Müdrikliklə əməksevərlik qovuşanda
Qasım Zülfəli oğlu Hüseynov 25 may 1940-cı
ildə Naxçıvan MR-in Şahbuz rayonunda anadan olub. Bölgənin Kükü kənd məktəbində
orta təhsil alıb. 1963-cü ildə Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini fərqlənmə
diplomu ilə bitirib.
...Hazırda BDU-nun Neft kimyası və kimya texnologiyası
kafedrasının professoru, ali məktəbin nəzdində olan "Gənc istedadlar"
liseyinin direktoru vəzifələrində çalışır.
Elm yollarında
Günləri
ömrün salnamə sətirlərinə çevirib
yaşadıqca taleyin qismətimiz olacaq məqamlarına
yaxınlaşırıq. Bu yollar heç də rahat və
uğurlu olmur. Həyat mövqeyi insandan məqsədyönlü
fəaliyyət, bilik və bacarıq, əmək və istedad
tələb edir. Üstəlik inam və ümidlə
yaşamalısan.
Ali məktəbi
fərqlənmə diplomu ilə bitirən Qasım Zülfəli
oğlu Azərbaycan EA-nın Neft-Kimya Prosesləri
İnstitutuna göndəriləndə artıq məqsədini
müəyyənləşdirmişdi. İstirahət
günlərində belə kimyəvi elementlərin
qarışıq qoxusu əbədi olan laboratoriyalarda
çalışdı. 1968-ci ildə "2,5 dialkil - və 2,5 dihalogen tiofenollar və
onların S - əvəzli törəmələrinin sintezi və
tədqiqi" mövzusunda namizədlik dissertasiyasını
müdafiə etdi. Akademik Əli Quliyevin rəhbərliyi
altında Aşqarlar Kimyası İnstitutunda kükürd,
azot və oksigen atomu olan yeni üzvi maddələrin alınma
üsulları tapıldı, həmin maddələr aşqar,
inhibitor və analitik reagent kimi araşdırıldı.
O, üzvi kimyanın çox az tədqiq
olunmuş tiofenollar və merkartokarbon turşularının
reaksiya qabiliyyətləri və kimyəvi xassələrini
öyrəndi, kükürdlü birləşmələrin
sintezinin yeni prinsiplərini işləyib hazırladı.
Bəzi
kükürdlü üzvi maddələrin (sulfid, disulfid və
aminosulfidlərin), fenolların tərkibində kükürd
atomu olan törəmələrinin, eləcə də
heterotsiklik birləşmələrin sintezinin sadə, effektli
üsullarını ilk dəfə təklif edən
Q.Hüseynov olub. O, həmçinin bir sıra üzvi maddələrin
elektronodonor xassələrini, dipol momentlərini və istiliyə
davamlılığını, bu maddələrin
quruluşları ilə aşqar kimi effektləri
arasındakı asılılığı öyrənib əvvəllər
məlum olmayan qanunauyğunluğu müəyyən etdi. Aşkara
çıxardı ki, sulfidlərdə
kükürd atomuna görə ß-vəziyyətdə
mürəkkəb efir qrupunun olması maddənin antikorroziya
xassəsini kəskin surətdə
yaxşılaşdırır.
Qasım Hüseynovun elmi-tədqiqat işləri sürtkü yağlarının, yanacaqların keyfiyyətini yaxşılaşdıran aşqarların, metalları korroziyadan qoruyan inhibitorların və analitik reagentlərin sintezinə və tədqiqinə həsr olunub. Kimyaçı alim dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan, keçmiş SSRİ-də ilk dəfə alınan və tətbiqinə dair 1977-ci ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən qərar verilən İXP-706 aşqarının müəlliflərindəndir. Dizel mühərriklərinin işlənmiş qazlarının tüstülüyünü azaldan və sürtkü yağlarının korroziyaya qarşı davamlılığını xeyli artıran səmərəli aşqarların sintezi üçün elmi prinsiplər müəyyənləşdirən alim yeni perspektiv istiqaməti göstərmiş, aşqarların quruluşu ilə onların effektliliyi arasındakı asılılığı göstərən ümumi qanunauyğunluqları müəyyənləşdirib.Onun "Kobaltın fotometrik üsulla təyini" ixtirası hələ Sovet dövründən - 1986-cı ildən Xarkovdakı zavodda tətbiq olunur.
Q.Hüseynov 1991-cı ildə "Tiollar və fenolların funksional törəmələri sürtkü yağlarına və yanacaqlara aşqar kimi" (neft kimyası üzrə) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Qasım Zülfəli oğlunun elmi-tədqiqat işlərinin nəticələri 175-dən çox elmi əsərdə, o cümlədən 16 müəlliflik şəhadətnaməsində öz əksini tapıb.
O, dəfələrlə beynəlxalq simpoziumlarda Azərbaycan kimya elmini ləyaqətlə təmsil edib. Professor Qasım Hüseynov elmi kadrların hazırlanması sahəsində də bilik və əməyini əsirgəməyib. Onun rəhbərliyi altında 10 nəfər magistr, yaxından iştirakı ilə 7 nəfər namizədlik dissertasiyası müdafiə edib. Professor Q.Hüseynov respublika və xarici ölkələrin nüfuzlu elmi jurnallarında nəşr olunmuş məqalələrin müəllifidir.
O, Azərbaycan MEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu nəzdində Dissertasiya Şurasının üzvüdür.
Ali məktəb müəllimi,
rektor
1977-ci ildə müsabiqə yolu ilə pedaqoji sahəyə keçən Qasım Zülfəli oğlu Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, dosent, kafedra müdiri kimi bilik və bacarığını əsirgəməyib. Ali məktəb həyatında bir müəllim-alim kimi təcrübə toplayıb. Və 1989-cu ildə o, Naxçıvan Dövlət Pedaqoji İnstitutunun rektoru təyin edilib. Üzvi kimya fənnini tədris etməklə yanaşı, kimya kafedrasının elmi istiqamətlərindən birinə rəhbərlik edib.
Həmin dövrdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində NDU-da xeyli uğurlar qazanıldı, yeni ixtisaslar açıldı, kafedralar fəaliyyətə başladı.
***
1996-cı ilin
oktyabr ayından Qasım müəllim Bakı Dövlət
Universitetinin Neft kimyası və kimya texnologiyası
kafedrasının professoru vəzifəsində elmi-pedaqoji fəaliyyətini
davam etdirir. Onun
elmi nəticələrindən (üzvi maddələrin dipol
momentləri,
elektronodonor xassələri, hidrogen rabitəsi əmələ
gətirmək qabiliyyətləri, sürtkü
yağlarının və yanacaqların xassələri və
s.) ali məktəblərdə tədris prosesində əlavə
mənbə kimi istifadə olunur.
Çoxillik təcrübədən doğan təkliflər
Professor Qasım Hüseynov ali məktəbdə - BDU-da
çalışmaqla yanaşı, bir müddət
kimya-biologiya təmayüllü respublika liseyində dərs
deyib. Yetirmələri ali məktəblərə
qəbul imtahanlarından uğurla çıxıblar. Bu illərdə
o, öz yetirmələrinə ekologiya, ətraf mühit və
ekologiyanın kimyəvi problemləri mövzularında məruzələr
edib; şagirdlərini ali məktəb
laboratoriyalarına, Təkamül muzeyinə ekskursiyaya gətirib.
Təbiətən humanist və sadə olan Qasım Hüseynov vətəndaş alim kimi ali və orta məktəblərdə tədrisin keyfiyyətini yaxşılaşdırmaq üçün təkliflərini hələ on il əvvəl qələmə alıb:
· Savadlı, öz işinə bağlı müəllimlərin əməyi yüksək qiymətləndirilməlidir; müəllimlərin sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara imtiyazlar verilməlidir.
· Ali və orta məktəblərin maddi-texniki bazası müasir avadanlıqlarla, cihazlarla və s. möhkəmləndirilməlidir.
· Hazırkı tələblərə cavab verən dərsliklərin hazırlanmasına xüsusi diqqət və qayğı göstərilməlidir.
· Tələbə və şagirdlərin biliyinin "5 bal" sistemi ilə qiymətləndirilməsi ədalətli sayıla bilməz. Ona görə də çoxballı sistemə keçilməsi məqsədəuyğundur.
· Ali məktəblərdə qüvvədə olan ümumi bərabərçilik prinsipi (eyni vəzifədə çalışan müəllimlərin əməyinin eyni səviyyədə qiymətləndirilməsi) özünü doğrultmur.
· Mövcud şərait gənclərin təlim-tərbiyəsinə xüsusi diqqət yetirilməsini tələb edir. Bu işlə təkcə müəllim və valideynlər deyil, bütün ictimaiyyət məşğul olmalıdır.
· Orta məktəblərdə ayrı-ayrı fənlərin, xüsusən təbiət elmlərinin və riyaziyyatın, həmçinin xarici dillərin tədrisinin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.
· Müəllimlər öz fəaliyyətlərində gənclərimizin tarixi yaddaşını formalaşdırmaq, onlarda milli mənlik şüurunu inkişaf etdirmək, vətənpərvərlik hissi aşılamaq kimi məsələlərə xüsusi yer ayırmalıdırlar.
· Kimya fənninin tədrisi
prosesində müəllimlər:
a) gənclərdə
vətənpərvərlik hissi aşılamaq məqsədilə,
keçilən mövzuya uyğun olaraq, Azərbaycan kimyaçılarının
elmi nailiyyətləri barədə qısa məlumat verməlidirlər;
b) keçilən
mövzuya uyğun olaraq, ekologiyanın kimyəvi problemləri,
respublikamızdakı ekoloji vəziyyət barədə məlumat
verməlidirlər;
c) çalışmalıdırlar
ki, gənclər yaradıcı fikirləşə bilsinlər,
məsələnin mahiyyətini başa düşsünlər,
Niyə, Nə üçün - suallarına cavab verə
bilsinlər.
Yenidən təhsil müəssisəsinə rəhbərlik:
lisey direktorunun fəaliyyəti
2007-ci ilin 8 iyununda Azərbaycan
Təhsil Nazirliyinin 708 nömrəli əmri ilə Bakı
Dövlət Universitetinin nəzdində "Gənc
istedadlar" liseyi yaradıldı.
Ölkənin ilk
universitetinin nəzdində yaradılan bu tədris
ocağı dövlət başçısı İlham Əliyevin
"Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
Dövlət Proqramı (2006-2010-cu illər)" haqqında Sərəncamı
(17.04.2006) ilə yaradılmışdı və məqsəd
dərin biliyi və geniş dünyagörüşü olan
milli ruhlu gənclər yetişdirməkdi. BDU-nun
rektoru, millət vəkili, akademik Abel Məhərrəmov
Qasım Hüseynovun direktor təyin olunmasını məsləhət
bildi. Kollektiv işə əzmlə
başladı.
Tədris Azərbaycan və
rus dillərində aparılan liseyin rəhbərliyi və
pedaqoji kollektivinin səmərəli fəaliyyətinin nəticələrindən
biri: 2009-2010-cu tədris ilində V sinif üçün nəzərdə
tutulan 48 yerə qarşı 734 ərizə verildi...
"Gənc istedadlar"
liseyinin pedaqoji kollektivinin keyfiyyət tərkibi bu tip təhsil
ocaqları üçün qibtə doğuracaq bir vəziyyətdədir:
bir nəfər elmlər doktoru, iyirmi nəfər elmlər
namizədi, eləcə də ali kateqoriyalı müəllimlər,
Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının aparıcı ekspertləri, müxtəlif
dövrlərdə Bakı üzrə müsabiqələrdə
"İlin ən yaxşı müəllimi"
nominasiyalarının qalibləri olanlar milli təhsilin
uğurlarını dərinləşdirmək naminə əlbir
fəaliyyət göstərirlər.
Dünya təcrübəsindən
bəllidir ki, cəmiyyətin inkişafı təhsillə
bağlıdır. İstənilən bir ölkədə
xalqın yolu keçən təhsil sisteminin səviyyəsi cəmiyyətin
inkişafına əsaslı təsir göstərir. Məhz buna görədir ki, dünya miqyaslı təhsillə
bağlı qurumlar hər hansı bir ölkədə
toplanmış qabaqcıl məktəb və müəllim təcrübəsinin
öyrənilməsi, ümumiləşdirilib
yayılmasına böyük önəm verirlər. Bu
baxımdan cəmi 3 illik salnaməsi olan liseyin rəhbərliyi
və pedaqoji kollektivinin təşəbbüsü ilə
Bakı Dövlət Universitetinin 90 illiyinə həsr
olunmuş respublika konfransı keçirilməsi təklifi
BDU-nun rektorluğu tərəfindən təqdir olundu. BDU-nun rektoru, akademik Abel Məhərrəmovun sədrliyi
ilə tanınmış alim və müəllimlərdən
ibarət təşkilat komitəsi yaradıldı.
Ümumi orta təhsil əslində
ali və orta ixtisas təhsilinin, diplomdansonrakı
təhsilin əsasıdır. Ümumi təhsil
hazırlığı fasiləsiz təhsilin
inkişafında mühüm faktorlardandır. Odur ki, liseyin təşəbbüsü ilə təşkil
olunan birinci respublika konfransı "Müasir şəraitdə
orta ümumtəhsil məktəblərində tədrisin
keyfiyyətini yüksəltmək yolları" mövzusunda
keçirildi. Humanitar, təbiət,
riyaziyyat və informatika elmləri bölmələri üzrə
təcrübədən bəhs edən çoxlu sayda məruzələr
dinlənildi.
İnsan əməyinin dəyəri: təltiflər, fəxri
adlar
Bəşəriyyətin
inkişafına xidmət edən insan əməyi heç
vaxt unudulmur. Dünya miqyasında verilən mükafatlardan
başlamış hər bir ölkə daxilində mövcud
olan dəyərləndirmə, mükafatlandırma
formaları özlüyündə insan - alim, müəllim, həkim,
yazıçı, jurnalist, mühəndis... əməyinə
verilən qiymətdir. Azərbaycan kimya elminin
inkişafında, milli təhsilimizin ali təhsil və
ümumi orta təhsil pillələri üzrə
uğurlarında rektor, lisey direktoru kimi əqli əməyi, təşkilatçılıq
fəaliyyəti olan Qasım Hüseynov "Şərəf
Nişanı" ordeni (1986), D.İ.Mendeleyev adına
Ümumittifaq Kimya Cəmiyyətinin Fəxri fərmanı,
"Azərbaycan Respublikasının əməkdar müəllimi"
fəxri adı (2009) ilə təltif olunub, qiymətləndirilib.
***
Hər gün Əhməd Cəmil
küçəsi,41a ünvanında yerləşən
"Gənc istedadlar" liseyinə onlarca beşinci sinfə
keçmiş məktəblilər gəlirlər. Onlar burada - artıq öz uğurları ilə
tanınmış liseydə təhsil almaq istəyirlər.
Bu istəyin reallaşması müsabiqə yolu
ilə mümkündür. Xalqın gələcəyi
olacaq gəncliyin bilikli və
geniş dünyagörüşlü yetişməsi
üçün pedaqoji kollektiv, liseyin direktoru, kimya elmləri
doktoru, professor, respublikanın əməkdar müəllimi
Qasım Hüseynov seçim prosesinə də diqqət və
qayğı ilə, dərin məsuliyyət hissi ilə
yanaşırlar. Axı uğurlara aparan yollar inam və
etibardan keçir...
Mirzə ALLAHVERDİYEV,
kimya elmləri doktoru,
professor,
Şamxəlil MƏMMƏDOV,
pedaqoji elmlər üzrə
fəlsəfə doktoru, əməkdar journalist
Azərbaycan müəllimi.- 2010.- 4
iyun.- S.4.