Təhsil Nazirliyində
buraxılış imtahanları ilə bağlı iclas keçirilib
İyunun 1-də Təhsil
Nazirliyində ölkəmizin ümumtəhsil məktəblərində
buraxılış imtahanlarına hazırlıq və
onların aparılması ilə bağlı iclas
keçirilib. İclası təhsil naziri Misir Mərdanov
açaraq ölkəmizin təhsil işçiləri
üçün məsul bir dövrün
başlandığını, iyunun 3-dən etibarən 16
gün ərzində ümumtəhsil məktəblərinin IX
və XI siniflərində buraxılış
imtahanlarının keçiriləcəyini bildirib. Nazir qeyd
edib ki, mərkəzləşdirilmiş qaydada buraxılış
imtahanları XI siniflərdə son bir neçə il ərzində
həyata keçirilsə də, IX siniflərdə ilk dəfə
tətbiq olunur. Əvvəlki illərdə olduğu kimi, XI
sinif şagirdləri 8, IX sinif şagirdləri isə 2 fənn
üzrə imtahan verəcəklər. Təhsil naziri cari dərs
ilində ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90134 nəfər şagirdinin orta təhsil,
127796 şagirdin isə
əsas təhsil səviyyəsi üzrə yoxlama
imtahanları verdiyini nəzərə
çatdırıb. Yoxlama imtahanlarının cari ilin fevral,
mart və aprel aylarında 4 bölgə üzrə 294
imtahan mərkəzində keçirildiyini bildirən nazir əlavə edib ki, aprelin 25-də
ölkəmizdəki peşə liseylərinin 4437 nəfər
şagirdi buraxılış
imtahanları verib.
Nazir Misir Mərdanov yoxlama
imtahanında iştirak edən IX sinif şagirdlərinin 64,71,
XI sinif şagirdlərinin isə 41,25 faizinin müvəffəq
qiymətlər aldığını bildirib, əvvəlki
illərlə müqayisədə imtahan prosesinin aparılma
mexanizminin təkmilləşdiyini, şagird və valideynlərin
buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada aparılmasına münasibətlərinin müsbət
mənada dəyişdiyini, imtahan nəticələrinin
müvəffəqiyyət və keyfiyyət faizi
baxımından yüksəldiyini vurğulayıb. Nazir ötən
illə müqayisədə ölkə üzrə bu
artımın 10 faizdən bir qədər çox olduğunu
qeyd edib.
Sınaq imtahanlarının əsasən
şəffaf və ədalətli keçirildiyini deyən
nazir imtahanların aparılmasında imtahan rəhbəri kimi
Təhsil Nazirliyinin əməkdaşları ilə
yanaşı, Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin, Təhsil Problemləri İnstitutunun, Bakı
Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun, müxtəlif ali və orta ixtisas təhsili
müəssisələrinin, Bakı şəhərinin
qabaqcıl məktəb direktorları, direktor müavinləri
və müəllimlərinin yaxından iştirak etdiklərini
qeyd edib və bu işdə əməyi olanların
hamısına təşəkkürünü bildirib.
Misir Mərdanov ölkəmizin
4 bölgəsində əsas və orta təhsil kursu üzrə
buraxılış imtahanlarının keçirilmə tarixlərini
nəzərə çatdırıb, XI sinif şagirdlərinin
3, IX sinif şagirdlərinin isə 1 saat 30 dəqiqə ərzində
imtahan verəcəklərini bildirib. Daha sonra nazir respublika fənn
olimpiadalarında I yer tutmuş, həmçinin müxtəlif
beynəlxalq səviyyəli olimpiadalarda, bilik və idman
yarışlarında müvəffəqiyyət əldə
etmiş buraxılış siniflərinin şagirdlərinin
imtahanlardan azad olunduqlarını açıqlayıb.
İclasda iştirak edən
imtahan rəhbərlərinə bu mühüm işə məsuliyyətlə
yanaşmağın vacib olduğunu xatırladan təhsil
naziri imtahanların uğurla keçirilməsi
üçün bütün zəruri tədbirlərin
görüldüyünü söyləyib, imtahan rəhbəri
kimi üzərlərinə düşən vəzifələri
bir daha onların diqqətinə çatdırıb. Nazir
imtahan rəhbərlərinə müvafiq tapşırıq və
tövsiyələrini verib.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.2.