Biliklər iqtisadiyyatı və
innovasiya
Bu gün yaratdığımız dünyanın problemləri, bu problemləri yaradarkən düşündüyümüz şəkildə düşünərsək çözülməz.
Albert Eynşteyn
Uğurlu innovasiya fərqli düşünmək və fərqli fəaliyyətlə gerçəkləşir. Bu gün Azərbaycan elminin qarşısında duran strateji hədəflərə çatmaq üçün biliklər iqtisadiyyatı haqqında çox danışılır. Bəs biliklər iqtisadiyyatı nədir? Bu anlayışın innovasiya ilə kəsişmə xətti harada yerləşir? İlk baxışdan bizim üçün məchul görünən, ancaq dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq öz bəhrəsini verən bu strateji fəlsəfə haqqında müəyyən araşdırma aparmaq və ölkəmizin bu hədəfə çatmaq üçün nələri etməli olduğuna diqqət yetirmək maraqlı olardı. İlk növbədə, bir şeyi qeyd edək ki, bilgi istehsalı və biliyi dəyərə çevirə bilmək innovasiya ilə mümkün olur. Artıq bu düşüncə dünyanın inkişaf etmiş ölkələrində öz aprobasiyasını tapıb ki, "biliklər iqtisadiyyatının əsası innovasiyadır". Biz bu fikri əsaslandırmaq üçün Finlandiya örnəyinə müraciət edə bilərik. Belə ki, ötən əsrin sonuncu onilliyindən başlayaraq bu ölkədə elmin, innovasiyaların və təhsilin maliyyələşdirilməsinə böyük vəsaitlər ayrılmışdır. XXI əsrin ilk illərindən isə bu ölkədə elmə, innovasiyalara və təhsilə ayrılan vəsaitlər ÜDM-ın 3,5 faizini təşkil edərək 5 milyard avroya çatmış, təhsilə ayrılan vəsaitlər isə ÜDM-ın 4,9 faizini təşkil etmiş, yaxud 7,4 milyard olmuşdur. Nəticədə, Finlandiya bir neçə ildir ki rəqabətqabiliyyətlilik indeksi üzrə dünyanın ən qabaqcıl ölkələri sırasında möhkəmlənmişdir. Finlərin uğurunun əsasında üç düstur durur: təhsilin yüksək səviyyəsi, elmə vəsaitin müsabiqə prinsipi ilə ayrılması və inkişaf etmiş innovasiya infrastrukturu.
Biz yeni əsrin tələblərinə tez uyğunlaşmağa və sərt rəqabətə hazır olmalıyıq. Lakin qarşımızda duran vəzifələri dərindən başa düşmək üçün əvvəlcə bu gün qlobal dünyanın nə olduğunu bilməkdən başlamaq və qloballaşma özü ilə nə gətirir sualına cavab axtarmaq lazımdır?
Müasir dünya qloballaşma dövrünü - bəşəriyyətin vahid informasiya və kommunikasiya məkanında hərtərəfli birləşməsi, bütün planetin vahid iqtisadi bazara çevrilməsi epoxasını yaşayır. Qlobal cəmiyyət daha açıq cəmiyyətə çevrilir: kapitalın, maliyyənin, informasiyanın sərbəst hərəkəti müasir "sərhədsiz dünya" konsepsiyasının əsası olmuşdur. Bəs qloballaşmaya hansı faktorlar kömək edir?
İlk növbədə bu, əmtəələrin ölkələr və iqtisadi sektorlar arasında hərəkətidir. Bilirik ki, ticarətin inkişafı iqtisadiyyatın inkişafı və artımı baxımından strateji zərurətdir. Əgər 70-ci illərdə beynəlxalq ticarətin həcmi dünya ÜDM-ın həcminin yalnız 30%-ni təşkil edirdisə, son 20-30 ildə bu rəqəm artıq 60%-ə çatmışdır.
Qloballaşmanın yolunda ikinci addım- kapitalın sərbəst hərəkətidir. Məsələn, son 20 ildə inkişaf etmiş ölkələrə birbaşa xarici investisiya axını yüz dəfələrlə artmışdır. Bu gün təkcə Çin hər il 60 milyard dollar birbaşa xarici investisiya cəlb edir, başqa Asiya ölkələri hər il 172 milyard dollar, Latın Amerikası 72 milyard dollar investisiya qəbul edirlər.
Üçüncüsü, insanların maneəsiz miqrasiyası. Bu gün dünyada ciddi miqrasiya prosesləri gedir. Qərb ölkələrinə, xüsusilə Avropa İttifaqına, ABŞ-a, Kanadaya miqrantların axını güclənmişdir.
Qərb ölkələrində olarkən bir məhəllədə Asiyanın, Avropanın, Amerikanın bir çox dövlətlərindən gəlmiş, bir yerdə işləyib yaşayan miqrantların şahidi olursan. Əmək miqrantlarının cəlbediciliyi baxımdan Azərbaycan da istisna deyil. Çünki bu gün Azərbaycanda başqa ölkələrdən olan təxminən 5 minə yaxın imiqrant çalışır.
Dördüncü, qloballaşmanın faktorlarından biri beynəlxalq birjalarda valyuta əməliyyatlarının sürətlə inkişafıdır. Nəticədə, xarici bazarlar haqqında məlumatların keyfiyyəti yaxşılaşmış, yeni maliyyə alətləri meydana gəlmişdir.
Beşinci, qloballaşmanın faktorlarından və eyni zamanda nəticələrindən biri informasiyanın, intellektual məhsulların və ideyaların sərbəst hərəkətidir.
İnternetin, elektron poçtun, maya dəyərinə görə aşağı olan beynəlxalq telefon xidmətinin, mobil telefonların və elektron konfransların yayılması ilə dünyada qarşılıqlı təmas bağları daha da sıxlaşmışdır. Eyni zamanda peyk televiziyası və elektron media əsl qlobal dördölçülü fəza mühiti yaratmışdır. Hələ 20-30 il bundan əvvəl bu cür texniki imkanları təsəvvürə gətirmək belə mümkün deyildi. Bununla yanaşı, qloballaşma müasir dünyaya zəiflik və kövrəklik gətirmişdir. Terrorizm, narkotika, insan alveri, informasiya müharibələri, epidemiyalar, ekoloji fəlakətlər sərhəd bilmir və bəşəriyyət üçün qlobal təhdidlərə çevrilmişdir. Dünyanın heç bir dövləti bu təhdidlərə qarşı müstəqil, təkbaşına mübarizə apara bilməz. Dünyada qeyri-bərabər sosial iqtisadi inkişaf güclənmişdir. Qloballaşmanın müsbət səmərəsini hələ ki, dünyanın daha çox inkişaf etmiş ölkələri hiss edirlər. Ümumdünya qloballaşmanın sosial aspektləri üzrə komissiyasının rəyinə görə, 1962-ci ildə ən varlı və ən yoxsul iyirmi ölkə arasında əhalinin adambaşına düşən ÜDM göstəriciləri arasında fərq 53:1 təşkil etmişdir və 40 il ərzində bu fərq iki dəfədən çox artmış və 2009-cu ildə bu tənasüb 125:1 olmuşdur.
Dünya Bankının məlumatına görə, bu gün dünyada 800 milyon insan aclıqdan və ərzaq qıtlığından əziyyət çəkir, 1 milyard 300 milyon insan gündə 1 dollardan az gəlirlə yaşayır. 1,5 milyard insan üçün təmiz su əlçatmazdır. 80 faiz yoxsul ölkə dünya nemətlərinin yalnız 20 faizinə əli çatır. Ümumi "çiçəklənmə məkanın"ın əvəzinə bir sıra regionlarda "yoxsulluq məkanı" və sosial deqradasiya mühiti genişlənir ki, bu da beynəlxalq təhlükəsizliyə təhdid yaradan beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıq, qanunsuz narkotika, silah alveri kimi bəlalar üçün münbit şərait yaradır. Beləliklə, beynəlxalq rəqabətin artması ilə , iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələr daha az inkişaf etmiş rəqiblərini sıxışdırırlar.
Yuxarıda deyilənləri Nobel mükafatı laureti Cosef Stiqlitsin sözləri ilə yekunlaşdırmaq olar : "Qloballaşmanın tərəfdarları israr edirlər ki, qloballaşma labüddür və onun nemətlərini reklam edirlər, əleyhdarları isə onun arzuedilməz nəticələrini çox parlaq şəkildə bütün təfərrüatı ilə təsvir edərək bu prosesin dayandırılmasını tələb edirlər. Ancaq belə düşünmək olar ki, qloballaşmanın insanların, o cümlədən inkişaf etmiş ölkələrdə, həyatını yaxşılaşdırmaq üçün böyük potensialı vardır və müəyyən aspektlərdə bu iş görülməkdədir. Məsələn, biliklərin qloballaşması səhiyyənin təkmilləşdirilməsinə, insan ömrünün uzadılmasına gətirib çıxarmışdır"
Belə bir mülahizə ilə razılaşmaq olar ki, qloballaşma ciddi, ağıllı tənzimlənmə və idarəetmə obyekti olmalıdır. Etiraf edilməlidir ki, müəyyən neqativ tərəfləri ilə yanaşı qloballaşma özündə böyük imkanları ehtiva edir. Lakin onlardan istifadə etmək üçün ölkənin rəqabət qabiliyyətini artırmaq lazımdır. Bəs qloballaşma şəraitində rəqabətqabiliyyətlilik uğurun səbəbi ola bilərmi?
Qloballaşma - milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyi qarşısında olduqca yüksək tələblər qoyur. Bu gün ölkənin rəqabətqabiliyyəti qlobal iqtisadiyyatda və siyasətdə ən nüfuzlu konsepsiyalardan biridir, çünki o, təkcə sırf iqtisadi göstərişləri əhatə etmir, həmçinin mühüm qeyri-iqtisadi hadisələrin iqtisadi nəticələrini qiymətləndirir. Ölkənin rəqabət qabiliyyətini necə ölçmək olar? Bu ölçünün ən sadə vasitəsi ümumi adambaşına düşən daxili məhsulun göstəricisidir. Bu göstərici nə qədər yüksəkdirsə, ölkə və onun əhalisi də bir o qədər varlı, həyat keyfiyyəti də yüksəkdir. Sevindirici haldır ki, Azərbaycan qlobal rəqabətqabiliyyətlilik reytinqində Ermənistandan da, Gürcüstandan da öndədir. Ümumdünya İqtisadi Forumunun 2009-2010-cu ildə qlobal rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan reytinqdə 51-ci, Gürcüstan 90, Ermənistan isə 97-cidir.
Bu göstərici üzrə birinci yerdə İsveçrə dayanır, maliyyə bazarlarının və makroiqtisadi sabitliyin zəifləməsinə görə ABŞ ikinci yerə düşüb. Top beşlikdə növbəti yerləri Sinqapur, İsveç və Danimarka tutur.
Lakin rəqabət qabiliyyəti ölkənin yüksək iqtisadi artım tempinə nail olmaq və bunu saxlamaq qabiliyyəti ilə məhdudlaşmır. Rəqabət qabiliyyətinin başlıca göstəricisi əhalinin yüksək və keyfiyyətli həyatıdır. Mərkəzi ofisi Lozannada yerləşən Menecment İnkişaf İnstitutu ölkələr üzrə illik rəqabət qabiliyyətinə həsr olunmuş 320-dən artıq göstərici və ekspert qiymətləndirmələrini, o cümlədən 82 iqtisadi göstəricisini, hökümətin və idarəetmənin 77 göstəricisini, 69 biznes effektliliyi göstəricisini, 94 infrastruktur göstəricisini təhlil etmişdir. Ölkənin rəqabətqabiliyyəti məhz bütün yuxarıda sadalanan meyarların və faktorlarının qarşılıqlı təsiri ilə müəyyən edilir. Bunlardan bəzilərinin xüsusi rolunu qeyd etmək yerinə düşər.
Birincisi, təhsilin səviyyəsi. Mahiyyət bundadır ki, millətlər təkcə əmtəələr və xidmətlərlə rəqabət aparmırlar - onlar ictimai dəyərlər sistemi və təhsil sistemi ilə rəqabət aparırlar. İkincisi, insan kapitalının inkişafı. Müasir iqtisadiyyatda maddi əmtəələrdən və xidmətlərdən daha çox, intellektual potensiala diqqət yetirilir. Millətin müasir və səmərəli təhsil sistemini dəstəkləmək, təlim vasitəsilə işçi qüvvəsinin intellektual potensialını artırmaq qabiliyyəti rəqabətə tab gətirmək üçün son dərəcə vacibdir.
Üçüncüsü, innovasiya inkişafı. Rəqabət qabiliyyətinin bir hissəsi olan "texnologiyalar indeksi" innovasiya inkişafının səviyyəsindən, informasiya və kommunikasiya texnologiyalarının inkişafından, elmi tədqiqatlara və araşdırmalara, bu sahədə bizneslə universitetlərin əməkdaşlığına sərf olunan investisiyaların həcminin qiymətləndirilməsindən asılıdır. Qeyd edək ki, bu gün dünyada R&D üçün ayrılan vəsaitlər yüksələn trendlərlə artır. Məsələn, Yaponiyada bu 3,3% (2005-ci il), AB-də 1,7% (2005-ci il) olub, ABŞ-da (2006-cı il) 2,6%-dır. Türkiyə isə 2007-ci ildə R&D üçün ayrılan 0,71% vəsaitlə bir çox ölkələrdən geri qalır. Məqsədyönlü R&D üçün ayrılan vəsaitlərin önəmini daha erkən qavramış ölkələr müasir dünyada texnologiya istehsal edə bilir və bunun ixracını gerçəkləşdirir.
Dördüncüsü, icra keyfiyyəti. Yaponiya, Sinqapur, Almaniya, İsveçrə qlobal iqtisadiyyatda ideya və texnologiyaların uzaqgörənliklə konkret məhsula və xidmətə konvertasiyası - çevrilməsi sayəsində inkişaf etmiş ölkələrin nümunələridir.
Və nəhayət,
siyasi iradə və milli konsensus. Yüksək rəqabət qabiliyyətinə
can atan hər bir ölkənin siyasi rəhbərliyi
üçün ən çətin məsələ təkcə siyasi
iradəni elan etmək
deyil, hər şeydən əvvəl, zəruri
dəyişikliklərin həyata keçirilməsi
üçün
insanları və institutları səfərbər etməkdir.
Son 10-15 il
ərzində rəqabətqabiliyyəti sahəsində yeni
ölçü meydana gəlmişdir: qlobal iqtisadiyyatın
yeni keyfiyyətə - "bilik iqtisadiyyatına"
keçidi vurğulanır. Çox maraqlı rəqəmdir:
müasir Qərb dünyasında fəal əhalinin yalnız
15%-inin əmtəə istehsalına birbaşa aidiyyəti var,
qalan 85% yaradıcılıq, menecment və informasiyanın
ötürülməsi prosesinə cəlb olunub. (Qeyd - burada cəlb olunub dedikdə əhalinin
yüksək təhsil səviyyəsi və daim öz biliklərinin
artırması qeyd olunan sahələrdə onların daha
yüksək məvaciblə işləməsini şərtləndirir).
Məlum
olduğu kimi, rəqabət qabiliyyəti nəzəriyyəsi
daha kompleks şəkildə professor Maykl Porterin əsərlərində
tədqiq olunmuşdur. Porterin nəzəriyyəsi milli rəqabət
qabiliyyətini formalaşdıran determinantlara əsaslanır.
Porter XXI əsrdə daha çox inkişaf
etmiş ölkələrin təcrübəsini ümumiləşdirir.
Onun fikrincə, ən mühüm nəticələr bundan
ibarətdir: Birinci,milli çiçəklənmə
irsən keçmir, onu yaratmaq lazımdır, ikinci, ölkələrin
və regionların rəqabət qabiliyyəti daha çox
onlardan necə səmərəli istifadə ilə müəyyən
edilir.
Bu nədən
xəbər verir? Bu ondan xəbər verir ki, ölkənin
iqtisadi səviyyəsi və onun dünyada rəqabət
mövqeyi, ilk növbədə, onun insanlarının keyfiyyətindən
- insan kapitalından asılıdır. Bəs
niyə elm və təhsil, yeni texnologiyalar rəqabətqabiliyyətinin
ən mühüm faktorlarıdır?
Biz yaxın 10
ildə ölkəmizi dünyanın daha rəqabətəqabil
30 ölkəsi sırasına çıxarmaq kimi strateji vəzifəni
qoyarkən, gərək elm və texnologiyaların və təhsilin
inkişafının qlobal meyillərini izləyək. Bu meyillər
hansılardır?
Ekspertlərin
rəyinə görə, 2010-cu ildə dünyada İnternetdən
istifadə edənlərin sayı 2 milyardı keçəcəkdir. Tədricən
qabaqcıl ölkələrin prioritet hesab etdiyi dünya səviyyəli
tənqidi texnologiyalar formalaşmağa başlayır. Belə prioritetlərə, ilk növbədə,
informasiya-kommunikasiya texnologiyaları, əvvəlcədən
verilmiş xüsusiyyətləri ilə yeni
texnologiyaların, biotexnologiyaların əldə edilməsi,
enerji təminatı, alternativ enerji mənbələrinin
yaradılması aiddir.
Bu gün qlobal elmyüklü
məhsullar bazarı olduqca yüksək templə inkişaf
edir: burada son 20 il ərzində
satışın həcmi beş dəfə artaraq 1 trilyon
avronu keçmişdir. Beynəlxalq əmək
bölgüsünün formalaşması ölkələrə
imkan vermişdir ki, onlar resursları daha inkişaf etmiş
potensiala malik olan elm və texnologiyalar istiqamətində cəmləşdirsinlər.
Belə ki, hesablama və ofis texnikası
istehsalının həcminə görə ABŞ, Yaponiya
mütləq liderdir. Aviakosmik məhsullarının
böyük ixracatçıları ABŞ, Böyük
Britaniya və Fransadır. Son illərdə proqram təminatı
istehsalı sahəsində dünya liderliyinə can atan
Hindistanın nümunəsi çox təqdirəlayiqdir. Hindistan fenomeni bu sürətlə davam etsə,
böyük xarüqələr yaradacaq. Belə
ki, 2004-cü ildə Hindistan 17 milyard dollarlıq informasiya məhsulunu
ixrac etmişdir. Bu gün hind mütəxəssislərinə
İT kampaniyalarında böyük ehtiyac var və onlar
Microsoftun əməkdaşlarının 34 faizini, Ay-Bi-Em-in
işçilərinin 28 faizini, "İntel"
kompaniyasının əməkdaşlarının 17 faizini təşkil
edirlər.
Qloballaşmanın
mühüm elementlərindən biri dünya elmi- texnoloji məkanının
formalaşmasıdır. Beynəlxalq elmi-innovasiya infrastrukturunun tərkib
hissəsi olan standartların, sertifikasiya sisteminin, intellektual
mülkiyyət hüquqlarını qorumaq mexanizmlərinin
unifikasiyası sahəsində mühüm addımlar
atılmışdır.
Qlobal çevrədə
alimlərin və elmi qurumların fəaliyyəti daha
çox dərəcədə ümumdünya praktikasına
söykənir, vahid beynəlxalq meyarlarla qiymətləndirilir
və beləliklə, mütəxəssislərin beynəlxalq
mübadiləsi geniş miqyasda artmışdır. Gələcək
onillikdə yeni texnoloji nizamın başlıca inkişaf
istiqamətləri olan bio və nanotexnologiyalar, süni
intellekt sistemləri, qlobal informasiya şəbəkələri
və yüksək sürətli nəqliyyat sistemləri,
enerji qoruyan texnologiyalar, xüsusiyyətləri əvvəlcə
verilmiş konstruksiya materiallarının istehsalı, nüvə
energetikası daha da inkişaf edəcəkdir. İstehsalın daha çox intellektuallaşması,
fasiləsiz innovasiya prosesinə keçid baş verəcəkdir.
Tədricən biliklərə əsaslanan yeni cəmiyyətə
keçid başa çatacaqdır. Azərbaycanın
rəqabət qabiliyyətini artırmaq strategiyası
reallaşdırılarkən bütün bunlar diqqət mərkəsində
olmalıdır.
Təhsil
sistemində qloballaşma həmçinin bir sıra meyillərlə
səciyyəvidir. Qordon Draydenin və Canet Vosun "Təhsil
inqilabı" (2003) əsərində təhsil sahəsində
müasir dünyanın bir çox dövlətləri
üçün xas olan problemlər geniş miqyasda təsvir
edilmişdir: "Dünya elə sürətlə dəyişir
ki, təhsil sistemləri isə elə süst və ətalətlidir
ki, sanki zamanın tələsinə düşərək
çoxdan başa çatmış keçmiş epoxaya xidmət
göstərirlər".
Bunu bizim
ünvanımıza da deyilmiş mülahizə kimi qəbul
etmək olar.
İnformasiya cəmiyyətində biliklər əsas
dəyər mənbəyinə çevrilməkdədir.
Bu baxımdan əsas gəlir mənbəyi kimi
daha çox biliklər, innovasiyalar və onların praktik tətbiqi
vasitələri çıxış edirlər. Yeni iqtisadi inkişaf tipi əmək qabiliyyətli
insan üçün həyat boyu ixtisası, peşəni bir
neçə dəfə dəyişmək, öz
ixtisasını daim təkmilləşdirmək imkanları
yaradır.
Təhsil
sistemi informasiya cəmiyyətində iqtisadi sistemlə xeyli
çulğalaşır, təhsil fəaliyyəti iqtisadi
inkişafının ən mühüm komponentinə, geriliyin
aradan qaldırılması faktoruna çevrilir.
Təhsil
anlayışının özü transformasiyaya
uğrayır və genişlənir. Getdikcə təhsil daha formal məktəb,
hətta ali məktəb təlimi ilə
daha az eyniləşdirilir. Funksional
hazırlıq konsepsiyasından şəxsiyyətin
inkişafı konsepsiyasına keçid baş verir. Yeni
konsepsiya hər bir insanın imkanlarını nəzərə
alan və onun özünü
reallaşdırmasına və inkişafına kömək edən
fərdiləşdirilmiş xarakterli təhsilə
üstünlük verir.
Fasiləsiz təhsil,
yaşlıların təhsili daha mühüm əhəmiyyət
kəsb etməyə başlayır. Hələ yaxın
keçmişdə yaxşı xətti, yəni yazı
yazmaq qocalana qədər rahat və təmin olunmuş həyat
təminatı kimi çıxış edirdi. Son onilliklər insan fəaliyyətinin müxtəlif
sahələrində texnologiyaların və biliklərin
sürətlə yenilənməsi ilə səciyyəvidir.
Hətta ali məktəb təhsilində
qazanılmış biliklərin ömrü çox olmur.
"General Motors" korporasiyasının prezidenti bu barədə
belə deyir: "Bizə dördillik, hətta altıillik təhsilli
yox, qırxillik təhsilli mütəxəssislər
lazımdır".
Nəhayət,
təhsilin beynəlxalq inteqrasiyası baş verir. Təhsilin
inkişafının mühüm cəhəti onun
qloballaşmasıdır. Bu cəhət
müasir dünyada inteqrasiya proseslərinin mövcudluğunu,
dövlətlər arasında ictimai həyatın müxtəlif
sahələrində intensiv qarşılıqlı əlaqələri
əks etdirir. Təhsil milli prioritet
kateqoriyasından dünya prioritetləri kateqoriyasına
çevrilir. Sadaladığımız
meyillər Azərbaycanda elm və təhsil sisteminin əsas
istiqamətlərini müəyyənləşdirməlidir.
Qlobal dünyada Azərbaycanın strategiyası:
innovasiyaların və təhsilin inkişafı vasitəsilə
biliklər iqtisadiyyatına doğru
Nəyə nail olmuşuq və
nəyə can atırıq?
Biz sistemli
iqtisadi islahatların mürəkkəb yolunu keçərək
bir çox cəhətdən MDB ölkələrini geridə
qoymuşuq. Bu gün Azərbaycanda azad bazar iqtisadiyyatının
inkişafı üçün münbit zəmin
yaradılmışdır. Həyata
keçirilmiş islahatların nəticələri göz
qabağındadır. Azərbaycanın
iqtisadiyyatı dünyada sürətlə inkişaf edən
iqtisadiyyatlardandır. Biz başa
düşürük ki, ölkəmizdə iqtisadi artım əsasən
hasilat sektoru ilə bağlıdır. Lakin
ümidverici meyillər də mövcuddur, çünki digər
sahələrdə, məsələn emal sənayesi, tikinti, nəqliyyat
və informasiya texnologiyaları sahəsində yüksək
artım templəri nümayiş etdirilir.
Etiraf etmək
vacibdir ki, bizim iqtisadiyyatımız əsasən ekstensiv
inkişaf edir.
Əgər biz indidən gələcəyə,
postneft dövrünə boylanmasaq, 20-25 ildən sonra Azərbaycan
dünya iqtisadiyyatının periferiyasında qala bilər.
Ona görə də bu gün bizim
qarşımızda yeni, rəqabətəqabil istehsalı
inkişaf etdirmək vəzifəsi durur. Buna
isə yeni texnologiyalarsız, qlobal rəqabətli bazarlar
şəraitində işə yönümlənmiş
müasir menecment modellərini tətbiq etmədən nail olmaq
mümkün deyildir.
Ekspertlərin
rəyinə görə, Azərbaycan hazırda
iqtisadiyyatın sənaye inkişafı fazasına daxil
olmuşdur.
Lakin biz növbəti mərhələ, sənaye cəmiyyəti
haqqında fikirləşməliyik - bu, innovasiyaların və
texnologiyaların inkişafı dövrüdür.
Biz
çalışmalıyıq ki, Azərbaycanda həyat
keyfiyyətini və standartlarını 30 daha çox rəqabətəqabil
ölkənin səviyyəsinə çatdıraq. Dünya bazarında Azərbaycanı
rəqabətə tab gətirmək üstünlüyü
yüksək ixtisaslı, mobil insan kapitalından və daim
innovasiyaları tətbiq etməkdən ibarət
olmalıdır. Bununla da ölkənin rəqabət
qabiliyyətini artırmağın prioritet sahələri
seçilməlidir.
Bu gün dünya yüksək
texnologiyalar bazarı ildə 2,5 trilyon
dollar həcmində qiymətləndirilir. Bunun
39 faizi ABŞ-ın, 30 faizi Yaponiyanın, 16 faizi Almaniyanın
payına düşür. Dünyanın
yerdə qalan dövlətlərinin payına isə qalan 15
faiz düşür. Bizim başlıca vəzifəmiz
mümkün qədər tez bir vaxtda buraya daxil olub öz
yerimizi tutmaqdır.
Ölkənin
coğrafi mövqeyi Azərbaycanın perspektivdə regionun
servis-texnoloji mərkəz kimi yüksək texnoloji
istehsalı inkişaf etdirməyə imkan verir.
İnnovasiya
iqtisadiyyatının cövhəri olan rəqabətqabiliyyətli
texnologiyalar öz-özündən yaranmır. Bu, elmi tədqiqatın
mürəkkəb və məsrəfli eksperimentlərindən
və nəhayət, alimlərin ideya ruhundan qaynaqlanan çox
çətin başa gələn məhsuludur. Yüksək brendli əmtəələrin
istehsalı üçün, əlbəttə ki, xarici
texnologiyanı əldə etmək lazımdır. Lakin unutmamalıyıq ki, heç bir özünə
hörmət edən ölkə yeni texnologiyaları və
istehsal sirlərini satmaq istəməz.
Bundan əlavə,
əgər yalnız başqalarından götürəcəyimiz
texnologiyalara arxayın olsaq, onda biz texnoloji geriliyimizi aradan
qaldırıb, texnologiya və elmi sonradan inkişaf etmiş
ölkələrdən asılı vəziyyətə
düşə bilərik. Ona görə də
öz elmimizi inkişaf etdirmək vacibdir. Bundan
ötrü biz ölkənin elmi-texniki potensialını səfərbər
etməli, elmin inkişafının prioritet istiqamətlərində
toplanmış resursları bir yerə yığmalı, onun
nailiyyətlərini istehsala fəal tətbiq etmək
üçün şərait yaratmalıyıq.
Yeni elmi-texniki istiqamətlər
-biotexnologiyalar, nanotexnologiyalar, informasiya-kommunikasiya
texnologiyaları - bütün bu sahələrdə bizim vətən
və transmilli bizneslə tərəfdaşlıq şəraitində
konkret nəticələrə nail olmaq şansımız
vardır. Yaxın gələcəkdə məhz
bu istiqamətlərdə bizə minlərlə yüksək
ixtisaslı mütəxəssis və diplomlu alimlər
lazım olacaqdır.
Bəs elm və
yeni texnologiyaları necə inkişaf etdirəcəyik?
Aydındır
ki, elmin inkişafı iri maliyyə yatırımı tələb
edir və ən yaxın illərdə biz bu sahəyə xeyli
investisiya qoymalıyıq. Dövlət səviyyəsində
biz 2015-ci ilədək elmi strateji hədəflərlə
investisiya qoymağı planlaşdırmışıq.
Bu gün biz başa
düşməliyik ki, elmə sərmayə qoymaqla iş
bitmir, ölkənin elmi inkişafının idarəolunması
sistemində struktur dəyişiklikləri tələb olunur. Elmin idarə edilməsində yeni mərhələyə
- elmi müəssisələrin idarə olunmasından elmi tədqiqatların
idarə edilməsi mərhələsinə keçmək
lazımdır.
Təhsil sahəsində prioritetlərimiz
Yüksək
texnologiyaların inkişaf etdiyi ölkələrdə elmi
araşdırmalar sistemində elmi komplekslər olan, təkcə
mütəxəssislərə təlim verməklə deyil, həmçinin
texniki, təbiətşünaslıq və humanitar elmlər
sahəsində fundamental və tətbiqi tədqiqatlarla məşğul
olan universitetlər böyük rol oynayır. Bunu ali məktəb
elminə ayrılan yüksək payda maliyyələşdirmə
sübut edir. Məsələn, ABŞ-da və Böyük
Britaniyada ali məktəblərə elmə
ayrılan sərmayənin 11-12 %-ə qədəri, Fransada və
Yaponiyada 15-16%-i sərf olunur. Bütövlükdə,
ABŞ-ın, Almaniyanın, Böyük Britaniyanın,
Yaponiyanın ən yaxşı universitetləri böyük
elmi mərkəzlərdir. Universitet alimlərinin
əsərləri dünyada nüfuzlu elmi ədəbiyyatın
üçdə ikisindən çox hissəsini təşkil
edir.
Zaman sürətlə
irəliləyir, o, yeni qaydalar diktə edir və heç kəsi
gözləmir. Azərbaycanın qabaqcıl ölkələrdən
geri qalmağa haqqı yoxdur. Azərbaycan
üçün sənaye ilə sıx bağlı olan iri təhsil,
tədqiqat və elmi-istehsalat kompleksləri olan elitar
universitetlər lazımdır.
Bunun üçün
bütün ali məktəblərdə
riyaziyyat istiqamətli tətbiqi kafedralarda tədrisin səviyyəsini
keyfiyyətcə dəyişmək lazımdır. Çünki məlumatların riyazi metodlarla təhlilini
hamı - mühəndislər, iqtisadçılar,
hüquqşünaslar, inşaatçılar, dövlət
xadimləri bacarmalıdır.
Dünya təcrübəsinin
göstərdiyi kimi, kadrların riyazi
hazırlığının yüksək səviyyəsi
bütün sahələrdə irəliyə doğru keyfiyyət
sıçrayışını təmin edə bilər. Təhsil
sistemində islahatın mərkəzi vəzifəsi geniş
miqyasda tətbiq olunan müasir informasiya
texnologiyalarının təhsil proseslərinə tətbiq
olunmasıdır.
Bu mərhələdə
müəllimlərin hazırlığına və
ixtisasının artırılmasının vacibliyinə
xüsusi diqqət yetirilməlidir. Bundan əlavə, tədris
proqramlarının beynəlxalq standartlara və müasir
dünyanın tələblərinə
uyğunlaşdırılması məsələsinə yenidən
baxmaq zəruridir.
Bunun
üçün biz xarici mütəxəssislərdən
öyrənməli, onların təcrübəsinə yiyələnməliyik. Rəqabət
qabiliyyəti məsələsi, hər şeydən əvvəl,
keyfiyyət məsələsidir. Ölkənin ali məktəblərinin qabaqcıl dünya
praktikasını nəzərə almaq şərtilə
reytinqini tərtib etmək meyarları barədə dərindən
düşünülməlidir. Reytinqin müəyyən
edilməsi çox mühüm məqamdır. Yalnız
rəqabət əsasında işləyən ali
məktəb həqiqi rəqabətqabiliyyətli mütəxəssislər
hazırlamağa qabildir.
Bu yanaşmada
yeni tələbə, yeni gənc fəlsəfəsinə
böyük ehtiyac var. Çünki Azərbaycan gəncinin
dünyanın virtual sürətini izləmək
üçün o qədər də geniş zamanı yoxdur. Bizə passiv,
vaxt keçirən gənclik yox, öyrənən,
düşünən gənclik lazımdır. Hər bir müəllim nə qədər
yaxşı və peşəkar olsa da, öyrəncinin, tələbənin
özü öyrənməyə səy göstərmirsə,
müəllim ona heç bir şey verə bilməz. Bu o deməkdir ki, daim yeni biliklər əldə etmək,
öz üzərində işləmək lazımdır.
Yalnız bu yolla uğurlu insan olmaq
mümkündür.
Müasir
dünyada biliklərin və vərdişlərin "həyat
tsikli" çox qısadır. Bunun nəticəsi
olaraq təhsilin fasiləsizliyi və müntəzəm olaraq
ixtisası artırmağın əhəmiyyəti getdikcə
artır.
ABŞ-ın
elmi ədəbiyyatında, məsələn, mütəxəssisin
biliyinin köhnəlməsinin - "səriştəliliyin
yarımitirilməsi dövrü" deyilən xüsusi
ölçü vahidi mövcuddur.
Nüvə fizikasından əxz
edilmiş bu termin indiki halda ali məktəbi
bitirdikdən sonra yeni informasiyanın əldə edilməsi ilə
qavranılmış biliklərin köhnəlməsi nəticəsində
mütəxəssisin səriştəliliyinin 50 %
aşağı düşməsini bildirir.
80-90-cı illərin
ayrıcında qabaqcıl texnologiyalı müəssisələrdə
çalışan mühəndislər üçün bu
dövr 5-6 ildir, tibb işçiləri və bioloqlar
üçün isə 3-4 ildir. Bu gün isə yeni
biliklərə aramsız olaraq yiyələnmək mütəxəssisin
öz ixtisas keyfiyyətini saxlamaq üçün birinci dərəcəli
şərtdir. İnformasiya cəmiyyətində
nə kompüterlər, nə də dəzgahlar deyil, biliklər
və təfəkkürün yaradıcı potensialı, bu
gün deyildiyi kimi, kreativlik həlledici əhəmiyyət kəsb
edəcəkdir. Con Kennedinin dediyi kimi, "Bizə
heç vaxt olmamış haqqında arzu edən insanlar
lazımdır".
Hər on ildən
bir insan biliklərinin həcmi ikiqat artır. Nəticədə
biliklər daha dəyərli olur və həmişə tələb
olunan resursa çevrilir. Azərbaycanın
dünyanın daha çox rəqabətqabiliyyətli ölkələri
sırasına çıxması o zaman mümkün olar ki,
bu vəzifəni elm yüklü texnologiyaların biliklərinə,
idarəetmə vərdişlərinə malik, yüksək
ixtisaslı mütəxəssislər həyata keçirsinlər.
Məsələn, əgər müasir mühəndisin
işinə nəzər salsaq o saat aydın olar ki, o nəinki
geniş həcmdə texniki biliklərə, həm də
menecer vərdişlərinə malik olmalıdır. Axı o, texniki ideyanın yaranmasından, onun işləməsindən,
layihələndirilməsindən, iqtisadi əsaslandırılmasından,
ekoloji nəticələrinin qiymətləndirilməsindən
hazır məhsulun buraxılışınadək hansı
yolu keçəcəyi barədə təsəvvürə
malik olmalıdır. Texniki sahədə
yaxşı peşə hazırlığı iqtisadi istehsal
sahəsində mötəbər biliklərə və onun
idarə olunmasına söykənməlidir. Bununla yanaşı, xarici dilləri,
makroiqtisadiyyatı və başqa ölkələrin hüquq
sistemlərini bilmək tələb olunur.
Təhsilli,
savadlı insanlar XXI əsrdə bəşəriyyətin əsas
hərəkətverici qüvvəsidir. İnkişaf
etmək istəməyən, irəli getməyən, öz
yerini başqasına rəqabətə daha qabil mütəxəssisə
verməlidir. Necə deyərlər,
"ya irəli getməlisən, ya da kənara çəkilməlisən".
Müasir rəqabətli dünyanı məhz
bu prinsip idarə edir. Və bu prinsip bizim həyat
mövqeyimizi daha çox müəyyən etməlidir.
Bu gün
özünə inanan, arzusu olan və bunu həyata keçirmək
iradəsinə malik olan istedadlı, enerjili insanların
dövrü, zamanıdır. Qüvvəni əsirgəmədən
işləməlisən, öz üzərində
çalışmalısan ki, niyyət etdiyinə nail olasan.
XXI əsrin ilk illərindən ictimai
inkişafı təmin edən dəyər prioritetlərinin dəyişməsi
meyili daha aydın görünür. Bəşəriyyətin
növbəti əsrə transformasiyası ilə
üst-üstə düşən inkişaf təkcə insan
fəaliyyətinin və onun müvafiq təşkili vasitələrinin
dəyişməsini şərtləndirmir. Təhsildə innovasiya bütövlükdə təhsil
sisteminin strukturunu, məzmununu və təşkilini dəyişməyə
imkan verən təhsilin inkişafının idarə
olunmasının spesifik formasıdır. Nəticədə
idarəetmə mədəniyyətinin özü də
transformasiyaya məruz qalır.
Cəsarət VALEHOV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.5.