Uşaqların müdafiəsi
daim diqqət mərkəzindədir
İyunun 1-də Təhsil Nazirliyində 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq öncə bu günün tarixi barədə məlumat verdi. Qeyd olundu ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı səslənən təkliflərə əsasən 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, həmin gün Azərbaycanda da qeyd olunur.
Nazir ölkəmizdə uşaqların rifahının yüksəldilməsi ilə bağlı məsələləri dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığını xüsusi qeyd etdi. Təhsil naziri bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində qoyduğu ənənələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Nazir son illər uşaqların hüquqlarının qorunmasına yönəlmiş bir sıra proqramların həyata keçirildiyini söylədi. Belə mühüm proqramlardan biri olan "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"ndan ətraflı söz açan təhsil naziri bu istiqamətdə görülən işləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Adıçəkilən proqramdan irəli gələn vəzifələrin bir sıra dövlət və beynəlxalq qurumlarla sıx əməkdaşlıq çərçivəsində həyata keçirildiyi qeyd olundu. Nazir Misir Mərdanov daha sonra cari ilin fevralında yaradılmış "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyətinə də toxunaraq onu ölkəmizdə uşaqların müdafiəsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirdi. "Azərbaycan Uşaq Qaynar Xətt"in əhəmiyyətindən danışan nazir bu xidmətin yaradılmasında, onun təşkilində Təhsil Nazirliyinə dəstək olan bütün ictimai qurumlara, təşkilat və şirkətlərə öz təşəkkürünü bildirdi.
Çıxış üçün söz alan YUNİSEF-in Azərbaycandakı nümayəndəsinin müavini Rəşid Mustafa təmsil etdiyi təşkilatla Təhsil Nazirliyi arasında mövcud olan əməkdaşlıqdan razılıq hissi ilə danışdı.
Azərbaycanda uşaq hüquqlarının müdafiə olunması mexanizmləri və alternativ qayğı xidmətlərinin yaradılması sahəsində çox böyük işlərin görüldüyünü söyləyən Rəşid Mustafa bunu yüksək qiymətləndirdi. R.Mustafa YUNİSEF-lə Təhsil Nazirliyinin ölkəmizdə uşaqların hüquqlarının qorunması, sağlamlığı və inkişafı sahəsində olduqca vacib olan birgə layihələr həyata keçirdiyini deyərək əldə olunan müsbət nəticələri diqqətə çatdırdı. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" çərçivəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirən Rəşid Mustafa Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılmasını bu sahəyə olan diqqətin bariz nümunəsi kimi səciyyələndirdi. Çıxışının sonunda təmsil etdiyi təşkilatla Təhsil Nazirliyi arasındakı işgüzar əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini qeyd etdi.
Sonra "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin rəhbəri Cəmilə Tağıyeva xidmətin fəaliyyətinə, gördüyü işlərə dair məruzə-təqdimat ilə çıxış etdi. Qeyd olundu ki, "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin (480-22-80, (050) 680-22-80, (051) 880-11-80) yaradılmasında əsas məqsəd problemlərlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək, uşaqların müraciətlərinin digər müvafiq xidmətlərə yönəldilməsini təmin etmək və təxirəsalınmaz köməyin göstərilməsidir. "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətindən dövlət uşaq müəssisələrində olan, küçədə yaşayan və işləyən, istismara və zorakılığa məruz qalan, psixoloji və emosional problemlərlə üzləşən, fiziki və əqli cəhətdən imkanları məhdud olan, habelə böhranlı ailələrdən çıxmış, hüquqları pozulmuş, xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqlar istifadə edə bilərlər. Eyni zamanda "qaynar xətt"ə uşaq məsələləri ilə bağlı valideynlər, fəaliyyəti uşaqların təhsili və tərbiyəsi ilə bağlı olan mütəxəssislər də zəng edib məsləhət ala bilərlər.
Cəmilə Tağıyeva daha sonra tədbir iştirakçılarına "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin vəzifələri, səciyyəvi xüsusiyyətləri, əsas iş prinsipi, burada çalışan işçi heyəti, bu işə dəstək verən təşkilatlar barədə ətraflı məlumat verdi. O, cari ilin fevralından bu günə kimi "qaynar xətt" xidmətinə 265 müraciətin daxil olduğunu bildirdi. Onu da qeyd etdi ki, aparılan təhlil nəticəsində müraciətlərin psixoloji, sosial, hüquqi, təhsil və tibbi sahələrdə olan problemlərlə bağlı olduğu müəyyən edilmişdir. Adıçəkilən sahələr üzrə müraciət edənlərlə bağlı statistik rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdıran C.Tağıyeva həmin şəxslərə ehtiyaclarına uyğun xidmətlərin göstərildiyini dedi. Xidmətin rəhbəri daha sonra aparılmış digər təhlillər və nəticələr barədə açıqlama verdi. Məruzə-təqdimatda həmçinin "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin perspektiv planları haqqında da geniş məlumat verildi. Qeyd olundu ki, yaxın müddətdə xidməti genişləndirərək Bakının 11 rayonunu əhatə etməsi, daim artan zəngləri itirməmək və uşaqları xətdə çox gözlətməmək üçün operatorların və telefon nömrələrinin sayının artırılması və digər həlli vacib məsələlərin həyata keçirilməsi nəzərdə tutulur. "Azərbaycan Uşaq Qaynar xətt" xidmətinin fəaliyyəti barədə ətraflı danışan C.Tağıyeva bu xidmətin ölkəmizdə müdafiəyə ehtiyacı olan hər bir uşağa yardım göstərməyə hazır olduğunu söylədi.
Sonra tədbir iştirakçıları "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin səmərəliliyinin artırılması ilə bağlı müvafiq təkliflərlə çıxış etdilər.
Tədbiri təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq "Azərbaycan Uşaq Qaynar Xətt" xidmətinin fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bildirdi, iştirakçılara bir sıra tövsiyələr verdi.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.2.