Sevinc dolu dünya

 

Ucar rayonunun  məktəbəqədər təhsil müəssisələrində 1 İyun Uşaqları Beynəlxalq Müdafiə Günü yaddaqalan tədbirlə qeyd olundu. Mədəniyyət evində keçirilən tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, idarə müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin şagird valideyn kollektivləri iştirak edirdilər.

Hamı körpə fidanların onlara müjdə edəcəyi konsert proqramını intizarla gözləyirdi. Bu vaxt pərdə arxasından bir səs eşidildi: "Zala müstəqil Azərbaycanın bayrağı gətirilir!". Hamı ayağa qalxıb bir qrup uşağın gətirdiyi bayrağı alqışlarla qarşıladı. Toğrul Azərbaycan bayrağını səhnədə qoyulmuş postamentə taxdı, Şəfiqə isə "Bayraq" şeirini söylədi. Sonra zala daxil olan uşaqlar xorla Dövlət himnini oxudular, növbə ilə Səməd Vurğunun ürəkləri fəth edən məşhur "Azərbaycan" şerini söylədilər. Xorun ifasında Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnısı səsləndi.

Bir-birinin ardınca ifa olunan konsert nömrələri zalı canlandırdı. Tamaşaçılar uşaqları alqışladılar.

Konsertdə ekologiyaya, beynəlmiləl tərbiyəyə, dahi  bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125-ci ildönümünə həsr olunmuş səhnəcik rəqslər bir-birini əvəz edirdi.

İki saata qədər davam edən konsert uşaqlara da, onların sevincini bölüşməyə gəlmiş böyüklərə xoş anlar yaşatdı.

Tədbirdən əvvəl mədəniyyət evinin foyesində təşkil olunmuş məktəbəqədər müəssisə tərbiyəçiləri uşaqlarının hazırladıqları əl işləri sərgisinə tədbir iştirakçıları maraqla baxdılar.

Rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov rayon təhsil şöbəsinin müdiri Fuad İsrəfilov çıxış edərək istedadlı balaları, onların tərbiyəçilərini, eyni zamanda rayon təhsil şöbəsinin bu işə yaxından kömək göstərmiş işçilərini təbrik etdilər. Tərbiyəçilərdən Nərgiz Məmmədovaya, İradə İbrahimovaya, Solmaz Məmmədovaya, Raya Qasımovaya, Zinyət Şamilovaya, Məhəbbət Ələkbərovaya, Məlahət Həsənovaya, Zülfiyyə  Mirzəliyevaya    Elmira  Əliyevaya  rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim edildi.

Sonda rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov uşaqlara hədiyyələr verdi.

 

 

Yeganə SÜLEYMANOVA

 

Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.