Bakıdakı 20 nömrəli məktəbdə möhtəşəm məzun günü keçirildi

 

Mayın 31-də, respublikamızın bütün məktəblərində olduğu kimi, Bakıdakı 20 nömrəli məktəb-liseydə "Son zəng" keçirildi. Tədbirdə Yasamal Rayon İcra  Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri digər qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Sabir  Məmişov qonaqları salamladı, məzunları onların valideynlərini təbrik etdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin 223 nəfər XI sinif şagirdi buraxılış imtahanında iştirak edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəbbət Qarabağlı  bildirdi ki, düz on bir il bundan əvvəl çantası özündən böyük olan, vaxtilə həsədlə onbirincilərə baxan uşaqlar bu gün məzundurlar. Biz də bu əziz gündə həyata  vəsiqə alan gəncləri məktəbi bitirmələri münasibətilə təbrik edir və onlara uğurlar diləyirik.

Məzunlar adından Leyla Məmmədova, Tural Fərəməzov, Turqut Salayev və başqaları çıxışlarında  sevimli müəllimlərinə minnətdarlıqlarını bildirdilər.

Sonra məktəblilərarası müsabiqədə qalib  olan şagirdlərin musiqi  kompozisiyası dinlənildi və "Son zəng"də XI sinfin məzunu Eldar  Hüseynov  məktəbin rəmzi açarını I "A" sinif şagirdi Fərid Məmmədliyə təqdim etdi.   

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.1.