Naxçıvan Dövlət Universitetində yubiley tədbiri

 

NDU-da Azərbaycan Respublikasının əməkdar müəllimi, universitetin Pedaqogika və psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi Gültac Əliyevanın 70 illik yubileyi münasibətilə tədbir keçirildi.

Yubiley mərasimini giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli muxtar respublikada qocaman elmi kadrlara, müəllimlərə diqqət və qayğı ilə yanaşıldığını, onların əməyinin daim yüksək qiymətləndirildiyini vurğuladı. Rektor, Gültac Əliyevanın çoxillik elmi-pedaqoji fəaliyyətindən danışaraq onun müasir pedaqoji fikir tarixində, psixologiya elminin inkişafında özünəməxsus yer tutduğunu söylədi. Akademik İsa Həbibbəyli ali insani keyfiyyətlərə malik, cəmiyyətə layiqli övladlar bəxş etmiş 70 yaşlı ağbirçək anaya xoş ürək sözlərini, təbriklərini çatdırdı, onu universitetin Fəxri fərmanı ilə təltif etdi.

Tədbirdə çıxış edənlər yubilyara səmimi təbriklərini çatdırdılar.

Prezident İlham Əliyevin 28 aprel 2008-ci il tarixli Sərəncamı ilə Gültac Əliyeva "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür.

Tədbirdə Gültac xanım Əliyevanın 70 illik yubileyi münasibətilə "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatla yenicə işıq üzü görmüş "Müdriklik zirvəsinə aparan yollar" kitabının təqdimatı da keçirildi.

Naxçıvan Dövlət Universitetinin elmi kitabxanasının hazırladığı sərgi Gültac Əliyevanın zəngin elmi-pedaqoji fəaliyyəti haqqında dolğun təəssürat yaratdı.

Tədbirin sonunda Gültac Əliyeva keçdiyi ömür yoluna nəzər salaraq  zəngin həyat təcrübəsini həmkarları və gənc yetirmələri ilə paylaşdı, yubiley təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

Mehriban SULTAN

 

Azərbaycan müəllimi.- 2010.- 25 iyun.- S.12.