Bəxtiyar Vahabzadənin 85
illik yubileyi qeyd olundu
İyunun 2-də
Bakı Dövlət Universitetinin (BDU) böyük akt
zalında xalq şairi, dramaturq, ədəbiyyatşünas,
akademik Bəxtiyar Vahabzadənin 85 illik yubileyinə həsr
olunmuş tədbir keçirilib. Tədbiri açan universitetin
rektoru, millət vəkili, akademik Abel Məhərrəmov
böyük şairin həyat və
yaradıcılığından danışıb, onun Azərbaycan
xalqı və dövləti qarşısındakı
mühüm xidmətlərini diqqətə
çatdırıb. Bəxtiyar Vahabzadənin Azərbaycanda
milli şüur və təəssübkeşliyin, milli təfəkkür
və oyanışın, vətəndaş mövqeyinin
formalaşmasında böyük rol oynadığını
vurğulayan rektor, fəaliyyətinin əsas hissəsinin Sovet
dövrünə təsadüf etməsinə baxmayaraq, hər
zaman milli oyanışı
yaradıcılığının ana xətti kimi qoruyub
saxladığını, "Gülüstan"
poemasının məhz bu dönəmdə
yazıldığını və böyük səs-küyə
səbəb olduğunu bildirib: "Bəxtiyar müəllim
özü deyirdi ki, "Gülüstan"dan sonra hər
gün evdən çıxanda
düşünürmüş ki, geri qayıtmayacaq. Amma
böyük şairin arxasında güclü bir əl
dayanmışdı. Sonralar məlum olmuşdu ki, bu,
ümummilli ilder Heydər Əliyevin əli imiş". Rektor bildirib ki, bununla
ulu öndər üstüörtülü də
olsa milli oyanışa təkan verib, bu sahədə
yazıb-yaradan insanların
əsl himayəçisinə,
qoruyucusuna çevrilib.
Ədəbi fikir tariximizin formalaşmasında
müstəsna xidmətləri
olan dahi şairin həyatının
50 ilinin BDU ilə bağlı olduğunu bildirən akademik Abel Məhərrəmov onun hər bir
şeirində olan sətiraltı mənadan,
fəlsəfədən də
danışıb. Böyük
şairin 85 yaşının
avqust ayında tamam olacağını bildirən rektor bugünkü tədbirlə
yubiley mərasiminə
start verildiyini söyləyib: "BDU-da Bəxtiyar Vahabzadə adına təqaüd təsis olunub, yubiley mərasiminə qədər universitetdəki
auditoriyalardan birinə
adının verilməsi
qərara alınıb".
Şairin yaxın dostu, əqidə
yoldaşı, professor Şirməmməd Hüseynov isə Bəxtiyar
Vahabzadənin ictimai-siyasi fəaliyyətindən,
yaradıcılığından deyil, vətəndaş
mövqeyindən bəhs edib, böyük dostu ilə
bağlı xatirələrindən danışıb. Azərbaycanın
Polşadakı fövqəladə və səlahiyyətli səfiri
Həsən Həsənov, professor İfrat Əliyeva da
çıxışlarında şairlə bağlı xatirələrini
bölüşüb, yaradıcılığından
nümunələr gətiriblər. Tədbirdə Bəxtiyar
Vahabzadənin vaxtilə çalışdığı
filologiya fakültəsinin tələbələri şairin
"Gülüstan" poemasından səhnəcik nümayiş
etdirib, şeirlər söyləyiblər. Tədbirdə xalq
artistləri - Arif Babayev, Flora Kərimova, Nazpəri Dostəliyeva,
muğam müsabiqəsinin qalibi Babək Niftəliyev
şairin sözlərinə yazılmış və sevdiyi
mahnıları ifa ediblər.
BDU-nun Mətbuat və
informasiya söbəsi
Azərbaycan müəllimi.-
2010.- 4 iyun.- S.4.