Yaradıcı axtarışlara
xüsusi önəm verən müəllim
Mükəmməl təhsil
sisteminə malik olmaq dövlətin gələcəyi və
müstəqilliyinin mühüm şərtidir. Respublikamızda həyata
keçirilən təhsil islahatının məqsədi təlim
prosesinin səmərəliliyini təmin etməklə milli və
ümumbəşəri dəyərlərə yiyələnən,
yaradıcı və tənqidi düşünməyi bacaran,
fəal və təşəbbüskar şəxsiyyət
yetişdirməkdir. Təlimin keyfiyyətinin yüksəldilməsi
ibtidai təhsil pilləsində aparılan işdən daha
çox asılıdır. Məhz ibtidai sinifdə şagirdlərdə
bilik, bacarıq və vərdişlərin, milli və bəşəri
dəyərlərin formalaşdırılması, intellektual səviyyənin
inkişaf etdirilməsi, nəcib insani keyfiyyətlərin
aşılanması istiqamətində sistemli iş
aparılır. Şagirdlərə biliklərin əsaslarını
öyrədən ibtidai sinif müəllimləri çətin,
məsuliyyətli, həm də şərəfli bir vəzifə
yerinə yetirirlər. Dünyada yüzlərlə peşə
və sənət sahibi vardır. Təhsil islahatının tələblərinin
yerinə yetirilməsində, ilk növbədə, müəllim
özü dəyişməli, təlimin yeni
texnologiyalarını bilməli, yeni proqram və dərsliklərdən,
fənn kurikulumunun tələblərindən irəli gələn
dəyişiklikləri tətbiq etməyi bacarmalıdır.
Bu keyfiyyətləri özündə birləşdirən
Bakı şəhərindəki BMLK-nın ibtidai sinif müəllimi
Arzu Nəzərovanın iş
təcrübəsinin maraqlı
məqamları diqqəti cəlb edir. Nəzərova Arzu Aslan qızı
1961-ci il sentyabrın 21-də Gəncə şəhərində
ziyalı ailəsində anadan olmuş, 1987-ci ildə H.Zərdabi adına Gəncə
Pedaqoji İnstitutunun ibtidai metodika fakültəsini, 2000-ci ildə
isə Bakı Asiya Universitetinin hüquq fakültəsini
bitirmişdir. 1982-ci ildən 1986-cı ilədək Şəmkir
rayonu uşaq musiqi məktəbində
forteniano müəllimi, orta məktəbdə ibtidai sinif
müəllimi, 1992-ci ildən həmin məktəbdə
direktor müavini, 1994-cü ildən 1998-ci ilədək
direktor vəzifələrində işləmişdir. 2001-ci
ildən Gəncə şəhəri Təhsil İdarəsində
metodist vəzifəsində çalışan Arzu Nəzərova
2002-ci ildən Bakı şəhərindəki BMLK-də
direktor müavini və ibtidai sinif müəllimi işləyir.
1991-ci ildə "metodist" müəllim
adına layiq görülən Arzu Nəzərova 1992-ci ildə
"Xalq təhsili əlaçısı" döş
nişanı ilə təltif olunmuş, həmin ildə
respublika üzrə keçirilən "İlin ən
yaxşı müəllimi" müsabiqəsinin qalibi
olmuşdur. 1992-ci ildə onun
qabaqcıl iş təcrübəsi respublikada yayılıb.
Arzu Nəzərova
bacarıqlı, işgüzar, ixtisasını dərindən
bilən, müəllimlik adını müqəddəs tutan,
ideyaca saf, mənəviyyatca pak, özünə və
şagirdlərinə qarşı tələbkar, sənətinə
ürəkdən bağlı olan müəllimdir. Uşaqlara
qayğı, onların təlim və tərbiyəsi Arzu
müəllimin həyatının mənasını təşkil
edir. Belə ki o, xoş rəftarı, mehribanlığı
ilə şagirdlərin qəlbinə elə yol tapmışdır ki, onlar Arzu
müəllimi özlərinin yaxın dostu, köməkçisi
və məsləhətçisi sayırlar. Lakin bununla belə,
təcrübəli müəllim şagirdlərlə
münasibətdə hörmətlə tələbkarlığı
düzgün əlaqələndirməyi də bacarır. Bu
bir həqiqətdir ki, şagirdlərin bilik xəzinəsinə
gedən yolu dərsdən başlayır. Dərsin yüksək
səviyyədə təşkili isə müəllimin fəaliyyəti
ilə bağlıdır. Bu həqiqəti yaxşı
başa düşən Arzu müəllim heç vaxt biliyi ilə
kifayətlənmir, dövrün tələblərinə
uyğun olaraq daim düşünür, mütaliə edir,
axtarır, elmi-pedaqoji fəaliyyətini yüksəltmək
qayğısına qalır və qarşısına
qoyduğu məqsədə nail olur.
O, təhsil
islahatının ilk günlərindən təhsilimizdə
baş verən yenilikləri izləmiş, metodik tovsiyələri,
vəsaitləri diqqətlə oxumuş, işində
yaradıcılıqla tətbiq etməyə çalışmışdır. Xüsusən
tədrislə bağlı məsələləri təhlil edərək mətbuatda
öz sözünü demişdir. Bütün metodiki yazılarında və
pedaqoji təcrübəsində "sözlə əməlin,
elmlə təcrübənin vəhdətini" əsas
götürmüşdür. Gənc nəslin təlim və
tərbiyəsi işində əldə
etdiyi uğurları Arzu müəllim tədris zamanı yeni təlim metodlarından istifadənin səmərəli
nəticəsi sayır. Şagirdlərdə öyrənmək
həvəsini yaratmaq pedaqoqdan xüsusi məharət tələb
edir. Əgər müəllim səmimi ünsiyyət,
anlaşıqlı nitq və hərəkətlərdən
(mimika, jestlər və s.) düzgün və tələb
olunan qədər istifadə edərsə, müəllim-şagird
münasibətlərinin daha dərin
və davamlı olmasına nail ola bilər.
Arzu müəllimin təbirincə
desək, ibtidai təhsil pilləsində yeni təlim
metodlarının tətbiqi təhsil islahatının
uğurundan xəbər verir. O, təhsildəki yenilikləri,
yeni təlim texnologiyalarını, kurikulumun tələbinə
cavab verən meyarları, müxtəlif treninqlərdə əldə
etdiyi yeni bilikləri öz
pedaqoji fəaliyyətində uğurla tətbiq edir. Yeni
metodlardan istifadə zamanı şagirdlərin idraki fəallığına,
müstəqil düşünmə qabiliyyətinin
inkişafına nail olur. İş prosesində müəllim-şagird
münasibətlərinin düzgün qurulmasına xüsusi
diqqət yetirir. Bu münasibətlər şagirdlərin təhsilə
marağının artmasında, tədris olunan fənlərin
sevdirilməsində mühüm əhəmiyyət kəsb
edir. Pedaqoji fəaliyyətin belə əməkdaşlıq əsasında
qurulması hər bir şagirdin intellektual imkanları, meyil və
maraqlarını daha düzgün aşkara
çıxarmağa imkan verir. Müəllim hər bir
şagirdin nə ilə maraqlandığını öyrənir,
onun qabiliyyətinin, istedadının düzgün istiqamətləndirilməsinə
və inkişafına kömək edir. Qayğıkeş
münasibət şagirddə özünəinam hissi
yaradır. Nəticədə şagird öz
bacarığını, nəyə qadir olduğunu
nümayiş etdirməyə çalışır.
Təlimdə keyfiyyətin əldə
olunması üçün
şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən
bilmək vacibdir. Düzgün qurulmuş müəllim-şagird
münasibətləri şagirdlərin təlim
marağının artmasında mühüm vasitədir. Qarşılıqlı
ünsiyyət şagirdlərin fəallığını
artırır, kollektiv şəkildə işləməyə
istiqamət verir. Arzu müəllim yaxşı oxuyan
şagirdlərin zəif şagirdlərə köməyinin təşkili,
hər bir şagirdin
özünü təhsilin
bərabər hüquqlu üzvü kimi hiss etməsini diqqətdə saxlayır. Həvəsləndirmə
öz səmərəsini verir. Təlim zamanı interaktiv
metodlardan bacarıqla istifadə olunur. Tədris zamanı
texniki vasitələrdən istifadə məzmunun daha tez
qavranmasına kömək edir. Bu cür dərslər
şagirdlər tərəfindən maraqla dinlənilir və
asan mənimsənilir.
Arzu müəllim əksər
dərslərini fəal təlim metodları ilə aparmağa
üstünlük verir. Dərsin motivasiya ilə
başlanması şagirdlərdə maraq oyatmaqla bərabər,
onları düşündürür, idrak qabiliyyətini
yüksəldir, fəallıqlarını artırır. Təqdimat
zamanı müxtəlif iş, forma və
üsüllarından, o cümlədən cütlərlə,
qruplarla işin təşkili, rollu oyunlar, dairəvi söhbət,
diskussiya kimi üsullardan daha geniş istifadə edir.
Təlimin başlıca vəzifələrindən
biri şagirdlərə öyrənməyi öyrətməkdir.
Arzu müəllim deyir:
- "Çalışıram ki, öyrənməyi öyrətmək üçün şagirdlərdə elmi biliklərə əsaslanan bacarıqların formalaşmasına nail olum. Bu bacarıqlar sonra vərdişə çevrilir. İbtidai siniflərdə şagirdlərə müstəqil işləmək bacarığının aşılanması həm nəzəri, həm də praktik əhəmiyyət kəsb edir. Bacarıq və vərdişlər əsasən, tapşırıqlar nəticəsində formalaşır". Bunu əsas tutan Arzu müəllim sinifdə şagirdləri məntiqi, düşündürücü tapşırıqlar üzərində müstəqil işləməyi, düşünməyi, diqqətli olmağı, mövzunu şərh edərkən biliklərə əsaslanaraq nəticə çıxarmağı öyrədir.
Təcrübəsini öyrəndiyimiz 1 il müddətində Arzu müəllimin müxtəlif siniflərdə dəfələrlə dərsini müşahidə etmişik. Onun dərsi həmişə şagirdlərin fəal iştirakı ilə çox canlı keçir. Buna səbəb müəllimin elmi və pedaqoji hazırlığı ilə yanaşı, həm də dərsdə yeni metod və üsullardan, əyani vəsaitlərdən düzgün və kompleks şəkildə istifadə etməsidir. Arzu müəllimin gərgin əməyinin, yuxusuz gecələrinin nəticəsidir ki, dərs dediyi şagirdlərin çoxu "4" və "5" qiymətlərlə oxuyur. Bütün bunlarla yanaşı, Arzu müəllim öz təcrübəsini gənc müəllimlərə həvəslə öyrədir. Bu məqsədlə məktəb və rayon üzrə dəfələrlə "açıq dərs"lər vermişdir. Arzu müəllimin iş təcrübəsində diqqəti cəlb edən maraqlı məqamlardan biri də metodiki hazırlığa daha çox önəm verməsidir.
2008-2009-cu tədris ilindən başlayaraq orta ümumtəhsil məktəblərinin I siniflərində yeni kurikulum tətbiq edilir. Məqsəd şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünün inkişaf etdirilməsi, öz fikrini müstəqil bildirmək və hüququnu qorumaq bacarığının aşılanmasıdır. Arzu müəllim qeyd edir ki, I sinif şagirdlərinin qiymətləndirilməsində ən yaxşı vasitələrdən biri sözdür. Verbal (sözlə) aparılan qiymətləndirmə şagirdlər üçün olduqca maraqlıdır. Azyaşlı uşaqlar daim təriflənməyi, alqışlanmağı xoşladıqları üçün sözlə qiymətləndirmə onların fəallığını daha çox artırır. Nəticədə onların özünəinamı artır.
Müəllim şagirdin nəyi "kəşf" edəcəyini, buna hansı üsullardan istifadə etməklə nail olacağını qabaqcadan bilir və onları buna istiqamətləndirir. Şagird maraqlarının nəzərə alınması, onların həyati tələbatları ilə bağlı qurulan dərs daha yaxşı nəticələr verir. Müəllim şagirdlərin marağını diqqət mərkəzində saxlamalı, yeri gəldikcə onların qarşısında gücləri çatan və həll edə bildikləri problemlər qoymalıdır. Şagirdlər bu problemin həlli ilə əlaqədar yeni və faydalı biliklər əldə edirlər.
Arzu müəllim sinifdə əlverişli təlim şəraiti yaradır, dərslərini interaktivlik prinsipinə uyğun qurur. O çalışır ki, dərs zamanı şagird marağı təmin olunsun, onlar mövcud biliklərdən istifadə edərək yeni biliklər qazansınlar, təhlil, müqayisə və nəticə çıxarmaq bacarığına yiyələnsinlər, bir-biri ilə əməkdaşlıq etməyi bacarsınlar. Arzu Nəzərova şagirdlərin həyati əhəmiyyətli bilik, bacarıq və vərdişlər qazanmalarına, onların şəxsiyyətinin formalaşması üçün praktik işlərin həyata keçirilməsinə daha çox vaxt ayırır. Şagirdlərin qarşılıqlı əlaqəsi, ünsiyyət prosesi olan interaktiv təlimin rolunu nəzərə alan müəllim dərslərində bu metodların tətbiqinə geniş yer verir. Şagirdlərdə gözəlliyi duymaq, yaratmaq, estetik təsir vasitələrilə təmasda olmaq qabiliyyətinin inkişaf etdirilməsi diqqətdə saxlanılır. Emosional hisslər şagirdlərdə dərsə marağı artırır, qavramanı, yaddasaxlamanı, təfəkkürü möhkəmləndirir, fəallaşdırır, - deyən Arzu müəllim dərs zamanı çalışır ki, bütün vasitələrdən - şifahi xalq ədəbiyyatı, bədii ədəbiyyatın gözəl incilərindən, əyanilikdən, həyəcanlandırıcı musiqidən istifadə etsin. Tədris prosesində emosional yaddaşa təsir etdikdə hər bir müəllim biliyin şüurlu mənimsənilməsinə və bütövlükdə şəxsiyyətin tərbiyəsinə nail olur. Təbii ki, emosional yaddaş məntiqi yaddaşa güclü təsir göstərir və qavramanı asanlaşdırır. Diqqət, qavrama, müstəqil idrak fəaliyyəti yüksək olduqda, həmçinin aydın məqsəd, maraq və emosional təsir olduqda optimal nəticə almaq asanlaşır.
İradə HƏSƏNOVA
Azərbaycan müəllimi.- 2010.- 11 iyun.- S.7.