Dünya Bankı ilə uğurlu əməkdaşlıq təhsil sahəsində islahatlara güclü təkan verib

 

Azərbaycanın təhsil sistemində 10 ildən artıqdır ki, davamlı məqsədyönlü islahatlar aparılır. Bu islahatların bir çoxu Təhsil Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı layihələrdən qaynaqlanır. Elə bu məqsədlə Təhsil Nazirliyində Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən Layihələrin Əlaqələndirmə Qrupunun rəhbəri Elvin Rüstəmovla söhbət etmək qərarına gəldik.

 

- Elvin müəllim, Təhsil Nazirliyinin Dünya Bankı ilə əməkdaşlığı nədən başladı?

- Bildiyiniz kimi, ümummilli lider, Prezident Heydər Əliyev 30 mart 1998-ci ildə bu məqsədlə xüsusi sərəncam imzalamışdı. Həmin sərəncamla Azərbaycan Respublikasının təhsil sistemində islahatların aparılmasını təşkil etmək məqsədilə Dövlət Komissiyası yaradılmış və ona Dünya Bankının vəsaiti hesabına təhsil sahəsində İslahat Proqramının hazırlanması tapşırılmışdı. Həmin dövrdən Dünya Bankı ilə təhsil sahəsində başlanmış əməkdaşlıq indiyədək davam etməkdədir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlığa böyük önəm vermişdir. Dünya Bankı dünyanın bütün bölgələrində fəaliyyət göstərməklə böyük təcrübə toplamışdır. Dünya Bankının ölkələrarası fəaliyyəti ona dünyanın təhsil sahəsində ən qabaqcıl ekspertlərindən bəhrələnməyə, müxtəlif "Nou Xau"lara və innovasiyalara dair resurs bankını formalaşdırmasına imkan verir. Dünya Bankının maliyyələşməsi ilə aparılan islahatlar bu üstünlüklərdən bəhrələnməyə şərait yaradır.

- Dünya Bankı ilə indiyədək hansı layihələr həyata keçirilmişdir?

- Təhsil sahəsində Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı üç layihənin həyata keçirilməsi ilə əlamətdardır: 1) Təhsil İslahatı layihəsi (1999-2004); 2) Təhsil Sektorunun İnkişafı Layihəsi (2004-2009); 3) Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014).

Bu mərhələlərin hər biri öz-özlüyündə müxtəlif tapşırıqların və problemlərin həllini nəzərdə tutaraq investisiya tutumu və maliyyə həcmi ilə də fərqlənmişdir. Layihələrin büdcələri azdan çoxa doğru istiqamətdə dəyişmişdir. Belə ki,  birinci layihə 5,5 mln., ikinci layihə 21 mln., üçüncü layihə isə 45,4 mln. ABŞ dolları məbləğində olmuşdur. Layihələrin büdcəsinin belə artması planlaşdırılan islahatların miqyasının artmasından irəli gəlmişdir. Bu həm də başa çatmış mərhələlərin uğurlu olmasının və Dünya Bankının Təhsil Nazirliyi ilə birgə işləməsindən məmnun qalmasının göstəricisidir. Dünya Bankının yüksəkrütbəli nümayəndələri dəfələrlə Təhsil Nazirliyini Azərbaycanda ən yaxşı tərəfdaş adlandırıblar.

- Dünya Bankı ilə işləməyin hansı özəllikləri var?

- Dünya Bankı maliyyə qurumudur və layihələrini dövlət zəmanəti ilə uzun müddətə çox aşağı faizlə verdiyi kreditlər vasitəsi ilə maliyyələşdirir. Dünya Bankının güzəştli kreditləri inkişaf mərhələsində olan dövlətlərə verilir. Bu kreditlərə tələbatın çox olması səbəbindən onların ölkəyə cəlbi dünya praktikasında müsbət qarşılanır. Dünya Bankından kredit almaqdan daha çətini onun xərclənməsi prosedurudur. Hər bir dollar belə Dünya Bankından əsaslandırılmış qaydada əvvəlcədən nəzərdə tutulmuş istiqamətlərə və Bankın qoyduğu ümumi qaydalara əsasən xərclənməlidir. Bu qaydaların ağırlığı əsasən ondan ibarətdir ki, hər bir mərhələdə nəzarət və razılaşdırma tələb olunur. Hətta cənab Prezident də çıxışlarının birində qeyd etmişdir ki, Dünya Bankı layihələrinin icrası qaydaları çox ağırdır.

- Təhsil Nazirliyi bu layihələri necə idarə edir?

- Dünya Bankı layihələrinin icrası üçün Təhsil Nazirliyi, mən deyərdim, ən düzgün həll yolu tapmışdır. Belə ki, layihələrin müxtəlif istiqamətləri üzrə icrasına Təhsil Nazirliyinin şöbələri və məsul şəxsləri cavabdehdirlər. Layihənin bu cür idarə edilməsi onun icrasının bütünlüklə Təhsil Nazirliyi sisteminə inteqrasiyasını və aparılan islahatlara nazirliyin sahibliyini təmin edir. Eyni zamanda, bu islahatların daha mütəşəkkil icrasına və əldə olunan nailiyyətlərin davamlılığına şərait yaradır. Özünü doğrultmuş bu təcrübə, bəlkə də, bizim fərqli cəhətlərimizdən biridir. Çünki digər təşkilatlarda layihələrin icrası üçün, əsasən, Layihənin İcra Qrupu məsul olur. Bizdə isə İcra Qrupu əvəzinə, Əlaqələndirmə Qrupu fəaliyyət göstərir və onun funksiyalarına Dünya Bankının xüsusi tələblərini dəqiqliklə yerinə yetirmək daxildir.

- Bu tələblər hansılardır?

- Əvvəldə qeyd etdiyim kimi, Dünya Bankı ilə işləmək çox çətindir və bu, qoyulmuş qayda və tələblərdən irəli gəlir. Bu tələblər əlaqələndirmə, monitorinq, satınalmaların təşkili və maliyyənin idarəolunması ilə bağlıdır. Dünya Bankının maliyyələşdirdiyi layihələrin icrası cari şəkildə Dünya Bankı ilə əlaqələndirilir. Bunu həm islahatların həyata keçirilməsi, həm də Dünya Bankının maliyyələşdirdiyi layihələrə tətbiq olunan və üzv dövlətlərin qəbul etdiyi qaydalar tələb edir. Məsələn, Dünya Bankına mütəmadi hesabatların verilməsi nəzərdə tutulur. Layihələrin icra vəziyyətinə nəzarət etmək məqsədilə ildə iki dəfə Dünya Bankının monitorinq və yoxlama missiyaları Azərbaycana gəlir, layihənin gedişi ilə tanış olub hesabat tərtib edirlər. Bu missiyaların təşkili və nəticədə hazırlanmış hesabatların Layihənin icra planlarında nəzərə alınması Layihə Əlaqələndirmə Qrupu tərəfindən təmin olunur. Eyni zamanda Dünya Bankı tərəfindən layihələrin uğurlu olub-olmamasını müəyyənləşdirmək üçün monitorinq indikatorları tətbiq edilir. Bu indikatorlar layihələrin icrası boyu nəzarətdə saxlanılır. Layihənin monitorinqi və qiymətləndirilməsi Layihəni Əlaqələndirmə Qrupunun heyəti, cəlb edilmiş beynəlxalq məsləhətçilər və Dünya Bankının Tapşırıq Qrupu tərəfindən həyata keçirilir.

- İnsanları həmişə layihələrdə olan xərclər, daha doğrusu, onun səmərəli istifadəsi maraqlandırır. Təhsil layihələrində maliyyə xərcləmələri ilə bağlı nə deyə bilərsiniz?

- Siz düz buyurursunuz. Hər bir layihənin icrasında olduğu kimi, bizim icra etdiyimiz təhsil layihələrinin nəticəyönümlüyünə, səmərəliliyinə və şəffaflığına çox böyük önəm verilir və bununla bağlı ictimaiyyət kifayət qədər məlumatlandırılır. Bu məsələlərlə bağlı qeyd etmək istərdim ki, satınalmaların təşkili və maliyyənin idarə olunması Dünya Bankının prosedur qaydalarına əsasən aparılır. Fikrimcə, ictimaiyyətin də beynəlxalq layihələrin proqram və maliyyə idarəetməsi prosedurları haqqında məlumatı olmalıdır.

Mən istərdim ki, maliyyə vəsaitlərinin xərclənməsinə əsas verən müqavilələrin bağlanması və ümumiyyətlə, satınalma prosesinin təşkili barədə danışım. Layihə dövründə satın alınacaq işlər, xidmətlər və mallar öz əksini layihənin satınalma planında tapır. Bu plan mütəmadi olaraq Dünya Bankı və Maliyyə Nazirliyi tərəfindən yoxlanılır. Plan təsdiq edildikdən sonra satınalma prosesi başlayır. Satınalma prosesi Dünya Bankının qaydaları əsasında aparılır və mərhələli bir prosesdir. Bu prosesin bir mərhələsindən digər mərhələsinə keçid ilə əlaqədar olaraq Dünya Bankının razılığı tələb edilir. Bankın razılığı olmadan atılan hər hansı bir addım dərhal dayandırılır, proses ləğv edilir. Belə bir səhv addım nəticəsində müqavilə bağlanarsa, onda həmin müqaviləni Dünya Bankı tanımır və belə müqavilələrin hökumətin özü tərəfindən qeyri-layihə vəsaitləri hesabına maliyyələşməsi tələb edilir. Yaxşı haldır ki, Təhsil Nazirliyində belə səhvlər olmayıb. Satınalma prosesində yaradılan müsabiqə və tender komissiyaları Təhsil, İqtisadi İnkişaf və Maliyyə Nazirliklərinin nümayəndələrindən formalaşır. Satınalma prosesinin sonunda imzalanmış müqavilələrin bir nüsxəsi Dünya Bankına və bir nüsxəsi Maliyyə Nazirliyinə təqdim edilir və yoxlanılır. Bundan sonra vəsaitlər çox kiçik məbləğlərlə hər dəfə xərclənməsi yoxlandıqdan və Dünya Bankı tərəfindən təsdiq olunduqdan sonra ayrılır. Bu halda heç kim deyə bilməz ki, vəsait əvvəlcədən Dünya Bankı ilə hökumətin razılaşdırdığı icra planına zidd şəkildə xərclənir. Hətta insanlar nə üçün bu vəsaitin əməkhaqlarına deyil, digər məsələlərə xərclənməsini pisləyirlər. Bilmək lazımdır ki, söhbət bir aylıq əməkhaqqından deyil, təhsil sektorunu inkişafa aparacaq islahatlardan və ona qoyulan investisiyadan gedir. Çox böyük müəllim ordusuna həmin vəsaitdən, demək olar ki, heç 10 dollar belə çatmaz, lakin bu vəsait hesabına aparılan islahatlar təhsilin keyfiyyətcə yeniləşməsinə, müasirləşməsinə və dayanıqlığına xidmət edir. Bir məsələni də yaddan çıxarmaq olmaz ki, təhsil islahatı layihəsi insan inkişafı layihələri qrupuna aid edilir və belə layihələrə yatırılan hər bir dollar investisiya özünü 10-15 ildən sonra büruzə verir. Bu cür layihələri infrastruktur layihələri ilə müqayisə etmək, nəticələri dərhal görmək və qiymətləndirmək yanlış olardı.

-  Elvin müəllim, layihələrin icrası nəticəsində hansı nailiyyətlər əldə olunub?

- Dünya Bankı ilə aparılan layihələr nəticəsində Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət elə layihələrin icrasına məsul olan şöbələrin özlərinin layihə ilə birlikdə inkişaf etməsidir. Layihələr üzrə aparılan islahatların və inkişaf tədbirlərinin bu şöbələrin birbaşa işinə çevrilməsi onların potensialının artmasına böyük təkan vermişdir. Artıq nazirlikdə hər hansı bir qərarın verilməsi üçün beynəlxalq təcrübənin öyrənilməsi və  bunun  səmərəli    çevik  şəkildə  edilməsi  bir  qayda  halını  alıb. Bu  məsələlərin  daha  yaxşı  həll  edilməsi  üçün nazirliyin strukturu təkmilləşdirilmiş və təhsilin idarə edilməsi üçün  məlumat  sistemi  yaradılmışdır.

Həmçinin, ümumi təhsilin məzmunu yeniləşdirilmişdir. Kurikulum islahatları adı altında məktəb təhsilində məzmun dəyişiklikləri aparılmışdır. Yeni kurikulumlar nəticə, tələb və şəxsiyyətyönümlü olaraq həyati bacarıqlara istiqamətlənmişdir. Onu da deyim ki, Azərbaycanda hazırlanmış kurikulumlar YUNİSEF və YUNESKO tərəfindən beynəlxaq ekspertizaya göndərilmiş və bütün rəylər müsbət olmuşdur.

Bundan başqa, ümumi təhsil sistemində yeni dərslik siyasəti tətbiq edilmişdir. Yeni siyasət şəffaflıq, aşkarlıq, antiinhisarsağlam rəqabət prinsipləri əsasında qurulmuşdur. Yeni siyasətə uyğun olaraq, müstəqil qurum - Dərslikləri Qiymətləndirmə Şurası yaradılmış və fəaliyyətə başlamışdır. Artıq neçə ildir ki, yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər məhz bu şuranın qiymətləndirməsindən sonra çap edilir və məktəblərə verilir. Yeni dərslik siyasətinə uyğun olaraq, artıq dərsliklər müəllimlər üçün vəsait və şagirdlər üçün dəftərləri ilə birlikdə komplekt şəkildə çap olunur.

Nailiyyətlər arasında ümumi təhsilin yeni milli qiymətləndirmə konsepsiyasının qəbul edilməsini xüsüsi qeyd etmək istərdim. Konsepsiyaya uyğun olaraq, bu gün təhsilimizdə yeni məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə formaları tətbiq olunmaqdadır.

Bundan başqa, hökumət tərəfindən "Fasiləsiz Müəllim Hazırlığının yeni Strategiyası və Konsepsiyası" təsdiq edilmişdir. Yeni konsepsiyaya uyğun olaraq, müəllimlərin ilkin hazırlığının məzmunu yeniləşdirilmiş, onun tərkibinə "Təhsilin əsasları" fənni daxil edilmişdir. Təhsil sistemində rəhbər və pedaqoji heyətin ixtisasartırmasının yeni modeli hazırlanmışdır. Yeni model üç məzmun modulunu əhatə etməklə ixtisasartırma proqramlarının akkreditasiyasını və ixtisasartırma müəssisələri arasında sağlam rəqabətin yaradılmasını özündə əks etdirir.

Əlbəttə, qısa bir müsahibədə əldə olunmuş nailiyyətlərin hamısını qeyd etmək mümkün deyil. Lakin onu da deyim ki, nailiyyətlər barədə məlumatlarla təfərrüatı ilə Təhsil Nazirliyinin rəsmi İnternet ünvanında (www.edu.gov.az) və www.kurikulum.az portalında tanış olmaq olar.

- Təhsil Nazirilyinin Dünya Bankı ilə əməkdaşlığını uğurlu adlandırmaq olarmı?

- Mənim qeyd etdiklərimi və edə bilmədiklərimi nəzərə alaraq, bu əməkdaşlığı uğurlu adlandırmaq olar. Təhsil Nazirliyinin Dünya Bankı ilə apardığı işin müvəffəqiyyətli olduğunu nəzərə alaraq, Azərbaycan hökuməti və Dünya Bankı yekdil qərarla "Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi"nin icrasını məhz Təhsil Nazirliyinə həvalə etmişdir. Xatırladım ki, bu layihə təhsil deyil, daha çox infrastruktur sektorunda kadr potensialının gücləndirilməsini nəzərdə tutur.

Sonda bu müsahibəni oxuyan hər bir Azərbaycan vətəndaşına təşəkkürümü bildirir və demək istəyirəm ki, hər birimiz öz vəzifələrimizi düzgün icra etsək, tapşırıqlara məsuliyyətlə yanaşsaq, görülən işlərə düzgün qiymət versək, onda müstəqil Azərbaycanımızın inkişafına xeyli təkan vermiş olarıq. Hamını bu cür əməkdaşlığa və həmrəyliyə dəvət edirəm. Sağ olun!

 

 

Söhbəti apardı:Elçin Sərdarov

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.-S 4.