Məktəbin 50 yaşı qeyd olundu

 

Ölkənin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Quba rayonu Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına İsnovqışlaq kənd orta  məktəbində də dərs ilinin son günündə həyəcanlı anlar yaşanırdı, lakin bu, digər məktəblərdəkindən bir qədər fərqli idi. Həmin gün məktəbdə təkcə "son zəng" deyil, həm də bu təhsil ocağının 50 illik yubiley tədbiri keçirilirdi. İki möhtəşəm tədbir bir günə təsadüf etmişdi.

Azərbaycanın Dövlət himni səsləndi. Sonra tədbirin aparıcısı onbirinciləri təbrik etmək, məktəbin keçdiyi 50 illik yoldan danışmaq üçün sözü direktor Səlim Kərimova verdi.

Səlim müəllim qonaqları, müəllimləri və məzunları salamlayıb onlara xoş arzularını söylədi və ümidvar olduğunu bildirdi ki, yubiley ilinin məzunları qədəm qoyacaqları yeni müstəqil həyatda daha məsuliyyətli olacaqlar. Ölkənin gələcək həyatında mühüm rol oynayacaq bu gənclər təhsildə qazandıqları bilikləri test imtahanlarında da təsdiq edəcəklər.

S.Kərimov məktəblərinin tarixindən, bu günündən söz açdı, uğurlarından, problemlərindən danışdı.

Quba RTŞ-ın müdiri Süleyman Aslanov məktəbin kollektivini yubiley münasibəti ilə təbrik etdi. Direktor Səlim Kərimova və öz işində fərqlənən bir neçə müəllimə RTŞ-ın Fəxri fərmanını təqdim etdi. Millət vəkili Vahid Əhmədov çıxış edərək kollektivə ürək sözlərini çatdırdı və gətirdiyi kompüter dəstini məktəbə hədiyyə etdi.

Sonra tədbir istedadlı şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Birincilər və onbirincilər bir-birlərini təbrik etdilər.

 

 

 Rahim VƏLİYEV

 

 Azərbaycan müəllimi.- 2010.- 18 iyun.- S.7.