AMİ-nin əməkdaşları Bərdə
rayonunda olublar
Yeni fənn kurikulumunun I və II siniflərdə tətbiqi vəziyyətini öyrənmək, öz fəaliyyətini uğurlu təşkil etməyi bacaran müəllimlərin müəyyənləşdirilməsi və təcrübəsinin öyrənilib yayılması məqsədilə bu günlərdə AMİ-nin əməkdaşları Bərdə rayonundakı 8 nömrəli şəhər orta məktəbinə ezam olunmuşlar.
Keçirilən görüşdə RTŞ-ın müdiri R.İsmayılova, metodkabinetin direktoru X.Qurbanova, ibtidai siniflər üzrə metodist E.Məmmədov, məktəbin direktoru Q.Ağayev çıxış edərək təhsilin keyfiyyətini yüksəltmək istiqamətində rayonda, o cümlədən 8 nömrəli məktəbdə müəyyən nailiyyətlər əldə olunduğunu bildirmişlər.
İnstitutun əməkdaşları üç gün ərzində I və II sinif müəllimlərindən Roza İbrahimovanın I "B" sinfində Ana dilindən "Su" şeiri, Rüxsarə Mirzəyevanın I "C" sinfində "Həyat bilgisi" fənnindən "Yurdumuzun təbiəti", Leyla Rüstəmovanın I "Ç" sinfində "Su" şeiri, Ramizə Hacıyevanın II sinifdə riyaziyyatdan "Sehrli kvadrat" mövzusunda, Könül Quliyevanın II "C" sinfində Ana dilindən "Dostlar səfərdə", Mətanət Məmmədovanın II "A" sinfində Ana dilindən "Zarafat" mətni, Nərgiz Həsənovanın II "B" sinfində Ana dilindən "İki gonbul və dovşan" mövzusunda apardıqları dərsləri dinləmişlər. Müəllimlərin və direktorun iştirakı ilə dinlənilmiş dərslərin təhlili aparılmışdır. Qeyd olunmuşdur ki, müəllimlərin əksəriyyəti təhsil islahatının həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirir, fəal/interaktiv təlim metodlarına üstünlük verərək dərslərini müasir tələblər əsasında qururlar. Müəllimlərin İKT vasitələrindən uğurla istifadə edərək elektron dərslər hazırlamaq yolu ilə təlimə marağı artırtmağa nail olmaları vurğulanmışdır. Çıxış edənlər bildirmişlər ki, müəllimlər dərs prosesində sağlam psixoloji mühit yaradaraq müəllim-şagird münasibətlərini düzgün qururlar. Rüxsarə Mirzəyevanın fəaliyyəti xüsusilə təqdir olunmuşdur. Qeyd edilmişdir ki, onun dərsi elmi-metodiki cəhətdən düzgün qurulmuş, şagirdlərin fəallığı sona qədər qorunub saxlanmışdır. O, standartların reallaşdırılmasında düzgün üsul və forma seçmiş, qiymətləndirmə vasitələrindən tam dolğun şəkildə istifadə etmişdir.
Aparılan müşahidələr zamanı aydın oldu ki, Bərdə rayonunda, o cümlədən Bərdə şəhər 8 nömrəli orta məktəbində kurikulum islahatı və onun tətbiqi uğurla həyata keçirilir. Məktəbin foyesində kurikulum islahatına dair geniş məzmunlu stendlər hazırlanmışdır. Burada "Kurikulum mərkəzi" də fəaliyyət göstərir. Rayon təhsil şöbəsində hər həftənin IV günləri ibtidai siniflərdə dərs deyən müəllimlərin öyrədici seminarları təşkil olunur.
AMİ-nin əməkdaşları müəllimlərlə fikir mübadiləsi aparıb, yaranan sualları cavablandıraraq bəzi metodiki göstərişlər və təkliflər vermişlər.
Solmayə ƏMRALIYEVA,
Zöhrə ƏLİYEVA
Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.7.