Beynəlxalq simpozium
May ayının sonlarında Türkiyə Cümhuriyyətinin 19 mayıs Samsun Universitetində beynəlxalq simpozium keçirilmişdir. Simpozium torpaq və su üzrə regionlarda təbii ehtiyatların səmərəli istifadəsinə və onların idarə olunmasına həsr edilmişdir.
Simpoziumda dünyanın 37 ölkəsindən 250-dən çox tədqiqatçı mütəxəssis və alim iştirak etmişdir. Simpoziumda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının, Naxçıvan Dövlət Universitetinin əməkdaşlarından ibarət 12 nəfərlik elmi heyət təmsil etmişdir. Burada oxunan məruzələrdə Yer kürəsində baş verən iqlim dəyişmələri, torpaq və su ehtiyatlarından istifadənin elmi əsaslarla idarə edilməsi əsas mövzu kimi geniş şəkildə müzakirə edilmişdir.
Simpoziumun iştirakçıları 19 mayıs Samsun Universitetinin laboratoriyalarında və tədqiqat aparılan sahələrində olmuş, universitet əməkdaşlarının elmi nailiyyətləri haqqında məlumat əldə etmişlər. Simpozium ingilis dilində keçirilmiş, burada 360-a qədər məruzə qeydə alınmış, onların bir qismi üç bölmədə üç gün ərzində dinlənilmiş, bir qismi isə poster variantında təmaslı müsahibə şəklində təqdim edilmişdir.
Simpoziumda azərbaycanlı alimlərdən AMEA-nın müxbir üzvü, professor Məhərrəm Babayevin, kənd təsərrüfatı elmləri namizədləri Qurban Əzizov, Mustafa Mustafayev və Nailə Orucovanın, aspirant Ramin Osmanovun məruzələri maraqla qarşılanmışdır. Naxçıvan Dövlət Universitetinin ÜTF və Ekologiya kafedrasının müdiri, kənd təsərrüfatı elmləri doktoru, professor Əlövsət Quliyev "Naxçıvan Muxtar Respublikasının torpaqlarının ekomeliorativ qiymətləndirilməsi" mövzusunda məruzə etmişdir.
Simpoziumda iştirak edən alimlərin məruzələri çap edilərək elektron variantda İnternet saytında yerləşdirilmişdir.
Naxçıvan Dövlət Universitetinin nümayəndəsi, kənd təsərrüfatı elmləri doktoru, professor Əlövsət Quliyev bildirmişdir ki, simpozium Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2010-cu ilin "Ekologiya ili" elan olunduğu bir dövrdə milli ekologiyanın, yeraltı və yerüstü təbii sərvətlərin qorunması məqsədilə mühüm elmi tədqiqatların aparılması, bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli rol oynayacaq.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2010.- 11 iyun.- S.1.