"Elektron təhsil"
müsabiqəsinin qalibləri
mükafatlandırıldılar
İyunun 21-də
"Park İnn" mehmanxanasında
"Elektron təhsil"
müsabiqəsinin yekunları
ilə bağlı mərasim keçirildi.
Tədbirdə Təhsil
Nazirliyinin məsul işçiləri, Təşkilat
Komitəsi və münsiflər heyətinin
üzvləri, müsabiqəni
dəstəkləyən şirkət
və qurumların, Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin,
Sumqayıt Şəhər
Təhsil Şöbəsinin,
bir sıra rayon təhsil şöbələrinin
və təhsil müəssisələrinin rəhbərləri,
müəllimlər, tələbələr,
şagirdlər və
KİV təmsilçiləri iştirak edirdilər.
Tədbirdə öncə "Elektron təhsil" müsabiqəsinin
təşkili və keçirilməsi ilə bağlı videoçarx nümayiş etdirildi.
Mərasimdə bildirildi ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə
təşkil edilən
müsabiqəyə aprelin
6-dan start verilib. "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində
həyata keçirilən
müsabiqə "Microsoft Azərbaycan", "İntel"
korporasiyasının "Gələcək
üçün təhsil"
proqramı, "AZEDUNET",
"Ultra", HP, "Azerfon-Vodafone" və "Mədəd"
təşkilatları tərəfindən
dəstəklənib.
Sonra çıxış üçün
söz Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanova verildi. 2010-cu ilin
Təhsil Nazirliyi tərəfindən "Təhsildə
İKT ili" elan edildiyini xatırladan Misir Mərdanov keçən müddət
ərzində İKT ilə
bağlı silsilə
tədbirlərin həyata
keçirildiyini dedi və bugünkü mərasimin həmin tədbirlərin ən önəmlisi olduğunu vurğuladı. Nazir təklifi qəbul
edib müsabiqənin keçirilməsində yaxından
iştirak edən bütün təşkilat
və şirkətlərə
Azərbaycanın təhsil
ictimaiyyəti adından
təşəkkürünü bildirdi. Nazir bu müsabiqədə
rəqabətin gözlənildiyindən
də yüksək olduğunu və qısa müddət ərzində 1475 nəfərin
qeydiyyatdan keçdiyini,
onların arasında müəllimlərin çoxluq
təşkil etdiyini diqqətə çatdırdı.
Şagirdlərin də bu işdə fəal iştirak etməsi faktını Azərbaycanın
inkişafının göstəricisi
kimi dəyərləndirdi.
Nazir Misir Mərdanov qeyd etdi ki,
müsabiqədə Bakı
və Sumqayıtla yanaşı, respublikanın
digər bölgələri
də təmsil olunub.
Təhsil naziri çıxışının
sonunda ayrı-ayrı
nominasiyalar üzrə
bütün qalibləri
təbrik edərək
onlara gələcək
fəaliyyətlərində yeni-yeni nailiyyətlər və şəxsi həyatlarında uğurlar
arzuladı.
Verilən məlumata
görə, iki istiqamət üzrə təşkil edilən müsabiqədə təhsil
müəssisələrində çalışanlar və
müəllimlərin təkmilləşdirilməsi
ilə məşğul
olanlar, valideynlər, şagirdlər, həmçinin
pedaqoji ali
təhsil müəssisələrinin
tələbələri və
aspirantları iştirak
edib. İştirakçıların və istifadəçilərin
daha çevik və effektiv münasibətlər qurması
üçün müsabiqənin
İnternet resursu hazırlanıb. (www.musabiqe.edu.az) İlk dəfə olaraq istifadəçilər üçün
onlayn müzakirə imkanları yaradılıb.
1500-ə yaxın
sənəd qeydiyyatdan
keçsə də, müsabiqədə yalnız
810 layihə iştirak
etmiş, onların arasından 5 nominasiya üzrə 89 nominant seçilmişdir.
"Müasir məktəbdə
elektron tədris resursları" istiqaməti
üzrə müsabiqəyə
elektron tədris resurslarının tədris
prosesində əməli
tətbiqinə aid olan
metodiki tədris materialları təqdim edilib. Qaliblər "Fənlərin
tədrisində informasiya
texnologiyalarından istifadə
üzrə ən yaxşı metodika",
"İbtidai təhsil
sistemində informasiya
texnologiyalarından istifadə
üzrə ən yaxşı metodika" və "Elektron tədris vəsaitlərindən
istifadə edilməklə
qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyaları üzrə
müəyyən olunub.
"Təhsildə İnternet texnologiyaları"
istiqaməti üzrə
müsabiqəyə təhsil
məzmunlu İnternet
resursları, bloqlar və digər İnternet layihələri
təqdim edilib. Qaliblər "Təhsildə
İnternet resursları" və "Müəllimlərin bloqları"
nominasiyaları üzrə
müəyyən olunub.
Münsiflər heyəti
adından çıxış
edən Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika
İnstitutunun əməkdaşı
Elxan Səbziyev qaliblərin seçilməsi
prosesi haqqında ətraflı məlumat verdi. Daha sonra
mükafatların təqdim
olunması mərasimi
keçirildi. 5 nominasiyanın hər biri üzrə qaliblərə diplomlar, xüsusi mükafatlar təqdim olundu. Müsabiqənin qalibləri və
həvəsləndirici mükafatlara
layiq görülənlər
təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.3.