Ali təhsildə Boloniya prosesi

 

(5 illik təcrübə nə göstərir)

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşdırılmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna rolu vardır. Məhz buna görə də bütün dövrlərdə və bütün cəmiyyətlərdə ali təhsilin inkişafına xüsusi önəm verilir və onun cəmiyyətin tələbatlarına uyğun təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Qloballaşma prosesinin getdikcə gücləndiyi müasir dövrümüzdə ali təhsilin nüfuzu daha da artmış və ona verilən tələblər dəyişmişdir. İndi ali təhsilin qarşısında duran əsas vəzifələrdən biri istənilən şəraitdə, dünyanın hər yerində işləyə bilən yüksəkixtisaslı, rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Belə mütəxəssislərin hazırlanması isə ali təhsil sahəsində vahid təhsil məkanının yaradılmasını, ayrı-ayrı ölkələrin ali təhsil sisteminin bir-birinə yaxınlaşdırılması və uzlaşdırılmasını tələb edir. Avropa Şurasının üzvü olan ölkələrin, demək olar ki, hamısının qoşulduğu Boloniya prosesi məhz bu zərurətdən yaranmışdır.

Əsas məqsədlərindən biri Avropada vahid ali təhsil məkanının yaradılması olan Boloniya prosesinə gedən yol 1998-ci il mayın 25-də Fransada Paris Universitetinin 800 illiyinə həsr olunmuş konfransda 4 Avropa ölkəsinin - Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın təhsil nazirləri tərəfindən "Avropada ali təhsil sisteminin uyğunlaşdırılması haqqında" Sorbonna Bəyannaməsinin qəbul edilməsi ilə başlanmışdır. Adıgedən ölkələrin təhsil nazirləri həmin bəyannamədə təhsil sənədlərinin tanınması prosesinin təkmilləşdirilməsinə, təhsilalanların mobilliyinin, məzunların işədüzəlmə imkanlarının genişləndirilməsinə yönəldilmiş ümumi sistemin yaradılmasını dəstəkləyir, digər Avropa dövlətlərini də qarşılıqlı əməkdaşlığa dəvət edirdilər.

1999-cu ilin iyununda Avropanın 30 ölkəsinin təhsil nazirləri İtaliyanın Boloniya şəhərində Avropa ali təhsil müəssisələrinin inkişaf tendensiyalarının təsdiqlənməsinə hazır olduqlarını bildirərək bu barədə bəyannamə imzaladılar. Bu hadisə tarixə "Boloniya prosesi" kimi daxil olmuşdur.

Proses iştirakçılarının 2001-ci ildə Portuqaliya, Almaniya, Finlandiya, İsveç, Belçika, İspaniya, Slovakiya, Çexiya və Latviyada, 2002-ci ildə Belçikada, 2003-cü ildə Avstriya və Almaniyada keçirilən görüşlərində də Avropada ali təhsilin problemləri müzakirə edilmiş, tövsiyələr irəli sürülmüşdür.

Son illər Avropa məkanında intensiv şəkildə gedən həmin prosesə bu il bütün Avropa dövlətlərinin qoşulması nəzərdə tutulub. Ümumiyyətlə isə bu günədək Avropa Şurasının üzvü olan 46 ölkənin 45-i Boloniya prosesinə rəsmi şəkildə qoşulmuşdur. Ölkəmiz Boloniya prosesinə qoşulmaq üçün 2004-cü ildən bir sıra təşəbbüslər etmiş, nəhayət, 2005-ci il mayın 19-da Boloniya bəyannaməsini imzalamaqla bu prosesə rəsmən qoşulmuşdur.

Boloniya bəyannaməsi üzv dövlətlərin hamısı üçün tətbiqi zəruri olan aşağıdakı prinsiplərin həyata keçirilməsini nəzərdə tutur:

- İkipilləli ali təhsilə keçid;

- Kredit sisteminin tətbiqi;

- Təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi;

- Tələbə və müəllim mobilliyinin genişləndirilməsi;

- İxtisasların və diplomların qarşılıqlı tanınması;

- Diploma əlavələrin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması;

- Məzunların işlə təminatına nail olunması;

- Avropa təhsil sisteminin cəlbediciliyinin təmin edilməsi.

Ölkəmizin Boloniya prosesinə qoşulmasından keçən 5 il ərzində həmin prinsiplərin və götürülən digər öhdəliklərin yerinə yetirilməsi istiqamətində xeyli iş görülmüş, sistemli, ardıcıl tədbirlər həyata keçirilmişdir. Öncə Təhsil Nazirliyində aparıcı mütəxəssislərdən ibarət işçi qrupu yaradılmış, "Azərbaycan Respublikası ali təhsil sistemində 2006-2010-cu illərdə Boloniya Bəyannaməsinin müddəalarının həyata keçirilməsi üçün tədbirlər planı" hazırlanmışdır.

Boloniya prosesinə qoşulanadək onun əsas prinsiplərindən biri olan ikipilləli ali təhsil artıq ölkəmizdə tətbiq olunurdu. Ona görə də sözügedən tədbirlər planında 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin daha da inkişaf etdirilməsi, bu məqsədlə istiqamətlər (ixtisaslar) üzrə dövlət standartlarının hazırlanması, kredit sistemi ilə bağlı mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin tanınması prosedurunun təkmilləşdirilməsi, ali məktəb məzunlarına verilən bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və s. əsas fəaliyyət hədəfləri kimi müəyyənləşdirilmişdi.

Bu istiqamətdə atılan addımlardan biri 2006-cı ildə "Bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələblərinin (istiqamətlər üzrə ali təhsilin dövlət standartlarının) strukturu"nun hazırlanıb təsdiq edilməsi oldu. Həmin standartlara uyğun hazırlanmış tədris planlarının 2006-2007-ci dərs ilindən birinci kurslarda tətbiqinə başlandı.

Beynəlxalq təcrübəyə uyğun hazırlanmış yeni standartlarda fənlərin, auditoriya saatlarının sayı azaldıldı (4140 saatdan 3300 saata endirildi). Tələbələr tərəfindən seçmə fənlərə ayrılan saatların miqdarı 5 faizdən 20 faizədək çoxaldıldı. Boloniya prosesinin tələbinə uyğun olaraq nəzəri həftələrin sayı 133-dən 115-ə, semestr üzrə auditoriya dərsləri 17-18 həftədən 15 həftəyə endirildi. İstehsalat və pedaqoji təcrübənin müddəti artırılaraq 18 həftəyə çatdırıldı. Humanitar fənlər bölümündə məcburi fənlərin sayı 10-dan 3-ə endirildi.

Boloniya prosesinin başlıca müddəalarından biri olan təhsilin keyfiyyətinin təmin olunması sisteminin yaradılması və onun Ümumavropa "təhsilin keyfiyyətinin idarə olunması" sisteminə uyğunlaşdırılması sahəsində də müəyyən işlər görülmüşdür. Ölkəmizdə ali təhsilin keyfiyyətinin qiymətləndirilməsini təmin etmək məqsədi ilə "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında Əsasnamə", attestasiya və akkreditasiyanın keçirilməsi üçün tələb və meyarlar hazırlanaraq təsdiq olunmuş, Təhsil Nazirliyində öncə akkreditasiya komissiyası, bu ildən isə akkreditasiya şöbəsi yaradılmışdır.

İndiyədək 21 ali təhsil müəssisəsi akkreditasiyadan keçmişdir.

Boloniya Bəyannaməsinə uyğun olaraq xarici ölkələrdə ali təhsil almış Azərbaycan vətəndaşlarının və Azərbaycanda yaşayan əcnəbilərin diplomlarının tanınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir, bu məqsədlə Təhsil Nazirliyində daimi komissiya yaradılıb.

Son illər komissiyaya müraciət etmiş 2000-dən çox vətəndaşdan 1400-ə qədərinin müraciətləri müsbət yönümdə həll olunmuş və onlara müvafiq sənədlər verilmişdir.

Boloniya prosesinin əsas tələblərindən biri ali təhsildə kredit sisteminin tətbiqidir. Kredit-fənnin mənimsənilməsinə ayrılan vaxtın və ona sərf olunan əməyin ölçü vahidi kimi çıxış edir. Başqa sözlə, kredit təhsilin nəticələrini müqayisə etmək üçün Avropa məkanında ali təhsildə qəbul olunmuş vahid ölçüdür

Kreditin iki əsas funksiyası vardır: a) tələblərin mobilliyinin təmin edilməsi, yəni digər ali təhsil müəssisəsində ayrı-ayrı fənlərin mənimsənilməsinə şəraitin yaradılması və onun nəticəsinin təhsil aldığı ali məktəbdə tanınması, b) tələbənin öz təhsilalma trayektoriyasını müstəqil müəyyənləşdirməsi.

Kredit sistemi ali təhsildə demokratik prinsiplərin bərqərar olmasını, ədalətliliyi və obyektivliyi, nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsini təmin etdiyindən Boloniya prosesində bu prinsipin xüsusi yeri vardır. Kredit sistemi hər bir tələbənin özünün fərdi tədris planının olmasını, ona fənlərin öyrənilməsi ardıcıllığını müəyyənləşdirməyə imkan yaradılmasını, tələbəyə müəllimi seçmək hüququnun verilməsini, müəllimlərin dərs yükünün tələbələrin fərdi tədris planları əsasında müəyyənləşdirilməsini və s. kimi tələbləri nəzərdə tutur.

Bu sistemin ölkəmizin ali məktəblərində tətbiqi istiqamətində atılmış ilk addımlardan biri "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"nin hazırlanması və təsdiq olunmasıdır.

Qaydalara əsasən, kredit sistemində təhsilalanlar üçün semestr üzrə auditoriya dərsləri 15 həftə müəyyən edilir. Tələbənin həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi isə 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saat müəyyənləşdirilmişdir. Qalan 15 saat isə tələbələrin müstəqil işlərinə ayrılır.

Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 15 auditoriya və 22,5 ümumi (15 saat auditoriya və 7,5 saat tələbənin müstəqil işi) saata bərabərdir.

Mövcud qaydalara görə tələbəyə hər semestrdə tədris olunan bütün fənlər üzrə 30 kredit müəyyənləşdirilir. Beləliklə, tələbə bir tədris ili ərzində 60 kredit yığmalı olur. Bununla yanaşı, tədrisdə yüksək fəallığı ilə seçilən tələbələrə hər semestrdə 8 kreditdən çox olmamaq şərti ilə bir və ya iki fənn seçməyə icazə verilir. Bakalavr pilləsində tələbələrdən təhsil müddətində 200-250 kreditin yığılması tələb olunur. Tələbə yalnız o zaman kredit qazanmış olur ki, o, ali məktəblərdə tətbiq olunan qaydalar üzrə həmin fəndən imtahanı müvəffəqiyyətlə verib müsbət qiymət almış olsun.

Kredit yığa bilməyənlər isə həmin fənn üzrə yenidən mühazirələrdə iştirak etməli olurlar.

Ölkəmizdə kredit sisteminin tətbiqinə Təhsil Nazirliyinin müvafiq əmri ilə 2006-2007-ci tədris ilində 10 ali məktəbdə 30 ixtisas üzrə 2492 nəfər I kurs tələbəsini əhatə edən eksperiment şəklində başlanmışdır.

Kredit sisteminin tətbiqi vəziyyətini təhlil etmək, qarşıya çıxan çətinlik və problemləri müəyyənləşdirmək məqsədi ilə 2006-cı ilin dekabrında YUNESKO-nun dəstəyi ilə "Azərbaycanda ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi" mövzusunda milli seminar keçirilmişdir.

Təhsil Nazirliyi Kollegiyasının 3 aprel 2007-ci il tarixli qərarı ilə 2007-2008-ci ildə eksperimentin əhatə dairəsi daha da genişləndirilərək 21 dövlət ali məktəbini və 143 ixtisası əhatə etmişdir. Nazirliyin 2008-ci ildə də bu məzmunda əmri olmuş və eksperimentin əhatə dairəsi daha da genişləndirilmişdir. Bu dərs ilindən isə o, bütün ali məktəblərdə tətbiq olunur.

Yeri gəlmişkən qeyd edək ki, bir sıra ali məktəblərdə, xüsusən də kredit sistemini ilk tətbiq edən Azərbaycan Dillər Universitetində bu sahədə xeyli iş görülmüş və müsbət təcrübə toplanmışdır. Həmin təcrübədən digər ali məktəblərin də yararlanması üçün tez-tez təcrübə mübadiləsi məqsədi daşıyan tədbirlər həyata keçirilir.

Kredit sistemi ilə bağlı normativ-hüquqi bazanın yaradılması istiqamətində kifayət qədər iş görülüb. Bu məqsədlə "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə" təsdiq olunmuş, "Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə"də dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il yanvarın 31-də imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamı bu istiqamətdə aparılan işlərin sürətlənməsinə təkan vermişdir. Həmin sərəncama əsasən, YUNESKO-nun qəbul etdiyi müvafiq sənədlərə uyğunlaşdırılmış ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) yeni siyahısı hazırlanmış və Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Sərəncamın icrası istiqamətində atılan ən ciddi addımlardan biri Boloniya Bəyannaməsinin müddəalarını özündə əks etdirən "2009-2013-cü illərdə ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın hazırlanması olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli 295 nömrəli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbediciliyi və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi və sairdir.

Proqramın icrası üçün Təhsil Nazirliyində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur. Proqramın həyata keçirilməsi, eləcə də Boloniya prosesinin müddəalarının reallaşdırılması istiqamətində ötən il və bu il görülən işlər xüsusilə diqqətəlayiqdir. Belə ki, ilk dəfə olaraq 8 ali məktəbdə yay semestri təşkil olunmuş, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"na əsasən ötən ildən ali məktəblərdə 150 ixtisas üzrə kadr hazırlığına başlanmışdır. Həmin ixtisaslar üzrə yeni nəsil dövlət standartları hazırlanmışdır ki, onun da tətbiqinə növbəti dərs ilindən başlanacaq.

Boloniya prosesinin tələblərinə uyğun olaraq magistr hazırlığının məzmunu və strukturunda da yeniləşmə aparılmış, "Magistr hazırlığının məzmununa və səviyyəsinə qoyulan minimum dövlət tələbləri"nin yeni layihəsi hazırlanmışdır.

Respublikanın ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə bağlı aparılan eksperimentlərin tez-tez monitorinqlərinin keçirilməsi, aşkar olunan problemlərin müzakirə olunması, nöqsanların aradan qaldırılması bu sahədə işlərin daha da yaxşılaşması və sürətlənməsinə imkan verir.

Boloniya prosesinin mahiyyətinin tələbə və müəllimlərə çatdırılması üçün ali məktəblərdə bu mövzuda müxtəlif yaddaş kitabçaları, broşurlar çap olunub, tələbə və müəllimlərə paylanmış, onlarla seminarlar keçirilmiş, treninqlər təşkil olunmuşdur.

Bütün bunlara baxmayaraq, Boloniya prosesinin müddəalarının həyata keçirilməsində, xüsusən də kredit sisteminin tətbiqində nöqsan və problemlər də mövcuddur. Ali məktəblərdə müəllim və tələbələrlə müxtəlif vaxtlarda apardığımız söhbətlər göstərir ki, onların bir çoxu Boloniya prosesinin, kredit sisteminin mahiyyətindən xəbərsizdir. Kreditin nə olduğunu bilməyən, onu bankın verdiyi kreditlə qarışdıran, dərs dediyi fəndən tələbənin necə kredit yığacağını bilməyən tələbə və müəllimlər vardır.

Boloniya prosesinin, xüsusən də kredit sisteminin tələbələrə müəllim seçmək, onun fəaliyyətini qiymətləndirməklə bağlı verdiyi imkanlardan da kifayət qədər istifadə olunmur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali təhsil müəssisələrinin maliyyələşmə mexanizminə dair bu yaxınlarda keçirilən müşavirədə bu sahədəki vəziyyətə də toxunaraq demişdir ki, "Bütün ali məktəblər Boloniya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapmışdır".

İnanırıq ki, Təhsil Nazirliyinin, ali təhsil ocaqlarının gördükləri ardıcıl tədbirlər, tələbələr və müəllimlər arasında aparılan sistemli izahat, maarifləndirmə işləri nəticəsində Boloniya prosesinə qoşulma prosesi daha sürətlə gedəcək və onun müddəaları yüksək səviyyədə həyata keçiriləcəkdir.

 

Yusif ƏLİYEV

 

Qeyd: Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Mətbuat Şurasının keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün.

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.9.