Ölkə məktəblərində "son zəng" çalındı

 

Bu il orta ümumtəhsil məktəblərinin 104037 şagirdi məzun oldu.

 

"Son zəng" həyatda bir dəfə olan və bütün ömür boyu xoş hisslərlə xatırlanan hadisələrdəndir. Bakıdakı İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar təmayüllü liseydə builki məzunlar üçün keçirilən "Son zəng" tədbirini isə nəinki bu təhsil ocağını başa vuran 73 gənc, həm də mərasimin digər iştirakçıları, yəqin ki, heç vaxt unutmayacaqlar.

Liseyin rəhbərliyi, 3 onbirinci sinfin məzun olacaq şagirdləri, onların sinif rəhbərləri bu ənənəvi tədbiri əvvəlki ildəkilərdən fərqli, olduqca zəngin məzmun və orijinal formada hazırlamışdılar. 3 onbirinci sinfin hər birinin ayrıca xüsusi bayram forması və məzun lentləri vardı. Hər biri "Son zəng"ə öz təqdimatını - mahnı, rəqs, şeir, yumorlu səhnəciklərlə dolu proqramını hazırlamışdı.

Mərasim musiqi sədaları altında onbirincilərin tədbirin keçirildiyi yerə - məktəbin bayramsayağı bəzədilmiş geniş həyətindəki meydançaya daxil olması ilə başlandı. Tədbiri açan aparıcılar mərasim iştirakçılarını salamlayıb, onbirinciləri məzun olmaları münasibəti ilə təbrik etdilər. Dövlət himni ifa olundu, Azərbaycan bayrağı qaldırıldı. Onbirincilər öz yoldaşlarından birinin - dərs ilinin başa çatmasına bir neçə ay qalmış dünyasını dəyişmiş Şəhriyar Eyvazovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Onsuz da kövrək hisslər üstündə köklənən tədbirə bu hadisə bir az da kövrəklik qatdı.

V sinif şagirdləri "Azərbaycanım" mahnısını ifa etdilər. XI-lər "Yallı" getdilər. Aparıcılar ölkəmizdə son illər təhsilin inkişafı yönündə görülən işlərdən, əldə olunan uğurlardan, ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğısından, həmin siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsindən, təhsilimizdə aparılan inkişafyönlü işlərdə Heydər Əliyev Fondunun, onun prezidenti, ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın yaxından iştirakından söz açdılar, ölkə təhsilində baş verən inkişaf fonunda liseylərinin də tərəqqi etdiyini vurğuladılar.

Sonra onbirincilərə təbriklər ünvanlandı. Məzunları öncə liseyin direktoru Məhbubə Məmmədova təbrik edib, onlara ən xoş arzularını bildirdi. Tövsiyə etdi ki, heç vaxt  liseylərini, müəllimlərini yaddan çıxarmasınlar, onlarla daim əlaqə saxlasınlar, liseyin və onun əvvəlki illərinin məzunlarının ənənələrini davam etdirsinlər.

M.Məmmədova təbrik çıxışında başa çatmaqda olan dərs ilində liseylərinin əldə etdiyi uğurlara, onların qazanılmasında məzunluq astanasında olan XI sinif şagirdlərinin roluna da toxundu. Qeyd etdi ki, lisey son illər xeyli inkişaf edib. Hazırda o, ölkədə "Elektron məktəb" layihəsinə qoşulmuş 20 ümumtəhsil müəssisəsindən biridir. Liseyin 10 sinfində proyektorla kompüterlər quraşdırılıb. Bildirdi ki, tədris müəssisəsi Türkiyənin Samsun şəhərindəki məktəblərlə "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulub. May ayında liseyin direktoru, 4 müəllimi və 7 şagirdi həmin layihə çərçivəsində Samsun şəhərində səfərdə olmuş, qardaşlaşdıqları Namiq Kamal adına liseyin kollektivi ilə görüşmüşlər.

Direktor M.Məmmədova qeyd etdi ki, liseyin V "A"  (Azərbaycan bölməsi) və V "A" (rus bölməsi) siniflərində eksperimental olaraq yapon dilinin tədrisinə başlanıb. Bununla əlaqədar Yaponiyanın ölkəmizdəki səfirliyi və Yaponiya Mədəniyyət Fondu ilə əlaqələr yaradılıb. Yaponiya səfiri ilə V sinif şagirdlərinin görüşü keçirilib.

Liseyin digər uğurlarından da söz açan M.Məmmədova IX sinif şagirdi Nərmin Məmmədovanın, XI sinif şagirdi Mənsumə Nuriyevanın bu il ölkə üzrə fənn olimpiadalarının son turunda Azərbaycan dili və ədəbiyyat fənnindən II və III yerləri tutduqlarını, XI sinif şagirdi Elçin Salahovun respublika üzrə riyazi məntiq olimpiadasında 50 ən yaxşı şagird sırasına düşdüyünü və final turuna vəsiqə qazandığını, ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar keçirilmiş müsabiqədə IX "A" sinif şagirdi Fəridə Əfəndizadənin qaliblər sırasına çıxdığını, ibtidai sinif şagirdlərindən 7 nəfərin şahmat turnirində III yeri tutduğunu diqqətə çatdırdı.

Sonra dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagirdlərə və müəllimlərə mükafatlar - Fəxri fərmanlar və diplomlar təqdim olundu.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülbuta Abıyeva, tarix müəllimi Qənirə Yaqubova, buraxılış siniflərinin rəhbərləri Təranə Aslanova, Sevda Məhsəliyeva, Təranə Abbasova, direktor müavinləri Sədaqət Nağıyeva, Afət Əsədova, Mehriban Salahova da öz yetirmələrini məzun olmaları münasibəti ilə səmimi-qəlbdən təbrik edib, onların valideynlərinə gözaydınlığı verdilər, məzunlara müstəqil həyatlarında uğurlar arzuladılar.

Sonra onbirinci siniflər hazırladıqları maraqlı proqramı növbə ilə təqdim etdilər. Çıxış edən məzunlar yaşadıqları 11 illik maraqlı məktəb həyatına, əldə etdikləri bilik və bacarıqlara, hər zaman görüb duyduqları isti münasibətə görə liseyin direktoru Məhbubə Məmmədovaya, bütövlükdə müəllim kollektivinə və onun ayrı-ayrı üzvlərinə minnətdarlıqlarını bildirib, barələrində xoş sözlər dedilər.

Mərasimin ən maraqlı və sevindirici anlarından biri XI "A" sinfinin rəhbəri Təranə Aslanovanın yetirmələrindən 3-nün artıq imtahan verərək qardaş Türkiyənin ən nüfuzlu ali məktəblərinə qəbul olunmaları barədə məlumat verməsi oldu. Mərasim iştirakçıları tələbə adını qazanmış Əmrah Abbasovu, Toğrul Abbaslını və Murad Qurbanovu alqışlarla qarşıladılar. Direktor M.Məmmədova yüksək uğura imza atmış hər üç məzunu təbrik etdi.

Birinci sinif şagirdləri meydana daxil olub, onbirincilərə öz təbriklərini şeirlər, mahnılarla çatdırdılar.

Nəhayət, mərasimin ən kövrək və həyəcanlı anı gəlib çatdı. Dərs ilinin başa çatdığını, onbirinci sinif şagirdlərinin məzun olduğunu bildirən "son zəng" çalındı. Mərasim iştirakçılarının alqış sədaları altında onuncular liseyin rəmzi açarını onbirincilərdən qəbul etdilər. "Məktəb illəri"nin həzin, kövrək hisslər doğuran melodiyası ətrafa yayıldı...

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.1.