Təhsil naziri valideynlərlə
görüşüb
Görüşdə Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının rəhbərliyi və üzvləri
iştirak ediblər
İyunun 12-də
Təhsil Nazirliyində Azərbaycan Milli Valideyn-Müəllim
Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı
ilə VMA rəhbərləri və üzvləri olan valideynlərlə
görüş keçirildi. Görüşdə
valideynlərin təhsildəki bir sıra problemlərin həlli,
valideyn-məktəb əlaqələrinin gücləndirilməsi
ilə bağlı arzu və təklifləri müzakirə
edildi.
Tədbiri açan təhsil naziri Misir Mərdanov valideynlərlə görüşməsindən məmnun qaldığını, görüşü çox əhəmiyyətli saydığını bildirdi və onun təşəbbüskarı olan Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifovaya təşəkkür etdi. Nazir ona yazılı şəkildə təqdim edilmiş təkliflərlə tanış olduğunu, həmin təkliflərin onu düşündürən məsələlərlə üst-üstə düşdüyünü deyərək bunu təhsilin keyfiyyətini yüksəltməkdə hamının məqsədinin bir olması ilə əlaqələndirdi. Təhsilin inkişafı istiqamətində son illər xeyli iş görülsə də, müəyyən problemlərin hələ də qaldığını söyləyən nazir ölkəmizdə təhsilin səviyyəsinin, gələcəyinin valideynlərin bu işə münasibətindən, müdaxiləsindən, arzu və təkliflərindən asılı olduğunu vurğuladı. Qeyd etdi ki, məhz bu sahədə işləri daha da canlandırmaq üçün dünya təcrübəsi nəzərə alınmaqla ölkəmizdə Milli Valideyn-Müəllim Assosiasiyası yaradılmış və qısa müddətdə onun şəbəkəsi xeyli genişlənmişdir. Artıq ölkədə 1000-dən çox məktəbdə və uşaq bağçasında VMA-nın fəaliyyət göstərdiyini və onların işində xeyli irəliləyişin olduğunu diqqətə çatdıran nazir bundan sonra həmin qurumların şəbəkəsini genişləndirməkdənsə, mövcud olanları daha da möhkəmləndirmək və fəaliyyətlərini səmərəli qurmaq istiqamətində iş aparılmasını zəruri saydığını vurğuladı.
VMA-nın fəaliyyət istiqamətlərindən söz açan nazir bildirdi ki, onun düşündüyünə görə, bu qurumların üzvü olan valideynlər məktəb direktoru seçimindən tutmuş müəllim seçiminə, dərsliklərə, proqramlara, məktəbin dərs cədvəlinə, müxtəlif səviyyəli tədbirlərədək hər işə müdaxilə edə bilməli, həmin işlər bilavasitə valideynlərin iştirakı ilə həll olunmalıdır. Nazir təəssüf hissi ilə
qeyd etdi ki, bir çox müəssisə və təşkilatlarda,
o cümlədən təhsil sistemindəki qurumlarda və təhsil
ocaqlarında hər şeyi birinci şəxslər həll edirlər.
Bunu pis tendensiya sayan nazir belə halların əslində
idarəçilik sistemini pozduğunu, bu işə bilavasitə
cavabdeh və aidiyyəti olan digər adamlarda laqeydlik
yaratdığını, təşəbbüskarlığın
qarşısını aldığını, məsələlərin
bir çoxunun məhz yerlərdə həll edilməli
olduğunu söylədi.
Təhsil naziri belə
görüşlərin ildə bir neçə dəfə
keçirilməsinin, beləliklə VMA üzvləri olan
valideynlərə öz məktəbləri haqqında
qısa arayışlar vermələrinə, öz təkliflərini
söyləmələrinə şərait
yaradılmasının məqsədəuyğun olduğunu
bildirdi.
Sonra təhsil naziri Misir
Mərdanov yazılı şəkildə ona təqdim
olunmuş təkliflərin bəzilərinə münasibət
bildirdi.
Orta məktəblərdə
mərkəzləşdirilmiş qaydada keçirilən
buraxılış imtahanlarında valideynlərin
iştirakı barədə təklifə müsbət
yanaşdığını deyən nazir bununla bağlı bəzi
fikirlərini görüş iştirakçıları ilə
bölüşdü. Təhsil naziri bildirdi ki, orta məktəblərdə
bir neçə ildir ki, mərkəzləşdirilmiş
qaydada keçirilən buraxılış imtahanlarından
narahat və narazı olanlar, bu işi istəyənlərlə
yanaşı, istəməyənlər olsa da,
bütövlükdə bu, son illər təhsil sistemimizdə
atılmış ən ciddi addımlardan biridir.
Buraxılış imtahanlarının mərkəzləşdirilmiş
qaydada keçirilməsini çox vacib məsələ
saydığını deyən nazir bunun son illər təhsilin
müxtəlif səviyyələrində, məktəblərdə,
hətta şagird və valideynlər arasında
özünü göstərən məsuliyyətsizlik
hallarının aradan qaldırılmasına, məktəbin,
müəllimin nüfuzunun yüksəlməsinə müsbət
təsir göstərdiyini, bütövlükdə bu
addımın ictimaiyyət tərəfindən dəstəkləndiyini
söylədi, onun hətta aşağı siniflərdə də
tətbiq olunmasının vacibliyini diqqətə
çatdırdı.
VMA-nın üzvü
olan valideynlərin mərkəzləşdirilmiş qaydada
keçirilən buraxılış imtahanlarında
iştirakını zəruri saydığını deyən
təhsil naziri görüşdə iştirak edən valideynlərə
əgər arzu edirlərsə və imkanları varsa, iyunun
16-da Bakı və Sumqayıt şəhərlərinin
ümumtəhsil məktəblərində keçiriləcək
buraxılış imtahanlarında iştirak etməyi,
imtahanlara müdaxilə etmədən imtahan mərkəzlərinin
rəhbərləri, nəzarətçi müəllimlər
və şagirdlərlə görüşüb söhbətlər
aparmağı, görüləcək işlərə qiymət
verməyi tövsiyə etdi, belə arzuda olanlara şərait
yaradılacağını bildirdi.
Başqa bir təklifə,
I-II siniflərdə istifadə olunan iş dəftərlərinin
çoxluğu və bahalığı məsələsinə
münasibətini bildirən nazir bu məsələnin onu da
düşündürdüyünü, iş dəftərlərinin
qiymətlərinin ucuz olması ilə əlaqədar nəşriyyatlara
artıq tapşırıq verdiyini dedi və bu il çapdan
çıxacaq iş dəftərlərində bunun nəzərə
alınacağına valideynləri əmin etdi.
Nazir İctimai televiziyada
yayımlanan "Açıq dərs" verilişinin birinin
valideynlərin iştirakı ilə keçirilməsi təklifinin
də onun üçün maraqlı olduğunu söylədi
və həmin verilişin nəinki birində, hətta ikisində
valideynlərlə birgə çıxış etməyə
hazır olduğunu bildirdi, bu barədə verilişin
moderatoru ilə danışacağına söz verdi.
Təhsil naziri valideynlərin
təklif etdiyi "İlin valideyni" müsabiqəsinin
keçirilməsi məsələsinə də müsbət
yanaşdığını, belə bir müsabiqənin təşkilinə
nazirlik tərəfindən imkan daxilində dəstək veriləcəyini
söylədi, eyni zamanda müsabiqə üçün
meyarlar, qaydalar hazırlamaq lazım gəldiyini diqqətə
çatdırdı.
Görüşdə
repetitorluq məsələsinə də toxunuldu. Bununla
bağlı VMA-nın təkliflər paketində əksini
tapmış "Repetitor müəllimlərin fəaliyyətinin
evlərdən siniflərə keçirilməsi
üçün tədbirlərin görulməsi" məsələsinə
münasibətini bildirən təhsil naziri repetitorluqla
bağlı ölkə mətbuatında məqalə ilə
çıxış edib öz fikirlərini
açıqladığını söylədi və
valideynlərə həmin məqalə ilə tanış
olmalarını tövsiyə etdi.
Repetitorluğa bir
neçə baxımdan yanaşdığını bildirən
nazir bir tərəfdən bu işi müsbət qiymətləndirdiyini,
imkanları olan, övladlarının daha çox bilik və
bacarığa yiyələnməsi üçün
repetitorların xidmətindən istifadə etmək istəyən
insanları başa düşdüyünü, digər tərəfdən
repetitorluğun məktəbin, burada keçilən dərslərin
ziyanına olmasının, dövlətdən, hökumətdən
gizli şəkildə aparılmasının əleyhinə
olduğunu söylədi.
Təhsil naziri təkliflərin
sırasında yer almış gənc valideynlər
üçün məktəblərdə kursların
açılmasını da çox yaxşı fikir kimi dəyərləndirdi,
valideynlərlə müntəzəm maarifləndirmə
işlərinin aparılmasının vacib olduğunu
vurğuladı.
Görüşdə ən
vacib məsələlərdən biri olan VMA-ların məktəblərdə
direktor seçilməsində rolu barədə də ətraflı
söhbət getdi. Təhsil naziri VMA-ların məktəb
direktorunun seçilməsində iştirakının, bu
işin hansısa bir formasının tapılmasının, məktəb
direktoru seçilərkən VMA-nın təklifinin nəzərə
alınmasının, VMA tərəfindən ehtiyat direktor
kadrlarının hazırlanmasının və Təhsil
Nazirliyinə təklif olunmasının
mümkünlüyünü diqqətə
çatdırdı.
Məktəblərdə
VMA-nın təklif, tövsiyə qutularının
qoyulması təklifini də təhsil naziri təqdir edib
çox maraqlı fikir kimi dəyərləndirdi. Vaxtilə
rektor işlədiyi dövrdə BDU-da belə qutuların
qoyulduğunu və müsbət nəticələr verdiyini
diqqətə çatdırdı.
Bir sıra digər məsələlərlə
bağlı fikirlərini də açıqlayan təhsil
naziri təqdim olunmuş siyahıdakı bütün təklifləri
diqqətə çatdırmağa lüzum görmədiyini,
bununla əlaqədar valideynlərin özlərini eşitmək
arzusunda olduğunu bildirərək sözü onlara verdi.
VMA rəhbəri və
üzvü olan valideynlər çıxış edərək
təhsildə görülən işlərdən, mövcud
problemlərdən, öz məktəblərindəki vəziyyətdən
söz açdılar, arzu və təkliflərini bildirdilər.
İlk söz alan Bakıdakı Bağça-Məktəb-Lisey
Kompleksi VMA-nın prezidenti Cavanşir Rzayev kompleksdə təhsilin
səviyyəsinin qənaətbəxş olduğunu, iki
övladının bu təhsil ocağını bitirdiyini,
birinin isə hazırda təhsilini davam etdirdiyini, BML kompleksini
bitirən övladlarının məhz burada aldıqları
yüksək təhsil hesabına ali məktəbləri də
uğurla başa vurub fərqlənmə diplomları
aldıqlarını diqqətə çatdırdı. "İlin
valideyni"nin seçilməsi təklifinə müsbət
yanaşdığını bildirən C.Rzayev il boyu bir dəfə
də olsun valideyn yığıncağına gəlməyən
valideynlərə məktəbdə hər şeyin məhz
onların övladı üçün edildiyini başa salmaq
üçün müəyyən bir mexanizmin
olmadığını təəssüf hissi ilə söylədi.
Onun fikrincə, məhz bəzi valideynlərin
övladlarının təhsilinə biganə münasibətinin,
məktəblə əlaqə saxlamamalarının nəticəsidir
ki, onlar övladlarını düzgün istiqamətləndirə
bilmirlər. Belə ailələrdən gələn
uşaqlar məktəbdəki fəal, çalışqan,
oxumaq istəyən uşaqlara hər vasitə ilə mane
olurlar. O təklif etdi ki, yaxşı valideynləri fərqləndirmək,
həvəsləndirmək üçün "İlin
valideyni" müsabiqəsi keçirildiyi kimi, pis valideynlər
üçün də hansısa bir cəza növü tətbiq
edilsin.
Binəqədi rayonunda yerləşən 299 nömrəli
məktəbin valideyni, VMA üzvü İlham Qaibzadə, müharibə əlili
olmasına baxmayaraq, məktəblə müntəzəm əlaqə
saxladığını, övladının təhsili ilə
daim maraqlandığını, məktəbdə yüksək
təlim-tərbiyə şəraiti
yaradıldığını diqqətə
çatdırıb, bütün bunlara görə təhsil
nazirinə minnətdarlığını bildirdi. Ulu öndərimiz
Heydər Əliyevin, onun layiqli varisi İlham Əliyevin
müharibə əlillərinə göstərdikləri diqqət
və qayğını xüsusi qeyd etdi.
Məktəblərində
son illər böyük dönüş
yarandığını deyən valideyn oradakı vəziyyətlə
tanış olmaq üçün təhsil naziri Misir Mərdanovdan
299 nömrəli məktəbə gəlməsini xahiş
etdi.
Bakıdakı 18 nömrəli məktəbin valideyni
Təbəssüm Abdullayeva çıxışında
təhsil ocağının direktoru Vaqif Hüseynovun məktəb
VMA-nın fəaliyyətinə yaxından kömək
göstərdiyini, valideynlərin məktəbin fəaliyyətində
fəal iştirak etdiyini bildirdi. Qeyd etdi ki, özü ixtisasca
mühəndisdir, Səhiyyə Nazirliyində işləyir.
Yaxşı əl qabiliyyəti var. Məktəbdə onun
üçün şərait yaradıb, dərnək
açıb. 7-8-ci siniflərin qızlarına əl işlərini
öyrədir. T.Abdullayevanın fikrincə, hər bir valideyn
gücü çatan, bacardığı işlərdə məktəbə
kömək edərsə, bunun, ilk növbədə, burada təhsil
alan övladlarına böyük xeyiri olar.
111 nömrəli körpələr evi-uşaq
bağçasının valideyni Zemfira Məmmədqızı
çıxışında valideynlərlə
görüşməyə imkan tapdığına görə
təhsil naziri Misir Mərdanova təşəkkürünü
bildirdi. Qeyd etdi ki, bu tərbiyə ocağında VMA iki ildir
yaradılıb və yaxşı təcrübəsi var.
Valideynlər bağçanın işində, problemlərinin
həllində yaxından iştirak edirlər. Lakin
bağçada onların həll edə bilmədiyi bəzi
problemlərin də olduğunu deyən Z.Məmmədqızı
təhsil nazirindən onların həllinə yardımçı
olmağı xahiş etdi.
Z.Məmmədova habelə
bağça tərbiyəçilərinin psixoloji biliklərə
yiyələnmələri üçün xüsusi kurslara cəlb
olunmalarını, məktəbəqədər təhsil
müəssisələri arasında qabaqcıl təcrübənin
yayılmasını təklif etdi.
Bakıdakı 20 nömrəli məktəb-liseydən
VMA üzvü Faiq İsmayılov da öz
çıxışında yeni direktor təyin olunduqdan sonra
təhsil ocağında vəziyyətin müsbət mənada
xeyli dəyişdiyini bildirdi.
F.İsmayılov məktəb
VMA-larının işlək, məktəbin fəaliyyətinə
müdaxilə edə bilən bir quruma çevrilməsini təklif
etdi. Peşə bayramı günündə müəllimlərə
hədiyyələrin verilməsi ilə bağlı bəzi mətbuat
orqanlarında aparılan qərəzli kampaniyaya da
F.İsmayılov bir valideyn kimi öz etirazını bildirdi.
Valideyn məktəblərdə
ingilis dili müəllimlərinin çoxunun bu dildə
danışa bilmədiyini qeyd edib, onların dil kurslarına cəlb
edilməsi təklifini irəli sürdü.
Uşaq hüquqları klinikasının rəhbəri
Nazir Quliyev
çıxışında uşaq hüquqlarının
qorunması sahəsində gördükləri işlərdən
danışdı. Valideynlərin uşaq hüquqları
haqqında az məlumatlı olduğunu deyən N.Quliyev onlar
arasında bu istiqamətdə maarifləndirmə işlərinin
gücləndirilməsinə ehtiyac duyulduğunu bildirdi. O,
habelə uşaqlara, müəllimlərə hüquqları
ilə yanaşı, vəzifələrini də öyrətmək
lazım gəldiyini vurğuladı.
N.Quliyev orta məktəblərdə
şagirdlər tərəfindən mobil telefonlardan istifadənin
onu narahat etdiyini, bu telefonlardan çox istifadə etməyin
ağır fəsadlara gətirib
çıxardığını, eyni zamanda məktəbə,
şagirdlərə, müəllimə qarşı hörmətsizlik
yaratdığını söylədi və imkan daxilində bunun qarşısının
alınmasını, tənzimlənməsini təklif etdi. O,
gənc valideynlərin xüsusi kurslar vasitəsi ilə məktəbə
hazırlanması təklifini də müdafiə etdiyini
bildirdi.
9 nömrəli məktəbin valideyni olan 5 nömrəli
xəstəxananın həkimi Həmzə Əzizbəyov da görüş
üçün nazirə minnətdarlığını
bildirdi. O, çıxışında Azərbaycan
xalqının təhsilə marağının güclü,
bizim təhsil səviyyəmizin də kifayət qədər
yüksək olduğunu qeyd etdi. O da məktəblərdə
xarici dil müəllimlərinin tədris etdikləri dilləri
zəif bilmələri probleminin həllini zəruri saydı.
Təklif etdi ki, orta məktəblərə ancaq dili
yaxşı bilən müəllimlər işə qəbul
olunsunlar.
276 nömrəli məktəbin VMA rəhbəri Qəmzə
Yusifova Təhsil
Nazirliyinin təhsilə qayğısını yüksək
qiymətləndirib, bu qayğını hər zaman hiss etdiklərini
söylədi. VMA-ların böyük iş
apardığını, onların fəaliyyəti nəticəsində
valideynlərlə məktəblər, müəllimlər
arasında isti münasibətlərin
yarandığını deyən Q.Yusifova son vaxtlar VMA xətti
ilə məktəblərində xeyli tədbir keçirdiklərini
də görüş iştirakçılarının diqqətinə
çatdırdı. O, belə görüşlərin daha
tez-tez və böyük miqyasda təşkil olunmasını,
heç olmasa ildə bir dəfə valideynlərin forumunun
keçirməsini təklif etdi. Q.Yusifova habelə nazirlikdə
valideynlərlə işləyən xüsusi bir şöbənin
yaradılmasına ehtiyac duyulduğunu söylədi, təhsildə
ictimai nəzarətin həyata keçirilməsini vacib
saydı, bunun təhsildə şəffaflığın
artmasına, məktəbə inamın güclənməsinə
kömək göstərə biləcəyini diqqətə
çatdırdı.
20 nömrəli məktəb-liseyin VMA üzvü Aytən
Ələkbərova çıxışında təmsil etdiyi qurumun
üzvü olandan məktəblə sıx əlaqə
saxladığını, dərslərdə iştirak etdiyini
söylədi. VMA yaranandan sonra valideynlərlə məktəbin
əlaqəsinin gücləndirildiyini bildirən valideyn bunun həm
məktəbə, həm də valideynlərə xeyiri
olduğunu vurğuladı.
Milli VMA-nın eksperti Şahin Rəcəbli
çıxışında bildirdi ki, VMA-lar hələ təşkilatlanma
dövrünü yaşayır. Onun fikrincə, VMA-ların fəaliyyətinin
əsas hissəsini məktəbdə səmimi, sağlam idarəetməni
və ictimai nəzarəti həyata keçirmək təşkil
edir. Bu istiqamətdə onlara YUNİSEF-in də dəstək
verdiyini deyən Ş.Rəcəbli Təhsil Nazirliyi tərəfindən
lazımi diqqət və qayğı ilə əhatə
olunduqlarını söylədi və bütün bunlara
görə təhsil nazirinə minnətdarlıq etdi. Bir
çox direktorların VMA-lara yaxından dəstək verdiyi
halda bəzilərinin bu işlərlə
maraqlanmadığını deyən Ş.Rəcəbli
bununla bağlı direktorlar arasında da maarifləndirmə
işlərinin aparılmasını zəruri saydı. O,
habelə "İlin şagirdi" müsabiqəsinin təşkili
və keçirilməsini də faydalı hesab etdiyini söylədi.
299 nömrəli məktəb-liseyin VMA rəhbəri
Mübariz Kərimov çıxışına onların təkliflərinə
diqqətlə yanaşan təhsil nazirinə minnətdarlıqla
başladı. O, əvvəllər bir nəfər belə
kişi valideynin gəlmədiyi valideyn iclaslarına indi onların
daha çox gəlməsini, valideynlərin məktəb həyatında
fəal iştirakını VMA-ların fəaliyyəti ilə
əlaqələndirdi. M.Kərimov məktəbin həyətində
kiçik meydança inşa etdiklərini, lakin onun süni
örtüklə təchiz etməyə imkanları
olmadığını deyərək bu işdə onlara kömək
göstərməyi təhsil nazirindən xahiş etdi.
42 nömrəli məktəbin VMA-nın prezidenti
Mübariz Bağırov məktəblərində VMA-nın təzəcə
yaransa da onun işini günün tələblərinə
uyğun quracaqlarına görüş
iştirakçıları və naziri əmin etdi. Məktəblərində
təmir getdiyini, gözəl şərait
yarandığını deyən VMA rəhbəri bu
baxımdan məktəbin direktorundan, müəllimlərdən
çox razı olduqlarını söylədi. Repetitorluğu böyük bəla
sayan M.Bağırovun sözlərinə görə, bu yolla qəbul
imtahanlarına hazırlaşıb ali məktəblərə
daxil olan gənclərin çoxunun, hətta təhsilin
sonrakı pillələrində oxuyan gənclərin təfəkkürü
gözlənilən, arzu edilən səviyyədə deyil. O,
ali məktəblərə qəbul imtahanlarında toplanan
balları savad göstəricisi hesab etmədiyini bildirdi. Buna
görə də o, repetitorluğun yığışdırılmasına
çalışmaq lazım gəldiyini söylədi.
"İki sahil" qəzetinin baş redaktoru, 289
nömrəli məktəb - "Zəngi" liseyinin VMA rəhbəri
Vüqar Rəhimzadə çıxışında görüşün təşəbbüskarlarına
və təşkilatçılarına minnətdarlığını
bildirdi. Təhsil nazirinin valideynlərlə
görüşünü yüksək dəyərləndirən
V.Rəhimzadə onu gələcək görüşlər
üçün təməl adlandırdı.
289 nömrəli məktəb
- "Zəngi" liseyində assosiasiyanın sentyabr
ayından fəaliyyət göstərdiyini deyən VMA rəhbəri
müntəzəm olaraq tədbirlər
planları hazırlayıb həyata keçirdiklərini,
kitab müəllifləri ilə, ziyalılarla
görüşlərin keçirilməsinə xüsusi
önəm verdiklərini söylədi və bunlara misal olaraq
keçirdikləri bir çox tədbirlər barədə
görüş iştirakçılarına məlumat verdi,
onların şagirdlərin dünyagörüşlərinin
inkişafında böyük rol oynadığını
söylədi.
189 nömrəli məktəbin valideyni Lalə
Hacıyeva da
çıxışında təhsil ocaqlarında
görülən işlərə diqqəti çəkdi. O,
məktəblə ailə arasında müqavilələrin
bağlanmasını təklif etdi. Bildirdi ki, belə
müqavilələr valideynlərin də, müəllimlərin
də məsuliyyətini xeyli artırar.
Görüşə
yekun vuran təhsil naziri Misir Mərdanov valideynlərə bir
daha təşəkkürünü bildirib deyilən fikirlərə,
irəli sürülən təkliflərə diqqətlə
yanaşılacağına, imkan daxilində onların yerinə
yetirilməsinə kömək göstəriləcəyinə
valideynləri əmin etdi. Belə görüşlərin ayda
və ya rübdə bir dəfə təşkil
olunmasını, Azərbaycan Milli VMA-nın YUNİSEF və Təhsil
Nazirliyi ilə birgə növbəti dərs ili
üçün tədbirlər planının
hazırlanmasını zəruri saydığını deyən
təhsil naziri yeni dərs ili ərəfəsində bundan da
geniş tərkibdə görüşün keçirilməsinin
məqsədəuyğun olduğunu bildirdi.
Yusif ƏLİYEV
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.2.