İxtisasartırma təhsilinin təşkili
yeni tələblər əsasında həyata
keçirilir
Son beş ildə Azərbaycan Müəllimlər
İnstitutunda ixtisasartırmanın
keyfiyyətinin daha da yaxşılaşdırılması
istiqamətində böyük
işlər görülür.
Etiraf edilir ki, əvvəllər
respublikamızın müxtəlif
rayonlarından təkmilləşdirmə
kurslarına gələn
müəllimlər arasında
kütləvi halda dərslərdən yayınma
halları baş verirdisə, hazırda institut rəhbərliyinin kadrları düzgün yerləşdirməsi və
tələbkarlığı nəticəsində belə
halların qarşısı
qəti şəkildə
alınmışdır. Belə ki, biraylıq kurslarda 20 faizdən çox üzrsüz səbəbdən dərslərdə
iştirak etməyən
müəllimlərə kursu
bitirmək haqqında
sənədlər verilmir.
Sözsüz ki, bu tələbkarlıq nəticəsində
nizam-intizam yaradılmış,
dərsə davamiyyət
yaxşılaşmışdır.
İxtisasartırma təhsilinin keyfiyyətini daha da yaxşılaşdırmaq üçün ayrı-ayrı kateqoriyalar üzrə kurslara gələn müəllimlərə çatdırılan elmi-nəzəri, təcrübi əhəmiyyət kəsb edən mühazirə və seminarların məzmunu da xüsusi proqram əsasında təhsilin müasir tələblərinə uyğunlaşdırılmışdır. Aparılan islahatlar nəticəsində meydana gəlmiş bütün yeniliklər sistemli olaraq kompleks şəkildə kitabça formasında nəşr olunmuş beş il müddətinə nəzərdə tutulmuş tədris-tematik planında öz əksini tapmışdır. Eyni zamanda müxtəlif kateqoriyalar üzrə kurslara gələn müəllimlərin xüsusi sorğu anketləri vasitəsilə tələbatları müəyyənləşdirilir, onların arzu və istəklərinə uyğun olan sahələr üçün də kurs ərəfəsində vaxt ayrılır, həmin vaxt ərzində dinləyicilərin tələbatını ödəyən əlavə mövzular tədris olunur.
Ən maraqlı cəhət isə odur ki, ixtisasartırmaya gələn müəllimlərin bilik səviyyəsi həm açılışda, həm də yekunda yoxlama xarakteri daşıyan xüsusi testlər, məqbullar və sorğu anketləri vasitəsilə müəyyənləşdirilir. Bundan sonra kursa gələn müəllimlərə əlavə vəsaitlər, öyrədici əhəmiyyətə malik olan metodik materiallar verilir. Bu materiallarda təhsil sistemində baş verən bütün yeniliklər öz əksini tapır.
Məlumdur ki, son vaxtlar təhsil sahəsində kifayət qədər innovasiyalar meydana gəlmişdir. Bu innovasiyaları böyük müəllim ordusuna çatdırmadan şagirdləri daha yüksək keyfiyyətli biliklərə yiyələndirmək olmaz.
Etiraf edək ki, Azərbaycanın kənd rayonlarında, hətta bir çox şəhər məktəblərində işləyən müəllimlərin mütaliə etmək, təhsil sistemində baş verən yenilikləri öyrənmək səviyyəsi çox aşağıdır. Elə müəllimlər var ki, hətta öz ixtisası üzrə də uzun illərdən bəridir ki, mütaliə ilə məşğul olmur. Bu faktlar kursa gələn çoxsaylı müəllimlərlə dərs prosesində yaranan dialoqlar vasitəsilə də aşkar olmuşdur. Müəllimlər bu faktın mövcudluğunu özləri də etiraf etmişlər. Buna görə də ixtisasartırma təhsilində aldığı biliyin əhəmiyyətini dərk edən müəllimlər dekanlığın onlara təqdim etdiyi rəy kitabına dərin minnətdarlıqla dolu sözlər yazmışlar.
Lakin sorğu anketlərinə verilən cavablar göstərir ki, ixtisasartırma kurslarına
gəlmiş bəzi kateqoriyadan olan dinləyicilər öz fəaliyyət sahələrinə
aid olan normativ sənədlər haqqında
da kifayət qədər məlumata malik deyillər. Məsələn,
2008-ci il sentyabrın 12-də məktəbəqədər
tərbiyə müəssisə
rəhbərlərinin giriş
anket sorğusu zamanı 12 nəfər dinləyici iştirak etmiş, onların əksəriyyəti sorğu
anketində göstərilən
"Məktəbəqədər tərbiyə və təlim müəssisələri
haqqında əsasnamə"nin
neçənci ildə
qəbul olunması ilə bağlı sualı cavablandıra bilməmişdir. Onların əksəriyyətinin
Təhsil Nazirliyi tərəfindən məktəbəqədər
təhsillə əlaqədar
olan müxtəlif normativ sənədlərdən
xəbəri olmadığı
aşkar olunmuşdur.
Həmçinin bu bağça
rəhbərləri məktəbəqədər
tərbiyə müəssisələrində
uşaqların əqli,
estetik, əmək və fiziki tərbiyəsinin təşkilinə
metodistin əməli köməyinin nədən
ibarət olduğunu cavablandıra bilməmişlər.
Həmin
qrupun yekun sorğu anketinin cavablandırma prosesində
isə vəziyyət
tamam dəyişmişdir.
Onların 24 gün ərzində
kifayət qədər
yeni biliklərə yiyələndikləri aşkar
olunmuşdur. Fakültənin rəy kitabındakı yazılarında isə onlar belə kursların tez-tez təşkil olunmasını
xahiş etmişlər.
Yaxud, 2 dekabr 2008-ci ildə məktəb kitabxanalarının işçiləri üçün təşkil olunmuş kursda 22 nəfər iştirakçının əksəriyyəti giriş anketində qoyulan suala uyğun olaraq kitabxana işi ilə bağlı əsasnamənin və kitabxana işi haqqında Azərbaycan Respublikasının Qanununun nə vaxt qəbul olunduğunu bilməmişlər. Eyni zamanda "Kurikulum nədir" sualı da cavablandırılmamışdır. Kurs başa çatarkən onlara təqdim olunan yekun anketində isə vəziyyət müsbətə doğru tamam dəyişmişdir.
Bütün bunlar ixtisasartırma kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamiyyətə nəzarətin gücləndirilməsi nəticəsində baş vermişdir.
Qeyd etmək lazımdır ki, AMİ-də ixtisasartırma təhsilinin təşkili prosesi xüsusi koordinasiya əsasında həyata keçirilir. Belə ki, müəllim hazırlığı, proqramın məzmunu və planlaşdırılması, dərsliklərin və dərs vəsaitlərinin yazılması, kadrların yerləşdirilməsi, pedaqoji fəaliyyətin öyrənilməsi, elmi-pedaqoji-metodiki tələbatın formalaşdırılması kimi fəaliyyət sahələri ixtisasartırmanın əsasını təşkil edir. Həyata keçirdiyimiz bütün bu məsələlər Təhsil Nazirliyi, ali pedaqoji, orta ixtisas məktəbləri, Təhsil Problemləri İnstitutu, R(Ş)TŞ, başqa ixtisasartırma müəssisələri ilə əlaqəli şəkildə tənzimlənir.
Bütün təhsil sahələrində olduğu kimi, ixtisasartırma təhsilində də dərs deyən müəllimin elmi-metodiki hazırlığı onun istedad və bacarığı təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas faktorlarından biri kimi qiymətləndirilir. Bu cəhəti nəzərə alaraq Azərbaycan Müəllimlər İnstitutunun rektoru, professor Aqiyə Naxçıvanlı instituta rektor təyin olunduğu gündən müəllimin dərs dediyi şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirir.
Dərs deyən müəllimlər qarşısında da yüksək tələblər qoyulmuşdur. Hər bir müəllim yeni təlim metodlarını öyrənməli, kompüter texnologiyalarından istifadə etməyi bacarmalıdır. Müəllimləri qeyd olunan vərdiş və bacarığa yiyələndirmək məqsədilə institutda onlar üçün vaxtaşırı olaraq 3-5 günlük seminarlar təşkil olunur. Belə seminarlar əsasən dərslər pozulmasın deyə, semestrarası tətillər zamanı həyata keçirilir. Seminar iştirakçılarının əldə etdikləri biliyin səviyyəsi qiymətləndirilir və onlara xüsusi sertifikatlar verilir.
Təbii ki, son beş ildə Azərbaycan Müəllimlər İnstitutunda onun rəhbərliyi tərəfindən həyata keçirilən yenidənqurma işləri ixtisasartırma təhsilində yeni məzmun və keyfiyyətin yaranmasına səbəb olmuşdur.
Azərbaycan təhsil sistemini dünya standartlarına uyğunlaşdırmaq üçün "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" adlı sənəd xüsusi əhəmiyyət kəsb edir. Həmin sənədin təhsil prosesinə tətbiq olunması üçün Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma təhsili sahəsində çox böyük işlər görülmüşdür. Hətta İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün də Milli Kurikuluma aid 10 günlük seminarlar keçirilmiş və yekunda onlara respublikanın təhsil naziri, cənab Misir Mərdanov tərəfindən xüsusi sertifikatlar təqdim olunmuşdur. Eyni zamanda müxtəlif fənn müəllimləri üçün təşkil olunan kursların tədris-tematik planlarında da kurikulumun tədrisi ilə bağlı mövzulara geniş yer verilir.
Rayon (şəhər) təhsil şöbələrinin sifarişləri əsasında kurikulum və fəal təlim metodları üzrə yerlərdə də 3 günlük və həftəlik seminarlar təşkil edilir.
Ali məktəb müəllimlərinin 3 aylıq kurslarının təşkili də Azərbaycan Müəllimlər İnstitutu tərəfindən həyata keçirilir. Bu kurslarda oxunan mühazirələrə daha yüksək ixtisaslı kadrlar cəlb olunur. Buraya AMEA-nın institutlarının, Təhsil Problemləri İnstitutunun professorları, Təhsil Nazirliyinin aparıcı mütəxəssisləri, başqa ali məktəblərin tanınmış alimləri dəvət olunurlar.
Sevindirici haldır ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2009-cu ilin oktyabr ayının 24-də keçirilən kollegiyasında institutumuzda təşkil olunan ixtisasartırma təhsilinə yüksək qiymət verilmişdir. Orada qeyd olunmuşdur ki, Azərbaycan Müəllimlər İnstitutunda təhsilin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmış, çevik plan və proqramlar tətbiq edilməkdədir. Kollegiya qərarında bildirilir ki, AMİ-də ixtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq olunur. Əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəli təlimçilərin cəlb olunması, səmərəli idarəetmə sayəsində AMİ-də ixtisasartırma təhsili sahəsində keyfiyyət və yüksək davamiyyət təmin olunur.
Rahim ƏZİZOV,
Telman HAQVERDİYEV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.4.