Proqram və dərsliklərlə
bağlı məsələlər müzakirə olunub
İyunun 22-də Təhsil Nazirliyində
ümumtəhsil məktəblərinin fənn proqramları
müəllifləri ilə görüş
keçirilib.
Görüş
iştirakçılarını salamlayan
təhsil naziri Misir Mərdanov
2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin
VII-XI sinifləri üçün 27 adda dərsliyin hazırlanmasının və tender yolu ilə
çapının nəzərdə tutulduğunu
bildirib.
Bu fənlər üzrə əsasən 2000-2006-cı illərdə hazırlanmış tədris proqramlarının orta məktəb müəllimlərindən ibarət ekspert qrupları tərəfindən təhlil olunduğunu söyləyən nazir ötən dövrdə həmin fənn proqramları əsasında hazırlanan və çap edilən dərsliklərin məzmununda daha çox proqramdan irəli gələn qüsurlara təsadüf edildiyini nəzərə çatdırıb. Bəzən dərsliklərdə tədris olunan mövzuların müvafiq ardıcıllıqla verilməməsi, elmdə mübahisə doğuran məsələlərin yer alması, elmin yeni nailiyyətlərinin əksini tapmaması, iqtisadi həyatda baş verən dəyişikliklərin nəzərə alınmaması və mövzuların öyrənilməsinə ayrılmış saatların düzgün bölünməməsindən söz açan Misir Mərdanov bu kimi halların pedaqoji kollektivlərin haqlı narazılığına səbəb olduğunu qeyd edib.
Təhsil naziri bütün bunları nəzərə alaraq 2011-2012-ci tədris ilinə hazırlanması və tender yolu ilə çapı nəzərdə tutulan 27 adda dərsliyin fənn proqramlarında orta məktəb müəllimlərinin rəyləri nəzərə alınmaqla dəyişikliklərin aparılmasının zəruriliyini bildirib. Bu istiqamətdə səmərəli nəticələrə nail olmaq üçün bir sıra təklif və tövsiyələrini səsləndirən nazir yeni fənn proqramları hazırlandıqdan sonra onların müvafıq mütəxəssis və müəllimlərin iştirakı ilə müzakirə edilməsinin əhəmiyyətli olacağını vurğulayıb.
Sonra mövzu ətrafında müzakirələr aparılıb,
ümumtəhsil məktəblərinin
fənn proqramları müəlliflərinin məsələ
ilə bağlı fikirləri dinlənilib.
Azərbaycan müəllimi.- 2010.-
25 iyun.- S.6.