"Qlobal minillik prizi" beynəlxalq
inşa müsabiqəsinin qalibləri
mükafatlandırıldılar
İyunun 8-də Təhsil Nazirliyində "Qlobal minillik prizi" beynəlxalq inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Minilliyin Layihəsinin Azərbaycan bölməsi olan Futuroloqlar Cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə həmin qurumların rəhbərləri, məsul şəxsləri, Azərbaycan Respublikasının Meksikadakı fövqəladə və səlahiyyətli səfiri, bir sıra ali məktəblərin prorektorları, ictimai təşkilatların nümayəndələri, paytaxt məktəblərinin direktorları, müsabiqə qalibləri və digər şəxslər iştirak edirdilər.
Mərasimi nazir Misir Mərdanov açaraq qonaqları və müsabiqənin qaliblərini Təhsil Nazirliyində görməyindən məmnunluq hissi keçirdiyini bildirdi.
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açan nazir Azərbaycan məktəblilərinin, tələbə və müəllimlərinin bir çox beynəlxalq və dünya səviyyəli olimpiada, müsabiqə və digər bilik yarışlarında ölkəmizi layiqincə təmsil etdiklərini, yüksək nailiyyətlər qazandıqlarını söylədi. Qeyd olundu ki, son illərdə dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar. Əhalisinin sayının az olmasına baxmayaraq qazandığı medalların sayına görə Azərbaycan dünya ölkələri sırasında ilk onluqda yerini qoruyub saxlayır. Hazırda bir sıra ölkələrin aparıcı universitetlərində müxtəlif mənbələr hesabına 10 mindən çox azərbaycanlı gənc təhsil alır. Əldə olunan bütün bu uğurları təhsilə göstərilən qayğının nəticəsi kimi dəyərləndirən nazir Misir Mərdanov təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərkən ölkə başçısı cənab İlham Əliyevin dediyi fikirləri mərasim iştirakçılarının diqqətinə çatdırdı.
Nazir sonra Minilliyin 15 Qlobal Çağırışı üzrə "Qlobal minillik prizi" beynəlxalq müsabiqənin milli mərhələsi olan "Gələcək nəsillərlə üz-üzə" mövzusunda inşa müsabiqəsi barədə məlumat verərək bildirdi ki, adıçəkilən müsabiqədə ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri və universitet tələbələri iştirak edib. Qaliblərin yazıları hər il Meksikada təşkil olunan Minilliyin 15 Qlobal Çağırışı üzrə "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinə təqdim edilir. Təhsil naziri ötən illərdə qazanılan uğurlardan söz açdı və sevindirici hal kimi onu da qeyd etdi ki, 2009-cu ildə Meksikada təşkil olunan "Qlobal minillik prizi" beynəlxalq müsabiqəsinin 10 nəfər qalibindən 4-ü Azərbaycandan, 5-i Meksikadan, 1-i isə Cənubi Afrikadandır. Belə ki, ölkəmizi təmsil edən Bakı Oksford məktəbinin müəllimi Ayan Əliyeva ("Qadınların statusu" çağırışı üzrə), Azərbaycan Dillər Universitetinin tələbəsi Şərqiyyə Məmmədova ("Dayanıqlı inkişaf" çağırışı üzrə), Bakı Avropa Liseyinin XI sinif şagirdi Aydan Xələfova ("Sülh və münaqişə" çağırışı üzrə), Beynəlxalq Təhsil Kompleksinin (134 nömrəli orta məktəb) XI sinif şagirdi Lalə Həsənova ("İnformasiya və kommunikasiya texnologiyaları" çağırışı üzrə) beynəlxalq münsiflər heyəti tərəfindən "Qlobal minillik prizi" müsabiqəsində I yerə layiq görülüblər.
Çıxışının sonunda nazir Misir Mərdanov bütün təşkilatçılara, o cümlədən ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarova göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, qalibləri Azərbaycanı layiqincə təmsil etdiklərinə görə təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı.
Çıxış üçün söz alan Azərbaycan Futuroloqlar Cəmiyyətinin sədri Reyhan Hüseynova son 3 ildə azərbaycanlı gənclərin bu müsabiqədə uğurla iştirak etdiklərini söylədi. Müsabiqənin məqsəd və məramından danışan R.Hüseynova cari ilin mayında Mexiko şəhərinin məşhur Dieqo Rivera muzeyində keçirilən "Qlobal minillik prizi" müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi barədə geniş açıqlama verdi. O, qazanılan uğurların ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini dedi.
Sonra mərasim iştirakçıları azərbaycanlı gənclərimizin son 3 ildə Meksikada keçirilən beynəlxalq inşa müsabiqəsində müvəffəqiyyətli iştirakı ilə bağlı və qaliblərin mükafatlandırılma mərasimlərindən hazırlanmış süjetə tamaşa etdilər.
Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin keçirilməsinin əhəmiyyətinə toxunaraq gənclərimizin bu gün bəşəriyyəti narahat edən qlobal problemləri düzgün öyrənib araşdırmalarını, seçdikləri mövzular üzrə öz fikir və mülahizələri, təklifləri ilə digərlərindən fərqləndiklərini müsbət qiymətləndirdilər.
Çıxış edənlər ölkə başçısı cənab İlham Əliyevin təhsilimizin inkişafı istiqamətində gördüyü işlərdən söz açdılar. Çıxışlarda həmçinin Azərbaycan gənclərinin bilik yarışlarında layiqli yerlər tutmalarının təqdirəlayiq olduğu və belə müsabiqələrin istedadlı gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasında əhəmiyyətli rol oynadığı qeyd edildi.
Tədbirdə "Qlobal minillik prizi" müsabiqəsinin qalibləri çıxış edərək ölkəmizi hər zaman layiqincə təmsil etməyə hazır olduqlarını söylədilər. Gülşən Paşayeva valideynlər adından onların övladlarına hərtərəfli köməklik göstərdiklərinə görə Təhsil Nazirliyinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Futuroloqlar Cəmiyyətinin, Gənclər və İdman Nazirliyinin rəhbərlərinə, ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfirinə öz təşəkkürünü bildirdi.
Mərasimin sonunda müsabiqənin qaliblərinə diplom və hədiyyələr təqdim olundu.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.2.