Tələbə Elmi Cəmiyyətinin XIV konfransı

 

Naxçıvan Özəl Universitetində Tələbə Elmi Cəmiyyətinin  xətti ilə 2009-2010-cu ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş XIV elmi konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, dosent İbrahim Kazımbəyli açaraq qeyd etmişdir ki, dövlətimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin cəmiyyətdəki fəallığının yüksəldilməsindən çox asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsas qayəsini məhz bu mühüm konsepsiya təşkil edir. Ölkəmizdə gənclərlə iş sahəsində görülən işlər, bu istiqamətdə həyata keçirilən mükəmməl dövlət siyasəti Azərbaycan gəncliyinin inkişafına böyük təkan vermiş, onun cəmiyyətdə özünü təsdiq etməsində mühüm rol oynamışdır. Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də təhsil sahəsində aparılan islahatlarla bağlıdır.

Qeyd olundu  ki, universitetdə gənc tələbələrin düzgün və sistemli elmi fəaliyyətini yüksək səviyyədə təşkil etmək üçün Tələbə Elmi Cəmiyyəti (TEC) yaradılmışdır. Bu cəmiyyət tələbələrin elmi fəaliyyətinin düzgün istiqamətləndirilməsində mühüm rol oynayır. Hər il savadlı, elmi axtarışlara meyilli tələbələr seçilir və cəmiyyət sıralarına daxil edilir. Müxtəlif kurs tələbələri öz istəklərinə uyğun olaraq müxtəlif kafedralara cəlb olunmuşlar. Hazırda cəmiyyətin 70 nəfərdən çox üzvü var, onlardan 30 nəfəri müxtəlif kafedralarda elmi iş aparmaqdadır ki, bu tələbələrin əksəriyyətini I-III kurs tələbələri təşkil edir. Bu da tələbələrin ildən-ilə elmə marağının artmasının əyani göstəricisidir. Tələbə Elmi Cəmiyyəti mütəmadi olaraq tələbələrin elmi diskussiyaya cəlb edilməsində mühüm rol oynayan elmi seminarlar təşkil edir, bu seminarlarda tələbələr elmi mövzular ətrafında fikir mübadiləsi aparır, yeni ədəbiyyatlarla, elmi məqalələrlə tanış olurlar.

Plenar iclasda  tələbələrdən Anar Tağıyev "Heydər Əliyev və Azərbaycanda soyqırımı məsələsinə ümumdövlət münasibəti ",  Tehranə Əliyeva "Azərbaycanda turizm",  Şəlalə Əliyeva "Ailə konfliktlərinin uşağa psixoloji təsiri",  Əli Həsənov "Kiçik biznesdə riskin aradan qaldırılması yolları"  mövzularında hazırladıqları işləri təqdim etdikdən sonra, TEC-in konfransı bölmələrdə öz işini davam etdirdi.

Sonda qalib tələbələrə universitet rəhbərliyi tərəfindən mükafatlar təqdim olundu.

 

 

Mina QASIMOVA

 

Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.4.