Xüsusi qayğıya ehtiyacı
olan uşaqlar aktyorluq etdilər
Bu günlərdə
Bakı Uşaq Teatrının nəzdindəki xüsusi
qayğıya ehtiyacı olan uşaqlardan ibarət teatr
studiyası ilk tamaşasını
göstərdi. Uşaq nağıllarının qəhrəmanları
olan Qırmızı papaq, Tıq-tıq xanım, Göyçək
Fatma, Ovçu Pirim kimi obrazları
canlandıran uşaqlar heç də əsl aktyorlardan
geri qalmırdılar. Onların hazırladıqları səhnəcikləri izləyən uşaqlar xeyli məmnun
qaldılar.
Qeyd edək ki, teatr studiyasının digərlərindən fərqi ondan ibarətdir ki, burada məşğul olan uşaqların genetik qüsurları nəzərə alınmaqla onlara uyğun müvafiq rollar verilir. Elə bunun sayəsində də balacalar qüsurlarını o qədər hiss etmir, yaşıdlarına bir nümunə olmaqla yanaşı, özlərini lazımlı insan sayırlar. Belə uşaqların özlərinə qapanmaması, cəmiyyətdən təcrid olunmaması üçün yaradılan teatr studiyasında onlarla peşəkar aktyorlar məşq keçirlər.
S.KƏRİMOVA
Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.