Beynəlxalq müsabiqələr
laureatı
Xüsusi ifaçılıq qabiliyyəti və
istedadı ilə fərqlənən Prezident
təqaüdçüsü Toğrul Hüseynlinin uğurları çoxdur.
İlk öncə o,
görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq
Filarmoniyasının nəzdindəki "Aysel"
uşaq teatrının solisti
seçilib. Bakı Musiqi Akademiyasının nəzdindəki
Pedaqoji
hazırlıq
kafedrasında təhsilə başlayıb, fortepiano ifaçılığına yiyələnib.
9 yaşında olarkən Nazim Əliverdibəyov adına gənc ifaçıların 4-cü ümumşəhər müsabiqəsinə qatılaraq birincilik əldə edib. Toğrul beynəlxalq müsabiqələrdə də müvəffəqiyyətlər qazanıb. 2005-ci ildə Cürcüstanda keçirilən pianoçuların II beynəlxalq müsabiqəsində III yeri tutaraq bürünc medala layiq görülüb. 2006-cı ildə Rauf Adıgözəlovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Simfonik Orkestri ilə filarmoniyada konsert verib. 2008-ci ildə ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsinin qalibi olub. Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalında da uğur qazanıb.
Gənc ifaçı növbəti uğurunu isə Belarusda keçirilən musiqi festivalında qazanıb.Böyük bir musiqi bayramı yaşandığını qeyd edən Toğrulun sözlərinə görə, 4-cü dəfədir ki, Belarusda belə bir möhtəşəm musiqi festivalı keçirilir. O, Gənclər Akademiyasında olarkən dünya şöhrətli musiqiçi və tanınmış sənətçilərlə görüşüb,onlardan həm ustad,həm də fərdi dərslər alıb. Bir həftə ərzində 2 konsert verildiyini deyən Toğrul, bunlardan birinin Musiqi Akademiyasının böyük zalında,digərinin isə Belarus Dövlət Filarmoniyasında baş tutduğunu söylədi. Bildirdi ki, Gənclər Akademiyasının ilk konsertində ən istedadlı musiqiçilər iştirak edirdi. Final konsertində isə Azərbaycanın təmsilçiləri daha çox fərqləndilər.
Toğrul Hüseynlinin uğurları şübhəsiz bunlarla bitmir. O, 2009-cu ilin noyabrında Azərbaycan Dövlət Filarmoniyasında Prezident təqaüdçülərinin hesabat konsertində Verdi - List Konsert parafrazasını uğurla ifa etmişdir. 2009-cu il dekabrın 4-də isə istedadlı gənc Beynəlxalq Uşaq Olimpiadasına həsr olunmuş konsertdə maestro Teymur Göyçayevin dirijorluğu və Azərbaycan Dövlət Uşaq Simfonik Orkestrinin müşayiəti ilə T.Quliyevin "Qaytağı" pyesini məharətlə ifa edərək tamaşaçıların böyük rəğbətini qazanıb. 2009-cu ilin 8-14 dekabr tarixlərində ölkəmizin mədəni həyatında önəmli hadisələri kimi M.Rostropoviç adına Beynəlxalq musiqi festivalı keçirilirdi. T.Hüseynli bu festival çərçivəsində dekabrın 13-də filarmoniyanın səhnəsində baş tutan konsertdə də yaddaqalan ifaçılardan biri oldu. O, 2009-cu il martın 2-də F.Şopenin 200 illik yubileyi münasibətilə keçirilən festivalda Polşa pianoçusu S.Deya və ölkəmizin bir sıra pianoçuları ilə eyni səhnəni paylaşaraq müvəffəqiyyət qazanıb. T.Hüseynli bu il Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib.
İncəsənətdə nail olduğu bütün müvəffəqiyyətlərə görə Toğrul Hüseynli ölkə rəhbərinə təşəkkürünü belə ifadə etdi: - Bütün müsabiqələrdə qazandığım uğurlara görə Azərbaycan dövlətinə, möhtərəm Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.23.