Uşaqlar üçün bayram tədbiri
Mayın 31-də Gənc Tamaşaçılar Teatrında 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Sülh göyərçiniyik biz" adlı bayram tədbiri keçirilib. "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə təhsil naziri Misir Mərdanov, millət vəkilləri, tanınmış alimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir açıq elan edilib, Dövlət himni ifa olunduqdan sonra təhsil naziri Misir Mərdanov təbrik nitqi söyləyib.
Mərasim iştirakçılarını salamlayan nazir 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Gününün artıq 60 ildir ki, dünyanın hər yerində bayram kimi qeyd olunduğunu bildirib və əziz bayramları münasibətilə uşaqları səmimi-qəlbdən təbrik edib. Dünyanın bütün uşaqlarına həmişə açıq səma altında böyüməyi, daim valideynlərinin və doğmalarının diqqəti və qayğısı altında olmağı, hər bir uşağa səmərəli və yaxşı mühitdə təhsil almaq imkanlarının verilməsini arzu edən təhsil naziri onlara öz millətləri, vətənləri üçün uğurlu bir həyat yolu keçməyi, təhsildə qazandıqları uğurları artırmağı, valideynlərini, müəllimlərini sevindirməyi, vətənpərvər olmağı tövsiyə edib.
Misir Mərdanov müstəqillik illərində ölkəmizdə uşaqlara xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edib ki, təhsilə və uşaqlara qayğı bu gün dövlətimizin başçısı, möhtərəm Prezident İlham Əliyevin siyasətinin prioritetlərindəndir. Son illər ölkəmizdə uşaqların sağlam böyüməsi, inkişafı, problemlərinin həlli baxımdan uğurlu addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ondan çox dövlət proqramı təsdiq olunub, onların həyata keçirilməsi üçün dövlət büdcəsindən xeyli vəsait ayrılıb. Təhsil naziri son bir neçə il ərzində respublikamızda 2000-dən çox məktəb, uşaq bağçası və digər təhsil müəssisələri üçün yeni binaların və əlavə tədris korpuslarının tikilməsi və əsaslı təmir olunmasını təhsilə və uşaqlara göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirib, həmin işlərin görülməsində beynəlxalq təşkilatlarla, xüsusən də YUNİSEF, YUNESKO, İSESKO və digər humanitar qurumlarla əməkdaşlığın, birgə həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Nazir təbrik nitqində həmçinin ölkəmizdə uşaqlarla, gənclərlə, təhsilin, mədəniyyətin inkişafı ilə bağlı qeyri-hökumət təşkilatlarının yaranıb formalaşdığını, onlarla birgə həyata keçirilən tədbirlərin böyük fayda verdiyini diqqətə çatdırıb, gördüyü işlərə görə onlara, habelə tədbirin təşkilində əməyi olanlara təşəkkür edib.
Mərasimdə "Uşaqların xoşbəxt gələcəyi" İctimai Birliyinin sədri Nərgiz Kazımova çıxış edərək uşaqlara təbriklərini çatdırıb, onlara qayğının hər zaman vacibliyini vurğulayıb, bu baxımdan ölkəmizdə dövlətin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin səmərəli nəticələr verəcəyinə inandığını bildirib.
Bayram tədbirində uşaq evlərinin və internat məktəblərin yetirmələri musiqi və rəqs nömrələri ilə çıxış edib, şeirlər söyləyiblər. Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva uşaqları mahnıları ilə sevindirib və onlara ən xoş arzularını çatdırıb.
Tədbirdə habelə "Aqlamur" modalar evi tərəfindən 10 uşaq üçün son dəbdə tikilmiş paltarlar nümayiş olunub, uşaqlara bayram hədiyyələri paylanıb.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 4 iyun.- S.4.