"Açıq
qapı - İnstitut günü"
Azərbaycan Müəllimlər
İnstitutunun Mingəçevir
filialında 2009-2010-cu tədris
ilinin yay imtahan sessiyasının başlanması ilə əlaqədar "Açıq
qapı - İnstitut günü" keçirilib.
Filialda imtahan
sessiyasının gedişini izləmək istəyən
bütün valideynlər, mətbuat işçiləri
"Açıq qapı - İnstitut günü"nə dəvət
olunmuşdular.
Tədbirdə habelə,
ali təhsil almaq istəyən övladlarına düzgün
ixtisas seçimi etməkdə yardımçı olmaq məqsədi
ilə cari ildə orta məktəbi bitirən gənclərin
valideynləri də iştirak edirdilər.
Tədbir
iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin filialda ucaldılan büstü
önünə tər çiçək dəstələri
qoydular.
"Açıq
qapı - İnstitut günü"nün
iştirakçılarını salamlayan filialın direktoru,
professor Orucəli Rzayev filialda son illər
görülmüş işlərdən, təhsildə
qazanılmış nailiyyətlərdən
danışdı. Direktor bildirdi ki, ölkə Prezidenti,
möhtərəm İlham Əliyev cənablarının sərəncamı
ilə bu tədris ilində filialın tədris şöbəsinin
müdiri Vahid Quliyev "Tərəqqi" medalı ilə təltif
olunub, dosent Namaz Manafov təhsil nazirinin əmri ilə
"Qabaqcıl təhsil işçisi" döş
nişanına, dosent Zenfira Əzizova isə nazirliyin Fəxri
fərmanına layiq görülüb.
Filialın ixtisasları
haqqında məlumat verən professor Orucəli Rzayev qeyd etdi
ki, bu gün Azərbaycan Müəllimlər İnstitutu və
onun filiallarında təhsil Boloniya prosesinin, kredit sisteminin tələblərinə
uyğun qurulur.
Filialda yay imtahan
sessiyasının mütəşəkkil keçirilməsi
üçün ciddi hazırlıq işləri
aparılıb, imtahan sənədləri, cədvəllər
vaxtında hazırlanıb, tələbələrin
mühazirə və seminarlardan topladıqları ballar
vaxtında hesablanıb, tələbələrin və
valideynlərin tanış olması üçün
"imtahan güşəsi" yaradılıb. İmtahanların
gedişini izləmək, bu işə daha yaxşı nəzarət
etmək məqsədi ilə auditoriyalarda videokameralar
quraşdırılıb.
Pedaqoji fakültənin
dekanı, dosent Namaz Manafov yay imtahan sessiyasının yüksək
səviyyədə aparılması üçün fakültədə
görülmüş işlərdən danışdı.
Filial
kitabxanasının müdiri Solmaz Əliyeva
çıxışında hazırda filial
kitabxanasının zəngin kitab fondu olduğunu, kitabların
elektron kataloqunun yaradıldığını bildirib, müəllim
və tələbələrə İnternet xidməti
göstərildiyini qeyd etdi.
Filial valideyn komitəsinin
sədri Çingiz Bağırov, valideynlər Mustafa Muradov,
Eldar Ömərov, Vidadi Əliyev, filialın əlaçı
tələbələri Leyla Məmmədova, Günel Əzimova,
Kəmalə Abbasova və başqaları "Açıq
qapı - İnstitut günü"nün təşkilinə
görə filial rəhbərliyinə minnətdarlıqlarını
bildirdilər.
Sonda "Açıq
qapı - İnstitut günü"
iştirakçıları filialın dekanlıqları,
kafedraları ilə tanış oldular, kompüter mərkəzinə,
mühazirə auditoriyalarına, filialın kitabxanasına və
tələbə yeməkxanasına baxdılar.
Namaz MANAFOV
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.4.