"Zahid Xəlilin sənət dünyası"

 

Həyatda  hər kəsin öz yolu, hərənin öz tale payı var. Biri yaşayış binası ucaldır, biri bağ salır, başqa birisi elm yolunun yolçusuna çevrilir. Sənət yolu fərqlidir, özəllikləri ilə seçilir, "bədii yaradıcılıq bütövlükdə sənət ixtirasıdır, novatorluqdur, poetik kəşflər sistemidir, obrazlar dünyasıdır" (F.Əsgərli) və sənətkar bu kəşflər sistemi ilə yaşayır, obrazlar dünyasındakı surətlərin mənəvi-əxlaqi xüsusiyyətlərində özünü təmsil edir. Bu baxımdan uşaq yazıçısının həyatı və yaradıcılıq yolu bir sıra özəllikləri ilə seçilir.

Zahid Xəlilin taleyinə ulu Tanrının payı ikiqat düşüb: bir tərəfdən uşaq ədəbiyyatının lirik və epik növlərində əsərlər yaratmaq, o biri tərəfdən özünəqədərki Azərbaycan ədəbiyyatının  tədqiqatçısı  olmaq.  Beləcə  elmi  və  bədii  yaradıcılıq qollarını bir yaradıcı şəxsində birləşdirmək, üstəlik müəllim hazırlayan ali məktəbdə alim-pedaqoq kimi çalışmaq özü  böyük  bir  xoşbəxtlikdir.

"Zahid Xəlilin sənət dünyası" adlı məqalələr toplusu (elmi redaktoru, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, tərtib edən filologiya elmləri namizədi, dosent Füzuli Əsgərlidir) şair, yazıçı, publisist, ədəbiyyatşünas alim Zahid Xəlilin elmi-pedaqoji və ədəbi fəaliyyəti haqqında aydın təsəvvür yaradan oxunaqlı, məzmunlu materiallar məcmuyudur.

Kitabda Fsgərli, Ə.Tanrıverdiyev, İ.Tapdıq, B.Muradov, Ş.Nəbiyeva, Ə.R.Xələfli, M.Adilov və V.Mərdanov, H.Ziya, D.Məmmədov, A.Hacıyev, R.Yusifoğlu, Hidayət, F.Yusifov, B.Həsənli, Sliyev, Ebdülov, Ş.Məmmədov, C.Məhərrəmova və başqalarının müxtəlif zamanlarda qələmə aldıqları yazılar verilmişdir.

Tərtibçi həm də İ.Motyaşov, M.Yampolskaya, M.Vlasova, N.Filonova və b. rus tədqiqatçılarının məqalələrini də kitaba daxil etməklə Z.Xəlilin ədəbi-bədii əsərlərinin keçmiş SSRİ məkanında maraq doğurması haqqında təsəvvür yaradır.

Ümumilikdə məqalələr toplusu öz poetik dünyası, püxtələşib sabitləşmiş üslubu, təkrarolunmaz obrazlar yaradan, folklor və uşaq ədəbiyyatı problemi və s. elmi mövzularda əsərləri ilə ədəbiyyatşünaslıqda özünə mövqe qazanan Z.Xəlil dünyası haqqında zəngin informasiya qaynağıdır.

 

 

Ş.MƏMMƏDOV,

 

E.ƏBDÜLOV

 

         Azərbaycan müəllimi.- 2010.- 2 iyul.- S.8.