Bu il
Bakıdakı 3 nömrəli bağçadan
50 uşaq məktəbə gedəcək
Bakının
Sabunçu qəsəbəsində yerləşən
3 nömrəli "Səadət" körpələr evi-uşaq bağçasında 5 qrupda 100-dən çox uşaq tərbiyə olunur.
Onların 50-si 2010-2011-ci dərs ilində ilk
dəfə əlinə çanta alıb
məktəbə gedəcək. Bu
münasibətlə iyunun 9-da bağçada məzunların məktəbə
yola salınması mərasimi keçirildi. Mərasimdə valideynlər də
iştirak edirdilər.
Yeri gəlmişkən
qeyd edək ki, yola salmaqda
olduğumuz dərs ili "Səadət"
körpələr evi-uşaq
bağçasının pedaqoji
kollektivi, burada tərbiyə alan fidan balalar üçün
çox uğurlu olub. Uzun müddətdən
bəri təmirinə
ciddi ehtiyac duyulan bağça bu il dövlət vəsaiti hesabına əsaslı təmir olunub. Müəssisəyə müasir uşaq
mebelləri, bərk və yumşaq avadanlıq, vəsaitlər
və oyuncaqlar verilib. Bağçanın rəhbərliyi, tərbiyəçilər və
valideynlər yüksək
səviyyədə aparılmış
təmirdən, yaradılmış
əlverişli təlim
mühitindən çox
razıdırlar və
bu şəraiti yaradan dövlətimizə,
onun başçısına
minnətdarlıq edirlər.
Həmin minnətdarlıq duyğuları şənlikdə
də dilə gəldi.
Bağçada yaradılmış nümunəvi
təlim mühitindən
səmərəli istifadə
edən pedaqoji kollektiv uşaqlarla aparılan tərbiyə-təlim
işlərinin, altıyaşlıların
məktəb təliminə
hazırlanmasının keyfiyyətini
yüksəltməyə nail olub. Bunu bağçadan
bu il
məktəbə gedəcək
uşaqların bayram şənliyindəki çıxışları
da aydın göstərirdi. Olduqca zəngin mündəricəli
ssenari üzrə reallaşdırılan tədbirdə
söylədikləri şeirlərlə,
oxuduqları mahnılarla,
ifa etdikləri rəqslərlə, göstərdikləri
səhnəciklərlə uşaqlar
mövcud proqram çərçivəsində bilik və bacarıqlara,
şifahi nitq vərdişlərinə yiyələndiklərini,
saymağı, hesablamağı,
sadə əməlləri
yerinə yetirə bildiklərini nümayiş
etdirdilər.
Bağçanın rəngarəng şarlarla,
bayraqcıqlarla bəzədilmiş
həyətində keçirilən
"Əlvida, bağça,
salam məktəb"
mərasimini balaca aparıcılar Rasim və Fidan açdılar. Məzunlar xorla
Dövlət himnini ifa etdilər. Aparıcılar azadlığı tərənnüm edən
şeir dedilər və bu böyük
nemətin xalqımıza
bəxş edilməsində
ulu öndər Heydər Əliyevin xidmətlərindən şirin
uşaq dili ilə söz açdılar, ona həsr olunmuş şeirlər söylədilər.
Ələkbər, Aytac, Nicat, Aytən,
Nihad, Əlisafa və b. uşaqlar meydanda bir-birlərini əvəz edərək şeir deməklə, mahnı oxumaqla, rəqs etməklə öz məharətlərini
göstərdilər.
3 nömrəli
"Səadət" körpələr
evi-uşaq bağçasının
müdiri, bütün
ömrünü bu məktəbəqədər müəssisəyə,
körpə fidanlara həsr edən Şahnaz Abdullayeva məzunları təbrik etdi, onların valideynlərinə gözaydınlığı
verdi.
Möhtərəm Prezidentimiz
İlham Əliyevin xüsusi sərəncamı
ilə cari ilin ölkəmizdə
"Ekologiya ili" elan olunduğunu deyən Ş.Abdullayeva bununla əlaqədar uşaqların ekoloji tərbiyəsinə xüsusi
fikir verdiklərini, aparılan təlim-tərbiyə
işinin keyfiyyətini
yüksəltmək qayğısına
qalmaqla bərabər onlara ətraf mühitin ekologiyası haqqında ilkin təsəvvürlər yaratmaq,
uşaqları ekologiyanın
qorunması ilə əlaqədar gücləri
çatacaq işlərə
cəlb etmək istiqamətində də ardıcıl iş apardıqlarını, çoxlu
tərbiyəvi tədbirlər
keçirdiklərini diqqətə
çatdırdı.
Sonra meydan yenidən uşaqlara verildi. Xorun ifasında Müslüm
Maqomayevin "Azərbaycan"
mahnısı səsləndi.
Balaca istedad Mirsahil mahnının solo hissəsini
məharətlə təqdim
etdi. Lalə bağçaları üçün çox darıxacağını söylədi.
Uşaqlar bağçaya, məktəbə,
müəllimlərə, tərbiyəçilərə
həsr olunan şeirlər söylədilər.
Milli geyimli qızlar və oğlanlar Adil Gərayın "Azərbaycanım",
Rəşid Şəfəqin
"Göyərçinik biz",
"Ana" mahnılarını oxudular, milli rəqs nümayiş etdirdilər.
Cırtdanla Tıq-tıq xanımın
dostluğuna həsr olunmuş səhnəcik isə mərasim iştirakçılarını valeh etdi.
Qızlardan ibarət
rəqs qrupunun ifa etdiyi "Cücələrim" rəqsi,
Rasim, Tehran, Elçin,
Sahilin oxuduqları
"Dostlar" mahnısı,
Sehran, Elçin, Selcan, Fatimə və Əfsanənin müəllimə aid söylədikləri
şeirlər də bir çox digər nömrələr
kimi tədbir iştirakçılarının alqışları ilə
qarşılandı. Tərbiyəçilər
Həmayıl Sultanova,
Tamara Quliyeva uşaqları
təbrik edib, xoş arzularını çatdırdılar.
Maraqlı keçən,
iştirakçılara xoş
anlar bəxş edən tədbirdə balaca fidanların məharətli çıxışları
bu tərbiyə ocağında istedadların
aşkara çıxarılması
və inkişafı yönündə məqsədyönlu
iş aparıldığını
sübut edirdi. Bu işdə tərbiyəçilər
Füruzə Abdullayeva,
İrina Kasatkina və Sevinc Qasımovanın, musiqi rəhbəri Firəngiz Quliyevanın böyük zəhməti vardır.
Bayram mərasimi məzun olacaq uşaqlara hədiyyələrin verilməsi
ilə başa çatdı.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.4.