Transparency Azerbaijan Təşkilatı Təhsil
Nazirliyi "Qaynar xətt" xidmətinin fəaliyyətini yüksək
qiymətləndirib
Transparency Azerbaijan İctimai
Təşkilatının paytaxtda və dörd regional mərkəzdə
- Gəncə, Lənkəran, Quba və Şəkidə keçirdiyi
rüblük sorğunun nəticələrinə əsasən
Təhsil, Ədliyyə və Daxili İşlər nazirliklərinə
əhali tərəfindən daxil olan şikayətlərin sayı
azalıb ki, buna səbəb də "Qaynar xətt" xidmətləri
və ictimai təşkilatların sorğularına operativ
cavab verilməsi göstərilir.
Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) ötən ay 958 müraciət daxil olub. Müraciətlərin 845-i telefonla, 113-ü elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilərək qeydə alınıb, aidiyyəti qurumlara göndərilib və müvafiq qaydada araşdırılıb.
Qeyd edək ki, may ayında anonim və sorğu xarakterli müraciətlər çoxluq təşkil edib. "Qaynar xətt" xidmətinə daxil olmuş sorğular ümumtəhsil məktəblərinin IX və XI siniflərində mərkəzləşdirilmiş qaydada keçirilən imtahanların təşkili, bununla əlaqədar sorğu, rəy və təkliflər, müəllimlərin işə qəbulu, respublika fənn olimpiadalarının, beynəlxalq olimpiadaların təşkili, keçirilməsi və nəticələri, xaricdə təhsil, xarici ölkələrin təhsil müəssisələrindən verilmiş təhsil sənədlərinin tanınması, xaricdə təhsil alan tələbələrin ölkəmizin təhsil müəssisələrinə köçürülməsi qaydaları ilə əlaqədardır. Həmin müraciətlər ümumi sorğuların 80 faizindən çoxunu təşkil edir. Digər sorğular isə ümumtəhsil məktəbi şagirdlərinin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əməkhaqqının hesablanması qaydaları, təhsil sənədlərinin alınması və s. məsələlərlə bağlı olub.
Məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrindəki problemlərdən bəhs edən müraciətlər əsasında araşdırmalar aparılıb, onların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı müraciətlərin böyük əksəriyyəti Bakı şəhərindəndir. Bu sahə üzrə Bakıdan 83, Lənkərandan 6, Sumqayıtdan 5, Abşerondan 4, Gəncə, Mingəçevir şəhərləri və Xaçmaz rayonunun hər birindən 3, Şirvandan isə 1 müraciət daxil olub. Eyni zamanda Ağdaş, Şamaxı, Cəlilabad, Kəlbəcər, Qazax rayonları üzrə müraciətlər qeydə alınıb. Müraciətlərdə ümumtəhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsində çatışmazlıqlar, məktəb direktorlarının idarəetmədə yol verdikləri nöqsanlar və digər məsələlər öz əksini tapıb.
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan bütün müraciətlər ciddi şəkildə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilib. Belə ki, Gəncə 1 nömrəli Peşə Liseyindən daxil olan müraciət əsasında aparılmış araşdırma nəticəsində işdə yol verdiyi ciddi nöqsanlara görə liseyin direktoru R.Orucovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Xaçmaz rayon Muxtadır qəsəbə məktəbinin direktoru N.Mədətxanov isə tutduğu vəzifəsindən azad edilib.
Bakı şəhərinin 18, 45, 113, 143, 179, 267 nömrəli məktəbləri ilə bağlı müraciətlər də araşdırılıb və müvafiq olaraq pedaqoji prosesdə, əmək intizamının yerinə yetirilməsində yol verdikləri nöqsanlara və s. görə 18 nömrəli məktəbin müəllimi M.Abdullayevaya, 45 nömrəli məktəbin laborantı P.Abdullayevaya şiddətli töhmət, 143 nömrəli məktəbin 6-cı siniflərinin rəhbərlərinə töhmət verilib. 113 nömrəli məktəbin rəhbərliyinə və 179 nömrəli məktəbin V "d" sinif rəhbərinə xəbərdarlıq edilib.
"Qaynar xətt" xidmətinə daxil olan müraciətlər əsasında 146 nömrəli
məktəbin direktoruna
işdə yol verdiyi nöqsanlara görə töhmət verilib, təlim-tərbiyə
işləri üzrə
direktor müavini isə ciddi nöqsanlara görə işdən azad edilib.
Azərbaycan
müəllimi.- 2010.- 11 iyun.- S.1.