziumun yekununda rektor, akademik İsa Həbibbəyli, Ankara və Qars Qafqaz universitetlərinin rektorları və digərləri çıxış etmişlər. Simpoziumun sonunda qərar layihəsi müzakirə olunmuşdur.

Regionda elmin, təhsilin, müasir texnologiyanın inkişafının mühüm faktorlarından biri olan beşillik "Elektron Naxçıvan" layihəsi çərçivəsində konfrans iştirakçıları Naxçıvan Muxtar Respublikasının qədim tarixi, mədəniyyəti, bugünkü sürətli inkişafı haqqında dolğun təsəvvür əldə etmişlər.

Beşillik tarixə malik "Elektron Naxçıvan" proqramı XXI əsrin başlanğıcında blokada şəraitində yaşayan Naxçıvanın haqq səsinin dünyaya çatdırılması, dünya informasiya məkanına qoşulması, muxtar respublikanın sosial-iqtisadi inkişafına elmin və yeni texnologiyanın dəstəyinin təmin olunması istiqamətində mühüm rol oynamaqdadır.

İftixarla demək olar ki, Naxçıvan Muxtar Respublikası blokadada yaşamasına baxmayaraq, bu gün regionda əsas tranzit informasiya mübadiləsi məkanına çevrilmişdir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qloballaşma, dünya informasiya mühitinə inteqrasiya istiqamətində apardığı məqsədyönlü siyasətinin, bu siyasətin Muxtar Respublika Ali Məclisinin rəhbərliyi tərəfindən uğurla həyata keçirilməsinin bəhrələridir. Əbədi və əzəli Azərbaycan torpağı, insanlığın beşiyi sayılan Naxçıvan qədimliyi qədər də müasir, sivil, geniş inteqrasiya mühitində fəaliyyət göstərən bir diyar, mütərəqqi ideyalar məskənidir. Beşminillik tarixə malik qədim Nuh yurdunda gerçəkləşdirilən  beşillik  "Elektron  Naxçıvan"  layihəsi isə dünyaya  açılan  virtual pəncərədir. Bu möhtəşəm pəncərədən qloballaşan dünyanın, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının, doğma Naxçıvan  Dövlət  Universitetinin    bu günü və sabahkı inkişafı bütün aydınlığı ilə görünür.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 2 iyul.- S.1, 7.