Sidney Universiteti
Yerləşir: Avstraliya, Yeni Cənubi Uels ştatı,
Yaranma tarixi: 1850-ci il
Tipi: Dövlət
İşçi heyəti:
3583 nəfər
Tələbələrin sayı: 47775 nəfər
İllik gəlirləri: 1290865000
Avstraliya dolları
İllik xərcləri: 1240687000 Avstraliya dolları
Rəsmi saytı: www.sydney.edu.au
Sidney Universiteti (
Sidney
Universiteti Avstraliyanın "Səkkizlik qrupu"nun,
"Universitetlər - 21" beynəlxalq elmi-tədqiqat, Sakit
Okean Regionu Universitetləri assosiasiyalarının və Beynəlxalq
Universitetlər Şəbəkəsinin üzvüdür.
Tarixi
1848-ci ildə Yeni Cənubi
Uels ştatının Qanunvericilik Şurasının
üzvü Uilyam Uentvort Sidney Kollecinin böyük universitetə
çevrilməsi haqqında plan hazırlayır və
şuraya təqdim edir. Uentvort israr edirdi ki, cəmiyyətin
inkişafı üçün dövlət universiteti
mütləq şərtdir. O deyirdi: "Dövlət universiteti
hər təbəqədən olan uşağa ölkəsinin
müqəddəratına fayda verməyə imkan
yaradır". Uentvortun ikinci cəhdindən
sonra onun planı Qanunvericilik Şurası tərəfindən
qəbul edilir.
Sidney Universiteti 1850-ci il oktyabrın 1-də Sidney Universiteti
yaradılması haqqında qanun imzalandıqdan sonra
açılır. İki il sonra, 1852-ci il
oktyabrın 11-də hazırda Sidney Gimnaziyası adlanan
Böyük sinif otaği yaradılır. Universitetin
ilk rektoru professor və keşiş Con Vulli təyin edilir.
1858-ci ilin fevralında universitet kraliça Viktoriyanın
xartiyasını alır, bundan sonra burada, Böyük Britaniyanın
universitetlərində olduğu kimi, elmi dərəcələr
verilir. 1859-cu ildə ali təhsil müəssisəsi
hazırkı kampusunun yerləşdiyi Kemperdaun şəhərətrafı
qəsəbəsinə köçürülür. 1890-cı ildə universitetdə anatomiya, zoologiya,
texnika, tarix, hüquq, məntiq, fəlsəfə və
psixologiya kafedraları yaradılır.
1938-ci ildə
Sidney Universitetinin nəzdində Yeni İngiltərə
Universitet Kolleci açılır və 1954-cü ildə
müstəqil universitet kimi fəaliyyət göstərməyə
başlayır. 60-cı illərdə Sidney Universitetində
marksizm və feminizm ideyaları yayılır. Həmin dövrdə məşhur filosof Devid
Armstronq fəlsəfə kafedrasına rəhbərlik edirdi.
1989-cu ildə "Ali təhsil haqqında
qanun" qəbul edildikdən sonra Sidney Musiqi
Konservatoriyasının Sidney şöbəsi, Kamberlend Tibb
Kolleci, İncəsənət İnstitutunun
2007-ci ilin
fevralında Sidney Universiteti tibbi tədqiqatların
aparılması məqsədi ilə Müqəddəs Con
Kollecinin ərazisini alır. Müqəddəs Con
Kolleci Roma katolik kilsəsinin tabeliyində olduğu
üçün bəzi şəxslər kollecin
missiyasının mahiyyətini qorumaq üçün burada
tibbi tədqiqatların aparılmasına qarşı
çıxırlar. Universitet rəhbərliyi
isə buna cavab olaraq bildirir ki, tədqiqatlar üçün
kollecin binası deyil, ətraf ərazilər nəzərdə
tutulub.
2010-cu ilin əvvəllərində
universitet özünə yeni loqotip müəyyən edir, daha
doğrusu, köhnəyə bir sıra yeniliklər gətirir:
qalxanın forması, qırağındakı naxışlar,
şirin dərisi, açıq kitab təsvirindəki sətirlərin
sayı, rənglər və s. dəyişdirilir. Gerb öncə olduğu kimi, daha çox formal
xarakter daşıyır.
Büdcə və təhsil haqqı
Sidney
Universitetinin illik gəlirləri 2009-cu ildə 1290865000
Avstraliya dollarına bərabər olub. Göstərilən vəsaitin
564514000 Avstraliya dolları hökumət qrantları, 291480000
Avstraliya dolları təhsil haqqı, 77930000 Avstraliya
dolları investisiya gəlirləri, 90608000 Avstraliya dolları
tədqiqat sazişləri və xidmətlər, 1426000
Avstraliya dolları ticarət markaları və lisenziyalar,
qalanları isə digər vəsaitlər hesabına əldə
olunan gəlirlərdir.
Həmin il
ali təhsil ocağının illik xərcləri isə
1240687000 Avstraliya dolları təşkil edib. Bu məbləğin
754530000 Avstraliya dollarını əməkhaqqı, 52465000
Avstraliya dollarını qiymətdən düşmə və
amortizasiya, 50378000 Avstraliya dollarını təmir və
texniki xidmətlər, 2715000 Avstraliya dollarını aktivlərin
qiymətdən düşməsi, qalanlarını isə digər
xərclər təşkil edib. Ümumilikdə, 2009-cu ildə
Sidney Universitetinin illik dövriyyəsi 1,3
milyard Avstraliya dollarına bərabər olub.
Sidney
Universitetində təhsil haqqının məbləği
fakültə və proqramdan asılı olaraq dəyişir. 2009-2010-cu tədris
ilində burada bakalavr pilləsində oxuyan tələbələrin
təhsil haqqı 4249, 5310, 7567, 8859 Avstraliya dolları
arasında dəyişib. Avstraliyalılar
magistratura və doktorantura pilləsində pulsuz oxuyurlar, əcnəbilərin
bu pillələrdə təhsil haqqı isə 28505 Avstraliya
dolları təşkil edib.
Sidney
Universitetində dünyanın digər universitetlərində
olduğu kimi müxtəlif adda və məbləğdə təqaüdlər
təklif olunur. Dünya ölkələrindən olan tələbələrə
ölkələrinin səfirlikləri tərəfindən də
təqaüdlər ayrılır. Universitetin
tələbələrə verdiyi təqaüd təxminən
6000, 7000, 12500 Avstraliya dollarıdır.
Sidney Universitetində müəllimlərin
illik əməkhaqqı onların tutduğu dərəcədən
asılı olaraq fərqlənir: E və daha yüksək dərəcə
- 139245, D - 108098-119087, C - 89777-103519, B - 73289-87030, A - 51302-69620
Avstraliya dolları. İnzibati işçilərin
əməkhaqqı isə 38515-89777 Avstraliya dolları
arasında dəyişir.
Universitet bu gün
Sidney Universitetinin Sidney şəhəri
ərazisində 10 müxtəlif kampusu var. Kampuslarda
qumdaşından tikilmiş tarixi binalar, kilsələr,
bağ və fəvvarələrlə yanaşı, ən
müasir texnologiyalara malik laboratoriyalara, institutlara, klinikalara,
zavod və fermalara rast gəlmək olar.
Universitetin əsas
kampusu
Əsas
kampusdan əlavə universitetin Kamberlend, Kemperdaun (Derlinqton),
Müqəddəs Ceyms, Rozelli, Kamden, Malett-strit, Burren-strit
şəhərcikləri mövcuddur. Malett-stritdə Tibb bacısı və
mamalıq,
Kamberlenddə Sağlamlıq elmləri
(fizioterapiya, əmək, şüa terapiyaları, nitqin patalogiyası, elmi-tibbi
informasiyanın idarəolunması daxil olmaqla), Müqəddəs
Ceymsdə Hüquq, Rozellidə İncəsənət, Kamdendə
Kənd təsərrüfatı və Baytarlıq
korpusları yerləşir. Eləcə də Uestmid
hospitalına birləşən Sarri-Hils və Uestmid
Ağız Gigiyenası Mərkəzində universitetin
Stomatologiya korpusu, Sidney Operasının yanında Sidney Musiqi
Konservatoriyası, Yeni Cənubi Uels ştatının
Narıncı kənd ərazilərində Narıncı Kənd
təsərrüfatı Kolleci, Kvinslend ştatının
yaxınlığında Narrabri Tədqiqat Mərkəzi, Yeni
Cənubi Uels ştatının Vaterloo ərazisində Teylor
Kolleci vardır.
Sidney Universitetində 16
fakültə mövcuddur: Kənd təsərrüfatı,
qida və təbii resurslar; Memarlıq, dizayn və
planlaşdırma; İncəsənət; Stomatologiya;
İqtisadiyyat və biznes; Pedaqogika və ictimai fəaliyyət;
Mühəndislik və informasiya texnologiyaları; Təsviri
incəsənət; Sağlamlıq elmləri; Tibb; Tibb
bacısı və mamalıq; Əczaçılıq;
Baytarlıq; Elmlər; Hüquq; Musiqi. Hər
fakültənin nəzdində isə xüsusi məktəblər
fəaliyyət göstərir. Məsələn: İncəsənət fakültəsində
Ədəbiyyat, İncəsənət və KİV, Dillər
və Mədəniyyətlər, Fəlsəfə və
Tarixi Məlumat, Ali Sosial və Siyasi Elmlər məktəbləri;
İqtisadiyyat və biznes
fakültəsində Mühasibat, Biznes İnformasiya Sistemləri,
Biznes Qanunu, İqtisadiyyat, Maliyyə, Beynəlxalq Biznes,
Marketinq, Menecment və Ekonometrika Əməliyyatları,
İş və Təşkilati Tədqiqatlar, Nəqliyyat və
Logistika Tədqiqatları, Beynəlxalq Təhlükəsizlik
Problemləri, İş yeri Tədqiqatı mərkəzi, Ali İdarəçilik
məktəbləri; Mühəndislik
və informasiya texnologiyaları fakültəsində
Aerokosmik, Maşınqayırma və Mexatronika, Kimya və
Biomolekulyar, Mühəndislik, Elektrik və İnformasiya,
İnformasiya Texnologiyaları məktəbləri; Sağlamlıq elmləri
fakültəsində Səhiyyədə Davranış və
İctimai Elmlər, Fiziki Tərbiyə və İdman,
Sağlamlıq İnformatikası, Tibbi Şüa Elmləri, Əmək
Terapiyası, Ortoptika, Fizioterapiya, Reabilitasiya Məsləhətləri,
Nitq patalogiyası məktəbləri; Tibb fakültəsində Uestmid Klinikasında
Uşaq Hospitalı, Tibbi Elmlər, İctimai Səhiyyə, Kənd
Rayonlarında Səhiyyə, Mərkəzi, Şimali, Qərbi,
Konkord, Nepin Klinika məktəbləri; Elmlər fakültəsində Elmin Tarixi və Fəlsəfəsi,
Riyaziyyat və Statistika, Fizika, Kimya, Biologiya, Yer Haqqında Elmlər,
Molekulyar Biologiya, Psixologiya məktəbləri; Musiqi fakültəsində
(Sidney Musiqi Konservatoriyası) İfaçılıq və
Akademik tədqiqatlar məktəbi;
Kənd təsərrüfatı,
qida və təbii resurslar; Memarlıq, dizayn və
planlaşdırma; Stomatologiya; Pedaqogika və ictimai fəaliyyət;
Hüquq; Tibb bacısı və mamalıq; Əczaçılıq;
Baytarlıq; Təsviri incəsənət fakültələrində
isə eyniadlı məktəblər mövcuddur. Hər məktəb isə çoxlu sayda bölmələrdən
ibarətdir.
Sidney Universitetinin kitabxana sistemi cənub
yarımkürəsinin ən zəngin kitabxanasıdır və
universitetin müxtəlif kampuslarında yerləşən
ayrıca binalardan ibarətdir: Bedhem (baytarlıq, kənd təsərrüfatı,
biologiya elmlərinə aid kitablar toplanıb), Kamden
(baytarlıq, kənd təsərrüfatı, biologiya elmlərinə
aid), Tədris resursları kolleksiyaları (pedaqogikaya aid),
Stomatologiya, Şərqi Asiya Kolleksiyaları, Tibbi Elmlər,
Frihils Hüquq, Tibb, Tibb bacısı, Nadir kitablar, Şeffer təsviri
incəsənət, SciTech (memarlıq, maşınqayırma,
kimya, yer elmləri, biologiya, fizika və s. aid), Storage (qədim
kitablar saxlanılan), Sidney İncəsənət Kolleci, Sidney
Musiqi Konservatoriyası, Sidney eScholarship rəqəmsal
kolleksiyalar kitabxanaları. Kitabxana sisteminə
ümumilikdə 5 milyondan çox kitab, 300000-dən artıq
elektron nəşr daxildir. Nadir kitablar
kitabxanasında zəngin nümunələr, həmçinin
İncilin Varnavadan qalan nüsxəsi, İsaak Nyutonun "Təbii
fəlsəfə" kitabının ilk
buraxılışı saxlanılır. Fişer
kitabxanasının cənub-qərbində böyük Maklorena
oxu zalı yerləşir.
2007-ci il
iyunun 1-dən Sidney Universitetinin kansleri professor Mari Başirdir.
O, həmçinin, universitet Senatının, Təyinat Komitəsi
və Tələbə Assosiasiyaları Əlaqələri
Komitəsinin sədridir. Universitetin vitse-kansleri isə 2008-ci il iyulun 11-dən doktor Maykl Spensdir. Ali təhsil ocağında çalışan
işçi heyətin ümumi sayı 3583 nəfərə bərabərdir.
Onların 2980 nəfəri akademik, qalanları isə inzibati,
2264-ü qadın, 1319-u kişi
işçilərdir.
Sidney
Universitetində ümumilikdə 47775-ə yaxın tələbə
təhsil alır. Onların 31634 nəfəri bakalavr, 16141 nəfəri
isə magistrant və doktorantlardır. Burada
dünyanın bir çox ölkələrini təmsil edən
9554 əcnəbi tələbə var. Müxtəlif ölkələrin
30 universiteti ilə tələbə mübadiləsi
razılaşması çərçivəsində ali məktəbdə 230 tələbə
oxuyur.
2009-2010-cu tədris
ilində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Sidney
Universitetində bir azərbaycanlı gənc - Aydın
Kazım oğlu Səlimov magistratura pilləsində (biznes
fakültəsi) təhsil alır.
Sidney
Universitetində tələbələrin yataqxanalarla təmin
olunması məsələsi ilə Yerləşmə xidməti
məşğul olur. Tələbələrin qalmaları
üçün kampusun daxilində və xaricində binalar
mövcuddur. Yataqxanalara tələbat
çox olduğundan yerlər məhduddur. Bunun üçün tələbələr ərizələrini
nə qədər tez təqdim etsələr, o qədər
tez burada yer tapmaq şansları olur. Universitetin
kampuslarının hər birində rezidensiya və kolleclər
yerləşir. Bunlardan Darlinqton, Terras, Mandelbaum, Müqəddəs
Endryu, Con, Paul, Santa Sofia, Uesli, Beynəlxalq, Qızlar və s.
yataqxanaları qeyd etmək olar. Həmçinin
tələbələrin qalmaları üçün Sidney
Universiteti kəndi var. Kənddə 2, 4, 5 otaqlı evlər,
mağazalar, kafelər, konfrans zalları tələbələrin
xidmətindədir.
Sidney
Universitetində də, dünyanın hər bir yerində
olduğu kimi, tələbə həyatı təkcə
mühazirə və seminarlarla tamamlanmır. Boş
vaxtlarında gənclər mədəni, siyasi, idman tədbirlərində,
konsertlərdə, festivallarda iştirak edir, muzeylərə, rəsm
qalereyalarına, sərgilərə, təbiət qoynuna
ekskursiyalar təşkil edir və ya sadəcə
kampuslardakı çoxsaylı kafelərin birində
dostları ilə oturub müxtəlif mövzuda söhbətlər
aparırlar. Universitetdə 215-dən
çox gənclər klubu və cəmiyyəti var.
Sidney
Universitetində idmanın, demək olar ki, bütün
növləri ilə məşğul olmaq üçün
şərait yaradılıb. Universitetin
idmançıları ölkə və dünya üzrə təşkil
olunan idman yarışlarında iştirak edir və uğurlu
nailiyyətlər qazanırlar. Ali məktəbin
7 olimpiya və paralimpiya qızıl medalçısı var.
Sidney
Universiteti tələbələrin potensialından maksimal
istifadə edərək onların şəxsi keyfiyyətlərinin
inkişafı üçün geniş imkanlar yaradır,
Avstraliyanın və bütün dünyanın xoş gələcəyi
yolunda səylə xidmət göstərir.
Universitetin məşhur məzunları
IV Taufaaxu Tupou Tonqanın
kralı
Edmunt Berton Avstraliyanın
1-ci Baş naziri
Erl Peyc Avstraliyanın
11-ci Baş naziri
Uiliyam MakMahon Avstraliyanın
20-ci Baş naziri
Qof Uitlam Avstraliyanın 21-ci
Baş naziri
Con Hovard Avstraliyanın
25-ci Baş naziri
Con Kerr Avstraliyanın
18-ci general-qubernatoru
Uilyam Din Avstraliyanın
22-ci general-qubernatoru
Kventin Brays Avstraliyanın 25-ci
general-qubernatoru
Karl Perkins, Noel Pirson Aborigenlərin
liderləri
Robert Mey Böyük
Britaniya Kral Cəmiyyətinin prezidenti
Con Kornfort kimya üzrə
Nobel mükafatı laureatı
Ceraldin Bruks Pulitzer mükafatı
laureatı
Ceyn Kempion, Bryus Beresford məşhur rejissorlar
Hazırladı: Lamiyə ƏLİYEVA
Azərbaycan
müəllimi.- 2010.- 4 iyun.- S.6.