Qax məktəbinin
"Ekologiya ili"nə
töhfəsi
Dünyada ekoloji problemlərin
getdikcə artması təbiət və cəmiyyət
münasibətlərinin tənzimlənməsi
üçün təxirəsalınmaz tədbirlərin
görülməsini tələb edir. Ekoloji problemlərin həlli,
ilk növbədə, insanların şüurunda köklü
dəyişikliklərin aparılmasından, onların ətraf
mühitə və təbii sərvətlərə münasibətinin
dəyişməsindən asılıdır.
2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuşdur. Bu baxımdan biz müəllimlərin
üzərinə çox
böyük məsuliyyət
düşür. Planetimizin və
bəşəriyyətin yaşaması
naminə insanlar təbii və antropogen təsirlərə
məruz qalmış
ətraf mühitin problemlərini öyrənməli
və bu problemlərin birgə həll edilməsi üçün yollar axtarmalıdır. Bu yol məktəbdən başlayır. Ona görə də biz çalışırıq ki,
təhsillə bərabər,
şagirdlərimizdə ətraf
mühitə qarşı
həssas münasibət
formalaşdıraq, təbii,
mədəni, tarixi-estetik
dəyərlərin qorunması
ruhunu onlara aşılayaq.
Məlum olduğu kimi, apreldə Bakıda ekologiya və qlobal fəlakətlərdən
çıxış yollarından
bəhs edən
İNEPO-EUROASİA Ətraf Mühitin Mühafizəsi
IV Beynəlxalq Layihə
Olimpiadası keçirilmişdir.
Dünyanın 33 ölkəsindən
300-ə qədər layihənin təqdim edildiyi, 97-nin
seçilərək münsiflər heyətinin müzakirəsinə
verildiyi olimpiadada Azərbaycandan
45 layihə finala vəsiqə almışdı. Sevindirici
haldır ki, məktəbimizin iki şagirdi Aytən Camallı
və Fəridə Gilmizliyeva da bu müsabiqədə
iştirak etmişdir. Onların müsabiqəyə təqdim
etdikləri layihə "Bioloji parçalanmaya məruz
qalmış tullantıların
kompastlaşdırılması" idi. Burada əsas məqsəd
kimi müasir dövrdə kənd təsərrüfatında
üzvi gübrələrə daha çox önəm verilməsi
və ekoloji cəhətdən təmiz məhsul əldə
edilməsi idi. Şagirdlər layihə ilə bərabər,
stendlər və maket də təqdim etmişdilər.
Olimpiadada məktəbimizin
şagirdlərinin iştirakı bir müəllim kimi məni
və kollektivimizi sevindirmişdir.
Yeri gəlmişkən
qeyd edim ki, ötən ilin mayında "Enerji və ətraf
mühit" mövzusunda keçirilən müsabiqədə
iştirak etmişəm. Müsabiqə Təhsil Nazirliyi,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Norveç
səfirliyi tərəfindən təşkil edilmişdi. Müsabiqədə
"Enerji resurslarının istifadəsi üzrə məktəbli
proqramı" çərçivəsində Bakı şəhəri
də daxil olmaqla respublikamızın 11 bölgəsi
iştirak etmişdir. Beynəlxalq müsabiqənin Azərbaycan
turunda iştirak etməklə qiymətli
hədiyyə və sertifikata
layiq
görüldüm. Bütün bunları "Ekologiya ili"nə
məktəbimizin töhfəsi hesab edirəm.
Məmləkət ƏFƏNDİYEVA
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.7.