Azərbaycan təhsili: yaxın
keçmişə, bu günə və gələcəyə bir baxış
(Əvvəli qəzetimizin ötən saylarında)
Hörmətli
oxucular, bu məqalədə ümumi təhsil sahəsində
mövcud olan problemlər və onların həlli istiqamətində
atılacaq addımlar barədə fikirlərimi sizinlə
bölüşməyə çalışacağam.
Məlumdur ki,
ümumi təhsilin insanın formalaşmasında müstəsna
əhəmiyyəti vardır. O da sirr deyil ki, ümumi təhsil
yeganə təhsil pilləsidir ki, bütün insanlar buradan
keçməli olur, gələcək həyatını və
fəaliyyətini müəyyənləşdirir.
Bu mənada,
hesab edirəm ki, son 10 ildə Azərbaycanda aparılan təhsil
islahatlarının daha çox ümumi təhsil pilləsini əhatə
etməsi heç də təsadüfi deyildir. Son illərdə
ümumi təhsildə əhəmiyyətli irəliləyişlər
baş vermiş, məktəb infrastrukturu əsaslı şəkildə
təkmilləşdirilmiş, məzmun yeniləşdirilmiş,
yeni nəsil dərsliklər hazırlanıb tətbiq
edilmiş, yeni qiymətləndirmə sisteminə
keçilmiş, İKT-nin ümumi təhsilə geniş
inteqrasiyası baş tutmuşdur və sair. Onu da vurğulamaq lazımdır ki, Azərbaycanda
ümumi təhsil sahəsində əldə edilən nailiyyətlər
nəinki MDB məkanında, demək olar ki, regionda və
dünyada qəbul olunmuşdur və təhsil ekspertləri tərəfindən
geniş müzakirə edilməkdədir. Təsadüfi
deyildir ki, Dünya Bankının 2010-cu ildə
yaydığı hesabatda qeyd olunur ki, "Azərbaycan təhsil
sistemi əhəmiyyətli nailiyyətlər əldə
etmişdir".
Əlbəttə,
bu yüksək nailiyyətlərə kölgə salmadan,
ümumi təhsil sistemində mövcud olan bir sıra problemlərə
öz münasibətimi bildirmək istəyirəm.
İlk növbədə, məktəb şəbəkəsinin rasionallaşdırılması barədə. Hazırda Azərbaycanda
4525 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Onlardan
368-i ibtidai (I-IV siniflər), 869-u ümumi orta (I-IX siniflər),
3288-i tam orta (I-XI siniflər) məktəblərdir. Nailiyyət
kimi qeyd olunmalıdır ki, böyük və ya kiçik
olmasından asılı olmayaraq, hazırda ölkəmizin hər
bir yaşayış məntəqəsində məktəb fəaliyyət
göstərir.
Lakin Təhsil Nazirliyi tərəfindən
aparılmış təhlillər göstərir ki, 1336 (29,5%) məktəbdə şagirdlərin sayı
100 nəfərdən aşağıdır. Belə
ki, 315 ibtidai məktəbdə şagirdlərin sayı 30-dək,
38 məktəbdə 50-dək, 9 məktəbdə isə
100-dəkdir. 89 ümumi orta məktəbdə
şagirdlərin sayı 30-dək, 154 məktəbdə 50-dək,
325 məktəbdə 100-dəkdir. Eyni
zamanda 9 tam orta məktəbdə şagirdlərin sayı 30-dək,
74 məktəbdə 50-dək, 323 məktəbdə 100-dəkdir.
Bölgələr üzrə problemi araşdırarkən məlum
olmuşdur ki, Laçın rayonunda 103, Kəlbəcər
rayonunda 81, Ağdam və Lerik rayonlarında 70, Quba rayonunda 68,
Xaçmaz rayonunda 52, Cəlilabad, İsmayıllı,
Ağsu, Qusar rayonlarında 41-45, Daşkəsən,
Şamaxı, Yardımlı, Gədəbəy, Fizuli
rayonlarında 31-38, Goranboy, Qax, Şəki, Şabran, Tovuz,
Göygöl, Neftçala rayonlarında 20-29 belə məktəb
mövcuddur ki, onlarda şagirdlərin sayı kifayət qədər
deyildir.
Ölkə
üzrə 77 ibtidai məktəbdə şagirdlərin
sayı 10 nəfərdən aşağıdır, 21 məktəbdə
isə hətta 5-dən azdır.
Təhlil göstərmişdir
ki, 18 ümumi orta məktəbin şagirdlərinin sayı 20
nəfərdən azdır, onlardan 7-də isə təhsilalanların
sayı 10 nəfərdən azdır.
Eyni zamanda 9 tam
orta məktəbdə şagirdlərin sayı 30 nəfərdən
aşağıdır. Hətta onların içərisində
19-25 nəfər şagirdi olan məktəblər də
mövcuddur. 74 tam orta məktəbdə isə
şagirdlərin sayı 50 nəfərədəkdir.
Aparılan təhlillər
bununla bağlı olan daha bir problemi aşkara
çıxarmışdır. Məlum olmuşdur ki,
şəhərlər və məcburi köçkün
rayonları istisna olmaqla, 222 yaşayış məntəqəsində
iki və daha çox məktəb fəaliyyət göstərir.
Bir sıra yaşayış məntəqələrində
buna ehtiyac olsa da, bəzi kəndlərdə müxtəlif
vaxtlarda ehtiyac olmadan sayca ikinci, üçüncü,
dördüncü məktəblər yaradılmışdır
və azsaylı şagird kontingenti ilə fəaliyyət
göstərir.
Azsaylı
şagird kontingenti olan məktəblərin ən böyük
problemi pedaqoji kadr təminatı ilə bağlıdır. Belə məktəblərdə
sinif komplektləri və bununla əlaqədar dərs
saatları xeyli az olduğundan onları
ixtisaslı müəllimlərlə təmin etmək
qeyri-mümkün olur və əksər hallarda
ayrı-ayrı fənlər qeyri-ixtisaslı müəllimlər
tərəfindən tədris edilir. Bu səbəbdən
də həmin məktəblərdə keyfiyyəti təmin
etmək həllolunmaz bir problemə çevrilir.
Qeyd edim ki, bu
problem məni daim düşündürürdü. Bu məqsədlə
beynəlxalq təcrübənin öyrənilməsi qərarına
gəldik. Həm bir sıra postsovet ölkələrində,
həm də inkişaf etmiş ölkələrdə bu sahədə
təcrübəni öyrəndik. Məlum
oldu ki, həmin ölkələrdə məktəb
şagirdin yanına deyil, şagird məktəbin yanına
aparılır. Lakin daşınma məsələsi
yüksək səviyyədə həll olunur.
Mövcud problemlərin həlli
məqsədilə Təhsil Nazirliyi tərəfindən beynəlxalq
təcrübə əsasında pilot olaraq Ucar rayonu
üçün rasionallaşdırma planı
hazırlanmışdır. Rasionallaşdırma planı həmin
rayonda aparılmış təhlillərə, monitorinq və
qiymətləndirmələrə əsaslanaraq 4 ümumi orta
məktəbin bağlanmasını, bağlanacaq məktəblərin
şagirdlərinin digər böyük məktəblərə
daşınmasını, bir sıra kadr resurslarının
ixtisarı nəticəsində şagird - müəllim nisbətinin
yüksəldilməsini və nəticədə məktəb
şəbəkəsinin səmərələşdirilməsini
əhatə etmişdir. Bununla əlaqədar
hazırda Maliyyə və İqtisadi İnkişaf nazirlikləri
ilə məsləhətləşmələr
aparılır. Rasionallaşdırma
aparıldıqdan sonra nəticələr təhlil ediləcək,
ölkə səviyyəsində məktəb şəbəkəsinin
rasionallaşdırılması üzrə Dövlət
Proqramı hazırlanacaqdır.
Ümumi təhsil
sistemində mövcud olan ciddi problemlərdən biri də
ixtisasartırma ilə bağlıdır. Etiraf edim ki,
müəllimlərin bacarıqlarının
artırılmasında mühüm əhəmiyyət kəsb
edən ixtisasartırma təhsili üzrə beynəlxalq təşkilatlarla
birlikdə müəyyən işlər görsək də,
problemlərimiz daha ciddidir. Fasiləsiz təhsilin
mühüm tərkib hissəsi olan bu sahədə dünya təcrübəsinə
uyğun müasir model və mexanizmlər hazırlasaq da,
praktikada səmərəli tətbiq edə bilməmişik.
Təhlil göstərir ki, əlavə təhsil müəssisələrində
"öyrədənlər" özləri kifayət qədər
peşəkar və səriştəli deyildir, müəllimlərin
ehtiyacları lazımi səviyyədə qiymətləndirilmir,
mövcud ixtisasartırma proqramları müəllimlərin
ehtiyaclarını təmin etmir, fəal təlim
texnologiyalarının tətbiqinə diqqət yetirilmir,
ixtisasartırmanın nəticələrinə görə
müəllim fəaliyyəti stimullaşdırılmır.
İxtisasartırma
təhsili müəssisələrində müəllimlərin
ixtisasları üzrə lazımi bilik və bacarıqlara yiyələnməməsi
cəmiyyətdə həmin təhsil müəssisələrinə
inamın azalmasına və haqlı narazılıqlara səbəb
olur.
İxtisasartırma təhsilinə hər il
on minlərlə müəllim cəlb olunur, xeyli dövlət
vəsaiti sərf edilir, lakin bunun müqabilində müəllimlər
lazımi bacarıqlar əldə etmirlər, bu kursların
formal olduğunu bilərək, ümumiyyətlə,
ixtisasartırma tədbirlərinə həvəslə gəlmirlər.
Qeyd etmək
lazımdır ki, əlavə təhsilin əsas istiqamətlərindən
biri olan ixtisasartırma təhsilinin beynəlxalq təcrübəyə
uyğun təşkili sahəsində problemlərdən biri də
ixtisasartırma təhsili müəssisələri tərəfindən
təklif edilən proqramların bu təhsilə cəlb olunan
müəllimlərin ehtiyaclarına uyğun
hazırlanmaması, ümumiyyətlə, bu ehtiyacların dəqiq
müəyyənləşdirilməsi sahəsində etibarlı
mexanizmlərin işlənməməsi ilə
bağlıdır.
Etiraf etmək
lazımdır ki, bu sahədə sovet dövründəki təcrübədən
çox da uzağa gedə bilməmişik. O zaman da hər 5 ildən
bir müəllimlər məcburi şəkildə
ixtisasartırma kurslarına göndərilirdilər, formal
olaraq kursdan keçmələri barədə sənəd
alırdılar. Xatırlayıram ki, həmin
dövrdə Bakı Dövlət Universitetində işləyərkən
mən də belə kurslardan keçmişəm, hətta
Moskva Dövlət Universitetində ixtisasartırma və
stajkeçmə tədbirlərində də iştirak
etmişəm. Lakin bu kurslar müddətindən
asılı olmayaraq, müəllimlərə praktik vərdişlər
aşılamırdı, bir çox hallarda o zamankı
SSRİ-nin müxtəlif şəhərlərinə
ixtisasartırma kurslarına və stajkeçməyə
göndərilənlər şəxsi karyerası, elmi-tədqiqat
işləri ilə əlaqədar problemlərinin həllinə
daha çox səy göstərirdilər.
Hesab edirəm
ki, müəllimlərin peşəkarlığının
artırılması sahəsində mövcud olan ciddi problemlərdən
biri də metodik xidmətin lazımi səviyyədə təşkil
edilməməsi, rayon təhsil şöbələri
metodkabinetlərinin öz funksiyalarını lazımi səviyyədə
yerinə yetirə bilməməsidir. Bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən
ölkədə metodik xidmətin təşkili vəziyyəti
araşdırılarkən məlum olmuşdur ki, hazırda bu
xidməti həyata keçirən 763 nəfər metodistdən
221 nəfəri (30%) pensiya yaşındadır, 249 nəfəri
(32%) isə praktik pedaqoji fəaliyyətlə məşğul
olmur. RTŞ metodkabinetlərindən 42-də
kimya, 50-də biologiya, 58-də fizika, 65-də informatika, 44-də
fiziki tərbiyə, 53-də əmək
hazırlığı, 71-də musiqi, təsviri incəsənət,
23-də isə ibtidai təhsil ixtisasları üzrə
metodist yoxdur.
Təhsilin məzmunu,
xüsusilə fənn kurikulumlarının tətbiqi, yeni
pedaqoji texnologiyaların, müasir təlim metodları və
strategiyalarının öyrənilməsi və tətbiqi
işinin təşkili, bu sahədə məktəb və
metodbirləşmə rəhbərlərinin, müəllimlərin
işinin istiqamətləndirilməsi, fənlərin tədrisi
metodikasının təkmilləşdirilməsi, yeni qiymətləndirmə
sisteminin tətbiqi ilə əlaqədar təlim
seminarlarının keçirilməsi, innovasiyaların
yayılması, yeni pedaqoji texnologiyalardan istifadəyə dair
tövsiyələrin hazırlanması məsələləri
əksər metodkabinetlərin fəaliyyət istiqamətinə
çevrilməmişdir.
Əlbəttə,
belə bir vəziyyətdə müəllimlərin peşəkar
inkişafına bilavasitə xidmət etməli olan metodkabinetlərin
səmərəli fəaliyyətindən danışmaq
olarmı? Hesab edirəm ki, yox. Bu səbəbdən
mövcud metodkabinetlərin strukturunun təkmilləşdirilməsi,
onların daha çox resurs mərkəzlərinə
çevrilməsi zəruri məsələlərdəndir.
Digər tərəfdən, metodistlərin fəaliyyətinin
təhlili, onların tərkibinin səriştəli müəllimlər
hesabına yeniləşdirilməsi də xüsusi
aktuallıq kəsb edir.
Bu sahədə
ən ciddi problemlərdən biri də "öyrədən"lərin
hazırlıq səviyyəsinin müasir tələbləri
ödəməməsi ilə bağlıdır. Gələcəkdə
diqqət yetirəcəyimiz əsas məsələlərdən
biri də məhz daha çox sayda peşəkar və səriştəli
"trener"lərin hazırlanmasıdır.
Daha bir
maraqlı məqamı diqqətinizə çatdırmaq istəyirəm. 2008-2009-cu dərs
ilindən ümumtəhsil məktəblərinin I siniflərində
yeni fənn kurikulumlarının tətbiqinə
başlamışıq. Yeni kurikulum tətbiq
edilən siniflərdə işləyən 18 minədək
müəllim üçün treninqlər keçirmişik.
Ötən müddətdə aparılan
monitorinqlər göstərir ki, heç də bütün
müəllimlər həmin treninqlərdə lazımi
bacarıqlara yiyələnməmişlər. Bunun əsas səbəblərindən biri məhz
kifayət qədər peşəkar "trener"lərin
olmamasıdır. Hazırda növbəti dərs ilində
I siniflərdə işləyəcək müəllimlər
üçün treninqlərin keçirilməsi sahəsində
iş aparırıq. Məni
düşündürən və narahat edən odur ki, treninq
materialları müəllim üçün zəruri olan məlumatları
özündə əks etdirsin, anlaşıqlı dildə
olsun və müəllimə elə formada təqdim edilsin ki,
o, praktikada qazandığı bacarıqları tətbiq edə
bilsin. Təsəvvür edin ki, müəllimlər
tam yeni məlumatları - fənn kurikulumlarının strukturu
və məzmunu, yeni təlim strategiyaları, təlimin
planlaşdırılması, yeni qiymətləndirmə
mexanizmlərinin tətbiqi, yeni dərsliklərlə işin
xüsusiyyətlərini mənimsəməli, həm də
praktik bacarıqlar əldə etməlidirlər. Bu səbəbdən hətta təklif etdim ki, mənim
iştirakımla "trener"lərdən biri canlı bir
treninq təşkil etsin və biz qiymətləndirmə
aparıb aydınlaşdıraq ki, ölkəmizin ucqar bir kənd
məktəbində işləyən müəllim
keçiriləcək treninqdən lazımi bacarıqları əldə
edə biləcəkmi.
Onu da qeyd etmək
istəyirəm ki, əslində, treninqlər ixtisasartırma
təhsili müəssisələrində bu müəssisələrin
əməkdaşları tərəfindən keçirilməlidir,
lakin təəssüflər olsun ki, həmin müəssisələrdə
kifayət qədər səriştəli və bu məsuliyyətli
işi çiyinlərində apara biləcək əməkdaşların
sayı çox azdır.
Digər bir çətinlik
onunla bağlıdır ki, istər orta məktəb, istərsə
də ali məktəb müəllimləri
köhnə üsullarla işləməyi daha asan yol kimi
seçirlər, yeniliyə, yeni metodların tətbiqinə səy
göstərmirlər. Təhsil Nazirliyi 10 ildir ki, fəal/interaktiv
təlim metodlarının tətbiqi sahəsində iş
aparır. Beynəlxalq təşkilatlarla birlikdə
çoxlu layihələr həyata keçirmişik, minlərlə
müəllim hazırlamışıq. Lakin
narahatlıq doğuran haldır ki, hələ də fəal/interaktiv
təlim ixtisasartırma təhsili müəssisələrinin
fəaliyyətinin əsas istiqamətinə çevrilməyib,
bir sıra hallarda bu sahədə iş pərakəndə
formada aparılır. Təəssüf ki,
müasir dövrdə fəal təlim texnologiyalarının
keyfiyyətli təhsilin əsası olması hamı tərəfindən
dərk edilmir.
Doğrudur, son
illərdə Azərbaycan Müəllimlər İnstitutu tərəfindən
əlavə təhsilin təkmilləşdirilməsi istiqamətində
müsbət addımlar atılıb, bir sıra məzmun dəyişiklikləri
edilib, proqramlar yeniləşdirilib, təlimlərin
keçirilməsi üçün lazımi infrastruktur
formalaşdırılıb. Lakin hesab edirəm ki,
müəllimlərin peşəkarlıq səviyyəsinin
yüksəldilməsi sahəsində AMİ və onun
filiallarının səyləri daha da
artırılmalıdır. Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu bu proseslərə daha fəal cəlb olunmalı,
təşəbbüskarlığı artırmalıdır.
İxtisasartırma təhsili müəssisələrində
"öyrədənlər"in tərkibinin keyfiyyətcə
yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər
həyata keçirilməlidir.
Eyni zamanda ölkə təhsili
üçün belə həlledici məqamda müəllim
hazırlığı ilə məşğul olan ali məktəblərin seyrçi mövqe
tutması daha narahatedici haldır. Son illərdə yeni kurikulumun
tətbiqi ilə əlaqədar ümumtəhsil məktəblərində
bu istiqamətdə müəyyən addımlar atılsa da,
pedaqoji profilli ali məktəblərdə
elə bir iş görülməmişdir.
On ildir ki, Təhsil
Nazirliyinin fəal təlim üzrə strategiyası həyata
keçirilir, ali məktəblərimizin
proqramlarında bununla əlaqədar dəyişikliklər
aparılmır, professor - müəllim heyətinin müasir təlim
strategiyaları haqqında məlumatı yoxdur. Sual yaranır:
onların hazırladıqları müəllimlər bu
bacarıqlara necə yiyələnməlidirlər? Hesab edirəm
ki, pedaqoji profilli ali təhsil müəssisələri
bu sahədəki fəaliyyətlərini təkmilləşdirməli,
təsirli tədbirlər görməlidirlər.
Bu sahədə
mövcud problemlərin aradan qaldırılması məqsədilə
Təhsil Nazirliyi tərəfindən "Fasiləsiz pedaqoji təhsil
və müəllim hazırlığının konsepsiya və
strategiyası" sənədi hazırlandı və 2007-ci
ildə hökumət tərəfindən təsdiq olundu. Bu sənəddə
gələcək üçün müəyyən etdiyimiz
perspektivlər, əsasən, təkmil normativ-hüquqi
bazanın yaradılması, bu sistemdə zəruri struktur dəyişikliklərinin
aparılması, yeni kurikulumların hazırlanıb təsdiq
edilməsi, müasir monitorinq və qiymətləndirmə
sisteminin tətbiqi öz əksini tapmışdır.
Hazırda əlavə
təhsil konsepsiyası haqlı olaraq təhsil ictimaiyyəti tərəfindən
geniş müzakirə olunan məsələlərdən
biridir. Konsepsiyanın yeniliyini və hazırda təhsil
sistemimiz üçün əhəmiyyətini nəzərə
alaraq, bu barədə bir qədər ətraflı məlumat
vermək istərdim.
Müasir
dövrdə əlavə təhsil və peşəkarlıq
səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin
tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini
bitirən və təhsil haqqında dövlət sənədi
olan hər bir vətəndaşın fasiləsiz təhsil
almaq imkanları sistemi kimi başa düşülür. Bu, bir tərəfdən
müəllimin yaradıcılıq potensialının
inkişaf etdirilməsinə, digər tərəfdən təhsilin
və onun idarə edilməsinin müasirləşdirilməsi
məqsədilə pedaqoji işçilərin və rəhbər
pedaqoji kadrların peşə hazırlığının,
elmi-pedaqoji qabiliyyətlərinin və peşəkarlıq səviyyəsinin
müxtəlif yollarla inkişaf etdirilməsinə xidmət
edir.
Əlavə təhsil
və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi
pedaqoji kadrların, cəmiyyətin və dövlətin təhsil
tələbatlarının hərtərəfli ödənilməsi
məqsədilə peşə-ixtisas təhsilinə əlavə
olaraq təhsil proqramları və xidmətləri vasitəsilə
həyata keçirilir. Fasiləsiz təhsilin hər bir mərhələsində
əlavə təhsilin əsas məqsədi şəxsiyyətin
inkişafından, intellektual və peşə
baxımından onun fasiləsiz təkmilləşdirilməsindən
ibarətdir. Əlavə təhsil
proqramlarına ümumtəhsil, peşə-ixtisas və əlavə
təhsil müəssisələrində, dayaq məntəqələrində
və ümumiyyətlə, müvafiq lisenziyası olan digər
müəssisələrdə həyata keçirilən
müxtəlif yönümlü təhsil proqramları
daxildir.
Müasir dövrdə əlavə
təhsilin ixtisasartırma, təkmilləşdirmə,
stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili
və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.
Əlbəttə, bu istiqamətlərin
hamısı barədə məlumat vermək çətin
olardı, onlardan yalnız bəzilərinə toxunmaq istəyirəm.
İxtisasartırma təhsili
dedikdə, pedaqoji kadrların və rəhbər pedaqoji
işçilərin öz peşə fəaliyyəti
dövründə (və ya müəyyən müddət
pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi
olaraq peşəkarlıq səviyyəsini, peşə
ustalığını, elmi-nəzəri biliklərini
artırmaq məqsədi ilə şəxsi ehtiyac və tələbatlarına
uyğun gələn, o cümlədən yenilikləri və
dəyişiklikləri əks etdirən tədris plan və
proqramları üzrə təhsil almaları nəzərdə
tutulur.
Stajkeçmə
xüsusi ayrılmış müəssisələrdə
yüksək ixtisaslı mütəxəssisin rəhbərliyi
altında nəzəri biliklərin təcrübi bacarıq və
vərdişlərlə əlaqələndirilməsini nəzərdə
tutur. Peşə-ixtisas
təhsili müəssisələri üzrə pedaqoji heyətin
ixtisasının artırılması üçün nəzərdə
tutulan tədris plan və proqramlarına, lazım gəldikdə,
stajkeçməyə dair ayrıca blok əlavə
olunur. Bununla belə, nəzəri hazırlıq
planlaşdırılmadan da qabaqcıl texnika və texnologiya
ilə
Stajkeçmə ikimərhələli
proses olmaqla, peşə-ixtisas təhsili müəssisələrində
çalışan professor-müəllim, pedaqoji kadr, mühəndis-müəllim
kimi kateqoriyalı işçilərin əlavə təhsilidir.
Bu cür təhsil şəbəkəsinə ali
məktəblərin baza kafedraları, müvafiq
ixtisasartırma müəssisələri və fakültələri,
ixtisas profilinə uyğun elm, təhsil və istehsalat müəssisələri,
təcrübə-sınaq stansiyaları aiddir.
Kadrların təkmilləşdirilməsi
prosesi əlavə təhsildə gedən bir proses olmaqla, tədrisin
keyfiyyətinin yaxşılaşdırılması məqsədi
daşıyır və aşağıdakı proseslərin və
ya tədbirlərin vəhdətini özündə ehtiva edir:
- pedaqoji, psixoloji, metodiki sahədə,
dərs vəsaiti və dərsliklərdə, eləcə də
tədris plan və proqramlarında, təlim və informasiya
texnologiyalarında olan yeniliklərlə operativ
tanışlıq, öz həmkarları ilə təcrübə
mübadiləsi; distant ötürmə vasitəsilə yeni
materialların əldə olunması, bu istiqamətdə fikir
mübadilələrinin aparılması; aktual
mövzuların dinlənilməsi üçün sahə
üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə
dəvət olunması, problem mövzular ətrafında təhlillərin
təşkili; dərslərdə kollektiv iştirak, konkret
metodikanın aprobasiyası, nəticələrin təhlili;
kadr hazırlığı, əlavə təhsil sahəsində
tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik
və dərs vəsaitlərinə dair əsaslandırılmış
təkliflərin verilməsi; "öyrədənləri
öyrədən" statuslu müəllim və metodistlərlə
diskussiyaların keçirilməsi; daimi özünütəhsil.
Mövcud ixtisasartırma sistemi Yeni
ixtisasartırma sistemi
1 Kurslar həmişə
eyni müəssisələr tərəfindən həyata
keçirilir.
Rəqabət mühiti olmandığınndan
ixtisasartırma proqramlarının keyfiyyəti yüksək
olmur. Kursların müxtəlif müəssisələr,
təşkilatlar tərəfindən təklif olunması və
həyata keçirilməsi rəqabət mühiti
formalaşdırır və nəticədə
ixtisasartırma təhsilinin keyfiyyəti yüksəlir.
2 Kurslar həmişə
eyni müəssisələr tərəfindən təklif
olunduğundan təlimlər də həmişə eyni şəxslər
tərəfindən həyata keçirilir. Kurslar müxtəlif
müəssisələr, təşkilatlar tərəfindən
həyata keçirildiyindən təlimçilərin də
sayı çoxalır, təlimçilərin
hazırlanmasına xüsusi diqqət yetirilir.
3 Mövcud
ixtisasartırma sistemi eyni variantda proqram təklif edir və
müəllimlər təklif olunan yeganə proqramı qəbul
etməyə məcbur olurlar. Tələbat və
ehtiyacnlara uyğun proqramları seçim imkanı olmur.
Yeni modeldə 3 modul üzrə çoxsaylı
proqramlar təklif edilir. Müəllimlər
ehtiyac və tələblərinə uyğun olaraq həmin
proqramlardan istədiklərini seçirlər.
4 Hazırda təklif
edilən ixtisasartırma kursnlarının məzmunu və təlimçilər
əvvəlcədən qiymətləndirilmir. Yeni modeldə
akkreditasiya prosesi nəzərdə tutulur ki, burada təklif
olunan kursların məzmununun, o cümlədən təlimçilərin
minimum keyfiyyət tələblərinə cavab verməsi
yoxlanılır. Yalnız kursun məzmunu
və təlimçilər tələblərə cavab verdikdə
proqram akkreditə olunur.
5
İxtisasartırma təhsilinin icbari olmaması müəllimlərin
bu təhsildən yayınmasına imkan yaradır. Çünki
ixtisasartırma təhsilindən keçməməyə
görə müəllim barəsində heç bir tədbir
görülmür və bu onun fəaliyyətinə təsir
etmir. Rəhbər və pedaqoji kadrlar
icbari olaraq müəyyən edilmiş ixtisasartırma
dövründə təlim kursundan keçirlər. İxtisasartırma kreditlərinin toplanması
növbəti dövr üçün əmək müqaviləsinin
uzadılması üçün əsas şərtlərdən
birinə çevrilir.
6 Bütün kateqoriyalardan
olan rəhbər və pedaqoji kadrlar üçün eyni
müddətli (5 il) ixtisasartırma
dövrü müəyyən edilir. Rəhbər
və pedaqoji kadrların bu və ya digər kateqoriyası
üçün müxtəlif müddətli ixtisasartırma
dövrü müəyyən edilir. Məsələn,
idarəetmə sahəsində kadr dəyişiklikləri
tez-tez baş verdiyi üçün onların
ixtisasartırması üçün 5 illik müddət
optimal hesab olunmur.
7
Stimullaşdırıcı amillərin olmaması
ixtisasnartırma təhsilinə marağı azaldır. Stimullaşdırıcı
amillərin olması nəticəsində ixtisasartırma təhsilinə
maraq artır. Belə ki, ixtisasartırma təhsilinin
nəticəsi hər bir rəhbər və pedaqoji
işçinin əməkhaqqına müvafiq
artımların edilməsində, nəticədə irəli
çəkilməsində, fəxri adlara və dövlət
təltiflərinə layiq görülməsində və sair
hallarda nəzərə alınır.
8
Hazırkı ixtisasartırma sistemində keyfiyyətin təminatı,
monitorinqi və dəyərləndirməsi sistemi mövcud
deyil. Yeni modeldə Təhsil Nazirliyində ixtisasartırma
ilə bağlı müvafiq struktur bölmənin
yaradılması nəzərdə tutulur ki, bu bölmənin
də əsas funksiyalarından biri həyata keçirilən
ixtisasartırma təhsilinin keyfiyyətinin təminatı,
monitorinqi və dəyərləndirilməsi kimi müəyyənləşdirilir.
9 Kurslar əsasən
ixtisasartırma təhsili müəsnsinsələrində
keçirilir.
Bu da bir sıra hallarda müəlnlimlərin
ixtisasartırma təhnsinlinndən yanyınnmasına səbəb
olur (ezamiyyə xərclərinin ödənilməməsi,
qadın müəllimlərin rayondan kənara çıxmaq
istəməməsi və s.). Yeni modeldə
ixtisasartırma təhsili bütün mümkün hallarda yerlərdə
həyata keçirilir (hazırda yeni kurikulum üzrə
aparılan təlimlər kimi).
10 Bir
ixtisasartırma dövründə nə zaman və harada
kursdan keçmək məsələsi müəssisələr
tərəfindən müəyyənləşdirilir. Bir
ixtisasartırma dövründə modullar üzrə nə
zaman və harada kursdan keçməyi hər bir rəhbər
və pedaqoji kadr özü müəyyən edir.
Təkmilləşdirmə
daha geniş anlayış olmaqla, əlavə təhsilin
yuxarıda göstərilən digər tərkib hissələrinə
təkanverici proses xarakteri daşıyır, özünütəhsil
formasında müəllim hazırlığının fasiləsizliyini
təmin edir. Pedaqoji kadrların mütəmadi
olaraq təkmilləşdirilməsi gələcək
ixtisasartırma və yenidənhazırlanma təhsilini
formalaşdırır, müəllimlərin ilkin
hazırlığı prosesində mövcud olan
çatışmazlıqların aradan
qaldırılmasını və onların
hazırlığının keyfiyyətcə yüksək səviyyədə
olmasını təmin edir.
Müasir dövrdə əlavə
təhsil və peşəkarlıq səviyyəsinin
inkişaf etdirilməsi ixtisasartırma və ya baza peşə-ixtisas
təhsili müəssisələrində treninqlər, təhsil
müəssisəsi şəraitində treninqlər, kaskad
modeli üzrə treninqlər ("öyrədən"lərin
öyrədilməsi və müəllimlərin dayaq məntəqələri
vasitəsilə ixtisasartırma və təkmilləşmə
proseslərinə cəlb edilməsi), texnologiyalara əsaslanan
treninqlər, distant təhsil, mentorluq, şəxsi tədqiqata
əsaslanan ixtisasartırma və təkmilləşmə,
müxtəlif təşkilatlar tərəfindən
ixtisasartırma sistemindən kənar keçirilən kurslar və
treninqlər kimi modellər üzrə həyata keçirilir.
İxtisasartırma
təhsili sahəsində beynəlxalq təcrübə ilə
tanışlıq göstərir ki, dünyada bu sahədə
fərqli mexanizmlər tətbiq olunur, ixtisasartırma təhsili
modul-kredit sisteminə əsaslanaraq 3 moduldan ibarət təşkil
olunur. Hər modul üzrə kreditin həcmi müəyyənləşdirilir.
Birinci modul ümumpedaqoji, psixoloji, sosioloji məsələləri,
ikinci modul tədris metodikası və təlim strategiyalarını,
üçüncü modul isə sərbəst modul
adlanır və seçmə kursları, yəni müəllimin
arzusuna uyğun təşkil ediləcək kursları əhatə
edir. Xüsusi vurğulamaq lazımdır
ki, ixtisasartırma tədbirlərinə başlamazdan əvvəl
hər bir müəllimin bacarıqlarının ilkin diaqnostikası
aparılır (giriş qiymətləndirilməsi), treninq
proqramları da qiymətləndirmənin nəticələrinə
uyğunlaşdırılır. Sonda isə
yekun monitorinq aparılır (çıxış qiymətləndirilməsi).
Modullar üzrə zəruri kreditləri toplayan
müəllimlər sertifikat alır, bu sertifikatlarda kursun
adı, müəllimin əldə etdiyi bacarıqların səviyyəsi,
saatların miqdarı, toplanan kreditlərin sayı qeyd edilir.
Bu sənəd müəllimin karyerasının
inkişafı və əməyinin
stimullaşdırılmasında mühüm rol oynayır ki,
bu da ixtisasartırma təhsilinin statusunu yüksəldir və
ona marağı artırır.
Burada bir əhəmiyyətli
cəhət də ondan ibarətdir ki, təhsil müəssisələri
və ictimaiyyət müəllimlərə verilən
sertifikatlara inanır və onu qəbul edirlər. Çünki
bu sənədi almamışdan əvvəl kursun, treninqin
monitorinqi aparılır, həm "öyrədən"lərin,
həm də "öyrənən"lərin fəaliyyəti
dəqiq qiymətləndirilir. Eyni zamanda bu
monitorinq və qiymətləndirmə mexanizmi işinin daha da
təkmilləşdirilməsi üçün təkliflərin
hazırlanmasına imkan verir.
Beynəlxalq təcrübədə
ixtisasartırma təhsilinin maliyyələşdirilməsi də
bizdə olduğundan tam fərqlidir. Azərbaycanda
ixtisasartırma təhsili üçün vəsait əsasən
bu təhsili həyata keçirən müəssisələrə
verilir. Yəni həmin müəssisənin
təqdim etdiyi xidmətin səviyyəsindən asılı
olmayaraq, büdcə vəsaiti ixtisasartırma təhsili
müəssisəsinə yönəldilir.
Dünya təcrübəsində
isə belə təhsil müəssisələri vəsaiti
özləri qazanırlar, yəni öz proqramlarını
elan edirlər, bu proqramlar akkreditasiyadan keçirilib müsbət
rəy aldıqdan sonra müəllimlərin seçimi əsasında
kurslar təşkil edilir və ixtisasartırma
üçün nəzərdə tutulmuş vəsait həmin
müəssisəyə yönəldilir. Əgər
müəssisənin təklif etdiyi proqramlar müəllimlər
tərəfindən seçilməzsə, onda həmin müəssisə
vəsait əldə edə bilmir. Bir fərq
də ondan ibarətdir ki, ölkəmizdə ixtisasartırma təhsili
yalnız dövlət təhsil müəssisələrində
həyata keçirilir, beynəlxalq təcrübədə isə
dövlət müəssisələri ilə yanaşı, bu
fəaliyyətlə daha çox özəl qurumlar, QHT-lər
məşğul olurlar ki, bu da rəqabət mühitinin
formalaşmasına gətirib çıxarır.
Onu da qeyd edim ki, son illərdə
mütəxəssislərin və beynəlxalq məsləhətçilərin
iştirakı ilə Təhsil Nazirliyinin müvafiq şöbələri
tərəfindən əlavə təhsil sahəsində
yuxarıda sadalanan yeni mexanizmlərə keçidi nəzərdə
tutan qaydalar hazırlanmış və təsdiq
üçün hökumətə təqdim edilmişdir. Eyni
zamanda Dünya Bankı ilə birgə həyata
keçirdiyimiz Təhsil Sektorunun İnkişafı üzrə
İkinci Layihə çərçivəsində növbəti
dərs ilində I siniflərdə işləyəcək
müəllimlərin ixtisasının artırılması
sahəsində yeni mexanizmlərin tətbiqinə
başlamışıq.
Tətbiq edilən yeni
ixtisasartırma modeli mövcud modelə nisbətən bir
sıra üstünlüklərə malikdir.
(Ardı var)
Misir MƏRDANOV
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.4-5.