ADU-da fransalı professorla görüş

 

İyunun 5-də ADU-nun rektoru, professor Səməd Seyidov Fransanın Strasburq Universitetinin professoru, Azərbaycan Dillər Universiteti ilə Strasburq Universiteti arasında əməkdaşlıq üzrə əlaqələndirici məsul şəxs Jan Kristof Pölanı qəbul etdi. Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, hər iki ölkənin təhsil sistemləri, ADU ilə Strasburq Universiteti arasında mövcud əməkdaşlıq və onun perspektivləri müzakirə olundu.

Strasburq Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluqla danışan rektor, professor Səməd Seyidov ADU-nun Strasburq Universiteti ilə əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı. ADU-nun fransız dili fakültəsində tədris planlarının Strasburq Universiteti ilə uyğunlaşdırılmasının fransız dili üzrə mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün xüsusi Dövlət Proqramının olduğunu xatırladan rektor Səməd Seyidov bu proqramın Azərbaycan gəncləri üçün yenidaha geniş üfüqlər açdığını dedi.

Öz növbəsində, ADU-nun fransız dili fakültəsinin birinci və dördüncü kurs tələbələrinin buraxılış imtahanlarında iştirak etdiyini deyən cənab Jan Kristof Pölan onların dil hazırlığından razı qaldığını bildirdi. O, tələbələrin xüsusilə şifahi nitq vərdişlərinin yüksək səviyyədə olduğunu və bunun da ADU-da təhsilin keyfiyyətli qurulmasından xəbər verdiyini dedi.

Xatırladaq ki, ADU ilə Strasburq Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində hər il cənab Jan Kristof Pölan Azərbaycana səfər edərək fransız dili fakültəsində təhsil alan I və IV kurs tələbələrinin buraxılış və magistr işlərinin müdafiəsində şəxsən iştirak edir. Buraxılış işlərinin müdafiəsində ən yüksək nailiyyət əldə edən tələbələr təhsillərini Strasburq Universitetində davam etdirmək imkanı qazanırlar. Onu da qeyd edək ki, Azərbaycan Dillər Universitetində fransız dili fakültəsi filyer kimi 1998-ci ildən fəaliyyət göstərir. 2008-ci ildə filyerin 10 illiyi təntənə ilə qeyd olunmuşdur. Həmin il filyer fəaliyyət göstərən üç universitetdə - ADU, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universiteti arasında konfrans keçirilmişdir.

Cənab Jan Kristof Pölan həmin konfransın gələn il yenidən Azərbaycan Dillər Universitetində keçirilməsini təklif etdi. Rektor Səməd Seyidov bu təklifə müsbət yanaşaraq konfransın universitetlərin təcrübələrini bölüşmək üçün bir fürsət olacağını söylədi.

Həmçinin o, cənab Pölanı bu ilin noyabrında ADU-da keçiriləcək "Mədəniyyətlərarası dialoq" adlı beynəlxalq elmi konfransa da dəvət etdi.

 

 

 Şakir CƏFƏROV

 

 Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.