Nazir məzunların təqdimatından
razı qaldı
Artıq bir neçə ildir ki, respublikamızda təhsilin məzmunu sahəsində islahatlar uğurla həyata keçirilir. Son illərdə birinci siniflərdə dərs deyəcək müəllimlər yeni tədris vəsaitləri ilə işləmək bacarığına yiyələnmək məqsədi ilə xüsusi treninqlərə cəlb edilir. Lakin bu da vəziyyətdən çıxış yolu deyil. Bu gün ali məktəblərdə ilkin müəllim hazırlığı probleminin həlli yolları axtarılır.
Belə təhsil müəssisələrindən biri də Azərbaycan Müəllimlər İnstitutudur. Təqdirəlayiq haldır ki, institutda bu istiqamətdə məqsədyönlü addımlar atılır. İki ildir ki, təhsil ocağında İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunları ilə I sinifdə dərs deyəcək müəllimlər üçün Təhsil Nazirliyinin hazırladığı xüsusi proqrama əsasən yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı kursların təşkil edilməsi bir ənənəyə çevrilib.
Qeyd etmək lazımdır ki, builki kurslar daha mükəmməl 10 günlük proqrama əsasən keçirilib. Proqram materialları praktik xarakter daşıdığından məzunların böyük maraq və həvəsinə səbəb olub. Onlar təlim prosesində çox fəal iştirak etmiş, maraqlı təqdimatlar hazırlamış, çıxışlar etmişlər.
Builki kurslarda məzunlar təhsilin fəlsəfəsi, idarəçilik məsələləri ilə də yaxından tanış olmuşlar. Bu mövzularla tanışlıq gələcəkdə onların öz fəaliyyətlərini yüksək peşəkarlıqla planlaşdırması məqsədi daşıyır.
10 günlük proqramın 3 günü
məhz təcrübəyə əsaslanır. Həmin
günlər tələbələr ayrı-ayrı fənlər
üzrə dərsləri dinləmiş, bu
dərslər təhsilin təşkilinə verilən tələblər,
fəal dərsin mərhələləri və ən əsası,
məzmun standartlarının reallaşmasına xidmət edən
məqsədlər baxımından təhlil edilmişdir. Gənclər ekspertlərin təhlilini
dinləmiş, özləri canlı dərslər
keçmişlər.
İyunun 11-də
AMİ-də 10 günlük
treninq-seminarda iştirak
etmiş məzunların
hesabat tədbiri oldu. Tədbirdə Azərbaycan Respublikasının
təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə müdirləri,
Azərbaycan Müəllimlər
İnstitutunun rəhbərliyi,
müəllimləri və
tələbələri iştirak
edirdilər.
Öncə məzun Sevinc Babayeva "Müəllim hazırlığına verilən
müasir tələblər
və mən" mövzusunda təqdimatla çıxış etdi. Məzunun
çıxışından sonra tədbirdə müəllimin dərsdən
əvvəlki təlimin
təşkili məsələlərində
idarəçilik bacarıqlarına
aid kiçik səhnəcik
göstərildi. Daha sonra
ana dili fənnindən "Ad bildirən
sözlər" mövzusunda
dərs nümayiş
etdirildi.
Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov müəllimləri və tələbələri salamladı. Təhsil naziri Azərbaycan Müəllimlər İnstitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası məzunlarının hesabat xarakterli belə bir təqdimatını izləməsindən çox məmnun qaldığını dedi. Təqdimatın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi, çox böyük əhəmiyyəti olan bu işin davamlı və uğurlu olmasını arzuladı. Misir Mərdanov qeyd etdi ki, biz indiyədək istədiklərimizin artıq bu təhsil müəssisəsində gerçəyə çevrildiyinin şahidi oluruq. AMİ və onun yerlərdəki filiallarında bu işin həyata keçirilməsi istiqamətində çox önəmli addımlar atılıb, maddi-texniki baza möhkəmlənib, sağlam mühit yaradılıb, kadr təminatı yaxşılaşdırılıb. Təsadüfi deyil ki, keçən il vakant yerlərə elan edilmiş müsabiqədə yüksək bal toplayıb Bakının orta ümumtəhsil məktəblərinə müəllim kimi isə götürülənlərin böyük əksəriyyəti AMİ-nin məzunları oldu. Nazir bu təhsil müəssisəsi və onun filiallarının ilkin müəllim hazırlığında, eləcə də məktəblərimizdə çalışan minlərlə müəllimin müasir təlim texnologiyalarına yiyələnməsində daim yaxından iştirak edəcəyinə ümid etdiyini vurğuladı, bu çətin, eyni zamanda şərəfli yolda hamıya uğurlar, şəxsi həyatlarında cansağlığı və xoşbəxtlik arzuladı.
Sonda treninq-seminarda iştirak etmiş İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasının məzunlarına sertifikatlar təqdim olundu.
Sertifikatları təhsil naziri Misir Mərdanov, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov və Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov təqdim etdilər. Məzunlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.-
S.2.