Tələbələr kompüterlə imtahan verdilər

 

2009-2010 -cu tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları vaxtında aradan qaldırmaq  məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində lazımi tədbirlər görülüb.

Bu barədə məlumat verən ADPU-nun rektoru,   AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov bildirdi ki,  dördüncü ildir əyani şöbədə oxuyan bütün tələbələr imtahanları Boloniya prosesinin tələbləri səviyyəsində kompüter vasitəsi ilə verirlər. Gələcəkdə qiyabi şöbədə oxuyan tələbələr üçün  də bu sistem nəzərdə tutulub.

Rektor Y.Məmmədov  onu da əlavə etdi ki, universitetdə gedən hər bir imtahanın gedişinə özü kompüter vasitəsilə nəzarət edir və  "Qaynar xətt"  fəaliyyət göstərir.  

Biz keçirilən imtahanları  yerində  müşahidə etmək məqsədilə ADPU-nun tədris-metodika şöbəsinin müdiri, dosent Namiq Hacıyev və universitetin nəzarət qrupunun rəhbəri, dosent Qulaməli  Balaşovla birlikdə  tələbələrin imtahan verdikləri kompüter mərkəzinə daxil  olduq. Burada "VEDU.TEST" sistemi ilə   imtahan gedirdi. Tarix fakültəsinin 204-205, pedaqoji fakültənin 301-302, qonşu otaqda isə  kimya fakültəsinin 202-203-cü qrup tələbələri   imtahan verirdilər. Zal nəzarətçiləri  imtahanların gedişinə ciddi nəzarət edirdilər. Tarix fakültəsinin tələbələrindən  Salman Salmanov, Leyla Yolçuyeva və Mahmud Adıgözəlov sualları cavablandıraraq vaxtından əvvəl imtahan verdilər. 

Həmin gün   tələbələr  və valideynlər imtahanların şəffaf və obyektiv keçməsi üçün yaradılan şəraitə görə universitet rəhbərliyindən razılıq etdilər.

 

 

Şakir CƏFƏROV

 

         Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.10.