Qafqaz Universitetində məzun günü

 

İyunun 11-də Qafqaz Universitetində bu ali təhsil müəssisəsinin XIII buraxılışına həsr olunmuş məzun günü keçirildi.

"İldən-ilə böyüyən ailəmizlə Qafqazdan dünyaya" devizi altında universitetin həyətində təşkil olunmuş möhtəşəm mərasimdə təhsil nazirinin müavini Elmar Qasımov, millət vəkilləri, bir sıra ali məktəblərin rektorları, qardaş Türkiyədən gəlmiş qonaqlar və valideynlər də iştirak edirdilər.

Bayram mərasimini giriş sözü ilə açan Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç professor-müəllim heyətini, məzunları və çoxsaylı qonaqları salamlayıb, 2009-2010-cu tədris ilində universitetlərinin 4 fakültəsindən 566 gəncin məzun olduğunu bildirdi.

Rektor çıxışında Qafqaz Universitetinin 1993-cü ildə ulu öndər Heydər Əliyevin yaxından dəstəyi ilə Türkiyə universitet modelini Azərbaycana gətirmək məqsədi ilə açıldığını, ümummilli lider kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının da universitetə hər zaman böyük diqqət və qayğı göstərdiyini, göstərilən etimadı doğrultmaq üçün universitetin professor-müəllim heyətinin qeyrətlə çalışdığını diqqətə çatdırdı. Müasir dünyada elmin rolunun daha da artdığını, onun inkişafı üçün çeşidli layihələr həyata keçirildiyini qeyd edən A.Saniç bu layihələr, çalışmalar içərisində türk dünyasının da öz yerini almalı olduğunu vurğuladı. Məzunları təbrik edən rektor bitirdikləri ali məktəbin onları sabahkı dünyaya hazırladığını, onlara mücadiləni, yenilməməyi öyrətdiyini bildirdi.

Mərasimdə təbrik nitqi söyləyən "Çağ" Öyrətim Şirkətinin prezidenti Ənvər Özərən məzunlara müstəqil həyatlarında uğurlar arzuladı.

Təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək məzunlara, onların valideynlərinə nazir Misir Mərdanovun təbriklərini və xoş arzularını çatdırdı. Məzun gününün ömrün ən gözəl, yaddaqalan anlarından olduğunu bildirən E.Qasımov gənclərə təhsil aldıqları ali məktəbə əlvida deməyə tələsməməyi, daim onunla əlaqə saxlamağı, təhsillərini sonrakı pillələrdə davam etdirməyi, olduqları hər yerdə universitetlərinin adını ucaltmağı tövsiyə etdi.

Məzunların mütəxəssis kimi yetişməsində universitetin professor və müəllimlərinin böyük əmək sərf etdiyini diqqətə çatdıran nazir müavini onlara minnətdarlığını bildirdi, müəllim adının hər şeydən yüksək olduğunu, ulu öndərimiz Heydər Əliyevin müəllim əməyinə həmişə böyük qiymət verdiyini vurğuladı.

Sonra universitet, fakültə və bölmə birinciləri olan, ayrı-ayrı ixtisasları ən yüksək göstəricilərlə başa vuran məzunlara hədiyyələr təqdim olundu.

Universiteti müxtəlif beynəlxalq bilik yarışlarında, idman turnirlərində ləyaqətlə təmsil edib qalib adını qazanmış tələbə və məzunlar da mükafatlandırıldılar.

Mərasimdə habelə bütün məzunlar ixtisaslar üzrə qrup-qrup səhnəyə dəvət olunaraq onlara fəxri diplomlar verildi.

Məzun günü maraqlı konsert proqramı ilə davam etdi.

 

 

Y.ƏLİYEV

 

 Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.